Koroğlu və Giziroğlu
Mustafa bəy
Bəllidir ki, Koroğlu və "Koroğlu" dastanı haqqında geniş və ətraflı araşdırmalar aparılmış, dastan dəfələrlə çap olunmuş, türk dünyasının bütün xalqlarının hər birində xalqın öz ruhuna uyğun "Koroğlu"su yaranmışdır. Qaynaqlardan bəlli olur ki,
Koroğlu bir şəxsiyyət kimi III Sultan Muradın
zamanında - 1574-1585-ci illərdə yaşayıb, daha
çox Bolu ətrafında fəaliyyət göstərmişdir.
Koroğlunun doğulduğu Bolu elinin Aşağı Sayık
kəndində evi indi də durur. Bələdiyyə arxivdən
Koroğlunun kəndi və evi haqqında sənəd əldə
etmiş, hətta evin divarına lövhə də
vurmuşdu. Kəndin yuxarı başında Hümmət dədənin
türbəsi vardır. Kənd Dörddivan elinin 3 km-dədir.
Koroğlunu
bəzən Cəlalilər hərəkatı ilə də
bağlayırlar. Bu da təbiidir. Çünki imperiyanın
daxilində müxtəlif etnosların baş qaldırması
istər-istəməz ölkədən və ayrı-ayrı
yerli idarəçilikdən narazı qalan kəndlilər,
onların içərisində yetişən igid, cəsarətli
oğullar meydana çıxıb xalq hərəkatına rəvac
verirlər. Rəvayətlərə görə, Alı kişinin
gözlərini Bolu bəy (bizim "Koroğlu"da Hasan
paşa) çıxartdırmış, oğlu Rövşən
də dağlara çəkilib, özünə dəstə
düzəldib atasının intiqamını
almışdır. Əlbəttə, Koroğlu da hər
hansı planlı şəkildə, proqramla və ya ideya məqsədi
ilə mübarizə aparmamışdır. Koroğlu sadəcə
atasının intiqamını aldıqdan sonra yerli
paşaların, bəylərin ədalətsizliyini
görüb dözə bilməmiş, intiqam
almışdır. Koroğlu Cəlalilər hərəkatında
iştirak etsə də, bu hərəkatın nə məqsəd
və məramından xəbəri olmuş, nə də uzun
illər davam edən bu hərəkatın
iştirakçısı olmuşdur. Xalq onun qeyri-adi, bənzərsiz
igidliyini görüb tərənnüm etmiş, dönə-dönə
tərifləyib zaman-zaman türk dünyasına
yaymışlar. Zəngin mündəricəli bu şeirlər
əsasında sonralar yaranan dastanların məzmununda
yaşanmış, yayılmışdır. Qeyd edək ki, Cəlalilər
hərəkatı Koroğludan çox-çox əvvəl
Orta Asiyada törəmiş dini bir təriqət kimi
Osmanlı dövlətinin içərisində yuva qurmuş,
dövlət əleyhinə yönəldilmişdir.
Koroğlunun Cəlalilərlə adı çəkilsə də,
bu hərəkatın bilavasitə iştirakçısı olmamışdır.
Əlbəttə,
hər hansı bir tarixi hadisə və qəhrəmanlıq
zaman keçdikcə əfsanələşir,
dastanlaşır və həqiqətdən xeyli
uzaqlaşır. XVI yüzil hadisələrində adı
hallanan Koroğlu bir neçə yüzil sonra əfsanəvi
qəhrəmana, şairə, qalalar tikən memara, 7777 dəlisi
olan əzəmi yenilməz bir xalq qəhrəmanı sərkərdəyə
çevrilmişdir.
Bəs
Giziroğlu Mustafa bəy kimdir? Giziroğlu Mustafa bəy isə
bizim "Koroğlu" dastanımızın ancaq "Durna
teli" səfərində bir epizod kimi iştirak edir.
