Ədəbiyyat
nəhəngi
Dünyada böyük ədəbiyyatların geniş şöhrət qazanmış böyük və nəhəng
yaradıcıları vardır. Görkəmli
yazıçı və ictimai xadim Məmməd Səid Ordubadi
də çoxəsrlik tarixi və
davamlı ənənələri olan Azərbaycan
ədəbiyyatının nəhəng ədəbi simalarından
biridir.
Keçmiş Sovetlər
İttifaqının dövründə Azərbaycanın
görkəmli yazıçıları ilə dünyanın
digər ölkələrinin böyük
ədibləri arasında müqayisələr aparılarkən
ədəbi meyarlardan daha
çox ideoloji tələblər
yada düşürdü.
"Azərbaycan ədəbiyyatının Şekspiri",
"Azərbaycan ədəbiyyatının Qoqolu",
"Azərbaycan ədəbiyyatşünaslığının
Belinskisi" kimi ifadələr
işlədilən zaman bənzədilən
yazıçının, yaxud alimin sənətinin və ya
elminin böyüklüyü,
qüdrəti deyil, Qərb, yaxud rus ədəbiyyatının
adı çəkilən görkəmli nümayəndəsindən
Azərbaycan ədibinin geniş
ölçüdə təsirlənməsi, faydalanması yada salınırdı. Halbuki
həmin məqamlarda təsirlənmək, öyrənmək
məsələnin çox az bir qismini
təşkil edirdi və ya
əslində əksər təsadüfi məqamlarda səslənmə
üst-üstə düşürdü.
Beləliklə, ölkəmizin adlı-sanlı, orijinal
yaradıcılığa malik olan elm və ədəbiyyat
xadimlərinin böyük xidmətlərinin
müqabilində onların təsirləndikləri (əgər
təsirləniblərsə - İ.H.) amil
ictimai mühitin diqqət
mərkəzində dayanırdı. Bu isə
öz növbəsində Azərbaycan yazıçıları
və alimlərinin yaradıcılıq özünəməxsusluğunun,
bənzərsiz sənət aləminin arxa
plana keçirilməsi, bəzən hətta
kölgədə saxlanılması ilə nəticələnirdi.
Halbuki elm və sənət
adamlarının bir-birlərindən öyrənmələri,
birinin digərinə istinad
etməsi, qarşılıqlı təsir məsələləri
konkret epoxanın ədəbi mühitinin təbii bir prosesi sayılmalıdır. Keçmiş
sovet ideologiyası dövründə bu müqayisə birtərəfli qaydada aparıldığı və hakim ideologiyanı təmsil edən tərəfin
təsir imkanları qat-qat şişirdildiyi
üçün elmi əsaslardan
məhrum idi və ona
görə də sovet hökuməti hələ
dağılmamışdan bu tip müqayisələr demək olar ki, elmi
dövriyyədən çıxarılmışdı.
İndi,
müstəqillik dövründə həmin qəbildən olan müqayisələrə ehtiyac
qalmamışdır. Hazırda belə müqayisələr
aparılarsa, müəyyən elmi əsaslara
malik olmalı, heç
cür ideoloji mahiyyət
daşımamalıdır. Bu baxımdan biz elm yönlü
daha bir müqayisə
tipli təqdimata ehtiyac
duyuruq. Fikrimizcə,
bir çox cəhətdən
görkəmli Azərbaycan yazıçısı Məmməd
Səid Ordubadini bəzi cəhətlərinə
görə görkəmli rus ədibi Lev Nikolayeviç Tolstoyla müqayisə etmək olar.
Bizə görə Məmməd Səid Ordubadi
Azərbaycan ədəbiyyatının Tolstoyudur.
Biz bu müqayisə və
ya bənzətmə ilə nələri
nəzərdə tuturuq?
Məlumdur
ki, ötən yüz
il ərzində Məmməd Səid Ordubadini rus ədəbiyyatının
dünya mədəniyyətinə və ictimai fikrinə bəxş etdiyi
Lev Nikolayeviç Tolstoyla müqayisəsi hadisəsinə təsadüf
etməmişik. Lev Tolstoyla
(1828 -1910) Məmməd Səid Ordubadinin
(1872-1950) yaşayıb-yaratdıqları dövrlər də tam olaraq üst-üstə
düşmür. Böyük
Tolstoy dünyasını dəyişəndə
Məmməd Səid Ordubadi hələ əsasən
şeirlər yazır, satirik publisistika ilə məşğul olurdu. Məmməd Səid Ordubadinin
"Dumanlı Təbriz", "Qılınc və Qələm"
romanları yazılanda Lev Tolstoyun
məşhur əsərlərini, xüsusən "Anna Karenina" və "Hərb
və sülh" romanlarını Azərbaycan
dilində oxumamışdı. Məmməd Səid Ordubadinin Lev Tolstoyla müqayisəsinə istinad
etmək, təsirlənmək motivləri nəzərə
çarpmır. Biz bu
müqayisədə aşağıdakıları nəzərdə
tuturuq.
