"Əli qələm qabarlı" şair

  

İnsanda əxlaq, şəxsiyyət evin bünövrə daşı kimidir. Bünövrə daşı əyri olsa, bütün bina əyiləcək.

 

Epiqrafdakı sözlərin müəllifi Mirvarid Dilbazidir.

Həyatda bəzi sənətkarların sənəti ilə şəxsiyyətinin uyuşmadığını təsdiq edən faktlara rast gəlmək mümkündür. Belə hallarda şəxsiyyətin qüsurunu unutmağı məsləhət görənlər də olur. Ancaq sədaqətdən vəcdlə danışdığı halda, özü xəyanət edənlərin, sənətkarlıq, vətəndaşlıq, yaxud valideynlik borcundan ağızdolusu söhbət açmaqla bərabər bü yüksək borcları bircə anda unuda bilənlərin az-çox dəyərli əsər yaradacaqlarına inanmaq çətindir. Odur ki, sənətlə şəxsiyyətin bir-birini tamamlaması, vəhdət təşkil etməsi vacibdir.

Bizim sevimli sənətkarımız, respublikamızın xalq şairi Mirvarid Dilbazinin yaradıcılığı barədə söhbətimi bu mülahizə ilə başlamağım təsadüfi deyil. Mən onun özündə və yaradıcılığında məhz həmin keyfiyyəti gördüyüm üçün Mirvarid Dilbazi sənətini ürəkdən sevmişəm. Əsərlərini oxuduqca onu həm təəssübkeş, olduqca həssas övlad, həm sədaqətli həyat yoldaşı, həm mehriban ana, həm qayğıkeş, sevimli nənə, həm möhkəm dost, həm də gözəl bir sənətkar-şair kimi aydın-aşkar təsəvvür etmək, görmək mümkündür. Mirvarid xanımın "Mənim anketim" adlı aforistik qeydlərində belə bir fikir var: "Ata-ana ocağını söndürən şəxsdən vətəndaş ola bilməz… İnsanın ilk qiymətini ata-anası verir. Burada yaxşı qiymət ala bilməyənlər xalqın hörmətini qazana bilməzlər".

Şair özü həmin imtahandan alnıaçıq çıxıb. "Oğul həsrəti" şeirində onun tərcümeyi-halının çox kövrək bir səhifəsi ilə tanış oluruq: "Gəlin anam məyus olmuş, - mən üçüncü qız olmuşam; Atam oğul gözləyirmiş, - nənəmsə: - Allah, oğlumu oğulsuz qoyma! - deyirmiş".

Ailənin oğul həsrətini sonralar balasına nağıl eləyən ana qızının qul kimi ona xidmət etdiyini, fərasətli oğul olmağa çalışdığını görəndə özünü xoşbəxt sanır: "Çox çalışdın, az dincəldin; kədərimə qalib gəldin. Əziz balam, qız doğuldun, - Oğul kimi yaşadın sən - mənim üçün - bir də ki, vətənin üçün".

Maraqlıdır ki, ananın ürəyinə təskinlik verən bu oğulluq hünərini, oğulluq qeyrətini şairin qələm qardaşları Səməd Vurğun və Mehdi Hüseyn də duymuş, özlərinə xas bir səmimiyyətlə də qiymətləndirmişlər:

 

Vurğun da, Mehdi də görsə nə zaman

"Eloğlu" deyərdi mənim adıma;

Bundan sevinərdi ürəyim yaman,

Kişilik vüqardı əsl qadına…

("Eloğlu")

 

"Əsl qadın üçün vüqar olan kişiliyi" Mirvarid xanım öz həyatını səxavətlə sərf etdiyi sənət aləmində, poeziyada böyük mənəvi haqla duyur və onun yaradıcılığına olan yüksək oxucu məhəbbəti bu həqiqəti aydın şəkildə təsdiq edir. Poeziya - Mirvarid Dilbazi üçün hər şey deməkdir. Burada mən şairin yalnız əsərlərindən çıxış edərək gəldiyim nəticəni deyil, həm də müəllifin özü ilə olan söhbətlərimin birini yeri gəlmişkən xatırlamağa ehtiyac duyuram.

