Böyük
şairin xatirəsi
Bir
qayda olaraq insanlar şəhərləri, ölkələri ilə
tanınırlar. Məsələn, Puşkin, Lermontov,
Dostoyevski, Çexov, Tolstoy, Qorki Rusiya ilə, Napoleon Bonapart,
XV Lüdoviq, Viktor Hüqo Fransa
ilə, Bethoven, Kant, Nitsşe Almaniya ilə, Şekspir, Cek
London, Vilson İngiltərə ilə tanınırlar. Amma az
da olsa, bəzən ölkələr, şəhərlər,
kəndlər insanlarla tanınır, məşhurlaşırlar.
Naxçıvan kimi. Doğulduğu şəhərin
yaşı beş min ildən çox olsa da, onu daha çox
yetişdirdiyi, bəslədiyi, böyütdüyü insanlarla
tanıyırlar - Əcəmi Əbubəkir oğlu, Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli,
Heydər Əliyev kimilərilə.
Adları
çəkilən şəxsiyyətlərin hər biri qədim
Naxçıvana bir qat artıq şöhrət gətirmiş,
onu şərəfləndirmişlər. Bunların hər
biri haqqında cild-cild kitablar yazılıb, yazılır,
yazılacaqdır. Amma biz onlardan biri haqqında
danışacağıq - Hüseyn Cavid haqqında. O,
doğulub-böyüdüyü Naxçıvanı, Əlixan
məhəlləsini, özündən sonra bu məhəllədə,
bu şəhərdə fəaliyyətə başlayan müəssisələrlə
də, eynilə Hüseyn Cavid adına məktəb,
küçə, kənd, məqbərə və daha necələri
kimi. Bunların arasında bir mədəniyyət ocağı
da var, ən gənc, amma ən yaxın - Hüseyn Cavidin ev
muzeyi.
9
iyun 1984-cü il. Naxçıvanın ədəbi-mədəni
həyatında yeni bir səhifə yazılır. Yarım əsrə
yaxın bir keçmişdə Azərbaycan tarixindən
silinib atılmağa çalışılan bir şəxsiyyətin,
XX əsr Azərbaycan ədəbiyyatının dahilərindən
biri, Stalin repressiyasının qurbanlarından olan Hüseyn
Cavid əfəndinin ev muzeyi açılır.
Muzeyin
açılışı çox təntənəli qeyd
edilir. Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi
Qəhrəmanı Mirzə İbrahimov, xalq
yazıçısı Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas
tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, xalq
artisti Vera Şirye, əməkdar artistlər Hamlet Xanızadə,
Ramiz Məlikov, Əminə Yusifqızı və Hicran
Mehbalıyeva, həmçinin qonşu respublikalardan gəlmiş
qonaqlar - Özbəkistan SSR-in xalq yazıçısı Səid
Əhməd, Ukraynanın xalq artisti Anna Nikolaya, Litva SSR-dən
gəlmiş yazıçı Pronas Raşşyus,
Gürcüstan SSR-dən Roman Miminoşvili və Süleyman
Süleymanov və başqaları iştirak edirlər.
Görəsən
bir gün əvvəl Bakıda, sonra isə yəni 9 iyun
1984-cü ildə Naxçıvanda çox böyük bir təntənə
ilə qeyd olunan bu tədbirdə iştirak edən minlərlə
insanlar hansı bir tarixi hadisənin iştirakçısı
olduqlarının fərqindədirlərmi?
Keçən
əsrin 80-ci illərini Azərbaycanın XX əsr intibah
dövrü adlandırsaq, səhv etmərik, çünki bu
onillik sözün həqiqi mənasında XX əsrin
qanlı-qadalı ilk onilliklərindən
çırpınıb çıxmaq, özünü
toplamaq və irəliyə doğru sıçramaq dövrü
olmuşdu. "İnqilab" adlandırılan, əslində
dünyanın alt-üst olduğu əsrin ilk iki onilliyi,
kollektivləşmə və islahatlar adı ilə keçən
sonrakı iki qanlı onillik, bundan sonra gələn və
yalnız iblisin hökmranlığı deyə biləcəyimiz,
repressiya və müharibələrlə tarixin qan
yaddaşına çevrilən 30-40-cı illər və nəhayət,
bəşəriyyətin özünə gəlməsi
üçün keçən üç onillik.