Böyük Lev Tolstoy rus
ədəbiyyatının tarixində malik
olduğu səviyyə etibarilə
hansı yeri tutursa, Məmməd
Səid Ordubadi də Azərbaycan ədəbiyyatında
həmin mövqeyə sahibdir. Məmməd
Səid Ordubadinin məşhur tarixi romanları, xüsusən,
"Dumanlı Təbriz", "Qılınc və qələm"
özünün
monumentallığına, əzəmətinə görə,
epoxanın eposunu yaratmaq
xüsusiyyətlərinə görə Lev
Tolstoyun "Hərb və sülh"
romanı ilə müqayisə oluna bilər.
fikrimizcə, bu məqamda şərtilik mənası
ifadə edən "müqayisə oluna
bilər" ifadəsini işlətmək yerinə düşür. Doğrudur,
ayrı-ayrılıqda "Dumanlı Təbriz" romanı
ilə, yaxud da
"Qılınc və qələm"lə Lev
Tolstoyun "Hərb və sülh"
romanı yanaşı qoyulduqda Tolstoyun əsəri daha üstün görünür.
Bütün reallıqlarla bərabər, bu, həm də ona görədir
ki, bizlərin təsəvvürlərində
gerçək bir Lev Tolstoy ucalığı, əlçatmazlığı
mövcuddur. Məmməd Səid Ordubadi özü də hələ
1908-ci ildə "Molla Nəsrəddin"
jurnalında çap etdirdiyi
bir məqaləsində etiraf
etmişdi ki, "yer üzündə indiyədək heç bir kəs
yazıçılıqda qraf Tolstoy kimi hörmət və
şöhrət qazanmayıb". Həmin möhtəşəmliyi
ilk növbədə ədəbiyyat sahəsindəki
qeyri-adi böyük
xidmətləri ilə Lev Tolstoy
özü parlaq,
ölməz əsərləri ilə qazanmışdır. Bundan başqa, Lev Tolstoyun böyük
ədəbi şöhrətində onun çoxmilyonlu rus
xalqının qüdrətli təmsilçisi olması amili də mühüm yer tutur. Bununla
belə, Lev Nikolayeviç
Tolstoyun dünya
şöhrəti qazanmasında rus elminin də danılmaz böyük
xidmətləri vardır. Lev Tolstoyun həyatı və
yaradıcılığı haqqında Rusiyada
və dünya ölkələrində
yazılmış elmi əsərlərdən
geniş bir kitabxana yaratmaq mümkündür. Tolstoyşünaslıq
artıq təkcə rus ədəbiyyatşünaslığının
deyil, dünya elminin əsas tədqiqat obyektlərindən
birinə çevrilmişdir. Bundan başqa, Rusiyada Lev Tolstoyun
əsərlərinin dünyanın aparıcı
xalqlarının dillərinə tərcümə olunması
sahəsində də bir əsrdən çoxdur ki,
ardıcıl və səmərəli iş
aparılır. Rus dili
özü də beynəlxalq dil statusunda olduğu üçün
Lev Tolstoyun əsərlərinin
Yer kürəsinin müxtəlif qütblərində
orijinaldan oxunub qiymətləndirilməsinə
şərait yaradır. Heç
şübhəsiz ki, bu
müqayisəyə Lev Tolstoyun
əsərləri əsasında çəkilmiş filmləri,
hazırlanmış səhnə əsərlərini də cəlb
etsək, bizim bir çox qüdrətli sənətkarlarımıza,
o cümlədən Məmməd Səid
Ordubadiyə nə qədər borclu olduğumuz ciddi fərqlə
nəzərə çarpar.
Məmməd
Səid Ordubadiyə münasibətdə isə tamamilə fərqli
mənzərənin şahidi oluruq. Əvvəla, Məmməd Səid Ordubadinin tam
külliyyatı hələ ki, çap edilib xalqa çatdırılmamışdır. Böyük ədibin 1964-1967-ci illərdə kiril əlifbası ilə nəşr olunan səkkizcildliyi yazıçının əsas
əsərlərini əhatə etsə də, onun arxivlərdə saxlanılan və ya XX əsrin birinci
yarısının dövri mətbuatında
çap olunmuş əsərlərinin
çox hissəsi hələ ki, kitablara çevrilməmişdir.
