M.F.Axundzadənin ədəbi tənqidi

 

Bu kitabda M.F.Axundzadə (1812-1878) ədəbi tənqidçi kimi təqdim edilir. Həm də onun ədəbi tənqidinə dair əsərləri ilk dəfə olaraq ingilis dilinə çevrilərək çap olunur.

Bu günə qədər M.F.Axundzadədən başlıca olaraq bir mütəfəkkir, sosioloq, tarixçi, dramaturq və yazıçı kimi söz açılmış, onun ədəbi tənqid sahəsindəki görkəmli xidmətlərinə, demək olar ki, etinasızlıq göstərilmişdir. Halbuki əvvəlki tədqiqatlara əsaslanan elmi işimiz göstərir ki, hekayə və pyesləri ilə bərabər, M.F.Axundzadə Şərq ölkələrində ədəbi tənqid sahəsində də müasir Avropa məktəbi yolu ilə gedən ilk yazıçılardan olmuşdur.

Avropa ədəbi tənqidi və elmiliyi baxımından klassik İran ədəbiyyatında heç bir ənənə yoxdur. İslamdan əvvəlki dövrü əks etdirəcək ədəbi tənqidə həsr olunmuş əsər də yoxdur. İslamdan sonra yaranmış əsərlərdə isə ədəbi tənqid, bir qayda olaraq, həddən artıq ümumi və qeyri-müəyyən idi. Yəni onlar daha çox hökmdarların və ya şairlərin məclislərində istehza tərzində özünün açıq zəka sahibi olduğunu bildirmək üçün başqasının nöqsanını göstərən qeyd kimi və ya təzkirələrdə şairlərin tərcümeyi-halı yazılarkən edilən tənqidi qeydlər şəklində olurdu. Bu qeydlər nadir hallarda analitik təfəkkür məhsulu kimi ədəbi dəyərə malik aydın kriteriyaya əsaslanırdı. Əksinə, bir qayda olaraq, onlar mənasız, çeynənmiş şərhlərdən, kobud və təhqiramiz hücumlardan və ya hədsiz və əsassız pərəstişdən ibarət idi. Diqqətəlayiq yeganə əsərlər poeziyanın poetikası və estetikasından bəhs edənlərdir. Bu əsərlərdə başlıca olaraq poeziyanın texniki tərəfindən söz açılır, hərdən poetikanın kritikasına da yer verilir. Onların tarixi əhəmiyyətini qeyd etməklə göstərmək lazımdır ki, ədəbi tənqid sahəsində ənənəsi olan əsərlər kimi diqqəti cəlb etmirlər.

İranda ədəbi tənqidin əsasını qoyan M.F.Axundzadədir. Apardığımız tədqiqatlar imkan verir deyək ki, onun 1866-cı ildə çap olunmuş "Kritika" məqaləsi ölkədə o dövr üçün müasir anlamda ədəbi tənqidə həsr olunmuş, bədii əsərlərin təhlil süzgəcindən keçirildiyi, onlara həqiqi qiymət verilən ilk əsərdir.

Bu məqalədə o, əvvəllər toxunulmamış, bədii əsərlərin forma və məzmunca kəsb etdiyi həqiqi dəyərinə görə qiymətləndirilməsi yolunu tutmuş, ədəbi tənqidə elmilik və müasirlik gətirmişdir. Beləliklə, o, köhnəlmiş, boş, mənasız mövzu kriteriyasını yeni, həqiqi meyarlarla əvəz etdi. Boş, mənasız mühakimələrin yerinə poetika və nəsrdə həyati və dinamik olan əsl tənqid meydana gəldi. İlk dəfə olaraq Axundzadə bədii əsərlərə daxil edilən fikirləri onların ictimai dəyəri, mənası baxımından qiymətləndirərək qeyd edir ki, onların sosioloji dəyərini açıqlamaq ədəbi tənqidin sahəsidir. Axundzadənin fikrincə, əsl tənqid bədii ədəbiyyatda qoyulmuş ideyaların məqbul və ya qeyri-məqbul olduğunu göstərməkdir. Göstərilən dəlillər əsaslı və inandırıcı olmalıdır. Başqa sözlə desək, ədəbi tənqiddə o, dəlil-sübut və faktorlara arxalanır, subyektiv fikirləri və qəti ehkamları ziyanlı sayaraq onlardan çəkinməyi tövsiyə edir.

