Pedaqoji və bədii
düşüncənin vəhdəti
Pedaqoji elmlər
doktoru, professor Əjdər
Ağayevin çoxcəhətli
yaradıcılığının mühüm
bir qolunu uşaqlar üçün
yazdığı şeirlər, hekayələr təşkil edir. Müasir Azərbaycan
uşaq ədəbiyyatında şair, nasir Əjdər Ağayevin yaradıcılığının
özünəməxsus yeri vardır.
Söz sənəti
tariximizdə bədii ədəbiyyatın mütaliəsini gənc
nəslin mənəvi-estetik tərbiyəsinin mühüm
vasitəsi hesab edərək uşaq əsərləri yazan,
bunu xalqa xidmət kimi dəyərləndirən bir
çox görkəmli şair,
yazıçı pedaqoqlar olmuşdur. S.Ə.Şirvani,
M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə,
R.Əfəndiyev, A.Şaiq kimi qüdrətli sənətkarlar müəllimlik
etməklə yanaşı, bu gün də öz əhəmiyyətini
itirməyən, uşaqların mütaliə dairəsinə daxil olan qiymətli bədii
əsərlər yazmışlar. Öz sələflərinin
şərəfli yolunu uğurla
davam etdirən Əjdər Ağayevin yaradıcılığının
iki qanadı var: elmi-pedaqoji iş, müəllimlik
və uşaq nəsri, poeziyası sahəsində
uzun illərdir davam edən
uğurlu fəaliyyət.
Bədii
yaradıcılığa keçən əsrin 50-ci illərindən
başlayan Ə.Ağayevin
"İlk və son
mahnı" adlı ilk hekayəsi
1956-cı ildə "Azərbaycan pioneri"
qəzetində, "Bir də çal o
mahnını" adlı ilk şeiri isə
1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində
çap olunmuşdur.
Sənətkarın gələcəyimiz olan
gənc nəsillə bağlı arzu və
düşüncələri, uşaq həyatını
müşahidələrinin nəticələri "Sülh gəmisinin kapitanı" (1982),
"Payız" (mahnı, 1995), "Kosmos
və mən" (mahnılar, 1997), "Bala
dadı, bal dadı" (şeirlər,
1999), "Ceyran nənəm" (Azərbaycan
və ingilis dillərində, hekayələr,
1999), "Gəlirəm, gözlə məni" (şeirlər,
2000), "Fərhadın
rəsmləri" (2008), "Allahın haqq
bəndəsiyəm" (2008) kitablarında öz
əksini tapmışdır. Həmin əsərlərdə böyüyüb boya-başa
çatdıqca insanı, dünyanı dərindən dərk
edən uşağın özünəməxsus daxili aləmi, əməlləri, yaşıdları
və yaşlılarla qarşılıqlı münasibətlərindən
söz açılır. Ədibin əsərləri
xarici ölkə xalqlarının dillərinə
tərcümə olunmuş, 100-dək şeirinə
mahnı bəstələnmişdir.
Əjdər
Ağayevin məktəbəqədər və
məktəb yaşlı uşaqlar üçün əsərlərinin leytmotivini gənc nəslə vətənpərvərlik,
soykökünə bağlılıq, mənəvi saflıq,
fəal həyat mövqeyi
aşılanması təşkil edir. Şairin poetik təravəti,
dil-üslub xüsusiyyətləri ilə
seçilən uşaq şeirləri ilə
oxucuya, ilk növbədə,
nəcib hisslər, gözəl duyğular
aşılayır, onu mənən saflaşdırmaq,
kamilləşdirmək niyyəti izləyir.
"Nəvəmə"
şeirinin bu mövzuda
yazılmış əsərlər içərisində
özünəməxsus yeri var. Nəvəsi Əjdərin dünyaya
gəlməsi xəbəri baba qəlbinə
sonsuz sevinc, onun gələcəyi ilə bağlı xoş ümidlər bəxş edir. Babanın qəlbində baş
qaldıran hisslər hər bir insana xas olan
təbii duyğulardır. Lakin şair öz nəvəsinin
yalnız bir nəslin
davamçısı kimi sağlam,
gümrah, xoşbəxt olması istəyi
ilə məhdudlaşmır, onun həm də
əsrlərlə həsrətində olduğu
azadlıq, müstəqillik niyyətinə qovuşmuş
ulu bir ölkənin yeni bir vətəndaşı
olmasını arzulayır. Şairin ən
böyük arzusu nəvəsinin
vətənpərvər, Koroğlu
hünərli bir gənc kimi
böyüməsi, əsl vətəndaş olmasıdır.