Bir gün Mirvarid xanımı şəhərin mərkəzindəki uşaq paltarı, oyuncaqları satılan mağazaya tərəf tələsik gedən gördüm. Salamlaşıb hal-əhval tutdum və nə əcəb belə sürətlə getdiyini soruşdum. "Nəvəmə hədiyyə gəzirəm" - dedi. Məşhur bir el məsəli dilimə gəldi: "Dövlətdə - dəvə, övladda - nəvə". Nəvələri çox sevindirə bilmək üçün gərək səhhətinizin də qayğısına qalasınız. Görünür, Süleyman müəllim sizin bu qayğınızı nəzərdə tutub zarafat edir". Süleyman Rüstəmin hələ orta məktəbin aşağı sinfində oxuduğum vaxt əzbər bildiyim yoldaşlıq şarjını qeyri-ixtiyari dedim: "Qazaxlı qızıyam, adım Mirvarid, - Şeirə mirvariylə olmuşam varid; Kurortlarda keçir ömrümün çoxu, - Buna doktorlarla Azlitfond şahid". Güldü: "Düz demir, mən kurortlara çox getməmişəm. Süleymandır, zarafatından qalmır. Mənim özümü ən yaxşı hiss etdiyim gün, ən yaxşı işlədiym gündür. Həmişə başımı işlə qatmışam, həmişə fikrimdə bir şeir mövzusu dolanıb. Bu, daim yazmaq, işləmək həvəsi məni kənar, üzücü söz-sözbətdən, gərəksiz fikir-xəyaldan uzaq saxlayıb".

Mirvarid xanımın xarakterindəki bu mühüm keyfiyyəti hamı yüksək qiymətləndirir. "Mühüm" deyirəm, çünki şairin ən yaxın adamlarının - məsələn, bacısının da fikrincə, həmin cizgi - həmişə fəaliyyətdə olmaq, buna görə də nikbin olmaq, dözümlü olmaq xüsusiyyəti Mirvarid xanım üçün çox səciyyəvi olub. Bacısı bir məktubunda "İncəvücudlu, xırdaboylu" Mirvarid xanımı L.Tolstoyun "Hacı Murad"ında təsvir olunan - "araba təkəri altında qalıb, təzədən göyərib yaşayan" ayıpəncəsinə oxşadır və "səndəki tükənməz həyat eşqinə, həyat qüvvəsinə, dözümə əhsən!" - deyir. Özünü vətənin "suyu gur axan dağ bulağı", "çiçəkli bağ torpağı" hesab edən şair bu qeyri-adi gücü, qüvvəti Vətəndən aldığını söyləyir.

Vətənə bu cür dərindən-dərinə bağlılıq, Vətən qarşısındakı böyük övlad borcu şairi daha ciddi məsələlər üzərində düşünməyə sövq edir. O, belə hesab edir ki, əsl "vətəndaş kimi Vətənin keşiyində dura bilməyən" şeiri "dara çəkməli", üstündən özün öz əlinlə "qara çəkməlisən".

 

Xalq çeşməsindən axan

nəğmələrin olmasa,

Bir balaca dağ seli lüzumsuz çör-çöp kimi

Alıb apapar səni;

Vətənsiz insan olmaz -

Şeirin də var vətəni.

 

Şairin qənaəti budur ki, şeirin kökü mənsub olduğu torpağın dərinliklərinə işləməlidir, "xalq çeşməsindən" su içməlidir. M.Dilbazi xalqına bağlı hər şairi "boz ay girən kimi", "düyməsi ilə xarlanmış qarı dələn" qarçiçəyinə oxşadır. Qar üstündə vaxtsız açan bu çiçəklər baharı tez gətirmək "arzusu" ilə yaşayır, "geri qayıdan qış tufanları" da onları əsla düşündürmür: "Yaşayır sönənlər öz adətiylə; Böyük məhəbbətin səadətiylə". Xalqı ilə birgə nəfəs alan, əsl mənada onun övladı olan sənətkar da belədir.