XX
əsrin əvvəllərindən başlayaraq
xalqımızın yaşadığı faciə 80-ci ildən,
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi - Azərbaycanın
birinci şəxsi seçilməsindən sonra başa
çatdı və bundan sonra bir çox islahatlar kimi, həm
də hafizə bərpası ilə yeni bir mərhələyə
qədəm qoydu. Məhz həmin dövrdə Cəlil Məmmədquluzadə,
Firidunbəy Köçərli,
Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, Əbdürrəhim
bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Ruhulla
Axundov, Ülvi Rəcəb, Tağı Şahbazi, Hüseyn
Cavid və onlarla başqa ədəbiyyat, mədəniyyət,
incəsənət xadimləri yeni sovet nəslinin pozulmuş,
silinmiş hafizəsinə yazılmağa başladı. Əsərlər
nəşr edildi, səhnəyə qoyuldu, ekranlaşdırıldı,
heykəlləşdi...
Azərbaycan
xalqı, daha sonrakı illərdə artıq SSRİ adlanan
böyük coğrafiya Azərbaycanın XX əsr nəhənglərini,
o cümlədən də bu nəhənglər içərisində
nəhəng olan Hüseyn Cavidi özü üçün kəşf
etməyə başladı. Hüseyn Cavidi silmək, məhv
etmək, yox etmək, onu və onun kimiləri yox etməklə
özlərini var etməyi planlaşdıranların arzusu
içlərində qaldı.
1956-cı
ildə ölümündən sonra hüquqi bəraət alan
Hüseyn Cavid həqiqi, mənəvi bəraətini ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
ilk illərində - 1980-ci ildə aldı. Onun birbaşa
tapşırığı əsasında 1980-ci ilin
axırları və 1981-ci ilin əvvəllərində
H.Cavidin 1919-cu ilədək fasilələrlə
yaşadığı Naxçıvan şəhərinin qədim
Əlixan məhəlləsində, Bazar çayının kənarındakı
evdə təmir işləri aparılaraq ədibin ev muzeyinin
təşkili işinə başlanıldı. 1981-ci ilin iyul
ayının 21-də isə Heydər Əliyevin Hüseyn
Cavidin anadan olmasının 100 illiyi haqqında verdiyi və
imzaladığı Azərbaycan KP MK-nın 1980-ci il 25 dekabr
tarixli qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin
1981-ci il 13 fevral tarixli müvafiq sərəncamı Hüseyn
Cavidin ev muzeylərinin təşkil olunması
üçün əsas oldu. Beləliklə, 30 il əvvəl
verilən bir qərar Azərbaycan ədəbi, mədəni,
fikir tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət
ocaqlarının sırasına daha bir müqəddəs ocaq
- Hüseyn Cavidin ev muzeyini əlavə etdi. Cavid əfəndinin
ev muzeyi oldu.
Hüseyn
Cavid ev muzeyi xalqa, müasir və gələcək nəsillərə
bu şəxsiyyəti tanıdacaqdı, Azərbaycanın
keçmişini, bu gününü və gələcəyini
tanıdacaqdı.
Ev
muzeyi mədəniyyət abidələri arasında xüsusi
yeri və rolu olan bir ocaqdır. Ev muzeyi aid olduğu şəxsin
həyat aynasıdır, bura gələnlər onun doğulub
boya-başa çatdığı hər qarışda təkcə
onun deyil, onun ana-atasının, baba-nənəsinin, qohum-əqrəbalarının
da nəfəsini duyur, səsini eşidirlər. "Bax, o,
burada doğulmuşdur, burada ilk addımlarını
atmış, burada, bu qabda yemək yemiş, paltarlarını
bu dolabda saxlamış, bu pəncərədən həyatın
reallıqlarına baxmışdır. Hələ bu
xalça! Onun üstündə nənə ona hansı
nağılları danışmış, baba ona hansı nəsihətləri
etmişdir... O, anasının bu samovarda qaynatdığı
çayı bax, bu stəkanda ləzzətlə
içmiş, həyətdəki bu heyva ağacına
çıxmış, anası "Aşağı en, indicə
yıxılacaqsan!" - deyə fəryad etmişdir...
"Bax, bu masa, bu qələm, bu mürəkkəb qabı
gecələr sübhədək onun iztirablarını
kağıza köçürmüş, bu lampa onun qələminin
gəzdiyi kağızın üzərinə işıq
salmışdır.
Bu
xəyalları daha da genişləndirmək, çoxaltmaq
olar. Amma hər şeydən əvvəl, ev muzeyi adını
daşıdığı şəxsin hansı xalqa, hansı
mədəniyyətə, hansı ölkəyə məxsus
olduğunu əks etdirir. Buna görədir ki, Hüseyn Cavid ev
muzeyindən başqa, Heydər Əliyevin diqqəti və
qayğısı sayəsində qədim
Naxçıvanın XX əsr tarixinin ən böyük
şəxsiyyətlərinin - ədəbiyyatımızın
korifeylərindən Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin,
nəhəng sərkərdə Cəmşid
Naxçıvanskinin, böyük rəssam Bəhruz Kəngərlinin
ev muzeyləri də açılmış, tariximizə, onun
böyük şəxsiyyətlərinə şahidlik edirlər.
