"Xurşidbanu Natəvan" səhnəyə necə gəldi

 

Oktyabrın 3-ü Azərbaycanın xalq yazıçısı, dramaturgiyamızda lirik-psixoloji məktəbin yaradıcısı İlyas Əfəndiyevin xatirə günüdür. Görkəmli ədib 22 pyesin müəllifidir. Onlardan on doqquzu ilk dəfə Akademik Milli Dram Teatrın səhnəsində tamaşaya qoyulmuşdur. Onun pyeslərinə Ədil İsgəndərov, Tofiq Kazımov kimi görkəmli rejissorlar quruluş vermişlər. Belə rejissorlardan biri də xalq artisti Mərahim Fərzəlibəyovdur. O, görkəmli dramaturqun səkkiz pyesini tamaşaya hazırlamışdır. Həmin pyeslərdən yeddisi ilk dəfə məhz bu tanınmış rejissorun quruluşunda Akademik Milli Dram Teatrda öz səhnə həllini tapmışdır. Tanınmış dramaturqla M.Fərzəlibəyovun ilk birgə yaradıcılıq işi "Xurşidbanu Natəvan"dır.

Əgər Molla Pənah Vaqif Səməd Vurğunun "Vaqif"dən sonra xalqa daha da doğmalaşdı, adı dillərə düşdüsə, Xurşidbanu Natəvan da İlyas müəllimin eyni adlı pyesinin tamaşasından sonra daha da məşhurlaşdı. Əməkdaşımız İlyas Əfəndiyevin xatirə günü ərəfəsində "Xurşidbanu Natəvan" pyesinə ilk quruluş vermiş Mərahim Fərzəlibəyovla görüşmüş, ondan pyesi hazırlarkən görkəmli dramaturqla iş prosesindən söhbət açmasını xahiş etmişdir.

 

  - Böyük sənətkar İlyas Əfəndiyevlə mənim ilk dəfə yaxından tanışlığım 1980-ci ildən başlayıb. Sumqayıt Dövlət Dram Teatrından Bakıya - Azərbaycan Dövlət Dram Teatrına rejissor vəzifəsinə keçirilmişdim. İlyas müəllim biz gənclərə xüsusi qayğı ilə yanaşırdı. Aramızda xoş ünsiyyət yaranmışdı. Bir gün teatrda İlyas müəllim məni yanına çağırtdırıb, əlindəki qovluğu uzatdı:

- Natəvan haqqında pyesdir. Oxu!

Doğrusu, həm İlyas müəllimin nüfuzu, həm də Natəvanın səxsiyyəti məndə bir səksəkə yaratdı. Vəziyyətdən zarafatla çıxmağa çalışdım:

- İlyas müəllim, birdən pyes xoşuma gəlmədi.

O da zarafatla cavab verdi:

- Mən yalnız yaxşı pyeslər yazıram.

Pyesi oxuduqdan sonra mən İlyas müəllimlə görüşüb əsər haqqında fikirlərimi dedim. Soruşdu:

- Bəs sən bu əsəri necə hazırlayardın?

Mən "Xurşidbanu Natəvan"ın səhnə həllinin ilkin variantı haqqında düşüncələrimi bildirdim. Görünür xoşuna gəldi. Beləliklə, bizim ilk birgə işimiz başlandı.