Mirvarid Dilbazi yaradıcılığının çox qiymətli keyfiyyəti kimi, onu da qeyd etmək lazımdır ki, şair xalqa bağlılıq, xalqa arxalanmaq sözlərini heç də gəlişi gözəl, bir az da zahirən xəlqi görünmək xatirinə işlətmir. Kökə, xalqa, torpağa bağlılıq təkcə ictimai hadisələrdə deyil, həm də ədəbi-poetik hadisələrdə həlledici əlamət kimi özünü doğruldur. Bu mənada Mirvarid Dilbazi yaradıcılığı hər şeydən əvvəl xalqımızın zəngin şifahi poeziya sərvətindən, eyni zamanda klassik irsimizdən bəhrələnmiş, nəticədə xalqın özüyçün də doğma olan bir poeziya meydana gəlmişdir.

Burada mən tərcümeyi-hal xarakterli bəzi nöqtələrə toxunmalı olacağam. Bu istəyi təbii hesab edirəm, çünki ədəbi şəxsiyyətlərin yaradıcılığını, onun ayrı-ayrı məqamlarını daha aydın başa düşmək üçün həmin sənətkarların həyatını, ömür yolunu nəzərə almaq tamamilə qanuni haldır. Bu mənada ilkin olaraq Mirvarid xanımın dünyaya göz açdığı mühitin "bayatılı-qoşmalı", Vidadi, Vaqif nəfəsli Qazax eli olduğunu istər-istəməz xatırlayırıq. "Mən elin qızıyam el kimi sadə" - deyən şair güllü-çiçəkli dağların qoynunda şair ürəkli insanların yanında boya-başa çatıb; hələ kiçik yaşlarında ikən itirdiyi "öz-özündən sürməli qara gözlü", "həzin sözlü", "şairanə xəyallı" anası onun ürəyinə şeir mayası bəxş edib. Xeyli poetik əfsanə və rəvayətləri də ona ilk dəfə anası danışıb. Yaz quşu anadil barədəki şeir də uşaqlıq illərində eşitdiyi həmin o dadlı, unudulmaz rəvayətlərin nəticəsində yaranmışdır:

 

Dinləməkdən yorulmazdım bu yaz quşunu,

Qərib səsi aparardı tamam huşumu.

 

Gələcək şairin tez-tez soruşduğu "nə deyir o quş?" - sualına ana el içindəki rəvayəti nəql edərmiş: "Oxuyur ki, mən - uzaq ölkədən, Vətənə gəldim - imana gəldim". Çoxdan bəri görmədiyi bu doğma yerlərə yolu düşən şair anadil haqqındakı o təsirli rəvayətin insanın vətən həsrətiylə, vətən məhəbbəti ilə nə qədər də yaxın səsləndiyi qənaətinə gəlir: "Bu fərəhli duyğu ilə qabarır sinəm, - Vətən deyən o anadil elə bil mənəm".

M.Dilbazinin şeirlərində vətən və ana məfhumları əslində qovuşur, birləşir. Bu fikri şair müxtəlif parçalarda, müxtəlif variantlarda ifadə edir: "Sən ümmansan, mən damlanam! Qəlbindəki isti qanam; Qucağında yatır anam! - Var olsun ellərim, Vətən!"; yaxud: "Anam gəzmiş sizdə, dağlar; Zirvəniz duman olmasın. Sabah yeli, o yandan əs,- Ürəyim şan-şan olmasın". İki gəraylıdan ("Bağlardan əskik olmasın", "Sizdə, dağlar!..") misal gətirdiyim bu sətirlərdəki motiv Mirvarid xanımın bir sıra digər şeirləri üçün də səciyyəvidir.