Axundzadənin tənqidi aydınlığı və hədəfə düz tuşlanması ilə səciyyələnir. Hərçənd ki, bəzi hallarda qeyd edir ki, tənqid islahedici tərzdə olmalı, müəllifin adına, şöhrətinə xələl gətirən yersiz və kəskin ifadələr işlənməməlidir. Lakin o, tənqiddə bu prinsipə ancaq ideyaları ilə razı olduğu müəlliflər haqqında danışarkən riayət edir. İdeyaları, fikirləri ilə razılaşmadığı yazıçı və şairlərə qarşı kəskin sözlər və tənqiddən çəkinmir. Məsələn, Süruşun bu şeirindən hiddətlənən müəllif yazır: "Ey Süruş! Ey lənətə gəlmiş Süruş! Bu nə biabırçılıqdır bizim başımıza açırsan? Əcnəbi ölkələrdə yaşayan məzhəbdaşlarını onların bədbəxtliklərinə görə günahlandıraraq nişangaha çevirməkdə, onları biabır edərək əcnəbilərin gözündən salmaqla nə qazanırsan?"

Axundzadə tənqiddə nəsihət və çağırışa qarşı çıxaraq yazırdı ki, Avropa xalqları elm və inkişafın bu səviyyəsinə nəsihət və çağırışlarla deyil, tənqidlə yüksəlmişlər. Siz Volter, Ejon Syu və Aleksandr Dümanın və eləcə də o qitənin mütəfəkkirləri Bakl, Renan və başqalarının əsərləri ilə tanış olmalı və bu inama tapınmalısınız ki, nəsihətin körpəlik və uşaqlıq dövründən sonra insanın təbiətinə təsiri olmur. Axundzadə nəsihət və çağırışın boş, mənasız və səmərəsizliyi barədə yazırdı ki, əgər məsləhət və nəsihət səmərəli olsaydı, Sədinin "Gülüstan" və "Bustan"ı başdan-ayağa nəsihətlə dolu olduğu halda, İran xalqı niyə 600 ildir ki, onun nəsihət və məsləhətlərinə məhəl qoymamışdır? Hicrətin ilk illərindən bu günə qədər İslama etiqad göstərən ölkəmizdə məscid və məclislərdə üləmalarımız ara vermədən avam camaatı doğru yola və rəftara dəvət edir. Bu nəsihət və məsləhətlər onların təbiətinə təsir edibmi? 1268 illik (hicri tarixi ilə) təşəbbüsümüzün nəticəsi olaraq ortaya nə çıxara bilmişik? Avam camaat arasında həmişə oğrular, quldurlar, qatillər olmuşdur. Bizim nəsihət və çağırışlarla onların təbiətini dəyişmək təşəbbüsümüz əbəsdir.

