Payız şeirləri yazacam daha

 

Yazdıqca qələmim qəmlənəcəkdi,

Quru vərəqlərim nəmlənəcəkdi.

İlhamım coşacaq, "dəmlənəcəkdi" -

Payız şeirləri yazacam daha.

 

Baxmayın bahara, baxmayın yaya,

Gül kimi sözləri axıtdım çaya.

Baxın qismətimə siz düşən paya,

Payız bazarında satacam baha, -

Payız şeirləri yazacam daha.

 

Nədəndi, ürəyim boşalır, dolmur,

Ürəkdə ilk sevgi saralıb, solmur.

Ömrün payızında ilk sevgi olmur,

Ötən xatirələr çevrilir "ah"a, -

Payız şeirləri yazacam daha.

 

Qurtarmır yer ilə göyün davası,

Olmuşam həm göyün, yerin yavası.

Payız havasıdı şair havası,

Payız şeirləri yazacam daha, -

Payız şeirləri yazacam daha!

 

 

Payız mənə çox əzizdi

 

Mən birtəhər dözüm tapdım

Bu yayın sərt istisinə.

Bir köynəkdə gəlib çatdım

Payızın duman, sisinə.

 

Payız mənə çox əzizdi,

Yoxsa solan zəmisiyəm?

Bənizimiz bir bənizdir,

Bəlkə batan gəmisiyəm?

 

Göz yaşımı tox buludlar

Yağış kimi ələyirlər.

saçlarım çölü, düzü

Şeh, qırova bələyirlər.

 

Yerdə, göydə görüb qəmi,

Uçub getdi durna-qazlar.

Dərdliləri payız dəmi

Yada salmır kefi sazlar.

 

Toylar da yayda çalınır,

Səssizlikdən ürək sızlar.

Oğlanlar kənddən yayınır,

Çoxalır payızlıq qızlar.

 

Hər var, görə bilmirəm,

Payız baxır gözlərimdən.

Hər sözü deyə bilmirəm,

Payız yağır sözlərimdən.

 

Qarışıbdı yeməyimə,

Dadı, tamı çox ləzizdi.

Oxşarı var taleyimə,

Payız mənə çox əzizdi.

 

 

Özümdən qorxmuram, səndən qorxuram

 

Otları saralmış, gülləri solmuş,

Çəmənəm, qırovdan, çəndən qorxuram.

İnadkar gözəltək gözləri dolmuş

Buluddan qorxmuram, səndən qorxuram.

 

Qorxuram, adına söz gələr axı,

Sözlər sinən üstə köz ələr axı.

Közlər ürəyini pörşələr axı -

Qəlbinə çökəcək nəmdən qorxuram.

 

Gözlərin göy kimi durudu, duru,

Yanağın yaş deyil qurudu, quru.

Üzündə günəşin nurudu, nuru -

Saçına ələnən dəndən qorxuram.

 

Naxçıvan

   

 

İbrahim Yusifoğlu

  

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.5.