Apardığımız müşahidələrə əsasən
deyə bilərik ki, XX əsrin əvvəllərinin
dövri mətbuatında Məmməd Səid
Ordubadinin az qala hər gün, hətta
bəzən bir gündə bir neçə məqaləsi, şeiri, felyetonu çap olunmuşdur. Böyük
ədibin publisistikası bir neçə cild kitab
üçün material verə bilər. Bundan başqa, Məmməd
Səid Ordubadinin Azərbaycan Milli Elmlər
Akademiyasındakı Əlyazmaları İnstitutunun
fondundakı şəxsi arxivində onun çap
olunmamış saysız-hesabsız əlyazmaları
mövcuddur. Ümumiyyətlə, Məmməd Səid
Ordubadinin dram əsərləri, çoxsaylı
publisistikası, memuarları, şeirlərinin əksəriyyəti,
ədəbi-tənqidi məqalələrinin böyük bir
qismi, hətta bəzi yeni üzə
çıxarılmış nəsr əsərləri kitab
halında nəşrini gözləyir. Fikrimizcə,
məktubları da daxil olmaqla Məmməd Səid Ordubadinin tam
külliyyatının 15 cilddə nəşrinə ehtiyac
vardır. Reallıq belə olduğu halda, indiki vəziyyətdə
Məmməd Səid Ordubadinin latın qrafikası ilə
yalnız "Qılınc və qələm",
"Qanlı sənələr" əsərlərinin
çap edilib oxuculara çatdırılması ilə
böyük ədibi nəinki dünya miqyasına
çıxarmaq, heç Azərbaycanda da layiq olduğu səviyyədə
tanıtmaq mümkün deyildir. Azərbaycanda ilk dəfə
olaraq milli tarixi roman məktəbi yaratmış Məmməd
Səid Ordubadi oçerkinin də on illər bundan əvvəl
orta məktəb dərsliklərindən
çıxarılması yeni nəslin bu görkəmli
yazıçıdan az qala xəbərsiz olmasına gətirib
çıxaracaqdır. Ədibin əsərlərindən
yalnız bəzi örnəklərin rus və fars dillərinə
tərcüməsindən başqa dünya dillərinə tərcümə
baxımından əlimizdə heç bir fakt yoxdur. Məmməd
Səid Ordubadinin zəngin və çoxcəhətli irsi ilə
müqayisədə ədəbiyyatşünaslıq sahəsində
aparılan tədqiqatlar da yetərincə deyildir. Son yüz ildə
Azərbaycan ordubadşünaslığı əsasən
tanınmış ədəbiyyatşünaslardan
Yavuz Axundlu, Fəridə Vəzirova, Tofiq Rüstəmov, Əkbər
Məftun, Bəxtiyar Əsgərov, Nuridə
Bağırovanın və başqalarının tədqiqatlarından
ibarətdir. Həmin araşdırmaların isə əksəriyyəti
kiril əlifbası ilə kitab halında nəşr
olunduğundan və keçmiş sovet ideologiyası
dövrünə təsadüf etdiyindən demək olar ki,
hazırda elmi dövriyyədən kənarda
qalmışdır. Artıq iyirmi ilə yaxındır ki, Azərbaycan
ordubadşünaslığını Prezident təqaüdçüsü,
əməkdar müəllim, filologiya elmləri doktoru, professor
Yavuz Axundlu təmsil edir. Professor Yavuz Axundlu Azərbaycan ədəbiyyatşünaslığında
tarixi romanın elmini yaratmış görkəmli tədqiqatçıdır.
Azərbaycanda tarixi roman janrının inkişaf yolunun sistemli
şəkildə öyrənilməsi və elmi-nəzəri
tədqiqi Yavuz Axundlunun adı ilə bağlıdır. Tarixi
romanlara həsr etdiyi tədqiqatları ilə o, bu janrın
elmi epopeyasını yaratmışdır. Yavuz müəllimin
tarixi romanlara həsr olunmuş tədqiqatlarında Məmməd
Səid Ordubadinin həmin janrda yazılmış sanballı əsərlərinə
də geniş yer ayrılmış, obyektiv elmi qiymət
verilmişdir. Bundan başqa, professor Yavuz Axundlu 2007-ci ildə
Bakıda nəşr etdirdiyi "Məmməd Səid
Ordubadi" monoqrafiyası ilə böyük ədib
haqqında ədəbiyyatşünaslıq elmində
mövcud olan boşluğun qismən də olsa aradan
qaldırılmasına imkan yaratmışdır. Yavuz
Axundlunun 2012-ci ildə Bakıda "Elm və təhsil" nəşriyyatında
təkmilləşdirildikdən sonra yenidən nəşr
olunmuş "Məmməd Səid Ordubadi" monoqrafiyası
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elmində Məmməd Səid Ordubadiyə həsr olunmuş
yeganə sanballı monoqrafik tədqiqat kimi mühüm əhəmiyyətə
malikdir. Təqdim olunan monoqrafiya Azərbaycan cəmiyyətində,
xüsusən, yeni nəsillər arasında Məmməd Səid
Ordubadi haqqında əhatəli elmi fikrin yenidən
formalaşdırılmasına, mövcud təsəvvürlərin
daha da dərinləşdirilməsinə və genişləndirilməsinə
uğurla xidmət edir. Professor Yavuz Axundlunun "Məmməd
Səid Ordubadi" monoqrafiyasında tədqiqatçılıqla,
araşdırma ilə elmi təhlilin sintezi bu monoqrafik əsərin
qiymətli ədəbiyyatşünaslıq nümunəsinə
çevrilməsini səciyyələndirir. Bu, yaşı
doxsana doğru gedən professor Yavuz Axundlunun həyat
eşqinin, axtarış ruhunun, yorulmaz elmi fəaliyyətinin,
fədakarlıq nümunəsi olan zəhmətkeşliyinin də
sanballı bir göstəricisidir.
