Məmməd Arazın azad poeziya amalı

  

Xalq şairi Məmməd Arazın 50-ci illərin axırları və 60-cı illərdə yaratdığı bir çox poetik nümunələr onun ədəbi-nəzəri görüşlərinin hansı vüsət və ardıcıllıqla formalaşdığını parlaq şəkildə göstərir. Xüsusən, o dövrdə hələ gənc olan böyük sənətkarın "Nənəmin kitabı", "Şeirim", "Səba yeli", "Şeirə gətir", "Oxucuya məktub", "Mən Araz şairiyəm", "Şair ömrü", "Bəzi şairlərə" kimi gözəl əsərləri və "Anamdan yadigar nəğmələr" silsiləsinə daxil olan bir çox şeirlər fikrimizi təsdiq edə bilər. Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev "Şeirimizin xan çinarı" adlanan fundamental məqaləsində haqlı olaraq yazırdı: "Məmməd Araz özü ilə təqribən eyni illərdə yaradıcılıq aləminə qədəm qoymuş həmkarları arasında yeganə şairdir ki, əsərləri belə geniş və bu qədər də səxavətlə nəşr olunur. Əlbəttə, bu, hər şeydən əvvəl onunla şərtləşir ki, şairin yaradıcılığı mənsub olduğu nəslin zəngin ədəbi təcrübəsinin ən qiymətli cəhətlərinin ləyaqətli təmsilçisidir". Həqiqətən də altmışıncılar nəslinin bədii-estetik axtarışları və uğurlarının ən başlıca və əsas xüsusiyyətləri M.Arazın ilk lirikasında öz ifadəsini tapmışdır. Məsələn, gənc şairin o illərdə qələmə aldığı "Nənəmin kitabı" (1956) şeirini götürək. Müəllif uşaqlıq xatirələrinə dalaraq o şeirində nəsillərin estetik yaddaşını və ovqatını səmimiyyətlə ifadə etmişdi: "Kitabın ildırım sürəti vardı, Bir anda bir əsri uçub aşardı... Ondakı nağılın hüdudu hanı? Saysızdı ondakı hünər dastanı. Ondaydı ellərin fikri, nəfəsi, Keçmişin sükutu, bu günün səsi. Nənəmin səsində, dilində idi, Elə bil hər nə var əlində idi..." Bu misralar gənc şairin estetik idealının mənşəyini aydınca bizə nişan verir. Şair bədii təxəyyülünün hansı gələnəklərdən gəldiyini və hansı qaynaqlardan güc aldığını göstərir. Öz yaşıdları arasında heç kim mənəvi-estetik mənbəyini, şeirinin milli qaynaqlarını M.Araz qədər məftunluqla və vüqarla vurğulamamışdır: "Ellərin sevinci, ellərin dərdi, Nənəmin dilində dilə gələrdi. Mən də gah sevinər, gah da yanardım, Nənəmi ən böyük alim sanardım. Sinəmə el sazı açdı o kitab, Sinəmə çox kitab yazdı o kitab." M.Araz bu şeiri ilə təkcə öz ədəbi görüşlərini və arzularını ifadə etməklə kifayətlənmirdi. Eyni zamanda, öz ədəbi yaşıdlarını az qala unudulmuş milli-mənəvi dəyərlərə boylanmağa, şifahi və klassik söz sənətimizdən öyrənməyə, bədii sözü yüksəltməyə səsləyirdi:

 

Nənəmin qəlbindən qəlbimə doldu,

Məni şair edən o kitab oldu.

O kitabın səsi el səsi idi,

O kitab nənəmin sinəsi idi.

