M.F.Axundzadənin ədəbi tənqidi
1854-cü ildə
Axundzadə "Əlifbeyi-cədid" adlı məqaləsini
yazdı və ərəb qrafikasını latın
qrafikası əsasında təkmilləşdirmək məsələsini
irəli sürdü. O, 1865-ci ildə "Kəmalüddövlə
məktubları"nı yazır və bu əsərdə cəmiyyəti
və dini yaxşılaşdırmaq, inkişaf etdirmək
baxımından öz baxışlarını, fəlsəfi
görüşlərini izah edir. "Risaleyi-irad" ("Tənqid
risaləsi") əsəri müasirləri olan tarixçilərin
tarix yazmaq metodlarına qarşı yazıçının
harayı, tənqidi görüşləridir. Axundzadənin
"Kritika"sı misli görünməmiş, İran ədəbiyyatında
əsl tənqidin əsasını qoyan və poeziyanın tənqidinə
həsr olunan "Kritika" 1866-cı ildə
yazılmışdır. Mirzə Fətəli Axundzadənin
cəmiyyət, fəlsəfə və ədəbiyyat barədə
düşüncələri, baxışları onun Tiflis
arxivində saxlanan bir çox başqa məqalələrində,
fars və türkcə yazılmış şeirlərində
və məktublarında da öz əksini tapır.
Axundzadə
1878-ci il mart ayının 12-də Tiflisdə ürək
keçməsindən vəfat etmişdir.
Axundzadə və
ədəbi tənqid. Axundzadə rus ədəbiyyatında
zamanın ictimai şüurunu əks etdirən realist tənqidin
inkişaf etdiyi və sürətlə
yayıldığı dövrdə yaşamışdır.
Odur ki, onun
estetik görüşlərinə müasir rus ədəbiyyatında
üstünlük təşkil edən ictimai realizm təsir
etmişdir. M.Rəfilinin rəyincə rus
inqilabçılarının estetik görüşlərindən
Axundzadə bəhrələnmiş və onda yeni ideyalar
yaranmışdır.
Bu
ideyaları XIX əsr dünya estetik fikir tarixinin tənqidi
zamanı nəzərə almamaq olmaz.
Əziz Şərif
"Aldanmış kəvakib"in ruscaya tərcüməsinə
yazdığı girişdə göstərir ki, Axundzadənin
ictimai həyatda sənətin rolu barədəki
görüşləri rus inqilabçı-demokratlarından
Belinski, Gertsen, Çernışevski və Dobrolyubovun hələ
də əhəmiyyətini itirməyən ideyaları ilə
səsləşir. Xüsusən də onun "Sənət sənət
üçündür" və "Sənətdə
ideyasızlıq" nəzəriyyələrinə
qarşı fikirləri diqqəti cəlb edir.
Estetik
görüşlərində Belinski, Çernışevski və
Dobrolyubov kimi, Axundzadə də sözün geniş mənasında
"Gözəllik həyatdır" əqidəsinin tərəfdarı
və təbliğatçısıdır.
Rus ədəbiyyat
aləmində üstünlük təşkil edən realizmin
təsirinin nəticəsidir ki, Axundzadə müasirləri
olan şair və yazıçılara realist məktəb
prinsiplərinə əsasən yazmağı tövsiyə
edir.
Axundzadənin
realist baxışlarına rus ədəbi mühitinin təsiri
ilə bərabər, alimlər onun
dünyagörüşünə təsir edən başqa bir
məxəzdən də söz açırlar. Bu qənaətə
görə Axundzadənin realizmi onun fəlsəfi
baxışlarının təcəssümüdür
(inikasıdır). Ş.Mirzəyeva bu münasibətlə
yazır ki, Axundzadənin sənət və gerçəklik
anlamı arasındakı qarşılıqlı əlaqə
barədə fikirləri onun materialist fəlsəfi görüşlərinin
ümumi məzmunu çərçivəsində başa
düşülməlidir.
Axundzadəyə
görə, gerçəklik maddi varlıq olub öz
mövcudiyyəti üçün heç bir xarici qüvvə
tələb etmir. O, gerçəkliyi obyektiv
varlığın bədii inikası kimi qəbul edir. Onun
fikrincə təbiət və ictimai həyat adlanan obyektiv aləm
sənətdə öz həqiqi yerini tapmalıdır. Mirzəliyeva
sözünə davam edərək qeyd edir ki, mübaliğəsiz
demək olar ki, Axundzadənin realizmi tarixi bəsirətdir, gələcəyi
görmədir.