Bir daha
yazımızın əvvəlindəki Məmməd Səid
Ordubadinin böyük sənət dühası Lev Tolstoyla
müqayisəsi məsələsinə qayıdıram.
Heç şübhəsiz, belə bir müqayisə
yalnız şərti mənada başa düşülməlidir.
Lev Nikolayeviç Tolstoy hələ sağlığında ikən
dünya ədəbiyyatının qüdrətli təmsilçilərindən
biri kimi qəbul olunmuşdu. Məmməd Səid Ordubadini isə
Azərbaycanda unudulmaması üçün dünyaya
tanıtmaqdan ötrü hələ çox iş görməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Görkəmli Azərbaycan yazıçısı Məmməd
Səid Ordubadinin anadan olmasının 140 illiyi
haqqında"kı 10 aprel 2012-ci il tarixli sərəncamı
qüdrətli sənətkarın milli ədəbi-ictimai
fikirdə yüksək xidmətləri səviyyəsində
mövqeyini daha da möhkəmləndirmək və bu ədəbiyyat
nəhəngini yaxın və uzaq xaricə təqdim etmək
baxımından geniş meydan açır.
Məlum
olduğu kimi, Məmməd Səid Ordubadi bədii
yaradıcılığa hələ XIX əsrin
axırlarında əsasən şeirlə
başlamışdır. Onun böyük ədibimiz Cəlil
Məmmədquluzadənin yaratdığı Tiflisdəki
"Qeyrət" nəşriyyatında çap etdirdiyi
"Qəflət" (1906) və "Vətən və
hürriyyət" (1907) kitabları klassik şeir
formasında olsa da, yeni ideyaların sintezindən
yoğrulmuş bədii nümunələrdən ibarətdir.
XX əsrin əvvəllərində böyük demokrat Cəlil
Məmədquluzadənin "İranda hürriyyət"
(1906) hekayəsindən sonra hürriyyət, azadlıq
sözü Məmməd Səid Ordubadinin "Vətən və
hürriyyət" kitabında sərlövhəyə,
manşetə çıxarılmışdı. Bu
kitabdakı vətənpərvərlik ruhunda milli
düşüncə ilə
yazılmış şeirlər
yeni şeirin ibtidası kimi səslənirdi:
Dur, ey qafil
yatan könlüm, oyan bu xabi-qəflətdən,
Sənə
yoxdur səmər hərgiz bica bu istirahətdən.
...Gözün
var isə hürriyyət ziyasından götür hissə,
Yaşa
insanca, insanlartək azad ol əsarətdən.
Təlaş əyyamı,
hürriyyət zamanı, iş məqamıdır,
Mənə
söylə görüm kim müstərih olmuş səfalətdən?
Nə
yatdın ey müsafir? Sübh açıldı, karvan
köçdü,
Özüntək
pürxətər mənzil, səmər yoxdur bu rahətdən.
... Gəl,
qardaş, ataq qəfləti bilmərrə kənarə,
Bir az da qəflət
qala, olmaz dəxi çarə...
Hər bir
işimiz getdi, qalıb qəlbdə həsrət,
Avarə qoyan
bizləri qəflətdi, bu qəflət.
Məşhur
"Molla Nəsrəddin" jurnalı "Vətən və
hürriyyət"in müəllifinin dadi-qəflət
haqqında şikayətlərdən ictimai satiraya keçidi
üçün mühüm sənət körpüsünə
çevrilmişdir. Ədib əsasən "Molla Nəsrəddin"
jurnalında və XX əsrin əvvəllərində
çap olunan digər mətbuat orqanlarında təxminən
dörd mindən çox şeir və felyeton çap
etdirmişdir. O, böyük demokrat yazıçı Cəlil
Məmmədquluzadənin başçılıq etdiyi
"Molla Nəsrəddin" ədəbi məktəbinin, sənət
cəbhəsinin ən görkəmli və fəal üzvlərindən
biri idi. Həyatının müəyyən dövründə
Cəlil Məmmədquluzadə ilə aralarında müəyyən
fikir ayrılığının olmasına baxmayaraq, Məmməd
Səid Ordubadi ardıcıl olaraq, axıradək "Molla Nəsrəddin"
jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi
realist-satirik ədəbiyyatın sənətdə tənqidi-realist
düşüncənin inkişafı sahəsində
böyük xidmətlər göstərmişdir. "Biz ona
xatircəm idik və bilirdik ki, bu məcmuə
yaşayacaqdır" - deyən Məmməd Səid Ordubadi
"Molla Nəsrəddin" məktəbi zəminində
yetişib formalaşmış, lakin Azərbaycan romançılığı
sahəsindəki xidmətləri ilə böyük
şöhrət qazanmışdır.