Müəllif tənqidlə nəsihəti, çağırışları qarşı-qarşıya qoyur və bu qənaətə gəlir ki, tənqidin üstünlüyü və bəhrəsi çoxdur. Axundzadə qeyd edir ki, satirik əsərin gücü onun istehza, rişxənd, gülüş hədəfinə çevirmək tərzində yazılmasındadır. Onların maraqla oxunmasının başlıca səbəbi bundadır. Bu, Avropa mütəfəkkirlərindən götürülmüş bir müəmmadır. Mənim xalqım bu sirdən hələlik xəbərsizdir. O, nəsihət və çağırışları inkar edib tənqidə üstünlük verməsini əsaslandırmaq üçün özünün "Molla İbrahim Xəlil kimyagər" satirik əsərini misal gətirir və bu əsərin timsalında göstərir ki, uzağa getməyə ehtiyac yoxdur. Məsələn, deyək ki, bir xətib ədəb-ərkanla, təfsilatı ilə bir kitab yazaraq xalqa bəyan edir ki, dünyada iksir yoxdur. Başqa bir tərəfdən də əlkimyanı tənqid etməyən, yalnız Molla İbrahim Xəlil əlkimyagərin uydurmalarını yayan bir şəxs peyda olur və əlkimyagərin işlərini istehza ilə qələmə alır. Bu iki əsərin hansı insanların qəlbinə yol tapacaqdır? Aydındır ki, Molla İbrahim Xəlilin uydurmalarından bəhs edən əsər. Çünki o əsər tənqidi və satirik tərzdə yazılmışdır.

Axundzadənin əsərlərində tənqid, satira, istehza, həcv kimi fərqlənən məfhumlar bir-birinin əvəzinə də işlənmişlər.

Bu gün bütün Avropa ölkələrində satiraya həsr olunmuş dərgilərə rast gəlmək olur. Hər həftə onlar həmvətənlərinin düz olmayan davranışlarını tənqid atəşinə tuturlar. Həm Avropa mütəfəkkirlərinin təcrübəsi, həm də şübhə doğurmayan dəlillər göstərir ki, tənqid, satira və rişxənd insanı, insan təbiətini dəyişir, ona mənfi keyfiyyətlərdən azad olmağa kömək edir.

Avropada səhnəyə qoyulan satirik əsərlərdən söz açan Axundzadə tənqid və məzhəkəni eynimənalı məfhum kimi işlətmişdir.

Avropa dövlətləri teatrlar yaratmaq üçün milyonlar xərcləmişlər. Bu teatrlarda kişi və qadınlar öz həmvətənlərinə aid tənqidi və məzhəkəli hekayələri dinləyir, gülməli pyeslərə baxaraq dərs alırlar.

Axundzadənin bu fərqli anlayışları fərqinə varmadan işlətməsinə bir şərtlə haqq qazandırmaq olar ki, onların hamısı tənqidin aparıcı və mütləq aspektləri kimi qəbul edilsin. Müəllifin fikrincə, "nöqsanları üzə çıxarmayan, rüsvay etməyən, satira atəşinə tutmayan, lağa qoymayan tənqid tənqid deyil".

Belə qənaətə gəlmək olar ki, Axundzadə ideyalarının məhz bu cəhəti Volter və Molyerin rus dilinə tərcümə olunmuş əsərlərinin təsiri altında formalaşıb. Axundzadə təsdiq edir ki, istehza və rişxəndsiz tənqid nəsihət və çağırışa çevrilir və yuxarıda deyildiyi kimi, səmərəsini itirir.

İctimai və ədəbi tənqid. Belə məlum olur ki, Axundzadənin ədəbi tənqidinin başlıca qayəsi İran cəmiyyətinin bəlalarını tənqid edərək islah etmək arzusu olmuşdur. Başqa sözlə desək, onun ədəbi tənqidi özünün ictimai rəyinin üzə çıxması idi. Beləliklə, onun ədəbi tənqidə həsr olunmuş bütün məqalələri sosioloji proqnozlarla çarpazlaşırdı. Axundzadə yaşadığı cəmiyyətdə baş alıb gedən haqsızlıqlara, avamlığa, mövhumat və xurafata laqeyd qala bilməzdi. Susmağa məcbur olan yazıçı etirazını tənqid vasitəsilə bildirirdi. O yazırdı ki, bu məsələləri onların nəzərinə çatdırmasan, lazımi nəticə çıxarmır, avam olaraq qalırlar. Nəzər-diqqətlərini belə-belə işlərə cəlb edəndə isə özlərini təhqir olunmuş sanırlar. Nə etməli?! Necə olsa da, vətənin və millətin mənafeyi tələb edir ki, açaq sandığı, tökək pambığı. Bu, tənqidin gücü, məharəti sayəsində mümkün olur.