İş prosesində belə qərara gəldik ki, biz Xurşidbanu Natəvanı təkcə bir şairə kimi deyil, böyük bir şəxsiyyət, dövlət işlərini idarə etməyə qadir, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırmağa çalışaq. Şairənin dövründə Azərbaycanın Rusiyanın əsarəti altında olduğunu, Qafqazda bütün idarəetmənin canişin tərəfindən həyata keçirildiyini diqqətə çatdırmaq istədik. Yaradıcı heyətə görə Natəvanla nigah kəsdirən, azərbaycanlılara yaxın kumuk millətindən olan Xasay Usmıyev də canişinin tapşırığı ilə Şuşaya göndərilmiş, ona Xan qızı Natəvanla evlənmək məsləhət bilinmişdi. Demək, Natəvanla Usmıyevin nigahı saf məhəbbət əsasında deyil, siyasi oyunlar əsasında qurulmuşdu. Biz burada Natəvanı uzaqgörən bir xan qızı kimi vermək qərarına gəldik. Yəni Natəvan da canişinə yaxın olan bir insandan Qarabağın taleyi naminə istifadə etmək üçün onunla ailə qurmaqdan imtina etmir. O zaman biz bu məsələləri səhnə sənətinin vasitələri çərçivəsində canlandırmağa məcbur idik. Amma çox keçmədi ki, Azərbaycan müstəqillik qazanandan sonra İlyas müəllim "Hökmdar və qızı" pyesində Ağabəyim ağanın timsalında xalqının taleyi naminə şəxsi xoşbəxtliyindən əl çəkən bir qadın obrazı yaratdı.

Biz Natəvanla Xasay bəy arasında olan daxili konflikti tamaşaçıya çatdırmağa çalışırdıq. Bəs bunu necə canlandırırdıq? Bilirsiniz ki, o zaman xan qızı kişi şairlərin olduğu məclislərdə şeirlər oxuyur, kanallar çəkdirərkən kişi mühəndislərlə birgə yollara çıxırdı. Natəvanı istəməyənlər belə hadisələr ətrafında iftira uydururdular. Dramaturq bizi başa salmağa çalışırdı ki, Xasay Usmıyev özü də Natəvanın təmizliyinə, paklığına inanır. Amma buna baxmayaraq, bütün bunlardan o, qəsdən Natəvanı öz amalından ayırmaq üçün bəhanə kimi istifadə edir.

Hətta İlyas Əfəndiyev Xasay Usmıyevin əmisini də səhnəyə gətirir. O zaman Şeyx Şamilin adını çəkmək çətin idi. Amma İlyas müəllim mənə demişdi ki, pyesdə Qoca Knyaz adı ilə verilən Xasay Usmıyevin əmisi Şeyx Şamilin müridlərindən biridir. Onun məqsədi qardaşı oğlunu, yəni Xasay Usmıyevi ayıldıb vətəninə aparmaqdır. Biz onun bu cəhdindən də konflikti daha da dərinləşdirmək üçün istifadə etdik. Çünki pyesdə Qoca Knyaz kimi verilən bu obraz da xalqına sədaqətli idi. O, Xasayı öz xalqına, millətinə tərəf çəkmək istəyir, Xasaya öz elinin vəziyyətini, yurduna gərəkliliyini anladır, sonra öz əsəbini saxlamayaraq ona - sən burada bir şiə arvadın tumanına girmisən, - deyə acıqlanırdı. Bu sözlər təhqiramiz olsa da, sanki Xasayı da ayıldırdı. O, canişinə deyil öz xalqına xidmət fikrinə düşürdü. Natəvandan ayrılıb Dağıstana gedən Xasay çox keçmir ki, rus dövlətinin siyasəti ilə elə bir hala salınır ki, intihar etmək məcburiyyətində qalır.

Pyesin, tamaşanın ən emosional və konflikti dərinləşdirən, bəlkə də açan səhnələrindən biri də ayrılıqdan sonra Xasay bəy Usmıyevin Natəvana məktubudur: "Beləliklə, hər şey məhv olub getdi, Banu bəyim. İndi məni bu uzaq yerə sürgün eləyiblər. Bu tilsimin sonu görünmür. Mən daha sürünmək istəmirəm, Banu bəyim. Zənn edirəm ki, buna sən də razı olmazdın. Əlvida, Banu bəyim. Heç olmasa, sən möhkəm dayan, Banu bəyim!"

Natəvanı öz təsirinə salaraq öz el-obası üçün gördüyü xeyirxah işlərdən ayırmaq məqsədilə Şuşaya göndərilən Xasay bəy özü Natəvanın təsiri altına düşür. Elə bu məktubdakı sətiraltı mənalardan aydın olur ki, Xasay bəy xalq üçün çalışmağın həzzini Natəvandan öyrənir. Məsafə fərqinə baxmayaraq o, Natəvana mənən yaxınlaşır. Bu məktub tamaşada Natəvanı daha da ucaldırdı. "Heç olmasa sən möhkəm dur". Təkcə bu kəlmələr Xan qızının hünəri ilə kişilərdən də üstün durduğunu təsdiqləyir.

