Mirvarid Dilbazinin lirikası

       

Ədəbiyyatımızda qədim dövrlərdən bəri qadın şairlərimiz az olmayıb. Məhsəti Gəncəvi, Heyranxanım, Xurşidbanu Natəvan, Ağabəyim ağa Ağabacı, Umgülsüm və başqaları öz lirik şeirləri ilə tariximizdə əbədi yaşayırlar.

Mirvarid Dilbazi iyirminci yüzilliyin görkəmli şairlərindəndir. O elə xoşbəxt sənətkarlardandır ki, uzun ömür yaşayıb, yetmiş il sərasər yazıb-yaratmaq ona nəsib olub. Mirvarid xanımı keçmiş zamanların qadın şairlərindən fərqləndirən başlıca xüsusiyyət əsərlərində ictimai məzmunun, xəlqilik, vətəndaşlıq duyğularının bədii ifadəsidir. Onun ədəbi irsi çoxlu lirik şeirlər, poemalar, uşaqlar üçün müxtəlif janrlı əsərlərdən ibarət olsa da, daha çox lirik şair kimi tanınıb sevilmişdir.

M.Dilbazi ədəbi mühitə ilk dəfə 1928-ci ildə "Maarif və mədəniyyət jurnalında çap etdirdiyi "Qadınların hürriyyəti" adlı şeiri ilə gəlmişdir. Qadının sosial vəziyyəti, məişətdə və cəmiyyətdə mövqeyi gənc şairin "Bizim səsimiz" (1934), "İlk bahar" - (1937) kitablarında əsas ideya-məzmunda əhatə olunmuşdu. "Qurtuluş", "Qadın", "Ayişənin anası" və s. şeirlərdə qadınlar zərif cinsə qarşı cəmiyyətdəki ədalətsizliklərlə mübarizəyə qalxır, "Biz məgər dünyada qulmu yarandıq, Yetməzmi bu acı odlara yandıq" - deyə öz haqlarını tələb edirdilər.

İkinci Dünya müharibəsi şairin yaradıcılığında mühüm mərhələ olmuşdur. Şeirlərin ideya-məzmun dairəsi genişlənməklə yanaşı, forma əlvanlığına, obrazlı ifadəyə xüsusi səy göstərilirdi. Lirik "mən"də səciyyəvi cizgilər artır, ana-qadın qəlbinin duyğu və həyəcanları daha səmimi ifadə olunurdu. Bu lirik "mən" sevgilisini qanlı döyüşlərə yola salıb intizarla soraq gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat olan həssas ana, cəbhələrdə vuruşan ər və oğulların düşmən üzərində qələbə çalması naminə arxada fədakarlıqla işləyən, hər əzab-əziyyətə qatlaşan mərd qadındır. Şeirlərdə faşist işğalçılarının tezliklə məğlub ediləcəyinə dərin inam hissi və nikbin ruh var idi. "Ağır günlər, çətin qışlar yaddan çıxıb gedəcəkdir", "Bu günlərin böyük dərdi tarixlərdə qalacaqdır".

M.Dilbazinin yaradıcılığı cəmiyyətdəki hadisələrin gedişatı ilə üzvi şəkildə yeni ideya-məzmunlarla, fikri-hissi çalarlarla zənginləşirdi. Özbəkistan Elmlər Akademiyasının akademiki Vahid Zahidov haqlı olaraq yazırdı ki, "Dilbazi çox incə həyat müşahidələrindən dərin məna çıxaran, bədii ümumiləşdirmələr yoluyla gedən şairdir. Emosional məharəti onun şeirlərinin birinci zinətidir. Bu qədər incə ahəngli, nəfis hissiyyatlı, obrazlı, lirik şeriyyət icadkarı bitib-tükənəmyən duyğularını haradan alır?! Nədən alır?!"

M.Dilbazi "Üç inamın vəhdətiyəm" (1976) şeirində öz lirik "mən"ini ümumiləşdirərək yazırdı:

 

Bu sevinclə bahar görmüş çaylar kimi

Gərək hər gün coşub-daşam,

Mən anayam!

Mən şairəm!

Vətəndaşam!..