O, dünyaya vətənin bir
əsgərinin, bir müdafiəçisinin
də gəlişinə sevinir:
Bir zabitdi,
yurd qoruyur atası,
Nəvəm,
böyü, sən də igid əsgər ol.
Cəngavər
ol, düşmənlərə batası
Koroğlutək
basılmayan bir nər ol.
Şair məkrli
"qarı düşmən"in mövcudluğunu
unutmamağa səsləyir, hər bir azərbaycanlının
qəlbində qövr edən Şuşa nisgilini
xatırladır, xain qonşularımızın tapdağı
altında olan bu qədim qalamızın bir gün xilas
olacağına inamını ifadə edir.
Şeirdə
sənətkarın nəvəsinin bir insan kimi necə
böyüməsi, hansı mənəvi keyfiyyətlərə
sahib olması ilə bağlı düşüncələri
diqqəti cəlb edir. Şairin arzusu nəvəsi Əjdəri
həyatda ağıllı, ayıq-sayıq, hiylələrə
aldanmayan, biliyinə, elminə güvənən, mübariz,
qeyrətli, ləyaqətli, şərəf hissini uca tutan bir
gənc kimi görməkdir. Əsərdə ədəbli
olmaq, kamala yiyələnmək, öz xeyirxah əməlləri
ilə xalqa xidmət etmək əsl insani keyfiyyətlər
kimi mənalandırılır.
Hələ XVI əsrdə M.Füzuli divanının
müqəddiməsində yazırdı ki, elmsiz
şeir bünövrəsiz divar kimidir və bünövrəsiz
divar isə çox etibarsız olur. Şeirimin
elm zinətindən məhrum
olmasını nöqsan sayıb bir müddət həyatımı
elmləri öyrənməyə sərf etdim.
Bu baxımdan
Ə.Ağayevin yaradıcılığında elmi və bədii
təfəkkürün vəhdət təşkil etməsi,
uşaq şeirlərində elmə, biliyə, dünyanı,
kosmosu dərk etməyə çağırış motivlərinin
güclü olması təqdirəlayiqdir.
Şairin erməni
terrorunun qurbanı olmuş görkəmli ziyalı, alim Tofiq
İsmayılov haqqında düşüncələri
müasir gənc nəsil üçün ibrətamizdir:
"Mən onu heç cür unuda bilmirəm. Təbiəti,
insanları, kosmosu özünəməxsus vurğunluqla
sevirdi. Azərbaycanın hər qarış
torpağının aşiqi idi. Gözlərindən nur, ağzından
dürr, əməllərindən xeyir, bərəkət
tökülürdü. Son dəfə onunla görüşəndə
söhbətimiz təhsildən, uşaqlarda ana torpağa,
kosmosa məhəbbət yaradılmasından düşdü.
Dedi ki, Respublika Xalq Təhsili Nazirliyi ilə birlikdə Mərkəz
yaratmışıq. Gərək uşaqlarımız onun
köməyi ilə kosmosun sirli-sehrli dünyasına aludə
olsunlar, kosmosun vasitəsilə torpağı daha dərindən
sevməyin mümkünlüyünü bilsinlər. O deyirdi
ki, təkcə təbiət deyil, torpağın özü də
kosmosu öyrəndikdə daha aydın dərk edilir. Gərək
uşaqlarımızda nağıllarla, kinofilmlərlə, bədii
əsərlərlə, mahnılarla kosmosu öyrənməyə
maraq yaradaq. O, xüsusilə kosmosa aid uşaq
mahnılarının çox az olduğundan gileylənirdi. O
zaman ürəyimdən keçirdim ki, Tofiq müəllimin bu
gileyini bəstəkarlarımıza çatdırım. Bəstəkar
Rəşid Şəfəq ilə "Kosmos və mən"
mahnılar silsiləsini yaratdıq. Lakin Tofiq İsmayılovun
faciəli ölümündən sonra onu daha da təkmilləşdirdik,
mahnıların sayını onun çox sevdiyi "7" rəqəminə
çatdırdıq."
Şairin bir
sıra şeirləri bilavasitə uşaqlar üçün
yazılmasa da, mövzu, ideya-məzmunu, dil-üslub xüsusiyyətləri
baxımından uşaq mütaliəsi materialı kimi də
dəyərlidir. Gənc nəslə vətənpərvərlik
duyğuları aşılayan, onun qəlbini milli qürur,
iftixar hissi ilə dolduran əsərlərində hər misra,
hər bənd dərin mənalıdır, düşündürücüdür.