O, gerçəkliyin
sənətdə inikasını, onun gələcək dəyişmə
və inkişafı baxımından tədqiq edir. Bəyan edəndə
ki, "Gülüstan"ın vaxtı keçib, o heç
də demək istəmir ki, bu sənət abidəsi öz
gözəlliyini və estetik gücünü itirib.
Yazıçı sadəcə olaraq göstərir ki, tarixi
gerçəklik dəyişib.
Başqa bir
Azərbaycan alimi C.Cəfərova görə, Axundzadənin sənət
barədə düşüncələri onun ateistik və
materialist ideyalarına əsaslanan hərtərəfli fəlsəfi
görüşlərinin ayrılmaz tərkib hissəsidir.
Axundzadə sənətin gerçəkliklə əlaqəsini
göstərməklə sənətin başlıca məqsədini
doğru dərk etmişdir. Onun fikrincə, təbiət, insan
həyatı və cəmiyyət sənətin
mövzularıdır. O, qəti şəkildə saf sənət
və ehkam şəklində olan subyektiv tənqidi inkar edir.
Axundzadəyə görə, ədəbiyyat
mövzularını və onu əks etdirən məzmunu həyatdan,
gerçəklikdən almalıdır. Əks təqdirdə
o sənət əsərinin heç bir qiyməti olmaz.
Göründüyü
kimi, bu alimlər arasında Axundzadənin realizminin onun
materialist və ateist fəlsəfi bəsirətinin tərkib
hissəsi olması barədə möhkəm fikir birliyi
vardır.
Həmin alimlər
indiki vəziyyətdən çıxış edərək
Axundzadənin görüşlərini dialektik baxımdan fikir
süzgəcindən keçirirlər. Başqa sözlə
desək, öz fikirlərini də Axundzadənin əsərlərinə
aid edirlər.
Bizim fikrimizcə,
söhbət açdığımız intellektual təsirlərdən
başqa demək olar ki, Axundzadənin realizmi onun formal, realist
olmayan keçmişindən miras qalan, Qacar sarayında
çiçəklənən ədəbi ənənələrə
qarşı reaksiyası idi.
O, Nəsirəddin
şahın saray şairlərindən "Rövzətüs-səfa"ya
əlavə yazmış, Rzaqulu xan Hidayətin tarixinə tənqidi
məqalə yazmışdır. Bu məqalədə ədib
müasir tarixçi və salnaməçiləri hədsiz
şişirtmələrinə, uzunçuluqlarına, sözlərdən
etinasız istifadə etmələrinə və tarixi
yazıları poeziya ilə qarışdırdıqlarına
görə tənqid edirdi.
Bu yolla o,
dövrünün tarixçilərini təmtəraqlı və
qəliz dillə yazılmış uydurma hekayətlərin
xatirinə tarixi gerçəklikdən
uzaqlaşdıqlarına görə tənqid və məzəmmət
edirdi.
Məqalənin
sonunda Axundzadə ümumi şəkildə ədəbi tənqiddən
də söz açır. Tənqidi müdafiə
mövqeyindən çıxış edərək müəllif
göstərir ki, tənqid şairləri məcbur edəcək
ki, ictimai məzmunu olmayan əsər yazmaqdan əl çəkib,
əsl həyatdan bəhs edən əsərlər qələmə
alsınlar. Tənqid eyni zamanda, nəsr yazanları sövq edəcək
ki, "Qafiə axtarmaqdan, uşaqsayağı mübaliğələrdən
və gülünc müqayisələrdən tamamilə əl
çəkərək" arzuolunan mövzularla məşğul
olsunlar.
Şübhə
yoxdur ki, "arzuolunan mövzular" adı altında Axundzadə
əsl həyatı əks etdirən real mövzuları nəzərdə
tutur.
Söhbət
Süruşun "Qəsideyi-mədhiyyə" əsəri
ilə əlaqədar Axundzadənin "Kritika" məqaləsində
irəli sürdüyü tənqiddən gedir. Süruşun əsası
olmayan şişirtmələri Axundzadəni qəzəbləndirmiş,
onu kəskin tənqid atəşinə tutmuşdur.