 

M.Arazın o dövrdə yazdığı bir çox şeirlər zamanın mənəvi-estetik mənzərəsini təsəvvürümüzdə canlandırmaq üçün çox əhəmiyyətlidir. Yuxarıda söylədiklərimizdən çıxış edərək altmışıncıların və M.Arazın həmin illərdəki poetik axtarışlarını əsasən, bir neçə istiqamətdə səciyyələndirmək mümkündür; əgər gənc müəllif bir sıra əsərlərində arzuladığı yeni şeirin poetik-fəlsəfi konturlarını təsvir edərək, Füzuli, Nəsimi və başqa klassiklərimiz haqqındakı şeirləri ilə klassik poetikaya və irsə münasibətini açıq-aşkar göstərirdisə, "Nənəmin kitabı", "Anamdan yadigar nəğmələr" silsiləsi və başqa şeirləri ilə isə yeni şeirin əsas qaynaqlarını vurğulayır və ideallaşdırırdı. Yeni Azərbaycan şeirinin kökləri və onun sağlam mənəvi-həyati əsaslar üzərində inkişafı şairi dərindən düşündürürdü. Altmışıncıları və M.Arazı narahat edən ən mühüm məsələlərdən biri azad yaradıcılıq problemləri idi. Yeni ədəbi nəsil öz qarşısına əzəmətli və möhtəşəm məqsədlər qoyurdu: yeni estetik dünyagörüşünü və yeni ədəbi əxlaqı formalaşdırmaq!.. Bu böyük və qaynar mübarizənin ön cəbhəsində Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Hüseyn Arif kimi ustadlarla bir sırada Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Nəriman Həsənzadə, Fikrət Sadıq və başqa qüdrətli istedadlar dayanmışdı. Yeni ədəbi nəslin azad poeziya idealını şəkilləndirmək yönündəki axtarışlarından bəhs edərkən yuxarıda qeyd etdiyimiz şairlərin və başqa görkəmli sənətkarların yaradıcılığından xarakterik misallar gətirmək olar. Biz burada xalq şairi M.Arazın "Poeziya, poeziya", "Günəşi ittiham edənlər" və başqa şeirləri üzərində dayanmaq istərdik. Onun "Poeziya, poeziya" (1966) şeiri zamanın estetik idealının sərrast ifadəsi təsirini bağışlayırdı. "Poeziya nədir?" sualına müəllif aydın şəkildə cavab verirdi. Şair sanki öz yaşıdlarına müraciət edərək, bu çətin və mürəkkəb tale yolunda irəliləməyə gücünüz olacaqmı, cürətiniz çatacaqmı? - deyə onlardan sorurdu. Zira, poeziya yolu ilk növbədə tale yoludur, ölüm və qalım yoludur. Bu yolla getmək var - qayıtmaq yoxdur, bu yol ancaq irəliyədir, geriyə dönüm yoxdur: "Poeziya, poeziya! Ey qələm qardaşım! Mənimlə diz-dizə, Üz-üzə oturan, Sirdaş bacım, Həmdəm qardaşım!" Bu xitab səmimiyyətin nişanəsidir. Ən yaxın, ən əziz varlığa üz tutan kimi şair poeziyaya müraciət edir. Onu öz qəlbi ilə əbədi birliyə səsləyir. Həyatın dolanbac yollarında bir-birimizə hayan, arxa ola biləcəyikmi? Bax, bu lirik "mən"i dərindən düşündürürdü: "Bu dünya yolunda Sən ömür karvanı! Hardasa büdrəyib, Əbədi yıxılsa, Sarbanım, Tufanlar səhrası, Boranlar gədiyi adlayan, Böhtanlar ətəyi qatlayan Cürətin olarmı? Qüvvətin olarmı?" Bu mükəmməl şeirdə müəllif poeziyanın üç mühüm funksiyasını vurğulayırdı. O da təbii ki, nəslin şeiriyyət qarşısında qoyduğu tələblərlə qırılmaz surətdə bağlı idi: "Poeziya, poeziya! Ürəyin yarpaq dilisən, Bənövşə nisgilisən, Bəşərin ən böyük ittiham kürsüsü, Ən iti intiqam qılıncı, Ən incə Gözəllik güzgüsü!" Gənc şair poeziyanın təbiətini dəqiq təyin edir; "Ürəyin yarpaq dili" və "Bənövşə nisgili"! Bu qədər incə və zərif varlıq üç mühüm estetik vəzifəni yerinə yetirməlidir: 1. Poeziya tribunası - bəşərin ən böyük ittiham kürsüsünə çevrilməlidir. 2. Poeziya - insanlığın ən iti intiqam qılıncı kimi çalmalıdır. 3. Poeziya - dünyanın ən aydın və ən incə gözəllik güzgüsü olmalıdır. Əminliklə söyləmək olar ki, hələ cavan olan M.Arazın bu cür poeziya təsnifatına onun bütün yaşıdları imza atardılar. "Poeziya, poeziya!" pleyadanın estetik idealının parlaq ifadəsi idi.