Məmməd
Səid Ordubadi XX əsr Azərbaycan realist nəsrinin qüvvətli
yaradıcılarından biridir. "Bədbəxt
milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) keçən
əsrin əvvəllərində meydana
çıxmış "kiçik roman"
formatındakı Azərbaycan romanının böyük
nümunəsidir. Bu əsər Azərbaycan ədəbiyyatında
artıq Şərq tipli gedişatın
mümkünsüzlüyünü, qərbləşmə
meyllərinin çətinliklərini, bütövlükdə
yeniləşmə proseslərinin zəruriliyini meydana qoyan ilk
romandır. Mirzə Fətəli Axundzadənin "Kəmalüddövlə
məktubları"nda və "Aldanmış kəvakib"
əsərində zamanına görə dərin qatlarda ifadə
olunan məntiqi gerçəklik XX əsrin əvvəllərində
zəmanənin yaratdığı şəraitə əsasən
Məmməd Səid Ordubadinin "Bədbəxt
milyonçu" romanında xeyli dərəcədə
açıq şəkildə ifadə olunmuşdur. Fikrimizcə, romandakı Rzaquluxan-Balacaxanım xətti
əsərə real həyat materialının gətirilməsi
ilə yanaşı, müəllifin izlədiyi əsas siyasi
qayənin məişət motivi fonunda zahirən arxa plana
keçirilməsi məqsədinə də xidmət edir.
"Bədbəxt milyonçu" əsərində
yazıçının mövqeyi heç də firəngiməablığın
birmənalı şəkildə müdafiə olunmasından
və ya tənqid edilməsindən ibarət olmayıb, Azərbaycan
mühitinin Qərb meylli inkişafının real gerçəkliyi,
milli psixologiyanı, təkamül proseslərini nəzərə
almadan mümkün olmamasını önə çəkməsi
ilə bağlıdır. Bu isə öz növbəsində
həm milli ədəbiyyatda, bundan qabaq isə həm də
bütövlükdə Azərbaycan ictimai mühitində yeni
inkişaf mərhələsinin başlanmasının ifadəsi
demək idi.
Görkəmli
yazıçı Məmməd Səid Ordubadi Azərbaycan
tarixi roman məktəbinin banisidir. Məmməd Səid
Ordubadinin tarixi romanları ilə Azərbaycanda milli tarixi
romançılıq ənənəsinin əsas prinsipləri
də formalaşmışdır. Böyük tarixi
romançı Məmməd Səid Ordubadinin romanlarından hər
biri əhatə etdiyi epoxanın kamil sənət
güzgüsüdür. "Qılınc və qələm"
tarixi romanı (1946) Azərbaycan tarixinin Nizami
dövrünün ədəbi salnaməsidir.
"Qılınc və qələm" tarixi romanında Məmməd
Səid Ordubadi qılıncın məsuliyyətini və
şərəfini qələminin qüdrəti ilə isbat
etmişdir. Böyük sənətkarlıqla
yazılmış bu möhtəşəm bədii əsər
Azərbaycan ədəbiyyatında tarixi roman janrının
zirvəsində dayanır. Əsərdəki obrazlar tarixiliklə
bədii təfəkkürün vəhdətindən
yoğrulmuş parlaq, bənzərsiz surətlər kimi Azərbaycan
ədəbiyyatını zənginləşdirir.
"Qılınc və qələm" tarixi romanı XII əsr
tarixinin də misilsiz zəngin mənbəyi sayılmağa
layiqdir. "Qılınc və qələm" tarixi
romanı ədəbiyyatşünaslar üçün
olduğu qədər tarixçilərdən ötrü də
əhəmiyyətli qaynaqdır. "Qılınc və qələm"
Nizami Gəncəvinin və müasirlərinin romanı, Nizami
epoxasının ədəbiyyat üslubunda yazılmış
tarixidir. Məmməd Səid Ordubadi hələ keçən
əsrin 30-40-cı illərində keçmiş sovet
ideologiyasının xalqa soykökünü, tarixini unutdurmaq,
manqurtlaşdırmaq vəzifələrini dövlət səviyyəsində
həyata keçirdiyi bir zamanda "Qılınc və qələm"
tarixi romanını yazmaqla Azərbaycanda milli-mənəvi
özünüdərk proseslərinin
tarazlığını qoruyub saxlamağa, dərinləşdirməyə
şərəflə xidmət göstərmişdir.