Başqa bir
yerdə Axundzadə dövrünün İran poeziyası ilə
əlaqədar göstərirdi ki, bəzi müəlliflərin
poeziyadan xəbəri yoxdur. Onlar hər cür əhəmiyyətsiz
şeir toplusunu poeziya hesab edirlər. Onlar belə güman
edirlər ki, çoxlu mənasız sözü misralara
düzmək, qafiyə və vəzn baxımından
ora-burasını düzəltmək, sevgili cananı qeyri-adi
xüsusiyyətlərlə təsvir etmək, yazı və
payızı təbii olmayan müqayisələrlə tərifləmək
poeziyadır. Necə ki, Qaani təxəllüslü
tehranlı müasir şairin Divanı bu növ cəfəngiyyatla
doludur. Onlar dərk edə bilmirlər ki, poeziyada məzmun nəsrdən
daha təsirli olmalıdır.
Klassik
İran poeziyasında Axundzadəyə ən çox təsir
edən əsərlər arasında firdovsinin "Şahnamə"si,
Nizaminin "Sirlər xəzinəsi" və "Yeddi
gözəl"idir. Çünki Axundzadənin
inandığına görə, firdovsi və Nizamidə əsatir
və nağıllar belə real həyat hadisəsinə
uyğunlaşdırılır.
Hətta
Simurq və Rüstəmlə bağlı əfsanələr
elə bil insan həyatında baş verən, insanın
başına gələn hadisələrdr. Eynilə görkəmli
ingilis şairi Şekspir də insan məişətini, insan təbiətini
təxəyyül məhsulu olan cinlərdə, şeytanlarda
və s. təcəssüm etdirir və real həyat hadisələri
ilə səsləşdirir.
Yeri gəlmişkən,
Axundzadənin Şekspir haqqında sözləri Belinskinin
"Şekspir poeziyanı real həyatla
uyğunlaşdırır" fikrini yada salır. Nəsrə
gəlincə, Axundzadə nəsrdə məzmun gözəlliyi
axtarır ki, bu da poetikada realizm deməkdir. Axundzadənin
sözləri ilə desək, məzmun gözəlliyi
şikayət və hadisələrin mütləq həyat
gerçəkliyi ilə üzvi surətdə nağıl
edilməsidir. Xarici aləmlə, həyatla uzlaşmayan
heç nə poeziya hesab oluna bilməz.
Nəsr və
nəzmdə məzmunun reallığı məsələsindən
əlavə Axundzadəni, həmçinin təsvir, estetika və
onların məzmunla əlaqəsi məsələsi də
narahat edirdi. Bu narahatlıq onun ədəbi tənqidə həsr
olunmuş bütün əsərlərində
özünü göstərir . Misal üçün,
"Kritika" əsərində Axundzadə forma və məzmun
arasında vəhdət labüdlüyündən
danışaraq göstərir ki, poetika qarşısında iki
başlıca tələb qoyulur - məzmun gözəlliyi,
ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə
gözəlliyinə malik olmayan bir nəzm, məsələn,
Mollayi-Ruminin "Məsnəvi"si kimi məqbul nəzmdir...
Amma şeriyyətdə nöqsan vardır. Qaani Tehraninin
cansıxıcı şeirlərinin bəzisində ifadə
gözəlliyi olduğu halda, məzmun gözəlliyindən
danışmaq olmur. Bununla belə, bunlar da bir növ
şeirdir, sənət nümunəsidir. Həm məzmun, həm
də forma gözəlliyini özündə birləşdirən
əsərlərdən söz açarkən Axundzadə qeyd
edir ki, ilk olaraq göz önünə firdovsinin "Şahnamə"si,
Nizaminin "Xəmsə"si, Hafizin "Divan"ı gəlir.
Burada poeziya məftunedici və ruhlandırıcıdır.
"Fəhresti-kitab" adlı başqa bir məqaləsində
Axundzadə ifadə gözəlliyinin təsirindən, bədii
mükəmməllik və buna sənətkarın məharət
sayəsində nail olduğundan söz açır və
göstərir ki, çox vaxt birinin başına gələn
əzab-əziyyətdən, məşəqqətlərdən
aydın və ifadəli, diqqəti cəlb edən bir tərzdə
danışanda istənilən təsiri
bağışlayır. Bəlkə də, həmin sətirləri
yazarkən Axundzadə Şekspiri göz önünə gətirirdi.
