"Atilla XXI"

  

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Atilla XXI" müstəqil elmi-ədəbi jurnalın təqdimat mərasimi keçirildi. Jurnalın ilk sayı xalqımızın qəhrəman oğlu, xüsusi təyinatlı kəşfiyyat qrupunun döyüşçüsü, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynova həsr olunub.

Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca açaraq qonaqları salamladı: "İlk dəfədir ki, canlı qəhrəman ilə görüş keçiririk. Təqdimatına toplaşdığımız jurnalın Türk dünyasının qəhrəman oğlu İbad Hüseynova həsr olunmasını alqışlayıram. Bir qəhrəman minlərlə qəhrəman yetişdirir. Onun qəhrəmanlığı hamımız üçün dərsdir". Fikrət Qoca ulu öndərimiz Heydər Əliyevin İbad Hüseynova yazdığı məktubu atanın oğula məktubu kimi dəyərləndirdi. Tədbir iştirakçıları məktubun mətni ilə tanış oldular.

Ədalət Əsgəroğlu çıxışında söylədi ki, öz xalqının qəhrəman oğlunu vəsf eləmək hər bir şairin, yazıçının vətəndaşlıq borcudur: "Biz yazarlar vətənpərvərlik mövzusunda gerçəkliyi yazmağa öyrəşməliyik. İbad Hüseynov kimi qəhrəmanlar haqqında yazmaq, gələcək nəslə göstərmək, poetik anlamını vermək çox vacibdir. Biz keçmişimizi unutmamalıyıq. Türk dünyasının qəhrəman oğlu İbad Hüseynovun döyüş yolunu əks etdirən əsərlərimizi gələcək nəslə ərməğan etməliyik".

Tədbirdə Türk Törə Ocağının başqanı Elxan Zal Qaraxanlı İbad Hüseynova Türk Törə Ocağı "San yarlığı" mükafatını təqdim etdi.

"Atilla XXI" jurnalının baş redaktoru Gülşən Behbud İbad Hüseynovun timsalında Türk dünyasının oğullarının qəhrəmanlıqlarını qələmə aldığını dedi: "Biz də müharibə şəraitində yaşadığımız bir zamanda öz sözümüzü, istəklərimizi bölüşmək, tariximizin dünəni, bu günü, sabahı haqqında danışmaq və danışdırmaq məqsədi ilə "Atilla XXI" adlı jurnalımızın fəaliyyətinə başladıq. Ulu öndərimizin dəyər verib qiymətləndirdiyi, xalq üçün, millət üçün layiqli xidmətlər göstərən, sahəsindən asılı olmayaraq, istər müəllim olsun, istər şair olsun, istər hərbiçi olsun, istər qəhrəman olsun - vətənini sevən, dövlətini sevən dəyərli insanlarımızın fikir və düşüncələrini, arzu və diləklərini jurnalımızda işıqlandıracağıq".

Tədbirdə İbad Hüseynova həsr olunmuş "Xüsusi təyinatlı" kitabının müəllifi Sahib Şükürov, yazıçı və şairlərdən Mirkazım Seyidov, Sayman Aruz, Oqtay Əliyev, Qulu Ağsəs, Zərəngiz Dəmirçi və başqaları çıxış edərək İbad Hüseynovun keçdiyi döyüş yolundan danışdılar, gənc nəslə qəhrəmanların tanıtmağın vacibliyini vurğuladılar.

Tədbirin sonunda çıxış edən İbad Hüseynov ona göstərilən qayğıya və diqqətə görə, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.6.