M.Araz "Poeziya, poeziya!" şeirində özünün estetik görüşlərini bir küll halında əks etdirməyə nail olmuşdu. Özünün can atdığı qayəvi-fəlsəfi mündəricənin əsas atributlarını, bədii forma axtarışlarının baş yönünü və təfərrüatlarını da aydın şəkildə göstərməyə çalışmışdı. Hətta 60-cı illərdə yeni vüsət alan forma rəngarəngliyini, heca və sərbəst poetikasının qarşılıqlı təsirini də ehtiva etməyə can atmışdı. Müəllif poeziya idealına istənilən mənəvi dəyər və keyfiyyətləri, gözəlliyə və ağla uyğun yolları, şəkilləri rəva görür; amma bircə şərtlə - əldən-ələ, dildən-dilə düşmək, ürəklərə yol tapmaq, xalq tərəfindən sevilmək şərtilə!

 

Dildən-dilə düş,

Əldən-ələ düş,

Döyül, bərki, cilalan.

Hamarlan, hamarlan!

 

60-cı illərdə poeziya işi təkcə estetik missiya deyildi, sabiq imperiya məkanında bədii yaradıcılıq, eyni zamanda və daha çox qayəvi-fəlsəfi çarpışmalar demək idi. Bu sınaqlardan da döyüşə-döyüşə, döyülə-döyülə, dözə-dözə, üzüağ, qalib çıxmaq lazımdır. Bədii zövq və dəbləri dəyişmək də asan başa gələn, asan qazanılan qələbələr sayılmırdı. Gənc qələm sahibləri hər şeirinin, hər kitabının işıq üzü görməsi üçün ziq-zaq yollardan, labirintlərdən uğurla keçməli, bütün mərhələlərdə öz əsərlərinin əslini qorumağı, müdafiə etməyi bacarmalıydılar. Yeni poeziya mürəkkəb bir bədii mühit məkanında öz mahiyyətini və ləyaqətini saxlamağa səy göstərirdi: "İstər bugünkü sərbəst meylində sərməst ol, İstərsə dünənki formanla məst ol, İstərsən ağ ol, Lümlüt ağ ol!" Burada yeni şeirin estetik azadlığının miqyası və hüdudları da dəqiq cızılmışdır. Gənc şair "ölüm və olum" sərhədlərini də həssaslıqla müəyyənləşdirir. Lirik "mən" bunu vurğulamadan keçə - keçinə bilməzdi. Bu qaydanı yadda saxlamaq yeni şeirin yalnız bu günü üçün deyil, gələcəyi üçün də çox mühüm idi. Onu pozanları amansız tale - 30-cu illər ədəbi gəncliyinin unudulmaz qisməti gözləyirdi... "Bircə ürəksiz başlardan, Bircə başsız ürəklərdən, Uzaq ol, Poeziya, uzaq ol!" "Poeziya, poeziya!" şeirinin 60-cı illərin öncül estetik kredosuna və poetik əhval-ruhiyyəsinin rəmzi dərəcəsinə yüksəlməsini təmin edən dörd misrasını burada qeyd etmək vacibdir. Belə ki, şeirdə yeni bədii idealın milli və ümumbəşəri ünvanı da aydın surətdə vurğulanmışdır:

 

Poeziya, poeziya!..

Bir Müşfiq qəlbinin

Sarımtıl muradı!