Şekspir istedadından bəhs edən müəllif
yazırdı ki, bir neçə yüz il öncə
İngiltərədə Şekspir adlı bir şair peyda
oldu. O, ingilis krallarının başına gələn bəlaları
poeziyanın qüdrətli dili ilə elə ifadə edib ki,
daşürəkli adamlar belə onu eşidəndə göz
yaşı tökməkdən özünü saxlaya bilmir.
Axundzadənin
ədəbi tənqidə həsr olunmuş fikirlərini izlədikcə
bu qənaətə gəlmək olur ki, Axundzadə ictimai
realizmə tapınmaqla bərabər, üslub və ifadə
gözəlliyinə, forma və məzmun vəhdəti məsələlərinə
də maraq göstərmişdir.
Axundzadənin
ədəbi tənqidi baxışlarına dair qeydlər.
Axundzadənin ədəbi tənqidə dair esselərini tədqiq
edərkən məlum olur ki, onun baxışları öz təfəkkürünün
bəhrəsidir. O inanır ki, "millət dərin mənalı
poeziyanın məzmunundan damla-damla olsa da, bəhrələnməlidir.
Bununla bağlı aydın olur ki, o, poetikanın rolunu,
bütövlükdə incəsənətdən ayrı təsəvvür
etmir. Eləcə də etikanın funksiyasını
müdriklikdən ayırmır. Onun fikrincə, poetika və
incəsənət mərdlik və səxavəti yaymalı,
didaktik vəzifə daşımalıdır. Bu cəhətdən
Axundzadə Mirzə Ağa xan Girami və Əhməd Kəsrəvi
kimi İran mütəfəkkirlərinə dərin təsir
göstərmişdir.
"Kritika"nı
yazarkən Axundzadə sözçülüyə yol
vermiş, sözünün üstündə axıra qədər
durmamışdır. O, Süruşun Nəcmi Saninin törəmələrindən
olmadığını göstərmək üçün
bir neçə səhifə sərf edir. Tarixi kitablardan
çoxlu dəlillər toplayır ki, Süruşun bu
iddiasını təkzib etsin və təsdiq etsin ki, Nəcmi
zalım olub. Belə dərinliyə getmək, dəlil-sübut
yığmağa ehtiyac yox idi. Özünün əvvəlki
məsləhətlərinə baxmayaraq, elə bu məqalədə
ənənəvi xırdaçılığa vararaq yersiz
iradlarla Süruşun poemasının istilahlar və vəzn
baxımından nöqsanlı olduğunu göstərir.
Halbuki hər iki ittihamda Süruş günahkar deyil. Axundzadənin
bəzi klassik İran şairlərinin əsərlərində
gördüyü və səhv hesab etdiyi sezuradır (sözlər
arasında fasilə). Sezuraya xüsusən Xorasan məktəbinin
yetişdirmələrinin yaradıcılığında daha
çox təsadüf edilir və bunu böyük qəbahət
saymaq olmaz. Bu, anlaşılmazlığın nəticəsidir.
Məsələ burasındadır ki, Axundzadənin ana dili
türkcə olmuş, fars və ərəb dillərini isə
məktəbdə ikinci və üçüncü dil kimi
öyrənmişdir. Türk dilinin təsiri fars və Avropa
sözlərində, xüsusən də fars cümlə
quruluşunda özünü aydın şəkildə
göstərir. Məhz bu anlaşılmazlıq ucundan Axundzadə
Süruşun əsərlərini oxuyarkən əsəbiləşirmiş.
Bir də Axundzadə nəhayətsiz ümmana bənzər
klassik İran ədəbiyyatını biləmməzdi. Elə
aşağıdakı fakt deyilənlərə dayaq olur. O,
hesab edir ki, bütün İran şairlərindən
yalnız beşi (Firdovsi, Nizami, Sədi, Rumi, Hafiz) diqqətə
layiqdir. Axundzadə klassik İran ədəbiyyatında məşhur
olan bir çox əsərləri oxumamışdır. Onun rəyincə
həmin əsərlər "təbiətə və adət-ənənənin
əksinə yazılmışdır". Aydındır ki,
Axundzadəni Orta əsr İran ədəbiyyatına belə
yanlış baxışa vadar edən XIX əsrdə
üstünlük təşkil edən müasir realist meyara
düzgün yanaşmamaqdır. "Kritika" kimi,
yazıçının "Risaleyi-irad"ında da
sözçülük və fikrinin üstündə
axıra qədər durmamaq özünü büruzə
verir.