Hansı mövzuda yazılmasından asılı olmayaraq, M.Dilbazi şeirlərini daxilən, ruhən birləşdirən ümumi bir məziyyət vardır ki, o da misraların həqiqi mənada xəlqiliklə nəfəs almasıdır. Şairin ən yaxşı əsərlərində biz şifahi poeziyamızın və klassik şeirimizin intonasiyasını, doğma ruhunu asanlıqla duyur və təsirlənirik. O, bir sıra şeirlərini hətta forma etibarilə də xalq poeziyamızın nümunələri tərzində yazmaqdan özünü saxlaya bilmir. Bu səpkili parçalarda bəzən mövzu, predmet uyğunluğuna təsadüf etsək də, yenə şairin öz dəst-xəttini, poetik predmetə orijinal münasibətini aydınca duya bilirik. Məsələn, yuxarıda adını çəkdiyimiz, Mirvarid xanımın "şairlik şərbəti" içdiyi, S.Vurğunun "şairlər oylağı bizim tərəflər" dediyi yerlərin müxtəlif müəlliflər tərəfindən, o cümlədən böyük Səməd Vurğunun özü tərəfindən tərənnüm edildiyi məlumdur. Odur ki, həmin mövzulara təkrarən müraciət etmək, əslində bir növ poetik yarışa cəsarət etmək kimidir. Ancaq belə hallarda da biz Mirvarid xanımı, mən deyərdim ki, şeirimizin Ərəbzəngisi kimi görürük. S.Vurğunun məşhur "Yadıma düşdü" qoşmasının bir bəndində Göyəzən dağının ucalığı vəsf olunur:

 

Göylərə baş çəkir Göyəzən dağı,

Axşam açıq olur Ayın qabağı;

Bizim gəlinlərin bayramqabağı

Fəsəli yaymağı yadıma düşdü.

 

Mirvarid Dilbazi də həmin Göyəzənə müraciət edir. Ancaq burada dağın siqləti onun dumandan, çəndən təlaş çəkməsinin səbəbi kimi mənalandırılır; böyüyün böyük də qayğısı olduğu poetik şəkildə əsaslandırılır:

 

Çatmasaydı uca göylərə başın,

Olmazdı dumandan, çəndən təlaşın.

Gördün tufanını sən neçə qışın, -

Ey zirvəsi qarlı, Göyəzən dağı.

 

Maraqlıdır ki, göstərilən parçalarda poetik predmet eyniliyi varsa da, poetik fikir eyniliyi yoxdur. Mövzunun uğurlu bədii həlli müəllifin oxşar mövzuda orijinal şeir yaratdığını təsdiq etməyə haqq verir.

M.Dilbazi yaradıcılığında qoşmalar, gəraylılarla yanaşı, bayatı formasında yazılmış poetik nümunələrə də rast gəlmək mümkündür. Bu lirik, həm də əksər halda müdrik parçalar bizim sevə-sevə dinləyib əzbərlədiyimiz bayatılarla bir doğmalıq təşkil edir:

 

O tayda ana ağlar,

Baxar bu yana ağlar;

Qorxuram bu nalədən

Od tuta yana dağlar.

 

Səhəndin başı duman,

Görüşə varmı güman?

Siz orda ney olubsuz,

Biz burda həzin kaman.

 

Yaradıcılığın xüsusən yetkin mərhələsində xalq şeiri tərzinə əvvəlki dövrlərə nisbətən daha çox müraciət etmə meyli, görünür, sənətkarın geniş oxucu kütləsi ilə daha sadə və anlaşıqlı şəkildə danışmaq istəyi ilə bağlıdır. Yeri gəlmişkən, 1954-1955-ci illərdə Natəvan adına klubda ədəbi məclislərin birində S.Vurğunun bir etirafını burada xatırlatmağı lazım bilirəm. Həmin məclisin iştirakçıları yəqin unutmayıblar. Səməd Vurğun təqribən belə dedi: "Axır vaxtlar qərara gəldim ki, xalq şeiri şəklində əsərlər yazıb ayrıca kitab halında nəşr etdirim…"

Şairin Aşıq Şəmşirə müraciətlə yazdığı məşhur "Yada sal məni" qoşması həmin silsilədən idi. Təəssüf ki, bu niyyəti həyata keçirməyə ömür möhlət vermədi.