Koroğlu dəlilərinin (Eyvaz, Dəmirçioğlu, Bəlli
Əhməd) Hasan paşa tərəfindən dara çəkildiyi
məqamda Giziroğlu Mustafa bəy olayın necə
qurtaracağını gözləyir və
düşünür ki, əgər Koroğlu
özünü yetirməsə, gərək mən dəliləri
xilas edim, Koroğlu ilə ədavətim qalsın sonraya.
Koroğlu, əlbəttə, dəstəsilə gəlib dəliləri
xilas edir. Giziroğlu ancaq şeşpər atır. Koroğlu
şeşpərdən Giziroğlunu tanıyır. Və yolda
Giziroğlu fürsət tapıb qəfildən Koroğlunu
vurub Qıratdan çaya salır. Beləcə,
ayrılırlar. Koroğlu Çənlibeldə məclis
qurur. Nigarın "Koroğlu, heç sənin bir igid
qarşısında yenildiyin olubmu?" - sualına Koroğlu
"Giziroğlu Mustafa bəy" türküsünü
oxuyur. Bu məqamda pusquda duran Giziroğlu çıxıb
Koroğlunu qucaqlayır və əbədi dost olurlar. Vəssalam.
Bundan başqa Giziroğlu Mustafa bəy haqqında heç bir
məlumata rast gəlmirik.
Türk
qaynaqlarında Giziroğlu Mustafa bəyin kimliyi haqqında
müəyyən məlumata rast gəlirik. Bu da bizim
"Koroğlu"muzdakı həmin olayın başqa, bir qədər
fərqli iki variantıdır. Ancaq burada daha maraqlısı
odur ki, Giziroğlunun doğulduğu, yaşadığı
yurd və soyu bəllidir. Giziroğlu Mustafa bəy Kars bölgəsinin
Kısır kəndində Gizirin ailəsində doğulub.
Gizir III Sultan Muradın zamanında həmin kəndin
muxtarı vəzifəsini daşımışdır.
Atası dünyasını dəyişdikdən sonra Mustafa
Kısır və ona yaxın olan ətraf kəndləri idarə
etmişdir. Uşaqlıqdan Kars dağlarında boya-başa
çatan gənc Mustafa Alapaça atı ilə ovçuluq
etmiş, günlərini dağlarda keçirmiş, cəngavər,
yenilməz bir qəhrəman kimi yetişmişdir.
Doğulduğu bölgənin kəndlərini incitməyə
kimsəyə imkan verməmiş, onların əmin-amanlığını
qorumuş, elin hörmət və nüfuzunu
qazanmışdır. Kars bölgələrində sonralar
Giziroğlu Mustafa bəy haqqında
çeşid-çeşid rəvayətlər
yaranmışdır. Bu rəvayətlərin ikisi də
Giziroğlu ilə Koroğlu arasında baş vermişdir. Bu
rəvayətləri ozanlar həm də
dastanlaşdırıb el arasında yaymışlar.
Rəvayətin
birində deyilir: "Koroğlu Bolu ətrafında yaşasa
da, bəzən uzaq ölkələrə də səfərlər
edər, Anadolunun bütün bölgələrini gəzər,
haqsızlığa, ədalətsizliyə qarşı
savaşlar da edər. Bir zaman gəlib Karsın Kısır
dağlarında məskən salır, ev tikib Nigar xanımla
burada yaşayır. Bundan xəbər tutan Gizir "Biz
Osmanlıya sadiq bir təbəəyik. Bu yerlərə
qaçaq, quldur buraxmarıq" - deyib, ətrafa nəzarətçi
qoyur. Koroğlu da eşitdiklərinə əhəmiyyət
verməyib "Bolu bəyi cana doydurmuşam, indi
adsız-sansız bir gizirdənmi çəkinəcəm?"
- deyib xəbər göndərir. Gizir dünya
görmüş, ağıllı bir adamdır, ancaq oğlu
Mustafa söz götürməz, ipə-sapa gəlməz gəncdir.