Şair canından artıq sevdiyi Vətənindən munis
hisslərlə söz açır. Bu baxımdan
vətənpərvərlik mövzusunda yazılmış
"Naməlum əsgərin
qəbri önündə",
"Qalx ayağa, Azərbaycan!", "Ərdəbil",
"Təbriz qızları", "Kardaş yurdu
Türkiye", "Şəhid Elçinə ağı"
şeirləri diqqəti cəlb edir. Vətənin birliyi,
bütövlüyü, soykökünə
bağlılıq, xalq işinə sədaqət, şəhidlərin
xatirəsinə ehtiram həmin əsərlərin leytmotivini təşkil
edir.
Məlumdur
ki, ürəksiz və həyəcansız yazılmış
şeirlər uşaqlara bədii zövq vermədiyi kimi,
onlara Vətən haqqında doğru təsəvvür də
verə bilməz. Ə.Ağayevin Vətən mövzusunda
yazdığı şeirlər həyati müşahidələrin
dərinliyi, obrazlı ümumiləşdirmələrlə
seçilir. "Qalx ayağa,
Azərbaycan!" şeirində
şair xalqın ər oğullarına səslənir, səbrin
tükəndiyini, artıq ayağa qalxmaq, Vətəni
yağılardan xilas etmək zamanının gəlib
çatdığını söyləyir. Şair əsərdə
özünü də Vətənin müsəlləh əsgəri
kimi təqdim edir, Vətən uğrunda döyüşlərdə
hamının bir nəfər kimi iştirak edəcəyinə,
canı, qanı bahasına olsa belə, müqəddəs
torpağımızı xilas edəcəyinə inanır:
Qalx ayağa,
Azərbaycan, alovlardan vurub keç,
Daha bəsdir,
aç gözünü, düşmənini yaxşı
seç.
Qeyrətini
bayraq elə, silahını uca tut,
Qoy məhv
olsun qarı düşmən, nəfəs alsın ana yurd.
Qalx ayağa,
Azərbaycan,
Sənin
üçün verək can!
Biz səninik,
sən də bizim,
Anacan!
Vaxtilə
xalq şairi S.Vurğun uşaq ədəbiyyatına
böyük tələblər mövqeyindən
yanaşır, bu ədəbiyyatla bağlı məsələlərin
heç də sadə və asan olmadığını
dönə-dönə nəzərə
çatdırırdı: "Uşaq insandır! Onun sadə
görünən oynaq, daim xoşbəxt və azad təbiətində
böyük insanların bütün xassələri
mövcuddur. Düşünmək, duymaq, sevmək,
küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək,
xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq,
yaxşılıq, hörmət, bütün insan xassələri
uşaqlıq aləmində mövcuddur. Demək istəyirəm
ki, biz uşaqla danışdığımız zaman - insanla
danışdığımızı, uşaq
üçün yazdığımız zaman - insan
üçün yazdığımızı
unutmamalıyıq."
Bu baxımdan
Ə.Ağayevin "Bala dadı, bal dadı" kitabında məktəbəqədər
və kiçik yaşlı məktəbli uşaqlar
üçün yazılmış müxtəlif şeirlərdən
nümunələr maraq doğurur. Buradakı şeirlər
onun uşaq psixologiyasına, uşaq dünyasına dərindən
bələd olduğunu, gənc oxucuya humanizm mövqeyindən
yanaşdığını bir daha sübut edir. "Ana" şeirində ana uca, müqəddəs bir
varlıq kimi tərənnüm edilir. Əsərin lirik qəhrəmanı
sevimli, mehriban anasını dünyada ən saf, təmiz insan
hesab edən uşaqdır. O, körpəsini səsləyən,
bəsləyən anadan məhəbbətlə söz
açır:
Ana qədər
sevimli,
Ana qədər
mehriban,
Ana qədər
saf, təmiz
Görən
varmı bir insan?
Şeirdə
ana sözünün vətən sözü ilə sinonim kimi
işlədilməsi ona dərin ictimai məzmun verir. Oxucuda
belə qənaət yaranır ki, Vətənə ana deyiriksə,
deməli, Vətənə layiqli övlad olmalı, Vətən
namusunu hər şeydən uca tutmalıyıq.