 

Həqiqətən, şairin yarım əsrdən artıq bir müddətdə yazdığı şeirləri ideya-məzmununa görə üç şaxəli qola ayrılır: biri vətənə, onun qurub-yaradan oğul və qızlarına, əsrarəngiz təbiət gözəlliklərinə məhəbbətdir, ikincisi, həzin, kövrək, qayğılı ana-qadın duyğularının ifadəsidir, üçüncüsü isə Yer üzündə sülh, bəşər övladının azadlığı, əmin-amanlığı uğrunda mübarizə motivləridir. Təsadüfi deyil ki, bu bölgü şairin kitablarındakı bütöv bir silsilə şeirləri özündə toplayan başlıqlarla da səsləşir: "Ana yurdum Azərbaycanım", "Çiçəklər, fəsillər", "Doğma yurdun yollarında", "Ana qanadı - ana məhəbbəti", "Məhəbbət bizimlə qoşa doğulur", "Qoy həmişə sülh olsun", "Azadlığa gedən yollar" və s.

Vətən - M.Dilbazi yaradıcılığında əhatəli ideya-məzmun, bədii-estetik əlvanlıqla işlənmiş bir poetik obyektdir. Şairin tərənnümlərindəki emosional vurğular ən dərin səmimi hisslərin ifadəsi idi.

 

Mənim sənsiz olmasın istərəm heç

bir anım,

Sənsiz damarlarımda donar bu

odlu qanım,

Torpağı könlüm kimi oğlu Azərbay

canım!

("Mənim respublikam")

 

Doğma Azərbaycanı qarış-qarış gəzib dolaşmış şair vətənin gözəllikləri və zəngin nemətlərini - "günəşdən qızıl daraqlı" Şah dağı, "başına fəsillərin hərəsi bir rəngli örpək atan", "Göy gölü", "Yaşıl tənəkləri isti quma döşənmiş", "Sarı çiçəkli, zərif ətirli iydə ağaclı Abşeronu", "ağ ətəkləri mavi sularda yellənən" Xəzəri, habelə Ağsu dağını, Göyəzən dağını, Masallı meşələri, Talış dağlarını və s. vəsf edəndə özünəməxsus obrazlı ifadələr işlədərək şeirlərini hərarətli, mülayim bir ahənglə poetikləşdirirdi. O, təbiətin təkrarsız gözəlliklərini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olurdu.

M.Dilbazi xalqın içində yaşayan, onun qayğısını, sevincini dərindən duyan bir şair idi. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün "Çayçı qızlar", "Çoban", "Tərəvəzçi qızlar", "Düyü becərən gəlin" və s. şeirlərində zəhmət adamlarının saf mənəviyyatlarını, işgüzar, nəcib xasiyyətlərini ilhamla qələmə almışdır. Xalq içində geniş yayılmış nəğməyə çevrilən "Vətən oğlu Çoban Qara"dan başlamış, "filosof təmkinli, qartal qanadlı… hamıya ruh verən, səfərbər edən başçı"yadək sadə, səmimi insan surətləri dərin rəğbət oyadır, təsirləndirirdi. Şairin fikrincə, namuslu, fədakar əmək əsl səadətin açarıdır.

 

İnci, mirvari deyil,

Əməkdir mənim adım.

Həyatımda bir gün də

Əməksiz yaşamadım.

 

Şairin doğma vətənin Araz çayından "o tayda qalmış parası"ndan bəhs edən şeirlərində isə sonsuz kədər, ağlarlıq, ifadə olunur. Bədii dil də tamamilə fərqli, bənzətmə və təşbehlər ələmli fəryadlıdır. "Araz, niyə lal axırsan, könül evin viran kimi?", "Dağlar, sizə təbiətmi qarğamış", "Can qardaşım nə kövrəksən, Niyə dedin, orda təksən", "A qürbətdə bitən çiçək, Körpə gözün niyə doldu?"... Şairin Cənubi Azərbaycana, o taylı bacı və qardaşlarına həsr etdiyi şeirlərdə ayrılıq, acı, həsrət, belə dözülməz vəziyyətə qarşı etiraz motivləri üstünlük təşkil edirdi. Şair vətən övladlarını bu tarixi ədalətsizliklə barışmamağa, qəti və əbədi birliyə çağırırdı:

 

Fikri fikrə,

Sözü sözə,

Odu oda,

Közü közə

Elə çataq,

Ocağımız, çırağımız

Bir yansın, ayrı yanmasın.

Heç bir qəsbkarın əli

Bu birliyə uzanmasın.

