Qalib Mirzə Fətəli
Azərbaycan
türklərinin XIX yüzildə yetirdiyi
mütəfəkkir şəxsiyyətlər içərisində
Mirzə Fətəli
Axundzadənin parlaq siması aydın görünür. Özünün
orijinal və çoxcəhətli fəaliyyəti
ilə o, təkcə milli
ədəbi-ictimai və bədii-estetik fikir
tarixində deyil, bütövlükdə
Yaxın və Orta Şərq - müsəlman
dünyasının mədəni-siyasi tərəqqi, ictimai inkişaf və
yüksəliş tarixində yeni bir dövrü təşkil
edir. Milli
dramaturgiyanın, realist bədii nəsrin,
demokratik fəlsəfi-estetik fikrin, ilk əlifba inqilabının
banisi olan M.F.Axundzadənin "zəngin və
çoxcəhətli yaradıcılığı lokal milli çərçivələri
aşıb keçir, bütün
islam xalqları miqyasında ümumşərq
və ümumbəşəri bir tarixi məna kəsb edir"
(Yaşar Qarayev. Ədəbi
üfüqlər. Bakı, Gənclik, 1985, s.89.).
Bədii
yaradıcılığa və ictimai fəaliyyətə
başladığı dövrdən həmişə və hər
yerdə nadanlıq və cəhalət, köhnəlik və gerilik, tiranlıq və müstəbidlik, şah və çar əleyhinə,
cismani və mənəvi azadlıq, hər
cür köhnəlmiş dini-əxlaqi adət
və ənənələrə, ictimai-siyasi
buxovlara qarşı barışmaz-radikal
mübarizə, müstəqil və demokratik
cəmiyyət, xalqın ictimai-mədəni tərəqqi, dirilik yolu haqqında rayihəsini
bu gün də saxlayan böyük
ideyaların carçısı Mirzə Fətəli Axundzadə - öz işıqlı fikir
və düşüncələri ilə ətalət və
cəhalət nəhrində boğulan bir millətin nicat yolunu göstərən, lakin
çox vaxt tənə
və qınaqlara, təqib və ağrılara məruz qalan filosof-ədibdir. Orta əsrlərin
müsəlman dünyasında Qeys,
mühitindəki adamların hamısından ağıllı
və istedadlı - vergili olduğu
üçün çağdaşları
onu dəli - Məcnun adlandırdılar.
Və Məcnun öz hisslərinin, əməllərinin
saflığını, sevginin dəlilik yox, aqillik olduğunu
ətrafındakılara izah edə bilmədiyindən
usanıb, başqa sözlə, öz sevgisinə qovuşmaq
uğrunda mübarizə apara
bilməyib təbiətin qoynuna getdi. Onun hünəri əsrlərdən
bəri cəmiyyət içərisində hökmfərma olan əprimiş və qeyri-bəşəri
adət-ənənələrdən kənara çıxmaqla
məhdudlaşdı. Köhnə adət-ənənələrə
- bu qüvvətli buxova
qarşı mübarizə onun alnına
yazılmamışdı və buna
görə təbiətinə yad idi. Yeni dövrdə Mirzə
Fətəli hamıdan
ağıllı olduğu və müstəqil
düşünə bildiyi üçün çağdaşları ona "mürtəd", "kafir",
"dinsiz" deyib təqib
etməyə başladılar. Ancaq Mirzə
Fətəli heç
kimdən və heç nədən qorxmayaraq, bütün tənə
və təqiblərə sinə gərdi. Əslində Mirzə
Fətəli də Qeys kimi aşiqdir.
Fərq budur
ki, Qeys hüquqsuz bir qızı,
Mirzə Fətəli
isə cəhalət və istibdad zəncirində
qalmış əsir bir milləti sevirdi. O milləti ki, onun fitri istedadı Avropa xalqlarından qat-qat
artıq olduğu halda,
özü mürgülü
vəziyyətdə yaşayırdı. M.F.Axundzadə mürgünü
qovmaq, Şərqi oyatmaq
vəzifəsinin bütün
ağırlığını öz
üzərinə götürdü. Geriliyi aradan qaldırmaq üçün ilk
növbədə onun səbəbini tapmaq lazım gəlirdi. Mirzə Fətəliyə görə əsas
səbəb ərəb əsarəti, islam
fanatizmi, Şərq-müsəlman
xalqlarının maddi və mənəvi
azadlığın dadından və sivilizasiyadan
xəbərsizliyi idi. Elə buna görə ədib bütün
fəaliyyətini Şərq xalqlarının azadlıq hərəkatı
ilə bağlayaraq, müsəlman millətinin,
eləcə də doğma xalqının
oyanmasına, ayağa qalxmasına mane olan nə vardısa,
hamısına: ədalətsiz ictimai qanun-qaydalara, hüquqi təsisatlara,
dinlərə, peyğəmbərlərə, şaha,
sultana, çara, hətta
köhnəlmiş ədəbi formalara
qarşı çıxır, millətin tərəqqisi üçün əlindən gələni edirdi: "Kəmalüddövlə nüsxəsini
yazmaqda onun (yəni
müəllifin - Z.Ə.) heç bir şəxsi-qərəzi yoxdur.
