Nizami və nəzirəçiləri
M.Kazımov: "Nizaminin "Yeddi
gözəl" əsəri və XIV-XVI əsrlərin
farsdilli ədəbiyyatında nəzirə ənənələri"
(rus dilində). "Elm" - 1987
Oktyabrın
10-da görkəmli şərqşünas alim, Azərbaycanda ərəb
ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor
qadın olan Aida İmanquliyevanın dünyaya gəlişindən
yetmiş üç il keçir.
Aida
xanıma həsr olunmuş "Dünya deyilən sənmisən…"
adlı sanballı kitabda verilmiş materialların birində
oxuyuruq: "1975-ci ildə Akademiyanın "Elm" nəşriyyatı
Aida İmanquliyevanın "Cübran Xəlil Cübran"
adlı kitabını Azərbaycan dilində çapdan
buraxanda onun haqqında "Ədəbiyyat və incəsənət"
qəzetində geniş bir məqalə çap olunur. Həmin
məqalədə müəllif Aida xanımın ərəb
məhcər ədəbiyyatının tədqiqinin yeni sahə
olduğunu və bu sahədə Aida xanımın
"Cübran Xəlil Cübran" kitabının bahar
müjdəsi ilk qaranquş təsiri
bağışladığını qeyd edirdi".
Məlum
olduğu kimi, Aida xanım özü "Ədəbiyyat qəzeti"nin
unudulmaz, mötəbər müəlliflərindən biri
olmuşdur.
Nizami Gəncəvinin
870 illiyini geniş qeyd etdiyimiz bu tarixi günlərdə Aida
İmanquliyevanın dahi şairə dair kitab barədə
vaxtilə qəzetimizdə dərc olunmuş "Nizami və
nəzirəçiləri" adlı məqaləsini ("Ədəbiyyat
və incəsənət", 22 may 1987-ci il) əziz oxuculara
məmnuniyyətlə təqdim edirik.
Böyük
Azərbaycan şairi Nizami Gəncəvinin həyat və
yaradıcılığı haqda həm ölkəmizdə,
həm də xaricdə maraqlı monoqrafiyalar
yazılmış, tədqiqatlar aparılmışdır.
Lakin şairin yaradıcılığının kompleks,
çoxcəhətli təhlili hələ də gələcəyin
vəzifəsidir. Bu sahədə görüləsi işlər
çoxdur. Bu vəzifələr barədə Azərbaycan KP
MK-nın Nizami irsinə həsr olunmuş qərarında da
konkret göstərişlər vardır.
Təkcə
onu demək kifayətdir ki, son vaxtlara qədər bizdə
"Yeddi gözəl"in elmi-tənqidi mətni yox idi, bu
poemanın daha dərindən tədqiqi üçün
ayrıca tədqiqatlar aparılmırdı. Halbuki bu əsər
öz ideya-bədii orijinallığına görə
dünya ədəbiyyatının misilsiz hadisələrindən
biridir. Bu baxımdan M.Kazımovun kitabının
aktuallığı diqqəti çəkir.
Hələ
XIII əsrdə hind şairi Əmir Xosrov Dəhləvi öz
böyük sələfinə nəzirə olaraq "Xəmsə"
yazıb Nizami mövzularında nəzirəçiliyin əsasını
qoymuşdur. Əmir Xosrovun ardınca Hacı Kirmani, Əşrəf
Marağayi, Cami, Məktəbi, Hatifi kimi şairlər azərbaycanlı
mütəfəkkirin süjet və motivləri əsasında
əsərlər yaratdılar.
Nizaminin
Şərq ədəbiyyatına təsiri geniş və səmərəli
olmuşdur. "Xəmsə"yə nəzirə olaraq
yazılan əsərlərin sayı bir neçə yüzə
qədərdir. Bu əsərlər tacik, gürcü, özbək,
fars, türk, kürd, həmçinin Hindistan xalqları ədəbiyyatlarında
meydana çıxmışdır. "Yeddi gözəl"in
təsiri ilə yaradılmış bir çox nümunələri
təhlil edən tədqiqatçı bu nümunələrə
orta əsr ədəbi ənənələri fonunda qiymət
verməyə çalışır, Nizami təsirinin
yolları və formaları üzərində səmərəli
müşahidələr aparır.
Böyük
şairimizin yaratdığı "Xəmsə"nin
ideya-estetik zənginliyi misilsizdir. Nizami Gəncəvi burada
dövrün mütərəqqi meyllərinin oyanmasında və
istiqamətlənməsində ciddi əhəmiyyət kəsb
edən çoxlu fəlsəfi, etik, sosial və estetik məsələlər
qoymuşdur. Bu məsələlər bu gün də öz əhəmiyyətini
saxlamaqdadır. Nizami Gəncəvi irsinin bu cəhəti, ən
əvvəl, şairin ən istedadlı
davamçılarının diqqətini cəlb etmişdir. Tədqiqatda
mövzunun bu baxımdan açılmasına ciddi zəhmət
sərf olunmuşdur.
"Yeddi
gözəl"ə həsr edilmiş tədqiqatlar
sırasında M.Kazımovun əsəri, birinci növbədə,
nəzəri xarakteri ilə seçilir. Burada "Yeddi gözəl"
bir neçə poetika məsələsi
işığında araşdırılır, onun janr
mürəkkəbliyi, buradakı zaman və məkan
formaları nəzərdən keçirilir. Nizami motivlərinin
davamı olan səciyyəvi əsərlərin təhlili nəticəsində
müəllif nəzirənin bir ədəbi hadisə kimi
tipik xüsusiyyətlərini, mövzuya münasibətin
özünəməxsusluğunu göstərməyə
çalışır.