("Görüş qismətim deyilsə")

 

M.Dilbazi yaradıcılığının mənalı ideya-məzmun istiqamətlərindən biri də qadın taleyi, duyğu və düşüncələri, həyəcanları ilə bağlıdır. Onun bir qism lirik süjetləri, obrazlı ifadə və poetik ahəng xüsusiyyətləri də bu fərdilik sayəsində təravətlənmiş, mənalanmışdır. Lirik "mən", hər şeydən əvvəl, sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu gənc qadın məhəbbət duyğularının ifadəsinə görə poeziya varislərinə yaxınlaşırsa da, aşiqinin ona olan münasibətinə müasir baxışla yanaşması cəhətdən fərqlənirdi. O bir tərəfdən:

 

Sənsizəm, könlüm kimi könlüm pərişan

olmasın,

Nitqi susmuş bübüləm, gəl iftixarım,

hardasan?

 

- deyə hicran günlərində qanlı yaşlar tökür, fəğan edirsə, digər tərəfdən də ərklə aşiqinə bildirirdi:

 

İstərəm sadəcə bir qadın kimi

Sevib etməyəsən sən mənə hörmət.

İstərəm bir dosta, bir məsləkdaşa,

Bəslənən eşq olsun bu saf məhəbbət.

 

Şairin lirik "mən"i öz könül duyğularını romantik xəyallara deyil, həqiqi, mövcud vəziyyətlə bağlı dilləndirir. Aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. "Məni səslə" şeirində poetik nida zəriflik, nikbinlik notları ilə yüksək mənəviyyatlı qadın sədaqətini və fədakarlığını təcəssüm etdirirdi. Şair sevincini, mübarizliyini, həyata, səadətə inamını itirməsin deyə öz aşiqinə "bükülməz qanadlarını, səbrini, inadını, sevincini, nəğməsini" verməyə hazırdır. Onun məhəbbət şeirləri sənətkarlıq cəhətdən də diqqət çəkirdi. Sevən qəlbin duyğu və həyəcanlarını gah qəzəl və rübai janrında, gah qoşma və bayatılarla tərənnüm edir. Bəzən isə qəfil könül tufanı heç bir məlum poetik qəlibə sığmır, tamamilə yeni bir şeir şəklini, vəznini meydana gətirir. Mirvarid üslubunun təkrarsızlığını aşkara çıxarırdı:

 

Səni görüb bəyəndiyim birinci andan

Mən könlümlə bağladım peyman

Ya sən,

Ya heç kəs…

 

Mizrab sındı,

Sim qırıldı, lal oldu kaman,

Nəğmə susdu, səadətə qalmadı güman,

Öz əhdimi unutmadım mən də heç zaman,

Ayırmadı öz vədimdən məni bir həvəs,

Nə sən,

Nə heç kəs.

 

Azərbaycan ədəbiyyatında ana mövzusu geniş işlənmişdir, müxtəlif janrlı və həcmli gözəl əsərlər yaradılmışdır. Qəhrəmanı ana olan bütöv bir yaradıcılıq isə ilk dəfə M.Dilbazinin poeziyasında təzahür edir. Analıq dünyasının rəngarəng məqamları, həyəcanları, fikri-hissi çalarları onun şeirlərində dərin emosionallıqla inikas etimişdir. Bir çox şeirlərində analıq dünyasının bilavasitə yaşanmış, gerçəklik ünvanı olan bir lövhəsi, yaxud adicə bir anı sənətkarlıqla bədii həqiqətə çevrilmişdir.

 

Gecə hər kəs yataraq dincin alır,

Bəs o kimdir belə xoş layla çalır?

Kəsməyir bir an o laylay səsini,

Anadır bəsləyir öz körpəsini.

 

Şairin analıq aləmindən aldığı lirik məzmunlarda həm övladın ana məhəbbəti, həm ananın övladla bağlı duyğularına, həm də mehriban nənə nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Övlad Mirvarid anasına dərin, müqəddəs tellərlə bağlıdır, ona ülvi bir varlıq kimi pərəstiş edir. Sağlığında "isti nəfəsini", "şəfqətli səsini", mehrini-ülfətini günəş işığına bərabər tutduğu anasını həmişəlik itirəndən sonra daha dərin bir hissiyyatla xatırlayır, mürəkkəb həyat yolunun sərt döngələrində ondan yadigar qalan dözümlülük, mülayimlik, səbrlə ümid işığına dayaqlanmaqda davam edir. O, ana olmasını həmişə özü üçün əvəzsiz bir səadət bilmiş, özü haqqında qürurla demişdir: "Şair və ana - tale iki şahlıq tacını bəxş etmiş ona".

