"Mədəniyyətlərin dialoqu şəraitində türk dünyasında fəlsəfi və mənəvi dəyərlər"

  

Sentyabrın 27-də Bakıda, "Kempinski Hotel Badamdar"da "Mədəniyyətlərin dialoqu şəraitində türk dünyasında fəlsəfi və mənəvi dəyərlər" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.

Konfrans Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının birgə təşəbbüsü, Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunmuşdur.

Konfransı açan Azərbaycan fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AfSEA) idarə heyətinin sədri, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd türk dünyasının müxtəlif bölgələrində yaşayan filosoflar arasında əlaqə yaratmaq, bəzi ortaq problemləri birgə səylərlə həll etmək, ümumbəşəri fəlsəfi fikrin inkişafına töhfə verməklə yanaşı, milli dəyərlərlə bağlı araşdırmalar aparmaq, ortaq türk fəlsəfi terminologiyasının formalaşdırılması məqsədilə xüsusi komissiya yaratmaq və gələcəkdə yüksək elmi-nəzəri tələblər səviyyəsində beynəlxalq fəlsəfi jurnal nəşr etmək üçün hazırlıq işləri görməkdir. O qeyd etmişdir ki, bütün bu məqsədləri həyata keçirmək üçün, ilk növbədə, təşkilatlanmaq zəruridir. Bunun üçün isə türk dünyasının vahid fəlsəfə cəmiyyəti yaradılmalıdır.

Bakıda türkdilli filosofların bu cür yüksək səviyyəli görüşünün artıq ikinci dəfədir ki, keçirildiyini vurğulayan S.Xəlilov qarşıya qoyulan məqsədlərə nail olunması baxımından tədbirin əhəmiyyətini qeyd etmişdir.

Türkiyənin Vatikandakı səfiri, tanınmış filosof Kənan Gürsoy bildirmişdir ki, qloballaşma şəraitində bütün fəaliyyət sahələrində inteqrasiya prosesi getdiyi kimi, fəlsəfi tədqiqatlar sahəsində də fəaliyyətlərin əlaqələndirilməsi olduqca vacibdir. Lakin belə inteqrasiya, ilk növbədə, eyni fəlsəfi irsi bölüşən doğma xalqların aralarında getməlidir. Hazırda hər ölkə, hər xalq öz milli fəlsəfi fikir tarixini tədris edir, gənc nəsli məhz milli düşüncə ənənələri zəminində yetişdirməyə çalışır. Bu, həm də fəlsəfə tarixinə milli prizmadan yanaşmaq təşəbbüsüdür. K.Gürsoy demişdir ki, türk xalqlarının fəlsəfi fikir tarixində ümumi cəhətləri çox olduğundan bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir.

Qazaxıstan fəlsəfə İnstitutu direktorunun müavini Serik Nurmuratov ölkəsində türk fəlsəfi irsinin öyrənilməsi sahəsində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, indiyədək bu sahədə 20-dən artıq kitab nəşr olunmuşdur. İki ölkənin akademik institutları arasında əlaqələrdən söz açan S.Nurmuratov qeyd etmişdir ki, Almatıda çıxan "fərabi" və "İnsan aləmi" jurnalları AfSEA-nın "Fəlsəfə" jurnalı ilə sıx əməkdaşlıq edir.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun alimlərimiz arasındakı əlaqələrin bütövlükdə Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir. Diplomat vurğulamışdır ki, siyasi, iqtisadi, mədəni-mənəvi sahələrdəki əməkdaşlığın təməlində məhz ideya yaxınlığı, fəlsəfi dünyagörüşünün ümumiliyi dayanır.

TİKA-nın sədrinin köməkçisi Mehmet Süreyya Er təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Sonra mükafatlandırma mərasimi olmuşdur. Türk fəlsəfi fikrinin araşdırılması və təbliğindəki xidmətlərinə görə Kənan Gürsoy və "Şərq fəlsəfəsi problemləri" jurnalının təsisçisi və baş redaktoru Zümrüd Quluzadə AFSEA-nın fəxri diplomu ilə təltif edilmişlər.

Mükafatları sahiblərinə təqdim edən Milli Məclisin deputatı fəttah Heydərov türk dünyasının filosof alimlərinin bu cür görüşlərinin əhəmiyyətini vurğulamışdır.

Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın moderatorluğu ilə keçən "Qlobal etikatürk mədəniyyəti" adlı bölmə iclasında "Türkdilli xalqların fəlsəfə tarixinin tədqiqi, tədrisi və təbliği", "Qazaxıstanda türk fəlsəfəsi: mövcud durum, problemlər, perspektivlər", "Etik bir dəyər olaraq tolerantlığın fəlsəfi dialoqa töhfəsi" mövzularında məruzələr dinlənilərək müzakirə edilmişdir.

Müzakirələrə yekun vuran Rəbiyyət Aslanova bildirmişdir ki, türk dünyası filosoflarının mütəmadi olaraq bir araya gəlmələri, mövcud problemlərin həlli, ümumbəşəri fəlsəfi fikrin inkişafı, milli dəyərlərlə bağlı araşdırmaların aparılması istiqamətində əməkdaşlıq yollarını müzakirə etmələri olduqca vacibdir. Rəbiyyət Aslanova mədəniyyətlərin dialoqu şəraitində alimlər arasında əlaqələrin daha da möhkəmləndirilməsinin qarşıya qoyulan hədəflərə nail olunmasında önəmini qeyd etmişdir. Konfransın "Etika, mənəvi dəyərlər və milli maraqlar" adlı digər bölmə iclasında "Mənəvi dəyərlərin böhranı müasir fəlsəfənin böhranı kimi", "Qlobal problemlər və milli düşüncə", "Dinlərarası ziddiyyətlərin genezisi və səbəbləri", "Sosial-mədəni dəyişiklik prosesində əxlaq", "Humanitarsosial elmlərin inteqrasiyası mənəvi dəyərlərin yeni inkişaf istiqaməti kimi" və digər mövzularda məruzələr dinlənilmişdir.

Beynəlxalq elmi konfrans işini sentyabrın 28-də davam etdirəcəkdir.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 29 sentyabr.- S.5.