Bu muzeylər bizi qədim Gəmiqaya, Atabəylər dövlətinin
tarixi abidələri Möminə Xatun, Yusif ibn Küseyrlə,
onların müəllifi, dahi memar Əcəmi Əbubəkir
oğlu Naxçıvani ilə, Qarabağlar türbə
kompleksi ilə, monqol-tatar hücumunun şahidi Köhnə
qala ilə, Orta əsrin mütəfəkkiri Nəimi ilə
birləşdirir, yaxın və uzaq keçmişimiz
arasında körpü qurur, bizi minilliklərə aparır,
gen yaddaşımızı təzələyirlər.
Hüseyn
Cavid əfəndinin ev muzeyinə gəldikdə, bu barədə
bir qədər ətraflı danışmaq, onun həyat vəsiqəsi
almasında xidməti olanlara da vəfa borcumuzu - yad etməmiz
lazım gəlir.
Hər
şeyin, hər işin başlanğıcı ən çətin
dövrdür. Bu baxımdan Cavid əfəndinin ev muzeyinin təşkili
işi də istisna deyildi, bəlkə də digər muzeylərin
açılmasından da çətin idi. Bu çətinliyi
Stalin repressiyası illərini yaşamayanların təsəvvür
etməsi çox çətindir. Repressiya təkcə
insanı məhv etməklə kifayətlənmir, bununla
doymurdu, onun yaxınlarını, dostlarını,
tanışlarını, evini, əşyalarını, onun
adı ilə bağlı olan hər şeyi doymayan əjdaha
kimi udur, yer üzündən silir, yox edirdi. Cavid əfəndi
üçün də bu istisna deyildi. Amma onun bunda "bəxti
gətirmişdi" ki, Cavid əfəndi özü olmaqdan
çıxmış, çox gizli və təhlükəli
də olsa, başqalarının - sevənlərinin hafizələrində,
həyatında yaşamağa başlamışdı. Bu
baxımdan ev muzeyinin təşkili çətin də olsa,
mümkün görünürdü.
Muzey
ekspozisiyasının mövzu - tematik planı Azərbaycan Elmlər
Akademiyası İncəsənət İnstitutunun əməkdaşı,
teatrşünas Tamilla Təhmasibə həvalə
olunmuşdu, bədii tərtibatı isə Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin nəzdində fəaliyyət göstərən
"Muzeylərin və sərgilərin bədii tərtibatı
və layihələşdirilməsi" emalatxanası tərəfindən
icra olunurdu.
Muzeyin
yaradılması ərəfəsində şairin
qızı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru
Turan Cavidin çox böyük köməyi oldu. O həm
muzey otaqlarının qurulması və tərtibatında dəyərli
məsləhətlər vermiş, həm də Cavidin əsərlərinin
ilk nəşrlərini - "Keçmiş günlər",
"Şeyda", "İblis", "Topal Teymur",
"Uçurum", bunlardan əlavə də 100-ə
yaxın fotoşəkillər, sənədlər və xatirə
əşyalarını muzeyə hədiyyə etdi.
Cavidlə
əlaqələr müxtəlif sənədlər, fotoşəkillər,
qəzet və jurnal materialları, kitablar, xatirələrin əldə
edilməsində Cavid əfəndinin yaxın dostu olmuş,
görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin
xüsusi rolunu qeyd etmək yerinə düşər. Onun
1983-cü ildə ev muzeyinə təqdim etdiyi hədiyyə
özünün 1977-ci ildə çapdan
çıxmış və üzərində avtoqrafı
olan "Keçmiş günlərdən" kitabından və
bir dəftərdən ibarət idi. Məktubda deyilirdi:
"...Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə
mən Cavidin atama yazdığı məktubların surətini
oraya köçürmüşəm. Bu dəftər mənim
üçün nə qədər qiymətli olsa da, onu
unudulmaz dostum və böyük qardaşımın ev muzeyinə
göndərməyi mümkün bildim".
Vaxtilə
Cavidin qonşusu və tələbəsi olmuş professor Əli
Sultanlının bacısı Bətulə xanımın muzeyə
hədiyyə etdiyi, üzərində müəllifin
avtoqrafı olan 1924-cü ildə nəşr olunmuş
"İblis" əsəri ev muzeyi üçün
çox qiymətli idi.
