M.F.Axundzadə-200
M.F.Axundzadənin
anadan olmasının 175-ci ildönümü 1987-ci ildə Azərbaycanda
dövlət səviyyəsində qeyd edilərkən əcnəbi
qonaqlar arasında ehtiramla qarşılanan iki nəfər
vardı. Onlar Axundzadələr nəslinin nümayəndəsi
Pərirux xanım və onun həyat yoldaşı - Tokio
Universitetinin professoru İrəc Parsinejad idi. Görkəmli
alim Azərbaycandan dönəndən sonra M.F.Axundzadənin ədəbi
tənqidinə həsr olunmuş "Kritika",
"Risaleyi-irad" ("Tənqid risaləsi"),
"Mollayi Ruminin və onun təsnifinin babında", "Nəzm
və nəsr haqqında" və s. kimi on məqaləsini
ingilis dilinə çevirərək "M.F.Axundzadənin ədəbi
tənqidi" adı altında ABŞ-da nəşr
etdirmişdir (kitabı bizə görkəmli alimimiz,
AMEA-nın müxbir üzvü, mərhum professor Yaşar
Qarayev vermişdi).
Onu demək
lazımdır ki, M.F.Axundzadənin tənqidi görüşlərini
əks etdirən bu əsərlər ilk dəfədir ingilis
dilinə tərcümə edilib çap olunur. Orta Şərq
seriyasından (№-17) "Cahan kitab şirkəti"nin 1988-ci
ildə nəfis şəkildə buraxdığı kitaba
professor İrəc Parsinejad sanballı giriş məqaləsi
yazmışdır.
Professorun
giriş məqaləsində "İctimai və ədəbi
tənqid", "İctimai, mədəni və ədəbi
mühitin təsiri", "Axundzadə və ədəbi-tənqid",
"Axundzadənin ədəbi tənqidi baxışlarına
dair qeydlər" kimi çox maraqlı bölmələr
vardır.
Əsərin
"Nəticə" hissəsində isə alimin gəldiyi
qənaətlər yer alır.
Məqalədə
bir-iki mübahisəli məsələyə də təsadüf
edilir. Məsələn, tənqidçi göstərir ki, M.F.Axundzadənin
"Şərq poeması" A.Bestujevin redaktəsi ilə
"Moskovski nablyudatel"də çap olunub. Əslində,
bu məcmuədə 1837-ci ildə dərc edilən "Şərq
poeması" M.F.Axundzadənin özünün fars dilindən
nəsrlə rus dilinə çevirdiyi variantdır. Tərcüməni
o zamanlar Axundzadəylə bir idarədə
çalışan rus yazıçısı
İ.İ.Klementyev heç bir dəyişiklik etmədən
adı çəkilən məcmuəyə göndərmişdi.
Redaksiya heyəti tərcüməni bəyənib jurnalın
11-ci nömrəsində İ.Klementyevin kiçik bir rəyi
ilə vermişdi.
Bestujev-Marlinskinin
tərcüməsi isə 1874-cü ildə "Russkaya
starina" məcmuəsində çap olunmuşdu.
Mollayi Rumi,
Vaqif və Qasım bəy Zakirlə bağlı məsələlərdə
də tədqiqatçı ilə mübahisə etmək
olar. Məsələn, İrəc bəy yazır ki, Rumi
öz fikirlərini üstüörtülü verdiyinə
görə Axundzadə onu tənqid edib. Əslində isə
M.F.Axundzadə Ruminin "Məsnəvi"sində öz
fikirlərini məharətlə üstüörtülü
bir şəkildə verməsinə heyran olduğunu
bildirmişdir. O, Ruminin idealizmini tənqid etmişdir.
Eyni zamanda
demək lazımdır ki, İrəc bəyin öz
sözündə M.F.Axundzadənin bir sənətkar kimi irsi
milli ədəbiyyatımızdan daha artıq İran ədəbi
fikrinin kontekstində araşdırılmışdır.
Göstərilənlər
professor İrəc Parsinejadın tutarlı dəlil-sübutlarla
M.F.Axundzadəni islam aləmində ən görkəmli
simalardan biri kimi açıqladığı bu əhatəli
məqaləsinin qiymətini azaltmır. Şübhəsiz,
iranlı tədqiqatçının böyük mütəfəkkiri
amerikalılara və eləcə də ingilisdilli başqa
xalqlara necə tanıtması hamını
maraqlandıracaqdır. Professor İrəc Parsinejadın
ingilis dilindən çevirdiyim ciddi elmi əhəmiyyətə
malik məqaləsini bir neçə il əvvəl kiril əlifbası
ilə Azərbaycanda sabitliyin hələ təzə-təzə
bərqərar olduğu bir zamanda, o vaxtlar "Ədəbiyyat
qəzeti"nin oxucularına təqdim etmişdim (23 dekabr
1994, 6 və 13 yanvar 1995). Şübhə yoxdur ki, professor
İrəc Parsinejadın bu sanballı əsəri tədqiqatçıların
marağına səbəb olacaqdır.
Qəzənfər Paşayev
Ədəbiyyat qəzeti.- 2012.- 29
sentyabr.- S.3.