Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

         

Sentyabrın 28-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə Xurşidbanu Natəvanın yaradıcılığına və ümumilikdə XIX əsr Qarabağ mühitinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 3 aprel tarixli sərəncamı oxunmuşdur.

Tədqiqatçı-alim Raqub Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Asif Rüstəmli parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri olan Natəvanın həyat və yaradıcılığından bəhs etmişlər.

Bildirilmişdir ki, Natəvan dövrünün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınmışdır. Bədii yaradıcılığa XIX əsrin 50-ci illərində başlamış Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri olmuşdur.

Seçilən nəslin nümayəndəsi sayılan və ailənin yeganə övladı olan Xurşidbanu Natəvan Qarabağ xanı Mehdiqulu xanın qızı idi. O, 1832-ci il avqustun 15-də Şuşa şəhərində anadan olmuşdur. Belə məşhur nəsildən çıxdığı üçün o, Qarabağda "Xan qızı" təxəllüsü ilə tanınmışdır. Qarabağ xanlarının vərəsəsi sayılan Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olmuş, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur.

Sonra incəsənət ustaları maraqlı konsert proqramı təqdim etmişlər.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 5 oktyabr.- S.8.