Məhəmməd
şah Qacarın vaxtında Heratın mühasirəsindən
geniş söz açan "Rövzətüs-səfa" əsərinin
müəllifini Axundzadə uzunçuluq və riyakarlıqda
təqsirləndirir. Bundan başqa, ustalıqla
düşünülmüş özü və müəllif
arasında baş verən xəyali dialoqda müəllifin
tarixi kitabında poeziyadan istifadə etməsini lağa
qoymağa təşəbbüs göstərir. Bu paradoks
Axundzadəni cansıxıcı uzunçuluğa gətirib
çıxarır. Bunun əvəzində o, tanış
olduğu tarix yazmağın müasir metodları barədə
öz mühakimələrini irəli sürə bilərdi.
"Rumi və
əsəri haqqında" məqaləsində
mövhumatçıların onu günahlandıracaqlarından
qorxaraq şairin öz ateist görüşlərini gizləməyə
təşəbbüs göstərməsi və "Məsnəvi"də
fikirlərini əsrarəngiz alleqoriyalarla verməsini Axundzadə
öz materialist görüşlərindən
çıxış edərkən yanlış yozur. "Nəzm
və nəsr haqqında" məqaləsində isə
Axundzadə göstərir ki, islamın
başlanğıcından bu günə kimi müsəlmanların
arasında heç kim poetika və şeir arasında hüdud
qoymamışdır.
Bunu doğru
hesab etmək olmaz. Sadəcə olaraq Axundzadə İbn
Sinanın Aristotelin "Poetika" kitabından əxs etdiyi və
"Əş-şəfa" kitabında söz
açdığı fikirləri ilə, eləcə də
Xacə Nəsirəddin Tusinin "Əsas əliqtibas" və
"Meyar əl-əşar" kitablarındakı ideyalar ilə
tanış deyilmiş. Bütün bu kitablarda poetika "xəyali
mühakimə" kimi şərtləndirilib. Vəzn və
qafiyə ona xas olan elementlər hesab edilməyib.
Axundzadənin
türk poetikası barədə fikirləri də arzuolunan səviyyədə
deyildir. Burada onun bu sahəni dərindən bilməməsi
üzə çıxır.
Yuxarıda
deyildiyi kimi, o yalnız beş klassik İran şairinin
yaradıcılığını qiymətləndirir.
Türk şairlərindən danışarkən füzuli
kimi klassik şairi qiymətləndirməməsi, nisbətən
az tanınmış Vaqif və Qasım bəy Zakir kimi orta səviyyəli
müasir şairləri bol-bol tərifləməsi bu
baxımdan səciyyəvidir.
Qısasını
desək, Axundzadənin ədəbi tənqidə dair fikirləri
bir çox hallarda yeni, orijinal və sağlam olsa da, bəzən
ciddi xətalardan da xali deyildir. Bununla belə, bu xətalar
Axundzadənin müasir Avropa ədəbi tənqid
metodlarını İrana gətirən və təmsil edən
birinci şəxs kimi xidmətlərini azaltmır.
Nəticə.
Müasirlik, elmilik baxımından, Avropadakı mənada ədəbi
tənqid klassik İran ədəbiyyatında tamamilə
yoxdur. Tənqidi realizmin sələfi hesab edilə biləcək
nə varsa, möhkəm inandırıcı meyardan məhrum
olduğuna görə diqqəti cəlb etmir. Estetikadan, vəzn
və qafiyədən söz açan qədim İran kitablarında
poetikaya müraciət qeyri-müəyyən olduğundan elmi
dəyər kəsb etmir.
İranda ədəbi
tənqidin əsasını M.F.Axundzadə qoymuşdur. Nəsr
və poeziyaya həsr olunmuş "Kritika" və başqa
məqalələri ilə o, qəti şəkildə ənənəvi
mühakimələrin məngənəsindən azad olaraq
Avropa mütəfəkkirləri və rus inqilabçı
demokratlarının tənqidi fikirlərinin təsiri
altında xırdaçılıqlarla, boş iradlarla məşğul
olan tənqidi elmi və həqiqi meyara əsaslanan tənqidlə
əvəz etdi. O dövr realist mühitin təsiri altında
Axundzadə ilk dəfə olaraq əsərin ictimai məzmununa
lazımi diqqət yetirmiş, mövzunun ədəbi dəyərini
açıqlamışdır.
