Əmək bazarına sistemli nəzarət
Vergilər nazirinin müşaviri:
"Vergidən yayınmanın qarşısının
alınmasında mühüm şərtdir"
Dövlət
başçısının tapşırığına əsasən
artıq bir neçə aydır qeyri-leqal məşğulluğun
aradan qaldırılması, əmək münasibətlərinin
rəsmiləşdirilməsi məqsədilə bir sıra
dövlət strukturları, o cümlədən Vergilər
Nazirliyi öz səlahiyyətləri çərçivəsində
əmək bazarında nəzarət tədbirlərini
gücləndirmişdir. Vergilər nazirinin müşaviri
İlqar Əhmədov bu sahədə həyata keçirilən
tədbirlər barədə "Vergilər" qəzetinə
müsahibə verib. Müsahibənin
aktuallığını nəzərə alaraq, onu
oxucularımıza təqdim edirik.
- Vergilər
Nazirliyi əmək münasibətlərinə vergi nəzarətinin
təşkili sahəsində son zamanlar bir sıra intensiv tədbirlər
həyata keçirir. Bu sahədə vəziyyət indi necədir?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında iqtisadiyyatın müxtəlif
sektorlarında çalışanların bir hissəsinin
qeyri-qanuni işləməsi, yəni maaşların qeyri-leqal
şəkildə verilməsi həm vergilərdən
yayınmaya, həm də istər-istəməz ölkənin
bugünkü sosial vəziyyətinin real əks etdirilməməsinə
səbəb olduğu xüsusi vurğulanıb. Ölkə
başçısının verdiyi tapşırıqların
icrasını təmin etmək məqsədilə ötən
müddət ərzində muzdlu işlə əlaqədar əməkhaqqından
tutulan gəlir vergisi üzrə vergitutma bazasının və
qeyri-leqal məşğulluğun
leqallaşdırılması istiqamətində Vergilər
Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı
qəbul edilmiş, Dövlət Əmək Müfəttişliyi
və Dövlət Sosial Müdafiə Fondu ilə əlaqəli
şəkildə bu sahədə vergi və əmək
qanunvericiliyinə əməl olunmasına nəzarət
gücləndirilib. Qısa müddət ərzində bu sahədə
əsaslı dəyişikliklərə nail olmaq
üçün, ilk olaraq, qarşıda duran əsas problemlər
təhlil edildi. Bütövlükdə, vergi ödəyiciləri
üzrə bu problemlər 3 əsas qrupa bölündü.
Birinci qrup problem vergi ödəyicilərinin əmək
münasibətlərini rəsmiləşdirmədən
işçiləri ayrı-ayrı işlərə cəlb
etməsi ilə bağlıdır ki, bu da daha çox ticarət
və xidmət sektorunda müşahidə olunan haldır.
İkinci qrupa daxil olan ödəyicilərdə müşahidə
olunan əsas problem işçilərin bir qismi ilə əmək
müqaviləsinin bağlanması, əksəriyyət təşkil
edən digər qismi ilə isə rəsmiləşdirilmənin
aparılmamasıdır. Bu, əsasən tikinti və istehsal
sektorunda çalışan vergi ödəyicilərində
rast gəlinən tipik haldır. Nəhayət, vergi
orqanlarının nəzarət dairəsinə düşən
üçüncü qrup problem bundan ibarətdir ki, bir
sıra vergi ödəyiciləri iş yerlərini rəsmiləşdirsələr
də, ikili mühasibat apararaq, əmək haqlarını real
göstərmir, bu yolla vergi və sosial ayırmaların
ödənilməsindən yayınırlar. Təəssüflə
qeyd etməliyəm ki, sonuncu hala demək olar ki, vergi nəzarəti
tədbirlərinin aparıldığı təsərrüfat
subyektlərinin çoxunda rast gəlinir.
Mövcud problemləri aradan qaldırmaq
üçün, hər şeydən əvvəl, vergi ödəyicilərinin
məlumatlandırılmasına diqqət artırıldı.