M.Dilbazinin əsərlərində ana olmaq nə qədər sonsuz bəxtiyarlıq hissləri ilə yaşanırsa ("Ana taxtı üstə", "Üç inamın vəhdətiyəm", "Anan kimi sevsin həyat"), onun bir o qədər də məsuliyyətli borcları, vəzifələri olduğu nəzərə çatdırılır. "Kişi anası ol ana olanda" - deyən şair, hər şeydən əvvəl, gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi saymışdır. Eyni zamanda ailə sütunlarının möhkəmliyini, övladın taleyindəki rolu barədə də məzmunlu, təsirli lirik lövhələr yaratmışdır.

M.Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında iyirminci yüzilliyin son onilliyindəki tarixi hadisələri kamil bir sənətkar kimi dərindən yaşamış, xalq həyatının bu fəcii mərhələsinin səciyyəvi lirik lövhələrini yaratmışdır. Onun lirik "mən"i öz vətənpərvərlik, haqq-ədalət, sülhsevər duyğuları ilə daha da zənginləşmiş, dolğunlaşmışdır. Bu dövrdə şeirlərin lirik "mən"i artıq müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir.

 

Çaylarmı ayırdı,

Qılınclarmı, ah!..

Qardaşı qardaşdan söylə, ey Allah?

Niyə mənim ölkəm dilim-dilimdir,

Bu necə bölgüdür, bu nə zülümdür?

 

Onun şeirlərində yanğı, kədər, nalə intonasiyası bayatılar, ağılarla dil açırdı:

 

Avey dağım, ürəyimi dərd oyar,

Ürəyimdə bir Qarabağ dərdi var.

 

"Səngərləri sinələrdən qurdular", "Təklənmiş millətim", "Ağlama, gəlinim, ağlama, qızım" və s. şeirlərində Mirvarid müharibədə döyüşən əsgərlərə təpər verir, qanına boyanmış igidlərlə birlikdə şəhid olur, al-əlvan güllər, ipəklərlə bəzədiyi oğul qəbri üstündə qan-yaş tökürdü.

 

Bizim haqlarımız qan təkərləri

Altında əzilib qana batıbdır.

Qırılıb vətənin igid ərləri,

Ey dünya, nə üçün dözürsən buna?

Eşidin səsini tək qalmış elin!..

 

Yaxud:

 

Bizi əyə bilməz bu dərd,

Qoyma yurdun yana, qurban,

Oğul, sana ana qurban!

Ana qurban!

Sinəndəki qana qurban!

 

Şair yolunu çaş salanları, qorxaqları, satqınları şeiri ilə silkələyib ayıltmaq üçün hiddətlə haray da çəkirdi:

 

Ac sürülər düşmən elə sürüləndə

Yanar dağa döndü sinəm,

Elə yandım, dedim: sən ey

Yurdu düşmənlərə verən!

Kabablığa gedən sürü mənəm,

Sənsən!

Bənövşəsi qanlı bitən,

Ayı, ili qəmli ötən

Vətən...

Vətən…

 

Təsadüfi deyil ki, milli istiqlalımızı tərənnüm edəndə belə sinəsi övlad dağlı bir el anası kimi böyük itkilərimizi də yad edirdi:

 

Tez gedib,

Gec gələnim,

Milli istiqlalım mənim.

Xoş gəlibsən vətənə!

Döşənib yolarına gör nə qədər qanlı sinə.

 

Uzanıb yurdumuza gör nə qədər düşmən əli!

Şair ana-vətəndaş Mirvarid Dilbazinin lirikası Azərbaycan poeziyasının elə bil toplusudur ki, onun səhifələrində yarıməsrlik ictimai-siyasi dövrün poetik salnaməsi inikas etməkdədir. Həm də bu yaradıcılıqda tipik bir azərbaycanlı qadının ömür yolu canlanmaqdadır. O, xalqımızın əbədilik tarixində yaşayıb-yaratdığı zamanı lirik şeirlərinə sənətkarlıqla həkk etmiş qüdrətli bir şair kimi yaşayır və yaşayacaqdır.

 

 

Safura Quliyeva,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2012.- 5 oktyabr.- S.5-6.