Kitabdakı
"Babamın ağ saçları", "Şaxta
baba" şeirləri dünyanı dərk etməyə
başlayan uşağın sözlü-söhbətli, məzəli
dünyası öz bədii əksini tapıb. Bu əsərlərdəki
uşaq obrazları öz həyatiliyi, təbiiliyi, səmimiliyi
ilə diqqəti cəlb edir. "Babamın ağ
saçları" şeirində baba onun ağ
saçlarını çəngələyən
şıltaq nəvəsi Arifə üz tutaraq deyir:
Dəymə
ağ saça, oğlum,
O, müqəddəs,
uludur.
Onda həyat
izim var,
O,
ömrümün yoludur.
"Mənim üç babam var" şeirində də həyati bir səhnə təsvir edilib. Əsərin qəhrəmanı
olan uşaq yolda büdrəyən qocaya ayağa durmaqda
kömək etdiyi üçün iftixar hissi duyur. Qocanın
uşağa "Mən də sənin babanam" deməsi onu
sevindirir. Axı başqalarının iki babası olduğu
halda, onun üç babası var.
Əjdər
Ağayevin bədii yaradıcılığında folklorla
bağlılıq güclüdür. Ədibin şeirlərinin
dilindəki şifahi xalq ədəbiyyatından gələn
axıcılıq, səlislik, şirinlik, ifadəlilik onun
ideya-bədii dəyərini artırır, balaca oxucuda emosional
təsirinin güclənməsinə səbəb olur. "Günel" şeirində
şifahi xalq ədəbiyyatının geniş
yayılmış janrlarından
olan oxşamaların təsiri aydın duyulur. Lakin şair bu
şeirdə orijinal ifadələr, epitetlər, bənzətmələrdən
istifadə etməklə ata-ananın övlada məhəbbətini
yeni məzmunda, deyim tərzində ifadə etməyə
müvəffəq olmuşdur.
Günel
gün kimi göyçək,
Açılıb
çiçək-çiçək.
Yanaqları
almadır,
Günel bala
bal dadır.
Əsərdə
"Dövlətdə dəvə, övladda nəvə"
atalar sözünün məqamında işlədilməsi də
müəllif niyyətinin daha dolğun bədii ifadəsinə
xidmət edir. Şair oxşama
üslubunda yazdığı
bu şeirin bəndləri arasında laylaya xas olan
"Günelim, ay Günelim, Ver mənə hay, Günelim"
nəqəratlarını işlətməklə ahəngdarlığı,
ritmi, musiqililiyi artırmış, əsərə şərqi
səciyyəsi vermişdir.
"May",
"Quzu", "Payız", "Baharda",
"Qaranquş", "Çinar" şeirləri təbiət
mövzusuna həsr olunub. Məlumdur ki, əsərdə
situasiyadan asılı olaraq sözlərin müvəqqəti
vokativ funksiyada (xitab şəklində) işlədilməsi uşaq
şeiri üçün
çox səciyyəvidir.
Ə.Ağayev folklor motivlərindən bəhrələnməklə
yazılmış "Səməni"
şeirində uşaq
qəlbində təbiətə
məhəbbət oyatmaq üçün
vokativ sözdən ( müraciətdən) məharətlə,
yerində istifadə etmişdir:
Səməni,
ay səməni,
Qüvvə
ver, böyüt məni.
Yazın ilk
ruzususan,
Bəslərəm
ildə səni.
Ədibin
uşaqlar üçün yazdığı hekayələrin
bir qismi "Ceyran nənəm" kitabında
toplanmışdır. Bu hekayələrdə sənətkar
sanki qayğıkeş, munis bir ata kimi öz zəngin həyat
təcrübəsində əldə etdiyi qənaətləri
müasir uşağın düşüncələri, hərəkətləri,
davranışı prizmasından keçirərək sadə,
səmimi bir dillə oxuculara təqdim edir. Müəllif
uşaq həyatından real lövhələrə müraciət
etməklə get-gedə daha da qloballaşan, mürəkkəbləşən
bir dünyada yaşayacaq, əvvəlki nəsillərin həyat
estafetini daşıyacaq gənc nəsli mümkün səhvlərdən
qorumağa, düzgün mənəvi mövqe
aşılamağa çalışır.
"Sülh"
gəmisinin kapitanı",
"Peşimançılıq", "Bir parça
çörək", "İlk və son mahnı",
"Əhədbaba" hekayələrində uşaqların
qarşılıqlı münasibətləri, yanlış hərəkətlərinin
nəticələrindən ibrət almaları real həyati
müşahidələr kontekstində təqdim edilir.
"Axtarış", "Ceyran nənəm",
"Ülviyyənin nağılı", "Ata əvəzi"
hekayələrində yaşlıların gənc nəsil
üçün daşıdığı məsuliyyət
hissi, ibrətamiz həyat yolundan söz açılır.