Bu məqsədlə dövriyyəsi böyük olan, lakin bəyannamələrində
işçi sayını göstərməyən və ya az
göstərən vergi ödəyicilərinin nümayəndələri
ilə görüşlər keçirilərək, onlara
işçilərlə əmək müqavilələrinin
bağlanmasının vacibliyi ilə bağlı xəbərdarlıq
edildi. Geniş reklam və təbliğat kampaniyasına
başlanıldı və bu, hazırda da davam etdirilir. Demək
olar ki, hər gün müxtəlif televiziya kanallarında bu məsələ
ilə bağlı süjetlər efirə verilir. Bakıda və
ölkəmizin digər şəhər və rayonlarında
çoxsaylı reklam lövhələri
quraşdırılıb. Hesab edirik ki, ilkin mərhələdə
maliyyə sanksiyalarının tətbiqi ilə müşayiət
olunan vergi nəzarəti tədbirlərinə əl atmadan
bizneslə dialoq, qarşılıqlı tərəfdaşlıq
prinsiplərinə əsaslanan yanaşma təcrübədə
özünü doğruldur.
-
İş yerlərinin leqallaşdırılması sahəsində
nə kimi dəyişikliklər baş verib? Bu gün iş
yerlərini rəsmiləşdirən vergi ödəyicilərinin
gələcəkdə işçiləri ixtisar edəcəyi
ehtimalı varmı?
- Əmək
bazarında qeyri-leqal məşğulluğun miqyasını
dəqiq qiymətləndirmək o qədər də asan məsələ
deyil. Statistik məlumatlara görə, ölkədə məşğul
əhalinin sayı 4 milyon 375 min nəfərdir. Amma onların
yalnız 1 milyon 381 min nəfəri muzdla işləyənlərdir,
yəni təxminən bu qədər vətəndaşın
işəgötürənlə əmək müqaviləsi
var. Bir sıra vətəndaşlar isə fərdi əmək
fəaliyyəti ilə məşğul olur, müxtəlif
xidmətlər göstərirlər. Bu cür xidmətlər
göstərən - dayələr, fərdi sürücülər,
bağbanlar, mühafizəçilər və sair kimi qrupa
daxil olan işçilərlə əmək müqaviləsi
bağlanması üçün qanunvericilikdə müəyyən
dəyişikliklər edilməlidir. Bu kateqoriyanı da nəzərə
alsaq, qarşımızda faktiki əmək fəaliyyəti
olan, iş yerlərində çalışan, lakin əmək
münasibətlərini rəsmiləşdirməmiş kifayət
qədər çoxsaylı bir işçi qüvvəsi
dayanır.
Aparılan işlərin nəticəsi olaraq, bu günə
kimi vergi orqanları tərəfindən təxminən 50 min
vergi ödəyicisində 165 mindən yuxarı işçi
ilə əmək müqaviləsinin bağlanması təmin
edilmişdir. Bağlanmış əmək müqavilələrinin
71,3 mini və ya 43,1%-i regionların payına düşür.
Əmək
bazarının nəzarətdə saxlanılması,
qeyri-leqal əmək münasibətlərinin
qarşısının alınması və məşğulluğun
davamlı şəkildə təmin edilməsi
üçün inzibati mexanizmlər də təkmilləşdirilməli,
prosesdə işçilərin fərdi iştirakı təmin
edilməklə ictimai nəzarət gücləndirilməlidir.
Bu, prosesin səmərəliliyi və
davamlılığı üçün çox
mühümdür.
