"Dağılan
dünyamız"
Dünya bəşər
övladının dilində ən çox
işlənən və ən çox hallanan bir ifadədir - desək,
yəqin ki, yanılmarıq. Həm də
çox ittiham olunan bir subyektdir.
Biri deyir, dünya yalan
dünyadır. Biri deyir,
dünya yaman
dünyadır. Biri deyir,
haqqı satan dünyadır. Biri deyir, tərəzisi əyilən,
üzü dönən dünyadır. Amma əslində dünya
müdrik dünyadır. Müdrikdir
ki, bu ittihamların hər
birinə mərdliklə sinə gərməyə
özündə güc tapa
bilir. Dünyamız kinsiz-
küdurətsiz bir dünyadır ki, onu bu
qədər lənətləyənləri qoynunda
bəsləyib, sevə bilir. Bəlkə də hər bir bəşər
övladı dünyanın bu gözəl
xislətindən nümunə götürüb,
onu özünün həyat
amalına çevirməlidir. İnsan oğlunun ömür boyu müxtəlif, çox
müxtəlif xəstəliklərə mübtəla olma ehtimalı var. Elmi- texniki tərəqqinin
inkişafı ilə onlardan xilasolma yolları da
çoxalıb. Amma "mənəvi korluq" deyilən bir xəstəlik
var ki, onun
tibbi yolla əlacı
yoxdur. Davamlı surətdə dünyaya yağdırılan ittihamlar
da bəlkə elə bu
"korluğun" nəticəsidir. Bu mərəzə mübtəla olanlar dünyanın psixoloji
yaşantılarını görə bilmirlər. Amma dünya da düşünür, dünya da
çırpınır və çırpındıqca da dəyişir. Dünya zaman-zaman içindən dağılır.
Dünyanın bu iztirablarını görüb, onunla birgə
bu halları yaşayıb və bu yaşantıları ifadə edib, qələmə almaq
sıradan hər kəsə müyəssər olmur. Amma bu
gün haqqında söhbət açmaq istədiyim professor
Gülrux Əlibəyliyə qismət olub. Gülrux xanım
dünyanın bu yaşantılarına
"Düşünən dünyamız", "Çırpınan
dünyamız", "Dəyişən
dünyamız", "Dağılan dünyamız"
kitablarında özünəməxsus bir
tərzdə münasibət bildirib. Deyə
bilərsiz ki, indi çoxdurmu kitab oxuyan? Bu sualı Gülrux xanım "Dağılan
dünyamız" kitabında özü
belə cavablandırır: "Kitab
oxumağın dəbdən düşdüyü
zamanda mənə ilham
verən, ürəyimi qızdıran, əlimə yenidən
qələm almağa vadar
edən ağıllı, saf qəlbli oxucum yox deyil.
Əlbəttə, bu oxucu
milyonların lap kiçik
bir hissəsini təşkil edir. Əgər bu buz bağlayan
dünyamızda kimsə "Kitabı haradan
tapmaq mümkündür?"
sualını verirsə və ya oxucu tirajın azlığına heyfsilənirsə,
deməli yazmağa da,
yaşamağa da dəyər."
Elə
ona görə də yazır. Ətrafda baş verən hadisələri öz məntiqi ilə dəyərləndirərək,
həm də öz məninə sadiq qalaraq yazır. Özü bu barədə
belə deyir: "Həyatım boyu dərk etmişəm ki,
özünə sadiqlik böyük
xoşbəxtlikdir." Elə ona görə
də Gülrux Əlibəyli ilk növbədə öz
məninə sadiq qalmağa
çalışıb. Onun xoşbəxtlik
haqqındakı təsəvvürləri də yalnız öz məntiqinə əsaslanır. Yazır ki, "Bu
günün xoşbəxtliyi daxili azadlığımın şüurlu
və müdrik çağının
yaradıcı anlarının xoşbəxtliyidir. İstərdim
ki, insanın həyatında ən azad, ən müstəqil, ən dolğun və maraqlı dövr
qocalıq olsun." Gülrux
Əlibəylinin həyata baxışları o qədər pozitivdir ki, bir çox
qaranlıqların arasında kiçik bir işığı belə görüb
sevinə bilir. Başqa
sözlə desək, qaranlıqların içində parlayan o
işığı dəyərləndirə bilir.
Bu baxımdan onun
qocalıq haqqındakı fikirləri də çox
maraqlı və təqdirəlayiqdir. Yazır
ki, "Qocalıq
prosesdir. Biri üçün gözlənilməz və
qısa, o birisi üçün uzun və
üzücüdür. Hər şey qocalığa hazırlıqdan, həyat
tərzindən, ağılla idarə olunan
ömürdən asılıdır. Qocalıq həm də böyük xoşbəxtlikdir.
