Qəsidə

 

Ey fələklər sevən nə qədrin var!

Ey mələklər deyən kəs alqışlar!

 

Çərx tiri səni mehr ilə süzər,

O, səmada səninlə tapdı qərar.

 

Sən buluddan çıxanda inci kimi,

Kor paxıllar yanından oldu kənar.

 

Sən vəfa etmə, canda mehr olmaz.

Mehrin ilə Qivami könlü bahar.

 

Düşmənin sübhü səndən axşamdır,

Bəd deyənlərçün oldu güllər xar.

 

Yudu dünyanı ədlin afətdən,

Olmadı xatirində zülm, azar.

 

Kimi zülm etdi xəstə, sən dərman,

Mülkə düşmən səninlə dərd tapar.

 

Sən döyüş vaxtı qalxıb atlansan,

Yerdə qalmazmı onda çox başlar.

 

Səcdənə durdu xalq qarşında,

Çoxları canına can etdi nişar.

 

Harda olsan, həmişə ol qalib,

Dağ verə ruhuna dağlarca qərar.

 

Həsəd eylər bu çərx, ulduzlar,

Fəthinə şükr edər bu ölkə, diyar

 

Qəlb odundan alovlanır peykan,

Düşmənə yağdırır bəla oxlar.

 

Bir zəif bəxtin ilə ölkəyə xan,

Dar dalan qədrin ilə gen yol olar.

 

Xidmətindən sənin qaçırmaz baş,

İstəsən lap tikan sifət tut, yar.

 

Hərb vaxtında bəxt xəznə verər,

Oldu qalib himayə eylədi yar.

 

Güclü kimdir savaşda bəlli olur,

Xəznədən doğru rəy qüvvət alar.

 

Ölkə ədlinlə tapdı qayda, nizam,

Ədlin üçün nə lazım özgə qərar.

 

Tapdı dövlətlə söz müdam qüvvət,

İçdimi and zaman, oldu bu var.

 

Sən qızıl bəxş edən zaman, ey şah,

Bir bulud görsə, bəs ondan nə yağar?!

 

Sən səbəbsiz zülüm etdin mənə çox,

Görmədin məndən axı bir azar.

 

Düşmənə rəhm edib də, qırma məni.

Düşmənə böylə mərhəmətmi olar?!

 

Düşməni hökmünə sən et tabe,

Fırlanan çərx verir böylə qərar.

 

Mehr, kinin-yelə ver torpaq tək

Qəhr, lütfün - su içrə bil odlar.

 

Xeyrini kim dilərsə, olsun əziz,

Kim yaman gün dilərsə, olsun xar.

 

Ay şikayətçi olsa dövründən,

Tulla boğsun cahan, bu dəd xunxar.

 

Bundan, ondan deyil bu çərx, balıq,

Yoxdur onlarda bir davam, qərar.

 

Bəlkə nərdinlə tapdı təmkin çərx,

Bəlkə göydə zərinlə Ay oynar?!

 

Sən səadət atı minsən mütləq,

Tez səadətdən onlar oldu kənar.

 

Geyər axşam-səhər sifət sarı don,

Səhər-axşam sifət qaranlıq olar.

 

Ömrünün bağı daim açsın gül,

Pis göz ondan iraq! Gətirmiş bar.

 

Amma lütfünlə, ey xəyalı uca!

Gör nə bol meyvələr verər bağlar!

 

Versə qəhrin bu yerdə hökm sənin,

İstəsə asimanı bəndə salar.

 

Candan eşq ilə, mən dedim, bezdim,

Dedi: - Candan olar sevən bizar.

 

Bir günəş tək qılıncı çək, nur saç,

Qalmasın yerdə dəxi qüssə-qubar

 

Nə balıq qurtarar bu meydandan?!

Qırdı hər çərxi ayrı çərx, ey yar,

 

Gecə boylandı gündüzündə sənin,

Gül gətirdi səninlə, gördük, xar.

 

Çərx isən, bəs nədən haman düşmən?

Ay isən, bərk arıq nədən yağılar?

 

Düşmənin, həm sənin yerin var uca,

Səndə taxt oldu, onda olmuş dar.

 

Kəsmək, asmaq gələr, yerin məlum,

Hərbə girsən sənintək atlımı var?!

 

Bəxt atı mindin, ölkənin qolusan,

Qalxdı cəld, oldu himmətin də süvar,

 

Fikrin olmuş zamanda ədl, insaf,

Xəznəyə qarşı əllərin qəddar.

 

Sən çaparsan səməndi, qalxar toz,

O toz ağlın gözündə sürmə olar.

 

Görmədi çərx kimsə səndən uca,

Ey fələk! Yaxşı saxla, hər necə var!

 

Tapdı qiymət onunla taxt ilə tac,

At, kəmər gördü qədr, həm miqdar.

 

Əlləri ərz edər hünər, qüdrət,

Ədl, iqrar, səxavətdə əyar.

 

Zöhrədən lütf alıb, Günəşdən nur,

Əl bulud, dağdır onda əzm, vüqar.

 

Gül gülündən götürdü şərm, həya

Ay tutar güzgü, çərx zülf darar.

 

Su ola düşmən, o neylər oduna?!

Bir ilan möhrəsi Gündən nə alar?

 

Hamı asudə Gün tutulmaqdan,

Yerə bəxş eyləməz bəla o xumar.

 

Ey olan qiblə xoş məqama mudam,

Qibləsən harda varsa fəqr, kübar.

 

Dikgəzən kimsələr sənin nökərin,

Göydə ulduz o hüsnə güzgü tutar.

 

Canla-başla müdam çəkər zəhmət,

Ola bəxşişi cəhd edər dinar.

