Hüseyn Cavid - 130

  

Böyük şair-dramaturq, Azərbaycan ədəbiyyatında romantizmin əsas aparıcılarından biri Hüseyn Cavidin 130 illiyi ilə əlaqədar şairin Naxçıvandakı ev muzeyində "Muzeyimizin yeni eksponatları" adlı sərgi təşkil edilmişdir.

Sərgidə son vaxtlar əldə edilmiş Turan Cavidə məxsus xatirə əşyaları, müxtəlif fotoşəkillər, sənədlər, proqram və dəvətnamələr, eyni zamanda H.Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən vətəni Naxçıvana gətirilməsində iştirak etmiş Telman Əliyevin "Heydər Əliyev haqqında xatirələrim", Hüseyn Cavid, Abdulla Şaiq "Ədəbiyyat dərsləri", Bakı Dövlət Universitetin professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadənin hədiyyə etdiyi, içərisində Cavidin ilk dəfə hissə-hissə nəşr edilmiş "Afət" əsəri olan 6 ədəd 1926-cı ilə aid "Maarif və mədəniyyət" jurnalları, filologiya üzrə fəlsəfə doktoru H.Cavid tədqiqatçısı İsgəndər Attilanın "Cavidi xatırlarkən", "İnsan ömrü bir dalğa kimi", "Əsrin şairi" I-IV kitabları, Nafilə Abuzərlinin "Eşq mələyi", filologiya elmləri doktoru Hüseyn Həşiminin "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri", filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının "Həqiqətin divanı", şairə Rahilə Dövranın "Gözlə yolumu" və H.Cavidin Bakıdakı ev muzeyinin direktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə tərtib edilmiş "Cavidşünaslıq" topluları tamaşaçılara təqdim edilir.

 

 

Pakizə Qasımova,

Hüseyn Cavidin Naxçıvandakı

ev muzeyinin əməkdaşı

 

Ədəbiyyat qəzeti.- 2012.- 5 oktyabr.- S.5.