Lənkəranda Şəkər Aslan poeziya günü

     

Oktyabrın 10-u lənkəranlıların yaddaşında şair Şəkər Aslanın doğum günü kimi yadda qalıb. Ölümündən sonra hər il sənət adamları, şəkərsevərlər, şairin yaxınları, qohum və dostları onun doğma Boladı kənd qəbiristanında yerləşən məzarı önünə toplaşır, xatirələr danışır, şeirlər oxuyur, ulu sözün işığı ilə şairin ruhunu salamlayırlar.

Yağışlı payız günlərindən biri olmasına baxmayaraq şəkərsevərlər bu ilöz ənənələrinə sadiq qaldılar. Boladı kənd mədəniyyət evində Ş.Aslan poeziya günü qeyd olundu. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri şair İltifat Saleh açaraq şairin yaradıcılığı haqda qısa məlumat verdikdən sonra çıxış üçün sözü Ş.Aslanın təsis etdiyi "Söz" jurnalının baş redaktoru Sevda Əlibəyliyə verdi. S.Əlibəyli Ş.Aslan yaradıcılığı haqqında ətraflı çıxış edib onun respublikanın digər şairləri ilə ədəbi əlaqələrindən söz açdı, şairlə bağlı xatirələrini danışdı. Azərbaycan Respublikası Mədəniyyət NazirliyininAYB-nin xətti ilə şairin "Payıma düşən ömür" adlı yeni kitabının çapına nail olduğunu bildirdi. Bu kitab şairin 77 illiyinə ən gözəl hədiyyə kimi diqqəti özünə cəlb etdi. Daha sonra Azərbaycanın ilk poliqrafçı alimi, Respublika Ağsaqqallar şurasının üzvü, şairin yaxın dostu Səddat Cəfərov, tədqiqatçı-alim, filologiya elmləri namizədi, şair Mirhaşım Talışlı, şairin haqqında kitab yazan müəllim Musa Balayev, "Aşkarlıq" qəzetinin redaktoru, yazıçı-publisist, uzun müddət şairlə bir yerdə çalışmış Hacı Etibar Əhədov, şairlərdən Xanəhməd Nahid, Ağamir Cavad, Mirhafiz Bahadır, həkim-stomatoloq Mirsayad Babayev və başqaları şair haqqında ürək sözlərini söyləyib, onu məhəbbətlə yad etdilər. Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Məmməd Səfərov (şair Məmməd Həbib) tədbir iştirakçılarına icra başçısının salamını çatdırdı, təşkilatçılara minnətdarlığını bildirdi və əlavə tövsiyələrini verdi. Boladı kənd 2 saylı orta məktəbinin müəllim və şagird kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya Şəkər Aslan poeziyasına məhəbbətin ifadəsi kimi ürəkləri oxşadı. Tədbir şairin məzarı başında gül-çiçəklə və çiçək ətirli sözlərlə yekunlaşdı.

 

 

Şəhla Xəlilova

 

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.5.