Həmin
ərəfədə akademik Məmməd Cəfər Cəfərova,
professor Abbas Zamanova, Yaşar Qarayevə, görkəmli
jurnalist, tədqiqatçı Qulam Məmmədliyə,
SSRİ xalq artisti, professor Mehdi Məmmədova,
cavidşünas Zahid Əkbərova, Azərbaycan Dövlət
Dram Teatrının baş rejissoru Ələsgər Şərifova,
Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə,
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə, Cəfər Cabbarlı adına Azərbaycanfilm
Kinostudiyasına və hətta Gürcüstan, Türkmənistan
və Özbəkistan Dövlət arxivlərinə məktublarla
müraciət olundu və muzey ekspozisiyası qurulduğu vaxt
Cavidlə bağlı müəyyən qədər sənəd,
fotoşəkil, qəzet və jurnal materialları, kitablar əldə
olundu ki, bunlar hamısı muzey ekspozisiyasında öz layiqli
yerini tutdu.
Ev
muzeylərinin fərqli bir xüsusiyyəti vardır. Bu abidələr
başqaları kimi qurulub başa çatmırlar, daima yeni
eksponatlarla zənginləşə-zənginləşə həyatlarını
davam etdirirlər. Hüseyn Cavid əfəndinin muzeyinin həyatı
da belə davam edir. fəaliyyətə
başladığı 1981-ci ildən bu günədək
muzeyin fonduna 8500-dən artıq eksponat toplanmışdır.
Bunların içərisində Hüseyn Cavidin həyat və
yaradıcılığını əks etdirən fotoşəkillər,
sənədlər, xatirə əşyaları, təsviri sənət
və heykəltəraşlıq nümunələri, əsərlərinin
ilk nəşrləri, üzərində qardaşı
qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə
etdiyi 1934-cü ildə nəşr olunmuş "Səyavuş"
əsəri, Turan Cavid tərəfindən son vaxtlar hədiyyə
olunmuş "Knyaz" əsərinin əlyazması,
atasının pensnesi (gözlüyü), yazı dəsti, Ərtoğrol
Cavidin hərbi xidmət illərində 1942-ci ilin 28
fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi
Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan
Bakıya anası Mişkinaz Cavidə və bacısı Turan
Cavidə yazdığı 71 ədəd məktubu və Turan
Cavidə məxsus xatirə əşyaları da vardır.
Cavid
əfəndinin həmyerliləri, qohumları, dostları,
yoldaşları onun məruz qaldığı ədalətsizliyi
aradan qaldırmağa çalışır, hamı bir nəfər
kimi işləyir, ev muzeyinə əllərindən gələn
köməyi göstərirdilər. H.Cavidin ev muzeyi ilə
uzun illərlə çox yaxından əməkdaşlıq
edən tarix elmləri doktoru, professor Qüdrət
İsmayılzadənin bağışladığı,
içərisində H.Cavid haqqında yazılar və şəkillər
verilmiş və bir neçəsində ədibin "Afət"
pyesi ilk dəfə olaraq hissə-hissə çap olunmuş
1926-cı ilə aid 6 ədəd "Maarif və mədəniyyət"
jurnalını, xalq yazıçısı Hüseyn
İbrahimovun üçcildlik "Seçilmiş əsərləri"
("Böhtan" romanı həmin cildlərə daxil
edilib), akademik İsa Həbibbəylinin "XX əsrin əvvəlləri
Azərbaycan yazıçıları", Hüseyn Cavidin
Bakıdakı ev muzeyinin nəşrləri olan
"Cavidşünaslıq" toplusu və muzeyin direktoru
Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi
fikri və Hüseyn Cavid", Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Rafael Hüseynovun
"Əbədi Cavid", professor Kamran Əliyevin
"Hüseyn Cavid: həyat və
yaradıcılığı", professor Cəlal
Qasımovun "Cavidi məhbəsə aparan yol", filologiya
elmləri doktoru Hüseyn Həşimlinin "Azərbaycan
poeziyasında sonet və terset", filologiya elmləri üzrə
fəlsəfə doktoru İsgəndər Attilanın "Əsrin
şairi" əsərinin I-IV hissələri və
"İnsan ömrü bir dalğa kimi", filologiya üzrə
fəlsəfə doktoru Həsənəli Eyvazlının
"Ərtoğrol Cavid, yaxud bir ailənin dramı",
Pedaqoji elmlər namizədi Yusif Aslanovun "Cavidin söz
dünyası", şair Əbülfəz
Naxçıvanlının "Tale burulğanı" və
Nazim Əkbərovun "Cavid dünyasına üç pəncərə"
əsərləri muzeyin eksponatlarını zənginləşdirmişlər.
