Yuxuda Həccə getmişdim
Yuxumda Həccə
getmişdim,
Son arzuma
çatırdım.
Əllərimdə
daşlar vardı,
Şeytana daş atırdım.
Birdən
ətrafa boylandım,
Daş atmaqdan daşındım.
Şirin yuxumdan oyandım,
Öz-özümə
düşündüm.
Nə
fərqi var, yuxu -
gerçək,
Mən şeytana daş atıram.
Hardan bilim atdığım
daş
Gedib kimə dəyəcək.
Bəlkə elə bir dostuma,
Əzizimə dəyəcək.
Bəlkə elə qayıdacaq
Lap özümə dəyəcək,
Öz sözümə dəyəcək.
Şeytana milyon-milyon
Burdan daş atan gəlib.
Bəzi zəvvarlar bura
İçində şeytan gəlib.
İşlətdiyi insanları
Quduz kimi dalayan,
Kimsəsizlər var-yoxunu
Çalan, çapan, talayan,
Özündən böyüklərin
Ayağını yalayan,
Hacı olmağa gəlib.
Şeytana daş atacaq,
Hara qaçsan o daşın
Gəlib sənə çatacaq.
Bu qədər hacı varsa,
Hər hacı qonşusunda
Çörək möhtacı varsa,
Bu ac-yalavacların
Səndə əlacı varsa,
Şeytana daş atmağa
Həccə niyə gedirsən?
Burda şeytana daş at!
Bir bədbəxti sən yaşat!
Sənin terror tələndə
Neçə insan ölürsə,
Günahsız insanların
Qanları tökülürsə,
Buna sevinməyinə
Şeytan baxıb gülürsə,
Daşı kimə atırsan?!
Ərəb baharı deyib
Bir-birini qıranlar,
Cavanı, ağbirçəyi
Öldürən, yandıranlar
Sonra Həccə gedəcək.
Şeytana daş atacaq,
Orda rəhmdil olub,
Bir az
yavaş atacaq.
Şeytan orda deyil
ki,
Şeytan bizdə, sizdədir,
Şeytan içimizdədir.
Qəzəblənib coşanda,
Hirsin aşıb-daşanda,
Elə bil ki,
Həcdəsən,
Öz kininə bir daş at.
Ziyafətlər verəndə
Aşıb-daşan süfrəni
Aclar gendən görəndə,
Elə bil ki,
Həcdəsən,
O gününə bir daş at!
Mənəmliyin coşanda
Elə bil ki,
Həcdəsən,
Öz önünə bir daş at!
Dinin, dilin nə
fərqi
İnsan, Allahdan çəkin!
Yaşa bir insan
təkin!
Bu dünyadır rəngbərəng,
Adamlardı növbənöv,
Əsil insan tək-təkdi.
Eləsi var yanında
Yazıq şeytan mələkdi.
Həcc qismət olsa mənə,
Bir zaman getsəm
əgər
Qorxaram daş atmağa,
Bilmirəm kimə dəyər.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.5.