Qeyd etmək
istərdim ki, tətbiq edilmiş mütərəqqi informasiya
texnologiyaları sayəsində bu gün vergi orqanları vergi
ödəyicilərinin fəaliyyətini tam nəzarətdə
saxlamaq imkanına malikdir. Vergilər Nazirliyində əmək
münasibətlərinə sistemli nəzarətin təşkili
məqsədilə müasir informasiya və innovativ texnologiyaların
verdiyi imkanlardan istifadə etməklə işçilərin
şəxsiyyətini təsdiq edən sənəd məlumatları,
onların işə götürülmə və işdən
azad edilmə tarixlərinin əks olunduğu vahid məlumat
bazasının yaradılmasına başlanılıb. Yeni
yaradılmış məlumat bazasına əlavə olaraq
yeni bağlanılmış 165 mindən yuxarı əmək
müqaviləsi barədə məlumat daxil edilmiş,
müvafiq reyestr məlumatları, eyni zamanda, Dövlət
Sosial Müdafiə Fonduna və onun yerli strukturlarına
göndərilib. Bu isə həmin iş yerlərinin və gələcəkdə
baş verə biləcək dəyişikliklərin həm
vergi orqanları, həm də Dövlət Sosial Müdafiə
Fondu tərəfindən nəzarətə götürülməsinə
imkan verir. Əmək müqavilələrinin mövcudluğu
bir tərəfdən şirkətlərin işçiləri
əsas olmadan işdən azad etmək imkanlarını məhdudlaşdırır,
digər tərəfdən Dövlət Sosial Müdafiə
Fonduna bundan sonrakı proseslərə nəzarət etməklə
iş yerlərinin sayının süni şəkildə
azaldılmasının qarşısını almaq imkanı
verir.
Hazırda işlərin yerinə yetirilməsinə cəlb
edilmiş işçilər haqqında məlumatın vahid məlumat
bazasına işəgötürənlərin özləri tərəfindən
daxil edilməsi üçün görülən tədbirlər
yekunlaşmaq üzrədir. Vergi ödəyiciləri onlara
verilmiş xüsusi istifadəçi kodu, parol və şifrə
vasitəsilə Vergilər Nazirliyinin internet səhifəsinə
daxil olaraq işçiləri haqqında məlumatı bu
bazaya daxil edə biləcəklər. Hətta işçilərin
özləri də istədikləri vaxt şəxsiyyət vəsiqəsinin
PİN-kodunu daxil etməklə həmin portala girə və
onunla bağlanmış əmək müqaviləsi barədə
məlumatların bazaya daxil edilib-edilmədiyini yoxlaya və
uyğunsuzluq aşkar edildikdə birbaşa Vergilər
Nazirliyinə, yaxud müvafiq vergi orqanlarına bu barədə
məlumat verə bilərlər.
- Müəssisələrdə
vətəndaşların əmək hüquqlarının
qorunması ilə bağlı, yəqin ki, həmkarlar
ittifaqları da çox iş görə bilərlər?
- Əmək müqaviləsinin
bağlanılmaması işçilərin
hüquqlarının müdafiə imkanlarını
azaldır. Dünya təcrübəsi göstərir ki, əmək
bazarında məşğulluq və sosial problemlərin həllində
həmkarlar ittifaqları işəgötürənlərə
ən effektiv təsir imkanlarına malikdir. Bu baxımdan, iri
vergi ödəyicilərində həmkarlar
ittifaqlarının yaradılmasına və işçilərin
əmək hüquqlarının pozulmasının
qarşısının alınmasında onların rolunun
artırılmasına ehtiyac var.
Tərəfimizdən
Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək
Müfəttişliyi və Həmkərlar İttifaqları
ilə birlikdə yaradılan çarpaz nəzarət mexanizmləri
də mövcud iş yerlərinin saxlanılması və
iş yerlərinin süni şəkildə
azaldılmasının qarşısını almağa xidmət
edir.
-
İşəgötürənlə işçi arasında əmək
müqaviləsinin bağlanmaması hansı neqativ nəticələrə
səbəb olur?
- Məsələyə
qlobal baxımdan yanaşsaq, əmək müqaviləsinin
bağlanmaması həm vətəndaşların, həm
dövlətin, həm də işəgötürənlərin
özlərinin mənafeləri üçün zərərlidir.