Bu səbəbə görə ki, onun nə vətəni
olan İrana və nə
də həmdini olan islam
millətinə, Allah göstərməsin,
heç bir kini yoxdur" (II, 150).
"O, öz millətinin ürək
tarlasında qeyrət, namus, xəlqpərvərlik,
vətənpərvərlik, ədalət və bərabərlik
toxumu əkilməsini və nifaqın
birliyə çevrilməsini və millətin arasından zillət
və fəqirliyin rəf olmasını, onun
sərvət və dövlət qazanmasını istəyir"
(II, 151).
"Mən
dərvişməslək və bəşəriyyəti sevən
bir insanam. Hər kəs
insanları sevib, mədəniyyətin tərəqqisinə
kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin
düşməni olan və mədəniyyətin
inkişafında əngəl törədənlərdən kənarda
və uzaqdayam" (III, 158). Bu sözləri isə Mirzə Fətəli Melkum
xana məktubunda yazır. Ədibə
görə bəşəriyyətə məhəbbət - doğma xalqa, millətə
sonsuz sevgidən başlanır. Mədəniyyətin
dostu olmaq
insanlığa xidmətdir. Xalqı, vətəni sevmək,
insanlığa xidmət üçün
elm, mərifət sahibi,
filosof olmaq
lazımdır. Elm və fəlsəfə
isə din və imanla
bir yerə sığmır; onlar kompasın ayrı-ayrı, əks
qütbləridir: "Müəllifin nə təqsiri var ki, din
və imanla elm və
fəlsəfə iki zidd
halətdir, qətiyyən bir yerə toplana bilməz. Din və iman sahibi olan
adam, alim və filosof sayıla bilməz, əgər elm və fəlsəfə sahibi
olursa, dindar və mömin ola bilməz. Din və iman talibi olan kimsə gərək
qətiyyən mərifət dairəsinə
yaxınlaşmasın və mərifət talibi
olan kimsə istər-istəməz və
ixtiyarsız olaraq din
və imandan uzaq
olmalıdır" (II, 163).
Mirzə
Fətəli filosof idi. O,
xalqın ictimai tərəqqisinə, mədəni
inkişafına əngəl törədən bütün
amillərə qarşı radikal mövqe tuturdu. Ədibin böyük idealını, istək və
arzularını başa düşməyənlər
isə onu millətin, xalqın
düşməni hesab edirlər. M.F.Axundzadənin əsərlərini
axıra qədər oxumayıb, özünü
"filosof tənqidçi"
adlandıran bir "professor"
yazıçının fəaliyyət göstərdiyi ictimai-siyasi mühiti nəzərə
almadan (əslində həmin şəraitdən
xəbərsiz olduğuna görə) onu çarizmin Qafqaza, eləcə də Azərbaycana
qarşı müstəmləkəçilik siyasətinin
iştirakçısı olmaqda
günahlandırır. Bilmir ki, Rusiyanın Tiflisdə yerləşən Qafqaz canişinliyinin mülki və hərbi diplomatik
idarələrində M.F.Axundzadənin
tərcüməçilikdən başqa
heç bir rəsmi hüquqi, siyasi səlahiyyəti
olmayıb. "Lakin o
vaxt Rusiyanın tez-tez
dəyişən Qafqaz hakimlərinin, demək
olar ki,
hamısının yanında 26 illik sabit fasiləsiz tərcüməçilik fəaliyyəti
ona bir sıra çox mühüm vətəndaşlıq
vəzifələrini həyata keçirməkdə kömək
edirdi. Əvvələn, çar
hakimlərinə informasiya, şərh və
məsləhətləri ilə Axundzadə həmişə
problemlərin milli və xəlqi
mövqedən həllinə cəhd göstərirdi.
Saysız-hesabsız ərizə, şikayət və
xahişlərlə tanışlıq həm millətin
güzəranı barədə dəqiq məlumat əldə
etməyə, həm də bu ərizələrdə
qaldırılan məsələlərin müsbət həlli
ilə xalqın ehtiyaclarına yardımçı olmağa imkan
yaradırdı. "Kəndli əsasnaməsi"nin
hazırlanmasında (1846), Zakirin həbs və
sürgündən azad olmasında, Mehdiqulu xanın vəfatından sonra onun ailəsinin, Xan qızı Natəvanın
hüquqlarının müdafiəsində, xüsusən Gəncənin
rus qoşunları tərəfindən
işğalından sonra özü
və oğlanları qəhrəmanlıqla həlak olmuş Cavad xan Ziyad xan
oğlunun müsadirə olunmuş
irsinin müəyyən qisminin
onun sağ
qalmış varislərinə çatdırılmasında...