Axundzadə İranda feodal-patriarxal adət-ənənələrin, mütləqiyyət üsul-idarəsinin hökm sürdüyü bir dövrdə yaşamışdır. Elə bu vaxt Avropa ilə təzadlar, Qərb ölkələrində yaranan və yetkinləşən idarə sistemləri get-gedə ənənəvi İran sisteminin mahiyyətini açıb göstərdi.

Rus dili vasitəsilə Avropa mədəniyyətinin əsasları ilə tanış olan Axundzadə İran cəmiyyətindəki bu nöqsanlara biganə qala bilməzdi. O, siyasətdə, cəmiyyətdə, mədəniyyət və incəsənətdə nöqsanlı saydığı nə varsa, ona qarşı mübarizəni kiçik hekayətlərində, dramlarında, məqalələrində əks etdirmişdir. Xalqına bağlı bu idrak sahibi təəssüflə qeyd edirdi ki, Avropa cəmiyyəti yüksək inkişaf səviyyəsinə yüzlərlə elmi, texniki, fəlsəfi kitabların çapı sayəsində qalxdığı halda iranlılar "Cihl Tuti" kimi məşhur nağılların və ya mövhumatdan bəhs edən "Məsaib-əl-Əbra" və ya "Əbvab əl-Cinan" kimi dini kitabların çapı ilə kifayətlənmişlər.

Avropa və Afrikada tibbə, fəlsəfəyə, riyaziyyata, coğrafiyaya, hərbi elmlərə, gəmiçiliyə, mühəndisliyə, geologiyaya, biologiyaya, mexanikaya, astronomiyaya, kimyaya, başqa texnika və sənayeyə dair kitablar çap olunduğu halda, bizdə əksinə olaraq "Cihl Tuti" və ona bənzər boş, mənasız kitablar çap edilir. Biz "Məsaib əl-Əbra" kitabını ürək ağrısı ilə oxuyub şivən qoparmalı, onun təziyəsini "Əbvab əl-Cinan"la tutmalıyıq. Qoy bizim nadanlığımızdan xəbər verən, ağlımızın çatışmadığını avropalıların nəzərinə çatdıran bu kitablar məhv edilsin, həmişəlik unudulsun.

Zamanın elmi, sənətkarlıq, bədiilik baxımından inkişafını dərk edən, dövrün tələblərini tam aydınlığı ilə duyan M.F.Axundzadə çağdaş şairlərə müraciətlə köhnə, çeynənmiş mövzulardan əl çəkməyi, "Müxtəlif etnik qrupların həyat tərzinə həsr olunmuş əsərlər" yazmağı tövsiyə edirdi. O, ədəbi tənqidində belə əsərlərin nüfuz və əlamətlərini anladırdı. O, uzaqgörənliklə qeyd edirdi ki, əgər bu metod Tehran qəzetləri vasitəsilə İranda da təcrübədən keçirilsə, əlbəttə, bu, şairləri ruhlandıracaq ki, qəzəl və qəsidə yazmağın daşını atsınlar, məsnəvi tərzində - firdovsinin "Şahnamə", Şeyx Sədinin "Bustan" əsərləri kimi müxtəlif xalqların yaşayışı və davranışı barədə əsərlər yazsınlar. Nəsrdə də onlar qafiyə axtarmaqdan, uşaqsayağı mübaliğələrdən tamamilə əl çəkərək arzu olunan məzmun dalınca gedəcəklər.

İctimai, mədəni və ədəbi mühitin təsiri. Axundzadənin təfəkkür aləminin inkişafı və onun formalaşmasında rol oynayan əsas ictimai və mədəni amilləri daha yaxşı anlamaq üçün onun həyat tarixinə qısaca nəzər salmaq xeyirli olardı.

