Salyanda xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə

  

Salyan şəhərində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr edilmiş "Mən onsuz da əbədiyəm" mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2012-ci il 4 iyun tarixli sərəncamına müvafiq olaraq keçirilən tədbirdə Bakıdan və respublikamızın müxtəlif rayonlarından gəlmiş qonaqların da iştirak etdikləri tədbirdə şairin yaradıcılığı ətraflı təhlil olunmuşdur. Salyan Dövlət Kukla Teatrının kollektivinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənmiş, ədəbi qiraət ustaları azadlıq carçısının şeirlərindən parçalar ifa etmişlər.

Xəlil Rza Ulutürklə uzun müddət dostluq etmiş, ADPU-nun dosenti, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, şair-publisist Oqtay Rza xalq şairi ilə bağlı xatirələrini danışmışdır.

Salyan rayon Ziyalılar Birliyinin sədri, yazıçı-publisist Qulam Sadiq, rayon təhsil şöbəsinin aparıcı mütəxəssisi Fərqanə Cəbrayılova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Xəlil Rza Ulutürkün uşaq şeirlərində ənənə və novatorluq" kitabının müəllifi Nəbi İbrahimli görkəmli poeziya ustasının yaradıcılığı haqqında fikirlərini bildirmişlər.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirmişdir ki, Prezident İlham Əliyevin Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında sərəncamı respublikamızın ədəbi-ictimai həyatında mühüm hadisədir.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev azadlıq carçısının yaradıcılığını yüksək qiymətləndirmiş, onu "İstiqlal" ordeni ilə təltif etmişdir.

Bildirilmişdir ki, iyirmidən çox şeirlər kitabının müəllifi, böyük ədəbiyyatşünas alim kimi zəngin elmi xəzinə yaradan X.R.Ulutürk həm də 1988-ci ildə başlayan milli azadlıq hərəkatında fəal iştirak etmiş, 1990-cı ilin 20 Yanvar faciəsini törədən sovet rəhbərliyinə qarşı etiraz səsini qaldırdığına görə həbsə alınmış, Moskvanın Lefortovo zindanında səkkiz aydan çox nahaqdan cəza çəkmişdir.

Bütün bunlara baxmayaraq X.R.Ulutürk öz əqidəsindən, amalından geri çəkilməmiş, müstəqilliyimizi tərənnüm edən şeirləri ilə zamana və məkana sığmayan poeziya nümunələri yaratmışdır.

Bildirilmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qazanılan qələbələr Xəlil Rza Ulutürkün arzularının gerçəkliyə çevrilməsidir.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.2.