Bir Lorka ömrünün

Bozumtul fəryadı!

 

Burada xüsusi yanaşmanı tələb edən bir məqamı da söyləmək borcumuzdur. Yeni estetik idealın müqəddəs mənşəyinə və qaynaqlarına müraciət 60-cı illərdə rəsmi hökumət siyasətinin qadağalar sisteminə daxil idi. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və başqa ədəbi simaları xatırlamaq hər oğulun işi ola bilməzdi. Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk öz şeirlərində bu cəsarəti nümayiş etdirirdilər. Amma həmişə və hər dəfə gənc yazarlar öz istəklərinə nail ola bilmirdilər. Təqib və qadağalar aşıb-daşanda gənc şairlər simvolik inikas tərzinə keçir, öz ideallarını qeyri-müəyyən və mücərrəd poetik kontekstlərdə vəsf etməyə məcbur olurdular. Altmışıncıların lirikasında belə nümunələr xeylidir. Elə M.Arazın qələm əhli arasında məşhur olan "Günəşi ittiham edənlər" (1968) şeirini götürək. Müəllif incə bir ustalıqla ictimai münasibətləri ulduzlar aləminə köçürmüş və öz mühitinin tipik reallığını şeirdə əks etdirməyə müvəffəq olmuşdur. Əsərdə qəribə bir lirik-fəlsəfi situasiyanın təsviri ilə üz-üzə gəlirik. Səma sakinləri - Günəşdən nur alıb səmada yaşayanlar, ondan işıq alıb mövcud olanlar qəfildən günəşi mühakimə etməyə başlayırlar: "Bu gecə fəzaya düşmüşdü yolum, Bir topa ulduza ilişdi yolum. Qəribə bir aləm gördüm bu gecə: Göz işlədikcə bir salon uzanır göyün üzündə, Ulduzlar əyləşib əli üzündə..." Səma tarixində görünməmiş hadisə baş verir. Nankorlar və qatillər Günəşi ittiham etməyə girişirlər. Hansısa kənar qüvvənin fətvası ilə Günəşi söndürmək, yox etmək istəyirlər. Amma Günəşin həyatbəxş nurları onları çaşdırır. Bu iblislərin qəlbində Günəşin əvəzinə başqa bir günəş yaratmaq niyyəti baş qaldırır. Təzə günəş yaratmaq ehtirası onların gözlərini tutur, kor edir. Kin və həsəd nəticəsində şeytan ürəklilər o boyda Günəşi görməyə əzab çəkirlər: "...Buynuzlu qeybətlər, Cisimlər arası münasibətlər, Dumanlı söhbətlər, Günəş sistemində mehvər istəyir, Göylərdə ayrıca göylər istəyir". Günəşin bilavasitə fiziki təsir dairəsində və mənəvi məkanında yaşayanlar günəşlik eşqinə düşürlər; Günəşi məhv edib günəş olmağı düşünürlər. Nə qədər dəhşətli və amansız mərəzdir nursuz, ziyasız varlıqların günəş olmaq ehtirası!

 

Günəş işıqladan səma zalında

Günəşlik istəyir öz xəyalında.

Sönmüş, söndürülmüş meteoritlər,

Sürünən, quyruqlu asteroidlər.

 

Yazıq Günəş isə bunlardan xəbərsiz dünyaları həyatbəxş və şəfabəxş ziyası ilə nurlandırmaqdadır. Öz işini və missiyasını - yaxşılıqlarını, varlığını kainata paylaşmaqdadır: "Günəş öz işində, dərdi-sərində, Baxıb zərrəsinin zərrələrindən İstəyir yeni ay, ulduz yarada, Sönən dünyaların üstünə ata. Günəş öz işində, öz xəyalında, Günəş işıqladan səma zalında Günəş müttəhimdir". Ulduzların uzun məsləhət-məşvərəti faciənin qarşısını almır, əksinə, fəlakətə yol açır. Kinli və qəzəbli, "adsız" və amansız "cisim"lər öz niyyətlərinə yetir:

 

Deyir, yana-yana adsız bir cisim;

Günəş haqqımızı tapdayır bizim!