Bu faktı mən Mirvarid xanımla söhbətlərimizin birində belə ixtisarla yox, təfsilatı ilə danışdım və S.Vurğunun qənaətini o, maraqlı bir yaradıcılıq niyyəti kimi qiymətləndirdi.

Mirvarid Dilbazi poeziyasının bir qanadı xalq şeiridirsə, o biri qanadı klassik irsimiz, xüsusən şairin özünün etiraf etdiyi kimi Füzuli poeziyasıdır. Füzuli divanını uzun gecələr vərəqləyən baba "Məcnundan füzun aşiqlik istedadı" olan şairin "cigərsuz" sətirlərini oxuduqca böyüklü-kiçikli hamını sarsıdır: "Bu saf eşqi dar otaqdan çıxarıb, - Yetirərdik çiçəklərə, güllərə. Təbiətin qucağına aparıb - Nəql edərdik ötüb gedən yellərə" ("Füzuli divanı").

Mirvarid Dilbazi şeirinin hansı qaynaqlardan baş alıb gəldiyini yəqin edəndən sonra onun poeziyasının mahiyyətini təşkil edən sadəliyi, axıcılığı, reallığı, həyati müşahidələrdən gələn uğurlu poetik mənalandırmaları daha tez və asan başa düşmək mümkündür. O, həyatda olduğu kimi, şeirlərində də çox zərif və kövrəkdir. Ancaq bu zəriflik zəiflik olmayıb, bəlkə ruhən daha çox qüvvətlilik əlamətidir. Böyük özbək şairi Nəvaidə belə bir fikir var: "Kamança saçının vəsfini min dil ilə söylər, - Onun sözü zəif deyil, çox da ki, tel ilə söylər…"

Həqiqətən, kaman telinin incəliyi onun təsir gücünün zəifliyinə yox, qüvvətliliyinə dəlalət edir. Mən Mirvarid Dilbazi lirikasındakı zərifliyi düşünəndə ancaq belə bir müqayisəni məqbul sayıram. Nəhayət, elə buradaca yadıma düşən iki misrasını misal gətirməklə fikrimi şairin özünə təsdiq etdirmək istəyirəm:

 

Təbiətim həm yumşaq, həm yenilməz,

mətindir, -

Məni məğlub eyləmək çətindir, çox

çətindir!

 

M.Dilbazinin təbiətini, xarakterini əsərlərindən öyrənmək, müəyyən etmək mümkün olduğu kimi, onun bir insan, sənətkar kimi xarakterindən xəbərdar olmaqla da əsərlərinin qayəsini, onu yazmağa müəllifi vadar edən duyğuları müəyyənləşdirmək mümkündür. Belə olduqda şairin, yuxarıda qeyd etdiyimiz kimi, sənəti ilə şəxsiyyəti arasındakı vəhdət oxucu zehninə və qəlbinə daha güclü təsir göstərə bilir. Bu mənada mən M.Dilbazi yaradıcılığındakı başqa mühüm bir xəttin də üzərində dayanmağa ehtiyac duyuram. O da Mirvarid xanımın şeirlərini oxuduqca mənim fikrimdə Azərbaycan qadınının ən yaxşı cizgilərinin yenidən canlanması və o cizgiləri daha böyük ürəklə yenidən sevməyimdir.

Mirvarid xanımın şeirlərini vərəqlədikcə biz onu sadiq ömür yoldaşı, mehriban ana, istəkli nənə, özü demişkən, evə - sahibə, sənətə - ömrünü həsr edən bir rahibə kimi görürük. Həm də bunları şair taleyinin ona bəxş etdiyi qismət kimi əzizləyir və etiraf edir ki, bunlardan biri olmazsa, şeiri şikəst olmuş quşa bənzər ("Etiraf").