Əmək müqaviləsinin bağlanmaması
işçinin gələcəyinin maddi təminatını
təhlükə altına atır. Əmək müqaviləsi
bağlanmadıqda işəgötürən sosial
ayırmaları ödəməkdən yayınır ki,
bununla da işçinin gələcək pensiya təminatının
məbləği azalır. Bununla yanaşı, işçi
ödənişli əmək məzuniyyətindən, birdəfəlik
müavinətlərdən, əməkhaqqının ödənilməsindən
məhrum ola bilər. Əgər vətəndaşın
işlədiyi müəssisə ilə əmək müqaviləsi
yoxdursa, bu zaman işəgötürən onu istənilən
zaman heç bir vəsait ödəmədən işdən
azad edə bilər. Müqavilə olmadığından
işçi buna etiraz edə bilmir. Əmək müqaviləsinin
bağlanması zamanı işəgötürən tərəfindən
işçinin sağlamlığına, əmək
mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab
verən iş yeri yaratmaq barədə qanunla nəzərdə
tutulan öhdəlik yaranır. Lakin müqavilə yoxdursa,
işəgötürən tərəfindən iş və
istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl
edilməməsinə şərait yaranır və bu, öz
növbəsində, işəgötürən tərəfindən
işçinin sosial müdafiə olunma, güzəşt və
imtiyazlardan istifadə etmə, məcburi və əlavə
sığortalar və s. kimi öhdəliklərdən imtina
etməsi ilə nəticələnir.
Əmək
müqaviləsi bağlandıqda burada hər bir
işçinin qəbul olunduğu peşə və ya vəzifə
göstərilir. İşçi və işəgötürən
bu peşə və ya vəzifə ilə öz üzərlərinə
müəyyən vəzifə və ya öhdəliklər
götürürlər. Əmək müqaviləsi
bağlanmadıqda isə işəgötürən öz
üzərinə qanunla götürməli olduğu öhdəliklərdən
imtina edə bilər, digər tərəfdən isə
işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə
deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək
əsası ilə onu işdən azad edə bilər.
Digər
tərəfdən, işçi ilə əmək müqaviləsinin
olmaması sahibkarların özünə də böyük
ziyan gətirir. Məsələn, əgər əmək
müqaviləsi olmadan işləyən əməkdaş
müəssisəyə və ya fərdi sahibkara məxsus
bahalı əmlakı sıradan çıxararsa və ya ona
ciddi ziyan vurarsa, belə işçilərə qarşı
müvafiq qanuni tədbirlərin görülməsi necə həyata
keçirilə bilər?
İş yerlərinin rəsmiləşdirilməməsi
vergidən və sosial ödənişlərdən
yayınmaya səbəb olur ki, bu da dövlət büdcəsini
və Dövlət Sosial Müdafiə Fondunu əhəmiyyətli
daxilolmalardan məhrum edir. İş yerlərinin
leqallaşdırılmaması nəticəsində yaranan
gizli məşğulluğun fəsadları nəticə
etibarilə əmək bazarı və əmək haqları
ilə göstəricilərin mövcud reallığı
düzgün əks etdirməsinə və dövlətin bu
sahədə iqtisadi tənzimlənmə aparmasına maneələr
yaradır.
Sadalanan
bu amillər qeyri-leqal məşğulluğun aradan
qaldırılmasının zəruriliyini bir daha sübut edir.
Bütün bu fəsadlarla üzləşməmək
üçün vətəndaşlar öz
hüquqlarını tələb etməli, müəssisə
ilə əmək müqavilələri imzalamalıdırlar.
- Vergilər
Nazirliyi qeyri-leqal əmək münasibətləri quran
sahibkarlara qarşı sərt addımlar atmağı nəzərdə
tuturmu?
- Məlum
olduğu kimi, qanunvericilikdə iş yerlərinin rəsmiləşdirilməməsinə
görə vergi ödəyiciləri üçün ciddi
maliyyə sanksiyaları və inzibati cərimələr nəzərdə
tutulur. Bu da, təbii ki, qanun pozuntularının
qarşısının alınması istiqamətində ciddi
təsir vasitəsidir.
Bu sahədə
kompleks tədbirlərə başlanılmasından iki aydan
artıq vaxt keçir. Hesab edirik ki, vergi və əmək
qanunvericiliyinin pozulması hallarının və yol verilən
qüsurların aradan qaldırılması üçün
vergi ödəyicilərinin kifayət qədər vaxtı
olub. Mövcud nöqsanları aradan qaldırmayan sahibkarlar isə
bilməlidirlər ki, onlara qarşı həm Vergilər
Nazirliyi, həm də Dövlət Əmək Müfəttişliyi
tərəfindən qanunun bütün gücündən tam
istifadə ediləcək.
Ekspress. – 2012. – 18 oktyabr. – S. 15.