İlyas müəllim konflikti dərinləşdirmək, Natəvanın böyüklüyünü, onun xalqına yaxınlığını göstərmək üçün başqa bir hadisəni də canlandırır. Xasay bəydən ayrıldıqdan sonra Natəvanı varlı-karlı nəsillərdən, hətta şah nəslindən istəyənlər olduğu halda o, kasıb bir insanla, papaqçı Seyid Hüseynlə ailə həyatı qurur.

İlyas Əfəndiyevin Natəvanı başa düşürdü ki, çar üsul-idarəsi ilə mübarizə asan məsələ deyil. Amma əqidəsindən də dönmürdü. O, iki ev qulluqçusuna azadlıq verirdi. Bu özü də uzun müddət təhkimçilik üsul-idarəsini yaşadan Rusiya ilə mübarizə idi.

Şübhəsiz, "Natəvan" pyesi yazıldığı dövrdə Azərbaycan müstəqil ölkə deyildi. Sovet hökumətinin tərkibindəydi. Amma Natəvanın dili ilə İlyas müəllim nə vaxtsa bizim müstəqil olacağımıza işarə vururdu. Natəvan bir-birini sevən iki ev qulluqçusunu - Bəyimlə Daşdəmiri azad edərkən İlyas Əfəndiyev Natəvanın dili ilə deyirdi: "Daha mənə xidmətçi lazım deyil, Bəyim. Gedin ləyaqətlə yaşayın. (Həyəcanla) Gedin, kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur!

Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir".

1978-ci ildə bu sözləri yazıb, 1981-ci ildə səhnədən səsləndirmək o qədər də asan deyildi. O vaxt kim deyə bilərdi ki, Azərbaycan nə vaxt azad olacaq. Amma çoxundan fərqli olaraq İlyas Əfəndiyev bu azadlığa inanır, tamaşaçılarda və biz də bu düşüncəni oyadırdı. Məni də həmin notları vurğulamağa çağırırdı.

Ulu öndər Heydər Əliyev "Natəvan" tamaşasına baxanda dedi ki, İlyas, mən səni ilk növbədə ona görə təbrik edirəm ki, sən Natəvanı dedi-qodudan qurtardın… Natəvanı Qarabağ xanımı və dövlət xadimi kimi göstərdiyinə görə mən sənə minnətdaram.

Amma sonuncu monoloq haqqında öz fikrini bildirmədi. Halbuki o istəsəydi, həmin monoloqu çıxarmağı ən azından tövsiyə edə bilərdi.

Amma bir az keçmiş "Qlavlit" vasitəsilə həmin son monoloqu çıxarmaq istədilər. Bir dəfə İlyas müəllim dedi ki, Mərahim, sonuncu monoloqu işləməliyik. "Qlavlit" zəng edib. Şübhəsiz ki, alqışlarla qarşılanan, bir növ tamaşanın akkordu kimi səslənən həmin monoloqu nə mən, nə də İlyas müəllim çıxarmaq istərdi. Mən hələ baş rolun ifaçısı Amaliya xanım Pənahovanı demirəm. Amma çox keçmədi ki, hansısa bir əl bizi xilas etdi. İlyas müəllim dedi ki, artıq o monoloqa dəymə. Deyəsən ona toxunmaq istəmirlər.

Mənə elə gəlir ki, "Natəvan" haqqında gözəl şeirlər, poemalar, hekayələr, romanlar, monoqrafiyalar yazılsa belə, İlyas Əfəndiyevin "Natəvan" pyesinin yerini verə bilməz. Bu pyes həm tarixilik, həm də bədiilik baxımdan diqqəti çəkdi, Natəvanı xalqa daha çox yaxınlaşdırdı. Əsər dramaturji cəhətdən də güclüdür. Dərin konflikti var. Dialoq və monoloqları mahiyyətcə zəngindir.

