Tədqiqatçı
ömrü
XX əsr Azərbaycan ədəbiyyatşünaslarının
50-cilər nəslinə mənsub olan Nadir Məmmədov uzun, lakin çox sadə, bütün tərcümeyi-halı yarım səhifəyə
sığışacaq bir ömür
yaşadı. Elə şəxsi sənədlərinin
içərisindəki tərcümeyi-halı da
çox qısadır; cəmi
yarım səhifə. Orada deyilir: "Mən, Məmmədov
Nadir Cəlil oğlu
1927-ci ildə Şəki şəhərində ziyalı ailəsində
anadan olmuşam.
1941-1942-ci tədris ilində Şəki Pedaqoji
Texnikumunu bitirmiş və
1942-45-ci tədris illərində Şəki şəhərinin
Çayqaraqoyunlu kəndinin yeddiillik məktəbində müəllimlik
etmişəm. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU - Z.Ə.)
filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirmişəm.
1950-1953-cü tədris illərində Ağdam
rayonunun Xındırıstan orta məktəbində müəllim olmuşam. 1956-cı ildə Moskvada
Şərqşünaslıq İnstitutunda
aspiranturanı bitirmiş, 1958-ci ildə
namizədlik dissertasiyası müdafiə etmişəm.
Hazırda filologiya elmləri namizədiyəm.
1956-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami
adına Ədəbiyyat İnstitutunun
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı (indi Yeni dövr
Azərbaycan ədəbiyyatı) şöbəsində
işləyirəm. 1958-1960-cı illərdə kiçik elmi işçi, 1960-1969-cu illər arasında böyük elmi işçi, 1970-1986-cı illərdə XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi şöbəsinin
müdiri işləmişəm.
1986-cı ildən Yeni dövr
Azərbaycan ədəbiyyatı şöbəsində
aparıcı elmi işçi
vəzifəsində çalışıram. Evliyəm, iki oğlum vardır.
5.10.2005".
Vəfatından
xeyli əvvəl yazılmış bu sənədin ümumi məzmununda
kimdənsə, nədənsə bir inciklik, narazılıq əhval-ruhiyyəsi də
duyulur. Sanki müəllif
həmin tərcümeyi-halı çox könülsüz - hansı bir
məmurunsa tapşırığını yerinə yetirmək, nə üçünsə tələb
olunan lazımsız sənədləri
hazırlayıb, qaydaya salmaq
xatirinə yazmışdır. Təsadüfi deyil
ki, həmin yarım səhifədə
yaşı səksənə yaxınlaşan tədqiqatçı
valideynləri, uşaqlıq illəri, ibtidai
təhsili, çap olunmuş
əsərləri, ümumiyyətlə, elmi
fəaliyyəti haqqında heç nə
demir. Bu, müəyyən
qədər təvazökarlıq, bir qədər
də inciklik əlamətidir. Nadir Məmmədov 1956-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunda
işləmişdir. Moskvada SSRİ EA
Şərqşünaslıq İnstitutunda
namizədlik dissertasiyası müdafiə etdikdən (1958) sonra təxminən 10-15 il
ərzində doktorluq əsəri
yazmışdır. Bu əsər Nizami adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasında müzakirə olunarkən
dissertantın özünə yaxın bildiyi,
tez-tez çörək kəsdiyi
dostları bədxahlıq edərək, onun
əsərinin müdafiəyə buraxılmasına mane olurlar.
Bu hadisə Nadir
müəllimə sarsıdıcı zərbə kimi dəysə də, onu
oxuyub-yazmaq, XIX əsr Azərbaycan ədəbiyyatının
problemlərini araşdırmaq, öyrənmək mübahisəli
məsələləri dəqiqləşdirmək
ehtirasını soyutmur. O, həmişə
rəhbərlik etdiyi, yaxud
əməkdaşı olduğu
şöbənin elmi qayğıları
ilə yaşayır. İnstitutda və akademiyada keçirilən ədəbi-ictimai tədbirlərdə,
xüsusilə çoxcildlik "Azərbaycan
ədəbiyyatı tarixi"nin hazırlanmasında yaxından iştirak edir. Bir neçə il əvvəl
Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən ona verilən və mərhum akademik
Bəkir Nəbiyevlə professor Əflatun
Saraclının imzaladığı xasiyyətnamədə deyilir: "Nadir Məmmədov
Ədəbiyyat İnstitutunun yaşlı
nəslinə mənsub əməkdaşlarından biridir. O, 1956-cı ildən ardıcıl, fəal
və səmərəli fəaliyyət göstərmişdir.