Mirzə Fətəli Axundzadə Şimali Azərbaycanın Şəki bölgəsində Nuxa kəndində anadan olmuşdur. Atası Cənubi Azərbaycanın kiçik Xamnə şəhərindən idi. Orada da tacir olmuşdu. Onun anası da o vaxt hələ İran ərazisi olan Nuxadan idi.

Fətəli valideynlərinin həmin şəhərdə nikahından bir il sonra, yəni 1812-ci ildə anadan olmuşdur. Ailə Xamnə şəhərinə köçəndə onun iki yaşı vardı. Altı yaşı tamam olanda valideynləri ayrılır və o, anasının əmisi, zamanının savadlı mollalarından olan Hacı Ələsgərin himayəsinə keçir.

Fətəli yeddi yaşda olanda Hacı Ələsgər ona fars və ərəb dillərini öyrətməyə başlayır. 1825-ci ildə onu oğulluğa götürən Hacı Ələsgər, Fətəli və anası Qarabağ bölgəsindən Gəncəyə köçürlər. İranın məğlub olduğu və Qafqazın Rusiyanın tərkibinə daxil edildiyi 1826-cı il Rusiya-İran müharibəsindən sonra 16 yaşlı Axundzadə Şəkinin Nuxa kəndinə dönərək orada yaşamağa başladı. 1832-ci ildə Hacı Ələsgər Məkkəyə ziyarətdən öncə Axundzadəni molla olmaq arzusu ilə Gəncədəki dini məktəbə qoydu. Axundzadə öz həyat tarixində yazırdı: "Bu vaxta kimi mən fars və ərəb dillərində yazıb-oxumaqdan başqa bir şey bilmirdim. Mən dünyadan bixəbər idim".

Lakin Axundzadəyə nəstəliq xətlə yazmağı öyrədən Mirzə Şəfi Vazeh onun ruhanilik niyyətindən yayınmağına təsir etdi. Axundzadə özü bu barədə yazır ki, Mirzə Şəfi o vaxta qədər mənim üçün örtülü qalan mətləbləri mənə açdı. Bu, mənim gözümü bağlayan nadanlıq pərdəsinin götürülməsinə gətirib çıxartdı.

Axund Ələsgər Məkkədən dönəndə Axundzadə onunla Nuxaya gəldi. Orada bir il məktəbdə rus dili ilə məşğul oldu. 1834-cü ildə Tiflisə getdi. Tiflisdə Qafqaz Canişininin Baş Mülki İdarəsində Şərq dilləri üzrə mütərcim köməkçisi vəzifəsinə düzəldi.

Bu zaman Axundzadənin dünyagörüşünün yeni mərhələsi formalaşmağa başladı. "Azərbaycan ədəbiyyatı tarixi"ndə göstərildiyi kimi, XIX əsrin 40-cı illərində Tiflis Zaqafqaziyada inzibati və mədəni mərkəzə çevrilmişdi. Tacirlər, səyyahlar, dövlət xadimləri, yazıçı və şairlər Peterburq, Moskva, London, Paris, Berlin, Qahirə, Kəlküt də daxil olmaqla, dünyanın hər yerindən bura axışırdılar.

Qafqaz Canişininin Baş Mülki İdarəsi burada yerləşdiyinə görə, Rusiyanın mərkəzi ilə sıx əlaqəsi vardı. Bu, Tiflisdə siyasi və ictimai dəyişikliklərə təsir göstərirdi. Başqa bir tərəfdən də Qafqaz Şeyx Qazi və oğlu Şeyx Şamil kimi Qafqaz millətçilərinin rus silahlı qüvvələrinə qarşı döyüş meydanı idi. Bir çox yazıçı və şairlər millətçilərin mübarizəsinə rəğbət bəsləyirdi. Onların arasında dekabrist yazıçı və şairlərdən A.A.Bestujev (1792-1837) də vardı. O, Marlinski ləqəbi altında yazır və Axundzadədən Azərbaycan dilini öyrənirdi.