"Dumanlı
Təbriz" tarixi romanı (1933-1938) Azərbaycanda milli
azadlıq hərəkatının tarixini və
ideallarını əks etdirən və yaşadan
böyük ədəbi hadisədir. Məşrutə hərəkatı
dövrünün tarixi də, ədəbiyyatı da son
yüz ildə özünün ən parlaq əksini
"Dumanlı Təbriz" əsərində
tapmışdır. Məmməd Səid Ordubadi sadəcə
Səttarxan hərəkatına rəğbət bəsləməklə
qalmamış, həmin hərəkatın fəal
iştirakçısı, bir çox hallarda görkəmli sərkərdənin
silahdaşı olmuşdu. "Dumanlı Təbriz" şəxsi
həyatı fərqli ideoloji hədəflərə yönəlik
mübarizələrin içərisində keçən Məmməd
Səid Ordubadinin özünün də keşməkeşli
taleyinin romanıdır. Məmməd Səid Ordubadinin təsvirində
Səttarxan hərəkatının açılmamış
mərmilərinin də səsi eşidilməkdədir.
Sözün böyük mənasında bu qiymətli roman Azərbaycan
ədəbiyyatında Məşrutə hərəkatına həsr
olunmuş möhtəşəm əsərdir. Səttarxan
obrazı özünün bütün əzəməti ilə
ilk dəfə "Dumanlı Təbriz" romanında
canlandırılmışdır. Azərbaycanda bir neçə
nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə
kimi tarixdən çox "Dumanlı Təbriz"dən
tanımışdır. Eyni zamanda, Məmməd Səid
Ordubadinin "Döyüşən şəhər" (1938)
və "Gizli Bakı" (1940) əsərləri də Azərbaycan
tarixi romanının yaddaqalan nümunələridir.
Yazıldığı dövrün sərt ideoloji tələbləri,
yazıçının cəmiyyətdə tutduğu
mövqe Məmməd Səid Ordubadiyə bu romanlarında qələmə
alınan dövrün - XX əsrin əvvəllərinin
gerçək ictimai-siyasi mühitini tam əks etdirməyə
şərait yaratmasa da, müəllif imkan daxilində birtərəfli
şəkildə olsa da, əhatə etdiyi epoxanın ana xətlərini
təqdim edə bilmişdir. Xüsusən, bu əsərlər
həyat materialının zənginliyi ilə bir sıra tarixi
proseslərə işıq salmaq baxımından da əhəmiyyətlidir.
Bütövlükdə Məmməd Səid Ordubadi Azərbaycan
ədəbiyyatında tarixi roman ənənəsini
formalaşdırmış, özünün həmin janrda
yazılmış monumental əsərləri ilə milli tarixi roman məktəbi yaratmağa müvəffəq olmuş
qüdrətli sənətkardır.
Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan tarixi
romanı Məmməd Səid Ordubadi ənənəsinin
işığında ədəbiyyatdakı yolunu uğurla
davam etdirməkdədir. Lakin etiraf edilməlidir ki, sonrakı mərhələlərdə
yeni, maraqlı, əhəmiyyətli, cəlbedici
tarixi romanlar yaranmışdır, ancaq
bu janrda Məmməd Səid Ordubadi zirvəsindən
sonrakı axırıncı aşırım hələ ki,
keçilmiş yolun davamı olaraq qalır.
Qüdrətli
romançı Məmməd Səid Ordubadinin tarixi
romanları dünya tarixi romanının da qiymətli
nümunələri sayılmağa layiqdir. Heç
şübhəsiz, "Dumanlı Təbriz",
"Qılınc və qələm" tarixi romanları
mükəmməl tərcümə edilərək dünya
dillərində nəşr olunarsa, Şərq səviyyəsində
də, Qərb miqyasında da həm öz müəllifinə,
həm də ümumən Azərbaycan ədəbiyyatına
böyük şöhrət qazandıra bilər.
Məmməd
Səid Ordubadinin nəsr əsərlərində tarixiliklə
bədiiliyin və müasirliyin ahəngdar əlaqəsi səciyyəvi
cəhət olaraq diqqəti cəlb edir. Ədib müasirlik
amilini həmişə vətəndaşlıq andı ilə
üzvi əlaqədə təqdim edir. Tarixilik və
müasirlik paralelləri Məmməd Səid Ordubadinin bədii
nəsrində publisistikanın da mətndaxili
iştirakını şərtləndirir. Məmməd Səid
Ordubadi "Molla Nəsrəddin" ədəbi məktəbində
mükəmməl bədii publisistika məşqləri
keçdiyindən onun nəsr əsərlərindəki
publisistika əlamətləri bədiiliklə
qaynayıb-qarışır. Beləliklə, Məmməd Səid
Ordubadi nəsrdə publisistikadan və ya tərsinə,
publisistikada bədiilikdən istifadə etməyin qiymətli
örnəklərini göstərmişdir. Ədibin
"Qanlı sənələr" əsəri (1911)
publisistikanın "dili" vasitəsilə tarixi prosesləri
roman təfəkkürü səviyyəsində əks etdirməyin
nümunəsidir. "Qanlı sənələr" Azərbaycan
ədəbiyyatında ilk və mükəmməl publisist
romandır. Məmməd Səid Ordubadinin "1905-1906-cı
illərdə Qafqazda baş verən erməni-müsəlman
davasının tarixi" kimi təqdim etdiyi "Qanlı sənələr"
əsəri yazıçının gələcək tarixi
romanlarının ciddi publisistik məşqidir.