Bu illər ərzində XIX əsr Azərbaycan
ədəbiyyatı tarixinin tədqiqi və
təbliği sahəsində çalışmış, diqqətəlayiq
uğurlar qazanmış, görkəmli bir tədqiqatçı kimi
tanınmışdır. Onun böyük Azərbaycan
yazıçısı və mütəfəkkiri M.F.Axundovun həyat
və fəaliyyətinin tədqiqi sahəsində mühüm uğurları var.
O, "M.F.Axundovun bədii
yaradıcılığı" (1962), "M.F.Axundovun
realizmi"(1978), həmin əsərin rus dilində təkmilləşdirilmiş
variantı - "Realizm M.F.Axundova"
(1982) monoqrafiyalarının dövri mətbuatda
Azərbaycan və rus dillərində nəşr
olunmuş çoxlu məqalənin
müəllifidir.
Nadir Məmmədov
mətnşünaslıq sahəsində də səmərəli
fəaliyyət göstərmişdir. O, akademik Kamal Talıbzadə
ilə birlikdə F.Köçərlinin
"Seçilmiş əsərləri"ni
(1963) "M.F.Axundov" məqalələr məcmuəsini
(1962), yazıçının "Komediyalar"
(1975), "Bədii əsərlər" (1982), "Komedii, proza, poeziya" (1975), "Bədii və elmi-tənqidi
əsərlər" (2005) kitablarını, üçcildik
"Əsərləri"nin birinci
cildini (1987) nəşr etdirmişdir.
O, çoxcildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin 4-cü cildinin əsas müəlliflərindən biri və redaktor müavinidir. Bu cild üçün
bir neçə icmal
və "Qasım bəy Zakir", "Abbasqulu ağa
Bakıxanov", "İsmayıl bəy
Qutqaşınlı" , "Mirzə Fətəli Axundov",
"Fazil xan Şeyda",
"Mirzağa Təbrizi" oçerklərini
yazmış, cildin çapa
hazırlanması və redaktəsi işində fəal iştirak etmişdir.
Son illərdə o,
görkəmli Azərbaycan yazıçısı Eynəli bəy
Sultanovun əsərlərinin tədqiqi və
çapa hazırlanması ilə məşğuldur.
Nadir Məmmədov
"Kratkaya Literaturnaya
Ensiklopediya", "Bolşaya
Sovetskaya Ensiklopediya",
"Azərbaycan Sovet
Ensiklopediyası" üçün də
bir sıra məqalələr
yazmışdır. O kollektivdə intizamlı və işgüzar bir alim kimi
tanınır".
Məncə,
bu xasiyyətnamədə Nadir
müəllimi ən yaxşı və dəqiq səciyyələndirən
"intizamlı və işgüzarbir alim" sözləridir. Doğrudan da
o, iş yerinə - Nizami adına Ədəbiyyat İnstitutuna
ürəkdən bağlı, əməkdaşı olduğu şöbənin qayğı və problemləri
ilə yaşayan, tədqiqat obyektinə -
M.F.Axundzadə
irsinin öyrənilməsinə ömrünün axırına qədər sadiq qalan bir
tədqiqatçı idi. Uğurlara sevinir, uğursuzluqlara təəssüflənirdi.
Bir keyfiyyət isə ona verilən xasiyyətnamədə öz əksini tapmayıb; hər cür sünilik,
saxtalıq və diletantlıqdan uzaq olan Nadir müəllim
mütaliəli adam idi.
Azərbaycan ədəbiyyatı ilə yanaşı, Avropa və rus klassik yazıçılarının məşhur
əsərlərini, bu əsərlər
haqqında yazılmış monoqrafiya və
kitabları oxumuşdu. Dövri
mətbuatı mütəmadi izləyirdi. Azərbaycandakı ədəbi
orqanlarla bərabər Moskvada
və Leninqradda - Sankt-Peterburqda
çıxan qəzet və jurnalların da
bəzilərini ("Literaturnaya qazeta", "Voprosı literaturı",
"filoloqiçeskiye nauki",
"Neva" və s.)
oxuyur, fürsət düşəndə
həmin qəzet və jurnallarda
çıxış edirdi. Bakıda nəşr olunan "Sovetskaya tyurkologiya"
jurnalı ilə yaradıcılıq əlaqələri
saxlayır, orada məqalələr çap etdirirdi.
Ümumiyyətlə, Nadir müəllimin
Azərbaycan və rus dillərində 3
monoqrafiyası, 5 tərtib kitabı, 100-dən artıq elmi və ədəbi-tənqidi məqaləsi
çap olunmuşdur ki, bu əsərlər
ədəbiyyatşünaslıq, xüsusilə axundzadəşünaslıq
tarixində onun adını və
imzasını həmişə yaşadacaq,
xatırladacaqdır...
Zaman ƏSGƏRLİ
Ədəbiyyat qəzeti.- 2012.- 29
sentyabr.- S.6.