Sənətə məhəbbətlə

     

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci ilin mayında imzaladığı sərəncam əsasında xalq şairi, "İstiqlal" ordenli Mirvarid Dilbazinin 100 illik yubileyi bu günlərdə doğulduğu Qazaxda da qeyd olundu. Qazax rayon Mədəniyyət evində düzənlənən tədbiri əməkdar incəsənət xadimi, şair, AYB Qazax bölməsinin sədri Barat Vüsal açaraq, iştirakçıları salamladı. Qeyd etdi ki, "müasir poeziyamızın anası" hesab edilən Mirvarid Dilbazinin yubiley tədbiri bundan əvvəl şairənin doğulduğu Xanlıqlar kəndində, Mirvarid Dilbazi adına Cəfərli kənd orta məktəbində, S.Vurğun adına Poeziya evində silsilə tədbirlərlə keçirilmişdir və bu yubiley tədbiri şairənin heç də ilk anım tədbiri deyil. Sonra söz musiqiyə verildi. Respublikanın əməkdar artisti Səadət Ömərovun şairənin sözlərinə bəstələnmiş "Anam yadıma düşdü" mahnısı iştirakçılar və qonaqlar tərəfindən alqışlarla qarşılandı. Ardınca nəzərlər səhnədə qoyulmuş böyük monitora yönəldi. Mirvarid Dilbazinin 85 illik yubileyi zamanı (1997-ci il) ümummilli lider Heydər Əliyevin Mirvarid xanımın yaradıcılığı haqqında söylədiyi nitqi və şairənin həyat - yaradıcılığından bəhs edən sənədli filmdən fraqmenti seyr edən tədbir iştirakçıları zalı sürəkli alqışlara qərq etdilər. Tədbirin aparıcısı Barat Vüsalın çıxışlararası Mirvarid xanımla bağlı söylədiyi xatirələr və şairənin şeirlərindən söylədiyi nümunələr tədbirə bir ayrı rəng qatdı. Qazax RİH başçısının birinci müavini Fərman Nağdəliyev öz çıxışında başçı Ayaz Əsgərovun tədbirlə bağlı təbriklərini iştirakçıların nəzərinə çatdırdı. Mirvarid xanımla bağlı dəyərli fikirlər söylədi və onun poeziyasını ədəbiyyatımızın əvəzolunmaz nümunələrindən hesab etdiyini vurğuladı. Məktəblilərin ifasında şairənin şeirləri alqışlarla qarşılandı. Xanlıqlar orta məktəbinin şagirdləri Asim Şahbazlı, Gülnüzar Qurbanova, M.Dilbazi adına orta məktəbin şagirdi Sevinc Nəbiyeva və Qazax şəhər 1 saylı məktəbin şagirdləri Mirvarid xanımın milli mənliyə, vətənə, yurda və mərdliyə həsr olunmuş şeirlərini səsləndirdilər. Mirvarid Dilbazinin "Əlcəzairli qiz" (1961) poemasından nümunələr gətirən Fazil Əliyev, bu poemanın müasir dünyada baş verən hadisələrlə səsləşdiyini nəzərə çatdırdı. Tədbirdə həmçinin aşıq Saqif və gənc aşıq Samirin el havaları iştirakçılara mənəvi qida verdi. Şair Zaməddin Ziyadoğlu Mirvarid xanımla bağlı ən şirin xatirələrini danışdı. Şairənin anadan olduğu Xanlıqlar (Musaköy) kəndində onun ev müzeyinin və heykəlinin ucaldılması təklifini irəli sürdü və rayon icra nümayəndələrindən bu barədə məqsədyönlü işlərin aparılmasını xahiş etdi. Bir zamanlar Mirvarid Dilbazinin xeyir-duasını almış şair Səhlədar Hidayətoğlunun xatirələri və şairəyə həsr etdiyi şeiri maraqla dinlənildi. Avey dövlət qoruğunun işçisi Səadət Əliyeva öz çıxışında Mirvarid Dilbazi yaradıcılığında olan insani dəyərləri xüsusi vurğuladı. Yekun nitqində Barat Vüsal şairənin poeziya ocağının istisinə yığışmış iştirakçılara və qonaqlara öz təşəkkürünü bildirdi. Sonda əməkdar artist Şəadət Ömərov "Kimlər gəldi, kimlər getdi" mahnısı ilə tədbiri sona çatdırdı.

 

 

T.Mansur

 

Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.2.