Çoxsaylı dövri mətbuat materiallarından, 245 məktubdan,
400-dən çox məlumatdan istifadə əsasında
yazılmış "Qanlı sənələr" sənətkarın
hadisələri "zərif
duyğularla", habelə
"düzgün və
qərəzsiz" şəkildə
əks etdirməsi yolu ilə formalaşdırılmış
"vətən fəryadnaməsi"dir. Üslub etibarilə
"Qanlı sənələr"lə səsləşən
"Həyatım və mühitim" əsəri də
publisistik təsvirin aparıcılığı ilə qələmə
alınmış nəsr nümunəsidir. "Həyatım
və mühitim" əhatə dairəsi etibarilə konkret
tarixi dövrün - 1872-1920-ci illərin memuarıdır. Bu əsərdə
yarım əsrlik bir epoxanın geniş və gerçək
tarixi və ictimai-siyasi mənzərəsi salnamə ciddiliyi
ilə əks etdirilmişdir. "Həyatım və
mühitim" Məmməd Səid Ordubadinin tərcümeyi-halının
memuarı, mühitinin romanıdır. Bu, Azərbaycanda
orijinal bir memuar ədəbiyyatı nümunəsi olmaqdan
başqa, həm də mükəmməl tərcümeyi-hal
romanı olaraq da dəyərlidir. "Familiyamız"
adlı müqəddimə
ilə başlayan "Həyatım və
mühitim"dən Məmməd Səid Ordubadi nəslinin dəqiq
şəcərənaməsini öyrənmək
mümkündür: "Atam Hacağa Məhəmməd
oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın
yanında böyük mərtəbə qazanmış məşhur
şair Mirzə Hətəm Ordubadinin nəvəsidir. Mirzə
Hətəmdən atam Hacağaya qədər familyamızda
şairliklə məşğul olan yalnız ikinci Mirzə
Ağacan olmuşdur. Atam Hacağanın
təxəllüsü "Fəqir"dir. Onun böyük divanı
vardır.
Anam
İranın Qaradağ tərəflərindən - Dizmar
mahalındandır. Üştibin kəndindən Pənah
adlı bağbanın qızıdır. O, Tovuz xanım vasitəsilə
məşhur Üştibin şairi Nəbatiyə mənsubdur.
Anam öz ailələri ilə bərabər, Həsənabad
xanlarının qarət və qırğınlarından
qurtulub qaçmışdı. Atam böylə mühitdə
yaşadığı və şair olduğu
üçün təxəllüsünü "fəqir"
qoymuşdu. Mən 1972-ci ildə doğulduğum vaxt
Ordubadın mühiti daha bərbad hala
düşmüşdü".
"Həyatım
və mühitim" memuarı tərcümeyi-hal göstəricilərindən
başqa, "Rus məktəbi və rus idarəsi"ni,
İranın Xoy şəhərini, Tiflis həbsxana həyatını,
Həştərxan-Teymurxanşura sürgün mühitini əks
etdirməklə böyük bir coğrafiyanın tarixi-siyasi
gedişatına işıq salır. XIX əsrin sonunda və
XX əsrin əvvəllərində Azərbaycanda, Rusiyada,
Qafqazda ictimai-siyasi mühitin dərk olunmuş gerçək
mahiyyətini dərindən öyrənmək
baxımından "Həyatım və mühitim" ibrətamiz
bir həyat dərsliyidir. Bədii əsərlərində
ictimai motivlərə, tarixi proseslərin təsvirinə
xüsusi diqqət yetirməsi ilə fərqlənən Məmməd
Səid Ordubadi "Həyatım və mühitim"də
yetkin bir siyasi xadim kimi diqqəti cəlb edir. "Həyatım
və mühitim" memuarı nəzərə alınmadan Məmməd
Səid Ordubadinin dünyabaxışına,
yaradıcılıq özünəməxsusluğuna qiymət
vermək çətindir. "Həyatım və
mühitim" Ordubadi dünyasına girişin
açarıdır. Zəngin tarixi məlumatlarla, mürəkkəb
siyasi proseslərin təsviri ilə "Həyatım və
mühitim" əks edildiyi dövrün də açarı
sayıla bilər.
Məmməd
Səid Ordubadinin "İki çocuğun Avropaya səyahəti"
romanında da (1907) bədii düşüncə ilə
publisist notlar bir-birini tamamlayır. İranlı iki tələbənin
Avropaya səfəri zamanı yazdıqları məktubları
Ordubaddan alıb cəmiyyətə təqdim etmək priyomu
üzərində qurulmuş bu roman-səyahətnamədə
Şərq-Qərb müqayisəsi vasitəsilə milli
oyanışa və dirçəlişə
çağırış motivləri öz əksini
tapmışdır. "İki çocuğun Avropaya səyahəti"
ədəbiyyatımıza Avrasiya düşüncəsi gətirən
ilk geniş həcmli bədii əsərdir. Bu, ədəbiyyatda
Şərq-Qərb müqayisəsinin ordubadinaməsidir.