Başqa bir şair də Axundzadənin dostu, şahzadə A.Odoyevski (1802-1839) idi. 1836-cı ilin dekabrında Axundzadə Tiflisdə Qafqaz Dövlət məktəbinin fars və azəri türk dili üzrə müfəttişi təyin olundu və həmin vəzifəni 1840-cı ilin sentyabrında tərk etdi. Müfəttişlik illərində o, "öz qarşısına inkişaf, söz azadlığı və başqa müasir mövzularda əsərlər yazmaq kimi səciyyəvi məqsəd qoyan" rus şairi və dramaturqu Y.P.Polonski (1819-1898) ilə tanış oldu. Tanışlıqla bərabər o, rus dilini dərindən öyrəndi. Bu ona Lermontov (1811-1841), Dobrolyubov (1836-1861), Dostoyevski (1823-1886), Çernışevski (1828-1883), Qoqol (1809-1852), Derjavin (1743-1816) və Belinskinin (1810-1848) əsərlərini orijinaldan oxumaq imkanı verdi. Eyni zamanda onların rus dilinə tərcümələrinin sayəsində Axundzadə Molyer (1622-1673), Volter (1697-1778), Ejon Syu (1804-1857), Monteskyö (1689-1755), Renan (1823-1872), Russo (1712-1778), Mirabo (1749-1791) və Fenelonq (1651-1715) kimi fransız yazıçı və mütəfəkkirlərinin; ingilis yazıçı və filosoflarından Şekspir (1564-1616), Bayron (1788-1824), Hyum (1711-1776), C.S.Mill (1806-1873) və H.Baklın (1821-1862) əsərlərinə yol tapdı.

Rus dilini mükəmməl bilməsi İsveçrə tarixçi və iqtisadçısı C.Sismondinin (1773-1842) iqtisadi görüşlərinə dair məqalə yazmasına imkan verdi.

Axundzadənin əsərlərinə əsasən apardığımız analiz göstərir ki, o, C.S.Millin "Azadlığa dair", eləcə də C.Sismondinin "Siyasi iqtisad" əsərlərindən bəhs etmişdir. Bunlardan başqa heç bir avropalı müəllifdən söz açmamışdır.

Halbuki ədəbiyyat sahəsində birbaşa təsirdən əlavə, əlimizdə olan məlumatlar göstərir ki, rus və Avropa müəlliflərinin əsərləri Axundzadənin yaradıcılığına dolayı yolla da təsir göstərə bilərdi. Məsələn, Puşkinə həsr olunmuş farsca "Şərq poeması"nda Puşkinin "Tilsim" və "Bağçasaray fantanı"na işarələrə təsadüf etməyimiz Axundzadənin Puşkinin əsərləri ilə tanış olduğuna dəlalət edir. Deməyə dəyər ki, Axundzadənin özünün tərcüməsi və Bestujevin redaktəsi ilə bu əsər "Moskovski nablyudatel"də çap olunub. Eləcə də məlumat verilir ki, Axundzadə Molyerin "Burjua Jantilom" və Qriboyedovun "Ağıldan bəla" əsərlərinə Tiflis teatrında baxıb. Həmin teatr görkəmli rus və Avropa dramaturqlarının - Qoqol, Ostrovski, Molyer və Şekspir daxil olmaqla - bir çox başqa əsərlərini də səhnələşdirib. İnanmağa əsas var ki, o, bu əsərlərin çoxunu görüb və onlardan təsirlənib. Nəticədə 1850-1856-cı illər arasında o, "Təmsilat" adı altında altı pyes yazmışdır. 1857-ci ildə "Aldanmış kəvakib"i yazdı və beləliklə, Azərbaycan və İranda Avropa tərzdə nəsr və dramaturgiyanın əsasını qoydu.

 

 

İrəc Parsinejad

Tokio Universitetinin

Professoru

 

(Ardı var)

 

Ədəbiyyat qəzeti.- 2012.- 29 sentyabr.- S.3.