 

Bir xəzan tək ağıl gəlir qapına,

Sanki bütpərəsti cəzb edir bahar.

 

Tüstülər, dalğalar könül, gözdə,

Oldu bundan buludla dərya xar.

 

Getdi qəlb ahusu bir salsa nəzər qəlbimizə,

Yaxşı olmazmı qaça arxasınca bir dilbər.

 

Əqrəbin qəlbinə göz diksə ürəksiz sevgi,

Çevrilib nifrət olar, sevgi ürəkdən də gedər.

 

Nədir o dövr, onun qəhri bu yaxşılar ilə,

Nədir o xırda əməl ki, çox onun xeyri olar.

 

Hər nə çiy onda, əql üçün bişkin,

Hər nə məst onda, əql üçün huşyar

 

Qırsa bir qəlbi, eyləyər dərman,

İstər olsun həmişə xoş ruzgar.

 

Dərdli dinclik tapar verərsə əzab,

Zirək insanı qoymaz olsun xar.

 

Dərdi qəlbə sevinclə rahatlıq,

Atəşi qəlb üçün sərin su olar.

 

Bir dua misli yol gedər atsız,

Yolsuz ölçər qəza kimi yollar.

 

Nərələr ondan ötrü musiqi,

Ney səsi ondan ötrü nəğmə olar.

 

Eşq onun əslidir, kəsər mənzil,

Əql qəmgindir, amma zənn qəmxar.

 

Sevmişəm mən, o, yarım olmuşdur,

Xoş olar, düşmən olmasın heç yar.

 

Nərgizindən gözümdə bitdi xumar,

Susənindən könüldən itdi qərar.

 

Yarəb, o, nərgiz ola, ya cadu!?

Yarəb, o, susən ola, ya gülnar!?

 

Məni yandırdı eşq odu, nə sözün?

"Bəllidir, hər sevən yanar naçar."

 

Ondan ayrı saraltdı dərd məni,

Dərd güc gəldi, qəlbim ağlar zar.

 

Düşdü gücdən sevincimin bədəni,

Bəxt açan güllər artıq olmuş xar.

 

Yar göstərdi nazlı qəmzəsini,

Axdı yerlərdə gözdən al qanlar.

 

Getdi baş, eyləməz nigar ülfət,

Getdi qəlbim, o yarım olmur yar.

 

Göstərir fəth üçün qılınc bu fələk

Bax, qılınc oynadır bu cür şahlar.

 

Olmadı vəsli qismətim əsla,

Müftə üz göstərən deyil dildar.

 

Göstərərsə o hüsn şahı camal,

Sirrim onda üzündə əks olunar.

 

Mən də vurğun o hüsnə, göylər də,

Məndə, həm onda yox dözüm, nə qərar.

 

Zülfü tək həm başım mənim aşağı,

Qismət amma o zülfə gül, mənə xar,

 

Olur Ay gah o yarımın üzü tək,

Gah mən tək zəif, arıq, donqar.

 

Mən kimi zülfü bənd olub üzünə,

Onda, həm məndə qeyb səbir, qərar.

 

İki şeydən gərək çəkim qəmlər,

Göz buluddur, könüldə min qəm var.

 

O dodaqlar da varlıdır gözü tək,

Bunda su, onda incilər parlar.

 

Bunda dürr parlaq, onda su qara rəng,

Bu, haçan dillənər, nə vaxt o ağlar.

 

Ya verər, ya alar, tutar, buraxar,

İşi olsun həmişə, bax, bu qərar

 

Mən kiçikdən kiçik hey eşqiylə

Yaşaram, ondan ayrıyam naçar.

 

O içir qan, yeyir könül qəmlər

Məndən o, şad, onunla mən qəmxar.

 

Can-ciyər yumdu göz bu dünyaya,

Dərdi ilə nigarın, ey fərxar.

 

Həm ürək xəstə, həm bu can dərdli,

Qəmli qəlbim bu dərdə qan ağlar.

 

Saçlarım qəmdən oldu südtək ağ,

Qəmdən amma ürəkdə qır rəng var.

 

O, bəla gördü, ayrı rəng aldı,

Bu, cəfa gördü, tapdı qüssə-qübar.

 

Şah Qızıl Arslan ki, qəlbi, əli

Düşməni hər kim olsa, heç nə sayar.

 

Qəti fikri bu çərxə söylədi: - Dur!

Əzmi torpağa verdi dövrə mədar.

 

Dürr olursa həmişə dəryada,

Bəs nədəndir o əldə dürr parlar!?

 

Ona birdir savaş da, ov da müdam;

Ola ov, ya savaş, de, fərqimi var?!

 

Çəksə dürlər, həya edər dərya,

Sərvət eylər həmişə dövrə nisar.

 

Bədrə-bədrə qızıl verər buluda,

Məclisə Dəclə-Dəclə mal daşıdar.

 

O qızıldan utandı göydə bulud,

Etdi o Dəclə-Dəclə Dəcləni xar.

 

Düşmən olmuş mənimlə dövr, ey şah,

Qəmlə ömrüm keçir mənim naçar.

 

Düz dolanmır mənimlə kəc dövran,

Getsə nolar əlinlə qüssə-qübar?!

 

Ta Günəş göydə nur saçır daim,

Ta ki, göylərdə çoxlu sirlər var,

 

Dün-gün olsun işin müdam bəxşiş!

Aylar-illər sevincə ol sən yar!

 

 

Qivami Gəncəvi Mütərrizi

       

Tərcümə edəni: Xəlil YUSİfLİ

 

Ədəbiyyat qəzeti.- 2012.- 29 sentyabr.- S.4.