Axunzadənin əvəzsiz xidməti olmuşdur"
(Y.Qarayev).
XVIII
əsrin Avropa ensiklopedistləri kimi M. F.Axundzadə
də xalqı maarifləndirmək, onu hər
cür xurafat və ictimai geriliyin pəncəsindən
qurtarıb mədəni tərəqqiyə çatdırmaq uğrunda bütün vücudu, ürəyi, qəlbi ilə fədakarlıq
göstərmiş, həqiqi bir Prometey işi görmüşdür. Hələ 1830-40-cı
illərdə Qafqaz canişinliyində
mütərcim, Tiflis qəza məktəbində
müəllim kimi fəaliyyətə
başlamış, Tiflisdə müsəlman dillərində kitab nəşr etdirmək üçün
mətbəə yaratmaq istəmişdir. Sonralar Rusiya İmperator Coğrafiya Cəmiyyəti
Qafqaz şöbəsinin və Qafqaz arxeologiya
komissiyasının, nəhayət, Qafqaz Hərbi
dairəsi topoqrafiya şöbəsinin üzvü kimi M.F.Axundzadə Qafqaz
miqyasında elmi-təşkilati fəaliyyətlə məşğul
olmuş, Rusiyada birinci türk qəzeti
"Əkinçi"nin (1875-77) ideya
ilhamçısı olmuş, Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsini təsis etmək üçün
layihə hazırlamış, bu layihəni
həyata keçirmək üçün
çalışmışdır. Ədib Qarabağa,
İrəvana, Şəkiyə, Gəncəyə səfərlərində
əhalinin güzəranı, yaşayış tərzi, məişəti
ilə ən yaxından maraqlanmış, ehtiyac
və çətinlikləri yerində aradan
qaldırmaq üçün əlindən
gələni etmişdir; Şuşada,
Şəkidə əhalinin sudan korluq çəkdiyini biləndə hökumət
dairələrinə müraciət edərək, bəzən
təkid göstərərək çətinliklərin aradan qaldırılmasına nail
olmuşdur.
Mirzə
Fətəlinin ədəbi-ictimai
fəaliyyətə başladığı dövr
- elə bir dövr idi ki, "həyatın bir tərəfi sökülür,
dağılır, o biri
tərəfi başqa, tam
başqa və yeni bir biçimdə tikilirdi.
Burada Mirzə Fətəli bir
mühəndis kimi bu
sökülən və tikilən binanın başı
yanında durmuş, amansız qələmi
ilə bura sökülməlidir, bura isə belə tikilməlidir, - deyir" (C.Cabbarlı).
Belə
şəraitdə M.F.Axundzadə
öz üzərinə bütün
Asiya xalqlarını, islam
dünyasını oyatmaq, ayağa
qaldırmaq vəzifəsini götürmüşdü.
Bundan ötrü
insanları dini əsarətdən, islam fanatizmindən xilas
etmək lazım gəlirdi. Ədibin sevimli
qəhrəmanı Kəmalüddövlənin də dinə
qarşı radikal mövqeyi,
"külli-ədyanı puç və əfsanə"
sayması müəllifin - öz
xalqını və millətini sevən, "vətəninin
və millətinin mənfəəti və azadiyyəti üçün sai və
cəfakeş olan" (II, 72) bir patriotun vətən
sevgisindən qaynaqlanırdı. Həmin vətən və
millət sevgisi idi ki, bəzən yazıçını dinə
və şəriətə asi olub, "günah işlər"
görməyə vadar etmişdir:
"Mirzə Fətəli
öz iksiri ilə gəzərək,
bütün ömrü
boyu xalqın cəhaləti ilə, mövhumi adətlərlə amansız
mübarizə aparmış, öz
xalqını sivilizasiyaya, Avropa
mədəniyyətinə qovuşmağa
çağırmış, xalq isə onu başa düşməyib,
dinin düşməni
adlandırmışdır" (Ə.Haqverdiyev).
Məhz
"Kəmalüddövlə məktubları" əsərindəki
fikirlərə görə Mirzə Fətəliyə daş atanlar, onu haqsız yerə yanıyanlar, məhşər
ayağına çəkmək istəyənlər çox olmuşdur. Lakin ədib bütün
sınaqlardan həmişə xəlitəsiz, saf
və büllur çıxaraq opponentlərinə
haqq fikirləri ilə qələbə
çalmış, öz sənətkar-yazıçı
və mütəfəkkir-filosof qüdrətini yenidən sübut və təsdiq etmişdir.
Yazıçının Azərbaycan xalqı və dövləti
tərəfindən keçirilən 200 illik
yubileyi də həmin qələbənin əyani
görüntüsü və təntənəsidir.
Zaman ƏSGƏRLİ
Ədəbiyyat qəzeti.- 2012.- 19
oktyabr.- S.1.