Məhəbbətdə məsuliyyət, sədaqət, analıq qüruru M.Dilbazi yaradıcılığının, təbii ki, aparıcı mövzusu olaraq qalır. Hətta bütünlükdə bu məsələyə həsr edilməmiş şeirlərdə belə, həmin müştərək xəttə toxunulmamış olmur. Lakin şairin ayrı-ayrı lirik əsərlərində toxunduğu pak məhəbbət, ailə səadəti, sevgidə ağıl və hissin vəhdəti kimi doğma mövzular onun "Bu, əfsanə deyil" mənzum radio-pyesində əsas poetik məqsəd olaraq qələmə alınmışdır. Müharibəyə yola düşmüş bir əsgərin sevdiyi bir qızla var-dövlətə, pula aludə olan bir antipodun evləndiyi qızın qarşılaşdırıldığı, təsirli həyat təcrübəsi ilə əks etdirilən canlı səhnələr dinləyicini sarsıdır. Sevgilisi cəbhədə qıçını itirsə də, "ayaqlılar çoxdur, başlılar azdır" - deyə onu əzəlki məhəbbətlə sevən və bu sevgisinin həqiqiliyinə bizi də inandıran qeyrətli Azərbaycan qızı gözlərimizdə qat-qat yüksəlir.

Müharibəyə nişanlısını, ərini yola salmış sədaqət timsalı qız-gəlinlərimiz, övladına həm də atalıq edən Həcər şöhrətli analarımız, onların oğul sınaqlı, lakin çox şərəfli həyat yolu xəyalımızda yenidən canlanır. Doğrudan da inanırsan ki, həyatda belələrinin olması həqiqətdir, əfsanə deyil.

M.Dilbazinin Rusiyaya dair şeirlər silsiləsində "Rus qadını" adlı cəmisi bir neçə bəndlik lirik miniatürü də var. "Talada ot biçir bir rus qadını, - heyif ki, bilmirəm onun adını" - deyə müəllif bu zəhmətkeş qadının nəsil-nəsil keçib gəldiyi ömür yolunu qısaca olaraq cızır və adını bilməsə də, özünü tanıdığını söyləyir: "Onu tanıyıram, Nekrasovun mən, - Alovlu, atəşli şeirlərindən". Bəli, bu həmin qadındır ki, onu Nekrasov vaxtilə ölməz "Rus qadınları" poemasında əbədiləşdirmişdir. Burada bir nöqtəyə, yeri gəlmişkən, ötəri də olsa toxunmağa ehtiyac hiss edirəm. Dekabristlərin rus qadınlığı üçün nümunə ola biləcək yüksək məqsədli, cəsur, həyat yoldaşının ən ağır qismətini belə könüllü surətdə bölüşüb sürgünə də onunla getməyə razı olan fədakar qadınlarının hərəkəti Nekrasovu dərindən həyəcanlandırmış, bu böyük mənəvi qəhrəmanlığın şərəfinə poema yazmışdır. Bu fədakar qadınların timsalında o, cəfakeş, həm "nə qədər aciz", həm də "nə qədər qüdrətli" olan, müəllifin təbii övlad məhəbbətiylə dediyi - "ana Rusiya"nın qız övladlarının surətlərini gördü və poemanı da onların şərəfinə "Rus qadınları" adlandırdı.

Xalqın xarakterindəki ən qiymətli keyfiyyətləri dəqiq müşahidə etmək və gələcək nəsil tərəfindən də yaşadılıb inkişaf etdirilməsi naminə onu bədii əsər predmetinə çevirmək qayğısı əsl sənətkarlar üçün həmişə mənəvi borc olmuşdur. Bu mənada da Nekrasov poeziyasının Azərbaycan ədəbiyyatına indiki halda Mirvarid Dilbazinin timsalında təsirsiz qalmadığı şübhəsizdir. Belə cəzbolunmanı bir də şairin ümumiyyətlə, öz mövzu aləmi ilə səslənən ədəbi aləmə təbii meyli ilə izah etmək mümkündür. Ona görə də, mənə elə gəlir, M.Dilbazi rus qadınını Nekrasovun şeirlərindən tanıdığını deyirsə, biz də "hər hansı digər xalqın oxucusu Azərbaycan qadınını M.Dilbazinin şeirlərindən tanıya bilər" - desək səhv etmərik.