O, Koroğluya meydan oxuyur, bu ərəfədə ara sözləri,
fitnə-fəsadlar işini görür. Koroğlu ilə
Giziroğlu Mustafa bəy qarşılaşmalı olurlar.
Aralarında uzun bir döyüş başlayır, gah
Koroğlu, gah da Mustafa bəy yenir, Qıratla Alapaça da
bir-biri ilə qarışır. Koroğlu bir neçə
yerindən yaralanır və təslim olur. Mustafa bəy onu
qoltuğuna alıb bulaq başına aparır,
yaralarını yuyub təmizləyir, bərabər abdəst
alırlar, birlikdə namaza dururlar... Sonra Mustafa bəy bir
kağız çıxarıb Koroğluya uzadır:
"Bundan belə asayişi pozmayacağam, dövlətə
qarşı baş aparmayacam. Sultana sadiq qalacağam. Əgər
əmr edilərsə, zalımlara, kafirlərə
qarşı vəzifəm kimi vuruşacağam"
sözü yazılmışdır. Koroğlu heç
düşünmədən kağızın üzərinə
öz möhürünü vurur. Bundan sonra bir-birlərinə
qardaş kimi sarmaşıb ağlayırlar. Giziroğlu
Alapaçaya minib kəndinə dönür.
Atalar gözəl
deyib: "İgid basdığını kəsməz".
Koroğlu Giziroğlu Mustafa bəy kimi əsl igidə
basılsa da, onu bağrına basıb qardaş kimi
qucaqlaşması qaynaqda deyildiyi kimi, "belə kişilik və
qəhrəmanlıq Anadolu türklərinə xas olan"
özəllikdir.
Koroğlu
"ömür gəldi, keçdi, nə qazandın?" -
deyib düşünür. Bu zaman Nigar xanım
gözünü pəncərəyə dikib gözləyir,
fikrə qərq olur, "yoxsa bir uşağamı
yenildi?" - deyib sıxılır. Gecə vaxtı
Koroğlu üzü-gözü yaralı gəlib
çıxır. Nigar xanım qovğanı soruşduqda
Koroğlu həmən məşhur "Giziroğlu Mustafa bəy"
türküsünü söyləyir:
Analar oğul
doğanda,
Giziroğlu
Mustafa bəy.
Bu dünyaya
tək gəlibdir
Giziroğlu
Mustafa bəy.
Bir atı var
Alapaça,
Aman vermir
Qırat qaça,
Nizəsinin
ucu haça
Giziroğlu
Mustafa bəy.
Hay deyəndə
haya basar,
Hoy deyəndə
hoya basar,
Koroğlunu
çaya basar
Giziroğlu
Mustafa bəy.
Bu gəraylı
bizim "Koroğlu" dastanındandır və
göründüyü kimi, kamil bədii əsər kimi qəhrəmanlığın
tərənnümüdür. Ancaq türk variantında həmin
şeir pozuqdur, həm də musiqi bəstələnərkən
də təhrif edilmişdir. Hər misranın sonunda:
Bir bəyin
oğlu, zor bəyin oğlu
Ağam kim,
paşam kim?
Nigar kim,
xanım kim?
Bəh, bəh,
bəh, hey, hey, hey...
ilə
müşayiət olunur.
Mahnının
musiqisi çox könül oxşayan, ürəyəyatandır,
burada hay-küy yoxdur. Nəqəratın təkrarı
adamı tərpədir, istəyirsən sən də
"hey" deyib təkrar edəsən.
İkinci
variantda Gizirin muxtar olduğu Karsın vilayətinin bu kəndi
və dağları, soyuq bulaqları təsvir olunur. Kəndin
evləri torpaqdandır. Kısır kəndi 25 ev olmuşdur.
Bu yerlərdə
ədalət, əmin-amanlıq, xeyirxahlıq hər yerə
yayılmış, kimsə gəlib bu yerlərdə kimsəni
incitməz. Gizir muxtar bu 25 evi və ətraflarını ədalətlə
idarə edər. Kənddə Giziroğlunun qalası da durur.
