Xalq şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyi təntənəli mərasimlə qeyd olundu

        

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə xalq şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, mədəniyyət və incəsənət nümayəndələrinin, elm xadimlərinin iştirak etdikləri tədbirdə Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı diqqətə çatdırılmış və bu addımın şairin yaradıcılığına dövlət tərəfindən verilən böyük qiymət olduğu bildirilmişdir.

Çıxışlarda şairin yaradıcılığından, xüsusən vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərdən, onun milli dəyərlərimizin və doğma dilimizin yad elementlərdən və sözlərdən qorunub saxlanılması istiqamətindəki xidmətlərindən danışılmışdır.

Xəlil Rza Ulutürklə bağlı xatirələrini bölüşənlər onun görkəmli şair olmaqla bərabər, əsl insani xüsusiyyətlərindən də söhbət açmışlar.

Sonra musiqili-ədəbi kompozisiya təqdim edilmişdir.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.2.