Axundzadə
İranda yazıçı və şairlərin ictimai məsuliyyəti
məsələsini də birinci olaraq irəli
sürmüşdür. Bu cəhətdən Axundzadə
çox irəli gedərək ədəbiyyatı
insanların mənəviyyatı və əxlaqının dəyişməsində
bir alət hesab etmişdir. Axundzadə öz
dövrünün adlı-sanlı müəlliflərinin və
eləcə də klassik ədəbiyyat korifeylərinin əsərlərini
əsaslı surətdə tənqid süzgəcindən
keçirmişdir.
Onun analizi
ciddi xətalardan xali olmasa da, cəsarəti sonrakı nəsil
tənqidçiləri klassik ədəbi məxəzləri
analiz edib qiymətləndirməyə
ruhlandırmışdır.
Axundzadənin
poetikanın tənqidinə dair yeni nəzəriyyələri
öz əksini "Kritika" əsərində tapır. O,
poetik dəyərin iki başlıca meyarı olan məzmun gözəlliyi
və forma gözəlliyi məsələsini bu əsərində
irəli sürür. Bu, həmin o məqalədir ki, Axundzadə
hər iki meyardan çıxış edərək öz
müasiri olan saray şairi Süruş İsfahaninin əsərlərində
ciddi naqisliklər üzə çıxarır.
"Risaleyi-irad" ("Tənqid risaləsi") əsərində
isə öz müasiri olan tarixçi Rzaqulu xan Hidayətin o
dövr nəsr dilinin nümunəsi olan məşhur
"Rövzətüs-səfa" salnaməsini şiddətli
tənqid atəşinə tutmuşdur. Məqalədə
Axundzadənin belə kitab müəlliflərini qeyri-təbiiliyə,
sözçülüyə, uzunçuluğa yol verdiklərinə
görə məzəmmət edir. O, xüsusi olaraq sözlərin
əsərdə dəqiq mənada işlənməsi üzərində
təkid edirdi.
"Mollayi-Ruminin
və onun təsnifinin babında" məqaləsində
müəllifi haqlı olaraq sözçülük və məntiqsizlikdə
təqsirləndirən Axundzadə Mövlanənin əsərində
yer alan fikir və ideyaları öz materialist
baxışları mövqeyindən yozmuşdur. "Nəzm
və nəsr haqqında" məqaləsi ona poetikaya dair
realist fikirlərini izhar etmək üçün bir daha imkan
və meydan verir. Lakin necə olsa da onun Vaqif və Zakirin
poeziyasını həddən artıq tərifləməsi və
əksinə, füzuli yaradıcılığını
lazımınca qiymətləndirməməsi ədalətdən
kənardır.
Axundzadənin
"Yazı metodları" əsəri zəmanəmizdə
mövcud olan təmtəraqlı yazıların və mənsur
şeirlərin tənqidinə həsr edilmişdir.
İslam aləmində
əsasını qoyduğu dramaturgiya və teatra dair fikirləri
onun "Fəhresti-kitab" və "Mirzə Ağa Təbriziyə
məktub" əsərlərində öz əksini
tapmışdır. Hər iki məqalədə Axundzadə
dönə-dönə dramatik əsərlərin təlim və
tərbiyəvi əhəmiyyətindən danışır.
Əsərlərindən
çıxış edərək Axundzadə ədəbi-tənqidi
görüşlərini aşağıdakı sözlərlə
yekunlaşdırmaq olar: bədii əsərlərin forma və
məzmununun müasir Avropa ədəbi tənqidinin meyarı
baxımından qiymətləndirilməsi, bədii əsərlərdə
ictimai realizmin əhəmiyyəti, bədii ədəbiyyatda
forma və ifadənin estetikası və eləcə də
forma və məzmun vəhdətinin labüdlüyü məsələsinə
qayğı.
Nəhayət,
qeyd edək ki, tədqiqat əsərinin
yazıldığı vaxtdan yüz ildən artıq
keçsə də, bəzi kəmkəsirlərinə
baxmayaraq, bu gün də öz orijinallığını və
yeniliyini saxlayıb.
İrəc Parsinejad
Tokio Universitetinin professoru
Ədəbiyyat qəzeti.- 2012.- 5
oktyabr.- S.4.