"Xalq şairi - el anası" 

     

  Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 1-də "Park İNN" hotelində xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr edilmiş "Xalq şairi - el anası" mövzusunda dəyirmi masa keçirildi.

Mərkəzin direktoru, professor Vilayət İsmayılov Mirvarid Dilbazinin həyat və yaradıcılıq yolundan Azərbaycan ədəbiyyatı-mədəniyyəti tarixində rolu barədə məlumat verdi.

Millət vəkili Arif Rəhimzadə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin "Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının ümumən ədəbiyyatımıza, mədəniyyətimizə göstərilən qayğının ifadəsi olduğunu qeyd etdi. Mirvarid Dilbazinin layiq görüldüyü titul və mükafatları sırasında ən böyük mükafatın xalqının sevgisi olduğunu bildirən millət vəkili şairənin də xalqına hədsiz sevgisindən söz açdı. Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev xalqa, vətənə məhəbbətin Mirvarid Dilbazi əsərlərinin əsas mövzusu olduğunu vurğuladı.

Tədbirdə S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Fəxrəddin Miralayev, bəstəkar Sevda İbrahimova, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı, şair Vahid Əziz və başqaları çıxış edib Mirvarid Dilbazi yaradıcılığı barədə mülahizələrini söylədilər.

Axırda Mirvarid Dilbazinin qızı Xatirə xanım çıxış edərək anasının yaradıcılığına göstərilən yüksək səviyyədə diqqətə görə dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 5 oktyabr.- S.5.