Nizami Gəncəvi - 870

 

Moskvada dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Respublikamızın səfirliyi yanında Nizami Gəncəvi abidəsi önündə təşkil olunmuş təntənəli tədbiri ölkəmizin Rusiya federasiyasındakı səfiri Polad Bülbüloğlu açaraq demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Nizami Gəncəvi yubileyi təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da qeyd olunur.

Sonra səfir Nizami ədəbi irsinin geniş miqyasda yayılmasından, dünya şöhrətindən, Avropa mədəniyyətinə təsirindən danışmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar böyük şairin qələmə aldığı əsərlərində dünyanın qlobal mənzərəsini yaratdığı kimi, özünün də dünyanın əbədi vətəndaşı olduğunu demişdir.

Sonra Moskva Yazıçılar İttifaqının sədri Yevgeni Sidorov, professor Tofiq Məlikli, tanınmış şairə və tərcüməçi Alla Axundova zəngin Nizami yaradıcılığı barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Axırda Azərbaycan səfirliyi tərəfindən ziyafət təşkil olunmuşdur. Yubiley tədbirləri çərçivəsində Moskvadakı "Bakı" kinoteatrında Azərbaycan nümayəndə heyətinin üzvləri Moskvada yaşayan yazıçı həmvətənlərimizlə görüş keçirmişlər.

Görüş Ümumrusiya Azərbaycan Konqresi və "Şəhriyar" cəmiyyəti tərəfindən təşkil olunmuşdur.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 29 sentyabr.- S.4.