2000-ci
ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun şəxsi diqqət və qayğısı
ilə ev muzeyində əsaslı təmir və bərpa
işləri aparılmış, muzeyin binası əvvəlki
görkəminə qaytarılmış, muzeyin maddi-texniki
bazası gücləndirilmişdir. Bu dəfə muzey
ekspozisiyası əvvəlkindən fərqli olaraq muzey
kollektivinin qüvvəsi ilə Cavid əfəndinin
yaşadığı dövrdə necə var idisə, o
cür qurulmuşdur.
Böyüklüyün
qədrini böyük təfəkkür sahibləri anlayar.
Cavid ev muzeyinin bir hissəsi adlandırdığımız
Cavid məqbərəsi Heydər Əliyevin əsəridir.
1991-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin
sədri vəzifəsinə seçildikdən bir aydan bir az
artıq vaxt sonra Cavid əfəndinin anadan olmasının 110
illiyi münasibətilə Cavid əfəndinin məzarı
üstündə xalqa belə bir söz verdi: "Mən sizə
söz verirəm, Cavid əfəndini Sibir meşələrindən
alıb buraya, vətəni Naxçıvana gətirdiyim kimi,
onun məzarı üstündə ona layiq bir məqbərə
tikdirəcəyəm. Cavid əfəndi buna layiqdir."
Söz
verdi və təqribən bir ildən sonra xalqın tələbi
ilə yenidən Azərbaycan rəhbərliyinə gələndən
az sonra Hüseyn Cavid məqbərəsinin inşaatına
başlandı. Başlandı və onun açılışını
- 1996-cı ilin 29 oktyabrda Heydər Əliyev özü həyata
keçirdi.
Bu
gün də Cavidə olan diqqət və qayğı
uğurla həyata keçirilir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
görkəmli şair-dramaturq Hüseyin Cavidin 130 illik
yubileyinin keçirilməsi haqqında 16 fevral 2012-ci il tarixdə
imzaladığı sərəncamın Naxçıvan Muxtar
Respublikasında icrasını təmin etmək məqsədi
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
bu il fevral ayının 20-də imzaladığı sərəncamla
təsdiq edilmiş "Tədbirlər planı"na
uyğun olaraq Muxtar Respublikamızda müxtəlif tədbirlər
həyata keçirilir.
Tədbirlər
planında Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar
simpoziumun keçirilməsi, Naxçıvan Dövlət
Musiqili Dram Teatrında "Şeyx Sənan" əsərinin
tamaşaya hazırlanması, "Hüseyn Cavid
ensiklopediyası"nın nəşr edilməsi,
"Naxçıvan jurnalının" bir nömrəsinin
yubileyə həsr olunması və digər tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bunlara
əsasən Cavidin ev muzeyinin də "Tədbirlər
planı" tərtib edilmişdir ki, burada "H. Cavid -
130" adlı səyyar sərginin hazırlanıb mədəni-maarif
müəssisələrində nümayiş etdirilməsi,
muzey ekspozisiyasında "açıq dərs"lərin
keçirilməsi, Naxçıvan şəhər məktəblərinin
iştirakı ilə "H. Cavid şeirlərinin ən
yaxşı ifaçısı" mövzusunda şeir
müsabiqəsinin keçirilməsi, ev muzeyi bələdçisinin,
bukletinin və müxtəlif formalarda muzey
ekspozisiyasının görüntürlərini əks etdirən
şəkillərin nəşr etdirilməsi, elmi nəzəri
konfransın və Cavid Poeziya gününün keçirlməsi
nəzərdə tutulmuşdur ki, artıq bu tədbirlərin
keçirilməsi icra olunur.
Bu
gün 8500-dən artıq eksponatla zənginləşən ev
muzeyinin ekspozisiyasında yeni eksponatlar əsasında əlavə
və dəyişikliklər edilmiş, muzey ekspozisiyası
xeyli zənginləşdirilmişdir. Belə ki, ev muzey
Hüseyn Cavidin 130 illik yubileyi ərəfəsində yeni
ekspozisiya ilə muzeyə gələn qonaqları dahi
şairin zəngin ədəbi irsi, onun zəngin
yaradıcılığı ilə tanış edəcəkdir.
Bəhruz AXUNDOV
H.Cavidin ev muzeyinin direktoru,
Naxçıvan MR əməkdar mədəniyyət
işçisi
Ədəbiyyat qəzeti.- 2012.- 29
sentyabr.- S.5-6.