Xalq arasında onun igidliyi haqqında çoxlu rəvayətlər
söylənilir. Gizirin dünyaya gələn oğlu Mustafa
uşaqlıqdan dağlarda at çapmağı, ov
ovlamağı, qılınc, şeşpər və başqa
silahları dəliqanlı kimi işlətməyi öyrənmiş,
atası dünyadan köçdükdən sonra onu əvəz
edib, kəndləri ədalətlə idarə edib
böyük ad-san qazanır.
Əvvəlki
variantda olduğu kimi, Koroğlu Bolu bölgəsindən gəlib
burada bir qala tikdirir. Bir zaman kəndindən ayrı düşən
Giziroğlu Mustafa bəy kəndinə dönəndə
Koroğlunun tikdirdiyi qalanı görür, əsəbiləşir,
Koroğlunun yanına gedib: "Sən kimsən mənim
yurdumda səltənət qurursan" - deyir. Hər ikisi
bir-birlərini pis adam kimi tanıyırlarmış.
Koroğlu ilə Mustafa bəy döyüşməli olurlar.
Dövrün adətinə görə, vuruş zamanı məğlub
olan ölməlidir. Uzun döyüşlər onları yorur.
Koroğlu yaşlı, Mustafa bəy gənc. Arada Mustafa bəy
görür ki, onun Alapaça atı Koroğlunun
Qıratını gürəşib üstələyir.
Mustafa bəy: "Mənim atım Qıratı yendi, mən
niyə Koroğlunu yenməməliyəm?" - deyib
Koroğlunu yerə vurur. Qəməsini çıxarıb
başını kəsmək istərkən Koroğlu:
"Dayan, mənə bir az möhlət ver, igidlərimi
görüm, qarımla halallaşım". Mustafa bəy
Koroğlunu buraxır. Koroğlu evə dönür, əhvalatı
qarısına həmin şeirlə söyləyir. Mustafa bəy
gözləyir, görür Koroğlu gəlmədi,
arxasınca evə gedir. Və Koroğlunun türkü
söyləyib Mustafa bəyi təriflədiyini eşidir. Bu
sözləri eşidən Mustafa bəy gəlib Koroğlunu
qucaqlayıb öpür və deyir: "Sən məndən
daha igidsən, Koroğlu". Koroğlu: "Mən artıq
buradan gedim, burada sənin kimi mərd və igid biri varkən
qalmaq olmaz" - deyib kəndi tərk edib Boluya dönür.
Burada da xalq
bu iki türk qəhrəmanını
görüşdürüb imtahana çəkir, hər
ikisinin həqiqətən mərd və igid olduğunu
yüzillər boyu yaşatmış, türkülərə,
dastanlara çevirmişlər.
Xatırladaq
ki, Giziroğlu Mustafa bəy "Koroğlu"
dastanının Azərbaycan variantında da, Kars variantında
da Koroğlunu məğlub edir. Görünür, karslılar
öz qəhrəmanını çox sevdiyindən ona
üstünlük vermişlər. Bir də ki, insan
doğulduğu torpaqda daha güclü olur. Xalq da öz qəhrəmanına
həmişə hüsn-rəğbət bəsləyir. Hər
halda Giziroğlu Mustafa bəyin qəhrəmanlıqlarının
geniş yayılmasının başqa səbəbləri də
vardır. Axı o, bir elin muxtarı idi. Muxtar xalq qəhrəmanı
səviyyəsinə yüksələ bilməzdi. Onu da
xatırladaq ki, Kars vilayəti Osman imperiyasının
ucqarında - sərhəd yaxınlığında bir qədər
diqqətdən kənar olmuşdur. Bu da maraqlıdır ki,
Koroğlu gəlib Karsda Kısır dağlarında məskən
salıb yaşamışdır. Deməli, onun Qafqaz vilayətlərinə
də səfərlər etməsi danılmazdır.
Qara Namazov,
Professor
Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.-
S.8.