Özünüifadə
azadlığı
"Salam Sənin min bir adından biri"
("Oka ofset",
Bakı, 2012) tənqidçi-publisist Bəsti Əlibəylinin
6-cı kitabıdır. Müəllifin yeni
kitabında onun şeirləri toplanıb.
Bu şeirlər vəzninə,
biçiminə, ifadə tərzinə, leksikon
təzəliyinə görə ənənəvi poeziyadan fərqli görünür.
B.Əlibəyli fikir və
duyğularını konkret qəliblərə
yükləmək arzusundan yan keçərək sözü,
kəlməni necə deyərlər,
"özbaşına" buraxır. Poetik
özünüifadənin bu
"azadlığı" bütün
şeirlərdə özünü
göstərir:
Varlığında
da
Yoxluğunda da
VAR
olmaq hünər.
Dost-doğmaya
kölgə salıb,
İqtidar olmaq zəfər.
Qismətində o da varmış,
Bu
da
var…
("Kölgə")
Sözügedən kitaba "İstedad
Tanrının qan qohumudur"
sərlövhəli müqəddimə yazan
görkəmli şair Məmməd
İsmayıl B.Əlibəylinin şeirlərini geniş təhlilə cəlb edərək
müəllifin duyğu və
düşüncə dünyasına adi oxucunun belə baxa biləcəyi
bir pəncərə
açır və öz fərəhini
gizlətməyərək yazır: "Məni sevindirən odur ki, Bəsti
xanımın hər şeirinin öz ovqatı, öz kökü var. Və bu şeirlərdə fərqlənmək
xatirinə fərqli yazmaq iddiası da yoxdur. Bu
şeirlər övlad doğumuna
bənzər təbii mükəmməlliyə bürünüb".
Həqiqətən
də belədir: Bəsti Əlibəyli fərqlənmək
xatirinə fərqli yazmır. Bu
ülgülər (əslində ülgüsüzlüklər)
onun poetik dünyaduyumunun özündən gəlir:
Gün vardı;
Uzaqda
günəş,
Yaxında
sən vardın.
Günəşi
içirdim
Sənin
şərəfinə.
Gün var;
Yaxında
günəş,
Uzaqda sən
varsan;
Günləri
içirəm
Zülmətin
şərəfinə…
Bədii
təfəkkür tariximizi göz önünə gətirsək görərik
ki, əslində deyilməyən söz, toxunulmayan mövzu qalmayıb. Və bu
da həqiqətdir ki,
ümumən dünya ədəbiyyatının
üç süjet xətti
var: məhəbbət, komediya,
faciə. Bütün dünya
yazarları bu üç
xətdən qırağa çıxmaq iqtidarında deyil. Lakin hər kəs sözünün gücü
ilə özünün iç
aləmini ətraf aləmə təqdim edir.
B.Əlibəyli də lirik-romantik
yaşantıları ilə daxili
dünyasına körpü salır. O, nə
yaxşı ki, sürtük
qafiyələrdən, şablon ifadələrdən
uzaq yeni, həm də
isti bir nəfəs kimi oxucunun
marağını çəkir. Heç vaxt
özünə şair deməyən Bəsti
xanımın şeirləri gündəmdə qalmaq üçün yerli-yersiz yazılar dərc etdirən, bu yazılara öncədən tərifnamələr
yazdıran bəzi "şairlərin" yararsız
yaradıcılığından daha dəyərlidir:
Sarmaşıqlı
eyvanda.
yola
baxıb gülürsən.
Dalğalar
göldə oynaşır,
gölə
baxıb gülürsən.
Çöllər
yaşılını tökür,
çölə
baxıb gülürsən.
Yolda
addım-addım,
göldə
dalğa-dalğa,
çöldə
yarpaq-yarpaq
Ölürsən,
Sarmaşıqlı
eyvanda
Nəyə
baxıb gülürsən?
(Nəyə
gülürsən)
Bu şeirdə dialektik bir məqamın
şairanə müşahidəsi var.
Müəllifin məntiqinə görə əslində
"sarmaşıqlı eyvandan" yola, çölə və gölə
baxıb gülən insan özünə
gülür. Məhz belə məqamlarda
təbiət-insan vəhdətinin, yaxud
harmoniyasının gerçəkliyinə şübhə etmirik.
Kitabda
toplanan şeirlərin hər birində axtarış var, yeni
söz, fikir söyləmək əzmi var. Ona görə də
B.Əlibəylinin bir şeirini o birindən ayrılıqda təhlilə
cəlb etmək və dəyərləndirmək niyyətində
deyilik. Kitab sanki bir bədənin ayrı-ayrı üzvləri,
yaxud əzaları timsalındadır. Bu
bütövlüyü "dadmaq" üçün son
ixtiyarı oxucuya veririk.
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.-
S.7.