"İki çocuğun Avropaya səyahəti" əsəri
"Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab"
romanının müqəddiməsi təsiri
bağışlayır. Bu əsər bütövlükdə
Məmməd Səid Ordubadi romançılığının
mənalı bir proloqudur. "İlk dəfə 1908-ci ildə
"Tazə həyat" qəzetində hissə-hissə
çap olunan "İki çocuğun Yevropaya səyahəti"
əsəri nəhayət, indi oxuculara
çatdırılmaqla ünvanına yetişmək
baxımından səyahətnaməsini tamamlayır.
Böyük ədibimiz
özünün çoxcəhətli istedadını incəsənət
sahəsində də isbat etmişdir. Məmməd Səid
Ordubadinin dahi Üzeyir Hacıbəylinin məşhur
"Koroğlu" operasına yazdığı libretto sənətkarın
tarixi-qəhrəmanlıq mövzusunu şeirlə mənalandırmaq
və musiqi ilə uzlaşdırmağı bacarmaq istedadının
göstəricisidir. Bundan başqa, "Nizami", "Nərgiz",
"Şəfa", "Dəmirçi Gavə"
operalarına yazdığı libretto mətnləri onun ədəbiyyat
və sənət qavrayışının
bütövlüyünü nümayiş etdirir. Həmçinin
"Beş manatlıq gəlin" və "Ürəkçalanlar"
musiqili komediyalarının libretto mətnlərinin müəllifi
kimi də o, ədəbiyyatın, səhnənin və
musiqinin harmoniyasını ifadə etmək
dünyagörüşünə malik geniş
masştablı bir sənətkar kimi görünür. Eyni
zamanda, Məmməd Səid Ordubadi "Bağı-şah,
yaxud Tehran faciəsi", "Əndəlisin son günləri,
yaxud Qrenadanın təslimi", "Teymurləng və
İldırım Bəyazid" və sair tarixi faciələrin
də müəllifidir. Bədii nəsrində olduğu kimi,
Məmməd Səid Ordubadi dramlarında da tarixilik və
müasirlik prinsiplərinə üstünlük vermiş, həmişə
bədiilik amilini o, böyük ədəbiyyatda xüsusi bir
tarazlıqda saxlamağı bacarmışdır.
Ümumiyyətlə,
Məmməd Səid Ordubadinin əsərləri mənsub
olduğu xalqın milli-mənəvi
bütövlüyünün, birliyinin, mübarizə ruhunun,
oyanış və azadlığının böyük ədəbiyyat
səviyyəsində dolğun əks-sədasıdır. Ayrı-ayrı
xalqların qüdrətli yazıçıları
ümummilli vəzifələrin həyata keçirilməsinin
təkamül proseslərini, keçid dövrlərini, dəyişmə
və dönüş məqamlarını ədəbiyyatda
canlandırmaqla tarixi epoxalar və nəsillər arasında
varisliyin qorunub saxlanılmasına, gələcəyə əmanət
edilməsinə xidmət etmişlər. Belə məsuliyyətli
və şərəfli tarixi missiyanı Rusiya
üçün Lev Tolstoy rus ədəbiyyatında
böyük dahiyanəliklə yerinə yetirmişdir. Məmməd
Səid Ordubadinin tarixi romanları da, ümumiyyətlə
müxtəlif janrlarda yazılmış qiymətli əsərləri
də Azərbaycan xalqının çoxəsrlik tarixinin və
keşməkeşli taleyinin ədəbiyyatı olaraq
ümummilli mənafelərin ədəbi yaddaşda həkk
olunması ilə yanaşı, həm də gələcəyə
işıq salmaq missiyasına xidmətin ifadəsidir. Yəni
Lev Nikolayeviç Tolstoyun öz xalqı üçün
götürdüyü işi Azərbaycanda XX əsrdə bir
neçə görkəmli sənətkarlarla birlikdə həm
də Məmməd Səid Ordubadi gerçəkləşdirməyi
bacarmışdır. Görüntüdə keçmiş
sovet rejiminin Azərbaycanındakı rəhbərləri ilə
münasibətləri haqqında əfsanələr
yaşayan Məmməd Səid Ordubadi idealının ədəbiyyatdakı
ifadəsi milli-mənəvi bütövlüyə, tarixi
yaddaşın yaşadılmasına xidmətin nümunəsi
kimi ədəbiyyatı tarixi əhəmiyyətli işə
çevrilməyin gerçəkliyini canlı və real şəkildə
əks etdirir. Bu gün böyük ədəbiyyat nəhəngi
Məmməd Səid Ordubadini öyrənməyin və
öyrətməyin zəruriliyi həmisə olduğundan daha
aktual görünür.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru,
akademik
Ədəbiyyat qəzeti.- 2012.- 19
oktyabr.- S.1-3.