"Axtarış" hekayəsində müharibədə
şücaət göstərən əsgərin vətənpərvərliyi,
qəhrəmanlığı onu döyüşlərdə
ölmüş bilib, haqqında məlumat toplamağa
çalışan məktəblilərə örnək kimi
göstərilir.
"Ülviyyənin
nağılı" hekayəsində isə erməni
işğalçıları ilə döyüşlərdə
misilsiz qəhrəmanlıq göstərən cəsur bir
insanın - Qüdrətin taleyi göz önündə
canlandırılır. İllər keçir, Vətən
uğrunda döyüşlərdə ağır
yaralanmış Qüdrətin sinəsindəki qəlpə
öz işini görür. Lakin onun yarımçıq
qalmış ömrü şirin bir xatirəyə,
nağıla çevrilir. Zaman keçdikcə
nağıllaşan bu həyat həqiqətini cəsur
kişinin nəvəsi Ülviyyə iftixarla müəllimə,
sinif yoldaşlarına danışır.
"Ceyran nənəm"
hekayəsində müharibə illərində arxa cəbhədəki
insanların qarşılaşdıqları çətinliklərdən,
ağır sınaqlardan üzüağ
çıxmalarından bəhs edilir. Ceyran nənə nəvəsi
Kəmalənin və sinif yoldaşlarının xahişi ilə
müharibə zamanı arxa cəbhədə fədakarlıqla
çalışan ərindən söz açır.
Uşaqlar böyük ömür yolu keçmiş, həyatın
sınaqlarından üzüağ çıxmış
Ceyran nənənin söhbətlərini maraqla dinləyir,
1918-ci ildə ermənilərə qarşı əldə
silah at belində vuruşmasından heyranlıqlarını
gizlədə bilmirlər. Hekayədə təsvir olunan əhvalatlar,
qəhrəmanların xarakteri, əməlləri gənc
oxucuda dərin təəssürat oyadır, mənəvi
saflığa səsləyir.
Ə.Ağayevin
uşaq ədəbiyyatı sahəsində
yaradıcılığının mühüm bir qolunu
uşaq ədəbiyyatının nəzəri məsələlərinə
həsr olunmuş tədqiqlər, ədəbi-tənqidi məqalələr
təşkil edir. Bu məqalələrin xeyli hissəsi ədibin
"Təməldən əmələ" kitabında
"Balacalar üçün yazmaq şərəflidir"
başlığı altında toplanmışdır. Bu əsərlərdə
uşaq ədəbiyyatının problemləri, bir sıra
nümayəndələrinin yaradıcılığı,
ayrı-ayrı bədii əsərlər təhlil süzgəcindən
keçirilmişdir.
Bədii
yaradıcılığında olduğu kimi, ədəbi-tənqidi
məqalələrində də görkəmli pedaqoq alimin dəst-xətti,
düşüncə tərzi, gənc nəsildə vətəndaşlıq
keyfiyyətlərinin, milli dəyərlərin
formalaşdırılması, uşaq həyatının təsvirində
realizm, həyat həqiqətlərinə sədaqət kimi
meyarlar özünü bariz şəkildə büruzə
verir. Uşaq ədəbiyyatına böyük tələblərlə
yanaşan müəllif sənətkarın uşaq həyatını
yaxından müşahidə etməsinin, uşaq obrazları
yaradarkən onların həyatını, təbiətini,
psixologiyasını, yaş xüsusiyyətlərini bilməsinin
zəruriliyini qeyd edir, uşaq əsərlərində təsvirçiliyə
meyli, quru, bəsit dili ciddi qüsur kimi göstərir.
Ə.Ağayevin
uşaq dünyasını realist həyati lövhələrlə
əks etdirən, gənc nəslə vətənpərvərlik
hissləri, cəsurluq, zəhmətsevərlik, humanizm,
xeyirxahlıq, saflıq, düzlük, halallıq kimi milli və
ümumbəşəri mənəvi dəyərlər
aşılayan, ideya-məzmun dolğunluğu, mövzu, janr,
dil, üslub xüsusiyyətləri ilə seçilən
şeir və hekayələri müasir uşaq ədəbiyyatımızın
dəyərli nümunələridir.
Oktyabr
ayında Əjdər Ağayevin yetmiş beş yaşı
tamam olur. Hörmətli alimimizi və
yazıçımızı doğum günü münasibətilə
təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Bilal HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2012.- 19
oktyabr.- S.7