Yaxınların sənə azadlıq verir. Sənin böyük
həyat təcrübən var. İti təfəkkürünlə ondan istifadə edirsən." Hər bir fərdin nikbin
düşüncələri onun həyat
tərzində müstəsna əhəmiyyət kəsb edir. Gülrux Əlibəylinin
də publisistik yazılarında nikbinlik və həyatsevərlik əsas xətdir.
Bu
gün istər dövri
mətbuatda, istərsə də televiziya
verilişlərində dünyamızın dağılma
ehtimalı ilə bağlı çoxsaylı fikirlər, yerli və xarici ekspertlərin
müxtəlif rəyləri səslənir. Əlbəttə
ki, söhbət cismani
dünyadan gedir. Amma bu cismani
dünyanın içində onun əsas
hərəkətverici qüvvəsi olan bir mənəvi dünya da var. Əslində onun dağılma prosesi daha böyük fəsadlar
verə bilər. Bu fikir
ağlımdan keçərkən doğrusu,
bir az
sıxıldım. Gülrux Əlibəylinin
"Dağılan dünyamız" kitabına üz tutdum. Kitabdakı bir fikir diqqətimi daha çox cəlb etdi: "Əgər dünya
dağılırsa, deməli dağılma hər adamın
içərisindən, daxilindən başlayır və tədricən
böyüyür. Xərçəng xəstəliyi
kimi ətrafa yayılır, metastaz verir." Bu məntiqdən belə bir
nəticəyə gəlmək olar ki, insan ilk
növbədə iç
dünyasını dərk etməlidir. Onu
qorumalıdır. Bir daha
Gülrux Əlibəylinin həyat fəlsəfəsinə
üz tutaq: "Mən
içərimə endim. Daxili
aləmim mənim üçün hədsiz
maraq mənbəyi oldu.
Uzun
müddət keçəndən və yeni
həyat tərzimin səmərəli bəhrəsini görəndən
sonra dərk etdim ki, çoxdan ataraksiya tərzi ilə
yaşayırammış (yəni gözə görünmədən
yaşamaq, şəxsi təkamüllə,
inkişafla ömür
sürmək). Yalnız bunun sayəsində
özümü ölümdən qorumuş və həyat fəallığımı,
düşünmək qabiliyyətimi itirməmişəm."
"Gəldiyim nəticələr
Epikürün ataraksiyasında, Mişel Montenin esselərində
təbliğ edilən özünüdərk,
"özündə sevinc və xoşbəxtliktapma
çağırtısı və Lev Tolstoyun "şüurlu eqoizm" nəzəriyyəsi ilə
üst-üstə düşdü və
mən həm fiziki, həm də mənəvi
rahatlıq tapdım".
Professor Gülrux Əlibəyli bu
gün də öz mənəvi
rahatlığı ilə azad, müstəqil,
yaradıcı bir ömür
yaşayır. Həm də öz
ömründə böyük sənətin,
böyük korifeylərinin ömrünü yaşadır. Onlara həsr etdiyi portret yazılarda hər birindən məhəbbətlə
söhbət açır. Onu ömrünün 9-cu onilliyinə gətirib
çıxaran da elə bu
böyük məhəbbətin özüdür. Dünyaya,
təbiətə, insanlara, həyata olan məhəbbəti.
Yanvarın
12-si Gülrux Əlibəylinin anadan olduğu gündür. 84 yaşı tamam
olur. Gülrux
xanım deyir ki,
"mən heç vaxt
yaşımı gizlətməmişəm. Həmişə onu özümə yeganə var-
dövlət sanmışam. Dünyada
yalnız bir şeyə -
cansağlığına həsəd aparmışam. Çünki körpəlkdən çox zəif olmuşam.
Yetkin çağımda da
vücudumla, onun
köməksizliyi ilə mübarizə etmişəm. Dəfələrlə
ölümlə üz-üzə gəlmişəm. Ölməmişəm.
İradəm, həyat eşqim məni xilas edib."
Həyat
eşqiniz heç zaman bitib-tükənməsin, Gülrux
xanım! Hələ neçə illər bundan
sonra belə var-dövlət hesab etdiyiniz
yaşınızın üstünə yaş
gəlsin.
"Hər
günü Allah
payı, təbiətin sovqatı kimi qavramaq, hər saatdan, dəqiqədən,
saniyədən şükranlıqla zövq
almaq hər kəsin haqqıdır." Bu da sizin
fikirlərinizdir. Yanvarın 12-dən etibarən
ömrünüzə qədəm qoyan yeni ilinizin hər
günündən, hər saatından zövq
almaq qismətiniz olsun!
Bu
yazını hazırlayarkən Gülrux
xanımla görüşmək imkanım olmadı. Amma onun "Dağılan
dünyamız" adlı kitabını bir
daha oxudum və bu qənaətə gəldim ki,
mənəvi dünyamızı dağılmağa qoymasaq, cismani
dünyamızı da qoruyub
saxlaya bilərik.
Zərxanım ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2012.- 13
yanvar.- S.5.