Nəzirənin
tipoloji xüsusiyyətlərini müəyyənləşdirmək
üçün orijinal əsərin özü də sistemli
tədqiq edilməlidir. Tədqiqatda, hər şeydən əvvəl,
"Yeddi gözəl" süjetlərinin mənbələrini
bərpa etməyə təşəbbüs edilir və bu mənbələr
iki qrupa bölünür: yazılı və folklor. Belə
ki, Təbərinin "Tarix-ərrəsul vəl
müluk", Firdovsinin "Şahnamə" kimi mənbələr
əsas süjetin, əlavə novellalar isə sehirli
nağılların modeli üzrə qurulmuşdur.
Poemanın
ideya məzmununda didaktik məqamlar qabarıq şəkildə
özünü hiss etdirir. Onlar baş qəhrəmanın
xarakterinə də təsir göstərir. İdeal şah
konsepsiyasının inkişafı olan bu məsələ
bütün "Xəmsə"dən qırmızı xətt
kimi keçir.
Nizami əsərin
baş qəhrəmanını Bəhram şahın
timsalında ədalətli hökmdar barədə
arzularını ümumiləşdirmiş, öz siyasi
idealını cazibədar bədii formada təqdim etmişdir.
Bunu xüsusi qeyd edən M.Kazımov Bəhram obrazını bədii-estetik
və ideya-siyasi baxımdan geniş və hərtərəfli
təhlil etmişdir. Obrazın ideya məzmununu açan
müəllif inandırıcı surətdə göstərir
ki, bu obraz əsərin bütün quruluşunu müəyyən
edən əsas kimi poemanın yerdə qalan komponentlərini
özünə uyğunlaşdırmışdır.
Böyük
şairimizin əsərindəki əlavə novellalar həm
ideya-bədii, həm də sosial-fəlsəfi planda xüsusi əhəmiyyət
kəsb edir. Bu novellalarda orta əsr gerçəkliyi, şəhər
əhalisinin məişəti və adət-ənənəsi
özünün maraqlı ifadəsini tapır. Elmi ədəbiyyatda
geniş şərh olunmuş bu novellalara həsr edilmiş səhifələr
maraqla oxunur. Bunun səbəbi odur ki, müəllif
özündən əvvəl deyilənləri təkrarlamadan
məsələyə məxsusi münasibətini tapmağa
çalışır.
Monoqrafiyada
"Yeddi gözəl"in janr baxımından təhlili də
maraq doğurur. Əsərin janrca çoxtərkibli xarakteri
burada geniş elmi təhlilini tapır. Əsərdə bir tərəfdən
qəhrəmanlıq eposuna və romana, o biri tərəfdən
isə qəhrəmanlıq nağıllarına məxsus
elementlər vardır. Müəllifin fikrincə, burada mənzum
povest elementləri də vardır. Tədqiqatda əsərin
quruluşundakı çox maraqlı və mürəkkəb
poetika xüsusiyyətləri araşdırılır.
Əsərin
maraqlı xüsusiyyətlərindən biri də poemanı
zaman və məkan poetikası baxımından təhlil etmək
təşəbbüsüdür. Nizami əsəri bizim ədəbiyyatşünaslıqda
bu baxımdan ilk dəfə tədqiqata cəlb olunur. Belə
bir istiqamətdəki təhlil, ümumiyyətlə, orta əsr
epik ədəbiyyatında insan obrazının daha dərin
anlayışı üçün əhəmiyyət kəsb
edir.
Nəzirə
ənənələri ilə haşiyəli povestin
qarşılıqlı münasibətləri də ciddi məsələlərdən
biridir. Bu məsələni nəzərdən keçirməzdən
əvvəl müəllif haşiyəli povestin Qərb və
Şərq analoqlarını nəzərdən keçirir,
onun şəkilcə təkamülünü izləyir, həmçinin
bu formanın farsdilli ədəbiyyatdakı bir sıra gözəl
nümunələrini nəzərdən keçirir.
Bəhram
haqqında təhkiyə ümumilikdə orta əsr müəllifinin
yaradıcılıq metodunun xüsusiyyətlərini, təsvir
prinsiplərini açıqlamaq üçün açar
rolunu oynayır. Bu baxımdan novellalar da xeyli material verir. Belə
bir istiqamətdə təhlil orta əsr
novellaçılığının bir sıra məsələlərini
də əhatə etmişdir.
Əgər
nəzirə ənənəsi bir sıra şərtlərə
əməl olunmasını tələb edirsə, bu şərtlərin
sözlə əsərdə ifadəsi hər bir müəllifin
fərdi işi idi, onun istedadı, şeir texnikasına bələdliyi
ilə şərtlənirdi. Belə bir planda aparılan
müqayisəli tədqiqat "Yeddi gözəl"
süjetinin nəzirə çərçivəsində təkamülünü
izləməyə imkan vermişdir. Müəllif mətndə
ədəbi portretin, mənzərələrin, dil vasitələrinin
rolunu xüsusi qeyd edir. Nəzirənin özünəməxsusluğu
məhz bu komponentlərdə daha qabarıq ifadə olunur.
Nizami
"Xəmsə"sinin hər səmərəli tədqiqi
böyük Azərbaycan klassikinin irsinin zənginliyini öyrənməkdə
daha bir addımdır. Bu mənada M.Kazımovun monoqrafiyası
da istisna təşkil etmir. Yəqin ki, müəllif gələcək
tədqiqatlarına XVII-XVIII əsrlərin materiallarını,
"Xəmsə"nin başqa mətləblərini də cəlb
edəcəkdir.
Aida İmanquliyeva
Ədəbiyyat qəzeti.- 2012.- 5
oktyabr.- S.3.