 

Bəli, adi və həyati bir konflikt ulduzlar aləmini alt-üst edir; yad və "adsız" cisimlərin təhriki ilə ulduzlar milyon illərdən bəri şəfəqlərini içdikləri Günəşin qətlinə səs verirlər: "Yalançı natiqlər çıxıb kürsüyə, Böhtanla, yalanla dönüb gürzəyə Günəşin qətlinə verirlər qərar. Mənim qorxduğumu görüncə İkar Söylədi: Yer oğlu, olası deyil! Kainat Günəşsiz qalası deyil. Oğul, nankorların adəti budur, Günəşin nurunu həmişə udub, Cazibə alırlar, sürət alırlar, Sonra da beləcə "gözdən salırlar".

Ötən yüzilin 20-30-cu illərində ictimai-siyasi və ədəbi mühitdə geniş yayılmış bu cür dəhşətli cinayətlər hələ 60-cı illərdə də işlək idi və gənc şairlər bu amansız reallıqlarla üz-üzə gəlirdilər. Onlar ötən onilliklərin faciələrini qələmə almaqla öz zamanlarına da işarə vurur, yaşıdlarını ayıq-sayıq olmağa çağırırdılar. Bu şeirdə isə konkret olaraq altmışıncıların kumiri olan əbədiyaşar dahinin nakam taleyindən bəhs edildiyini ehtimal etmək olar. Gənc altmışıncılar M.Müşfiqin xatirəsini ansalar da, onun faciəsini bütün açıqlığı və sərtliyi ilə təsvir edə bilmirdilər. "Günəşi ittiham edənlər"də ümumən, bütün - bizim və dünyanın məhv edilmiş sənətkarlarının taleyi əks etdiyini söyləmək olar: burada Lermontov və Lorkanı da, Yesenin və Mayakovskini də, Cavid və Cavadı da, Fitrət və Çolpanı da duymaq, görmək mümkündür. Biz isə şeirin nakam Müşfiqi anım ilində - 1968-ci ildə yazıldığına əsaslanaraq, cavan dahimizin 60 illiyinə ithaf olunduğunu güman edirik. Müşfiqi anmaq, təbii olaraq, qətliam qurbanı Günəşi xatırlamaq assosiasiyasını doğururdu və 35 yaşlı Məmməd Araz öz ilhamının qanadlarında cavan ustadını layiq olduğu zirvəyə - düz Günəşin yanına qaldırmışdı. Eyni zamanda, nakam sənətkar yubileyinin geniş qeyd olunması, həqiqətən də Günəşi öldürmək və gizlətmək mümkünsüzlüyünü bir daha sübut edirdi. M.Araz Günəşin qətlinə fərman verənlərin nə qədər rəzil və qorxunc olduqlarını söyləməklə bütün şair ölümlərinə işarə edir və onların düz gözünün içinə Günəşi gizlətmək olmaz, deyirdi. Cavid, Cavad, Müşfiq günəşini söndürmək, onların nurlarının izlərini yer üzündən silmək olmaz.

Nəsillər arasında zamanın amansız tufanları nəticəsində kəsilmiş mənəvi rabitəni bərpa etmək, özlərini Vətən üçün, azadlıq üçün qurban vermiş şəhid sənətkarların davamı - davamçısı kimi dünyaya elan etmək gənc ədəbi nəsil üçün milli namus və qeyrət, ədəbi ölüm və olum məsələsi idi. Biz bu gün - həmin qızğın və qanlı döyüşlərdən düz yarım əsr keçəndən sonra, - qətiyyətlə etiraf edə bilərik: Altmışıncılar bu missiyanı namusla yerinə yetirdilər, yeni Azərbaycan şeirini və azad poeziya amalını yaratmağa nail oldular!.. Elə Məmməd Araz kimi…

 

 

Yaşar QASIMBƏYLİ

filologiya üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.2