Ümumiyyətlə, "Natəvan"ın 1981-ci il quruluşu uğurlu idi. Bu işdə bizim teatr rəssamımız Elçin Aslanovun da xüsusi əməyi vardı. Bilirsiniz, həmin dövrdə İlyas Əfəndiyev səhnədən Cənub məsələsinə toxunan yeganə dramaturq idi. Rəssam dramaturqun bu fikrini gözəl tutmuşdu. Elçin Aslanov bir xalqın ikiyə bölünməsi fikrini qabarıq, bədii cəhətdən isə ustalıqla vermişdi.

Tamaşada fonda bir tərəfdə daşların arasında Voronsovun paqonları, digər tərəfdə İran şahının tacı görünürdü. Hər iki tərəfdə qaysaqlanmış yaralar görünürdü. Onların arasından bir ümid pilləkanı qalxırdı. Onun yuxarısında işıq parlayırdı. Natəvan öz monoloqlarını deyəndə nur gələn həmin pedistala qalxır, oradan salona müraciət edirdi.

Pyesdə İlyas Əfəndiyev Xurşidbanu Natəvanın şairliyinə də böyük yer ayırmışdı. Baş rolun ifaçısı Amaliya xanım Pənahova demək olar ki, Xurşidbanu Natəvanın bütün şeirlərini mütaliə etdi, öyrəndi. Onlardan obraza müvafiq olanlarını İlyas müəllimlə məsləhətləşərək tamaşaya daxil etdik.

Ümumiyyətlə, İlyas Əfəndiyev rejissora, aktyorlara ehtiramla yanaşan, onlara diqqətlə qulaq asan müəllif idi. Tamaşa hazırlanarkən hətta razılaşmadığı halda belə o, rejissorun və aktyorların fikirlərini diqqətlə dinlərdi.

Tamaşanın uğurunda görkəmli bəstəkar Arif Məlikovun da payı vardı. Musiqi ən gərgin anlarda konflikti daha da dərinləşdirirdi. O, Natəvanın sözlərinə iki mahnı yazdı. Həmin mahnılar tamaşada səslənməklə yanaşı, sonralar populyar oldu, müğənnilər tərəfindən oxundu.

Tamaşa güclü aktyor ansamblı ilə də seçilirdi. Amaliya xanım böyük şairənin amalını, mübarizəsini, sənətini ustalıqla çatdırırdı. Digər rolların ifaları da tamaşanın uğurunda az əhəmiyyət kəsb etmirdi. Qoca Knyaz rolunda Ağasadıq Cəraybəyli, Seyid Hüseyn rolunda Əliabbas Qədirov, Knyaz Xasay rolunda Rafael Dadaşov, Hidayət xan rolunda Nurəddin Quliyev, Nəvvab rolunda Ramiz Novruzov, Muradalı rolunda Hacı İsmayılov, Bəyim rolunda Zemfira Nərimanova, Daşdəmir rolunda mərhum aktyorumuz Telman Adıgözəlov, Mixaylov rolunda Ramiz Məlikov və başqaları bir-birindən maraqlı rollar yaradırdılar.

Tamaşa mənim də yaradıcılığımda mühüm rol oynadı. "Xurşidbanu Natəvan" Akademik Milli Dram Teatrda ilk işim idi. Tamaşa uğurlu alındığından kollektiv məni rejissor kimi qəbul etdi. İlyas müəllim yeni yazdığı digər pyesləri də tamaşaya hazırlamağı mənə həvalə etdi. Sonralar müəyyən bir müddət Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunmağıma da ilk cığırı "Xurşidbanu Natəvan" pyesinin tamaşası açmışdı.

Mən bu gün fəxr edirəm ki, gənclik dövründə "Xurşidbanu Natəvan" kimi bir əsəri tamaşaya hazırladım. İlyas Əfəndiyev, Elçin Aslanov, Arif Məlikov kimi sənətkarlarla yaradıcılıq ünsiyyətində oldum.

 

 

Söhbətləşdi: Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2012.- 29 sentyabr.- S.2.