Mirvarid Dilbazi şeiri, ümumən milli olduğu qədər də beynəlmiləl poeziyadır. Şair övladı olduğu xalqın şifahi və yazılı ədəbiyyatı zəminində boy atsa da, dünya və xüsusən qardaş ölkə xalqlarının poetik sərvətindən də həmişə bəhrələnib. Dünya şöhrətli Evripid, Nəvai, Puşkin, Şevçenko, görkəmli özbək şairi Zülfiyə və digər sənətkarların əsərləri Mirvarid xanımın tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdır.

Ayrı-ayrı sənətkarlar arasındakı dostluq bəzən bütünlüklə ayrı-ayrı xalqlar arasındakı dostluğun ifadəsinə çevrilir. Görkəmli özbək alimi, Azərbaycan ədəbiyyatının gözəl bilicisi Ləziz Kayumovun Zülfiyə ilə Mirvarid Dilbazinin yaradıcılıq dostluğundan necə böyük hörmətlə söhbət açdığını yaxşı xatırlayıram. O, görüşlərimizin birində Zülfiyə dedikdə Dilbazi, Dilbazi dedikdə isə Zülfiyə yada düşdüyünü fəxrlə söylədi və qardaş xalqlarımızın digər nümayəndələrinin, xüsusən gənc istedadların da bir-birilə belə yaradıcılıq, dostluq münasibəti saxlamalarını arzuladı.

Şairimizin yaradıcılığı həm mövzu, həm də janr etibarilə müxtəlif və zəngindir. Böyük Vətən müharibəsində ölkəmizin bütün qardaş xalqları ilə çiyin-çiyinə Azərbaycan övladlarının, o cümlədən Azərbaycanın Həcər xislətli qızlarının göstərdiyi misilsiz hünər ("Partizan Aliyə", "Torpaq daxma", "Bu günlərin böyük dərdi tarixlərdə qalacaqdır", "Ölkənin snayper qızı Ziba Qəniyevaya" və s.), öz istiqlaliyyəti uğrunda qeyri-bərabər şəraitdə mübarizə aparan məhkum xalqların qələbə əzmi ("Əlcəzairli qız", "Afrika yaşadıqca"), Cənub həsrəti ilə bağlı dərin kədər, eyni zamanda güclü vüsal ümidi ("Araz boyunca", "Ustad şair Şəhriyara", "Mehdi Gülhərin", "Ruzbeh", bir sıra bayatılar), həmçinin Özbəkistana həsr edilmiş şeirlər) Mirvarid Dilbazi poeziyasında təsirli bədii ifadəsini tapan mövzulardır. Onun çox səmimi uşaq şeirləri və bir çox başqa əsərləri də balaca oxucuların ürəkdən sevdiyi poetik hədiyyələrdir.

Doğma ədəbiyyatını tükənmək bilməyən bir ehtirasla tədqiq-təhlil edən Belinski belə hesab edirdi ki, hər hansı şairin inkişafını onun sonrakı kitabında əvvəlkinə nisbətən nə dərəcədə irəliləyiş olmasıyla müəyyən etmək mümkündür. Bu mənada M.Dilbazi yaradıcılığını əvvəldən axıra yüksələn bir xətlə xarakterizə etmək olar. Şairin, xüsusən 60-cı illərdən başlayaraq yazdığı şeirləri bədii axtarış və tapıntı, həyat hadisələrinə daha dərindən müdaxilə, zəhmət adamlarının yaşayışı, fəaliyyəti ilə yaxından tanışlıq və bütün bunların təsirli bədii ifadəsi səbəbindən ona ədəbiyyatımızda özünə layiq mövqe qazandırmışdır. Şair haqqında söz deyən müəlliflərdən bəziləri onun xalq şeiri kimi sadə, bədii, həm də lirik - müdrik poeziyasından təsirlənərək Mirvarid xanımı "Natəvanın yadigarı" adlandırmışlar. Bu yüksək qiymət özü demişkən, "əli qələm qabarlı" Mirvarid Dilbaziyə həqiqətən yaraşır.

 

 

Ayaz Vəfalı

 

Ədəbiyyat qəzeti.- 2012.- 5 oktyabr.- S.6-7.