İslam mədəniyyəti mərkəzi Əlcəzair konfransı

  

Yola saldığımız 2011-ci il İslam mədəniyyəti mərkəzi Bakıdan estafeti qəbul etmiş Əlcəzairin Tlemsen şəhərində son yekunlaşdırıcı tədbir məşhur təsəvvüf alimi Əbu Mədyan Şueyb bin Əbilhəsən Tilimsaniyə həsr olunmuşdu. "İman yolları Əbu Mədyan: haqq yolunda bir çıraq" mövzusunda keçirilən nüfuzlu beynəlxalq elmi konfransda Azərbaycan alimləri də iştirak etdilər. Əbu Mədyan XI əsrdə Ərəb Məğribində və İspaniyada nüfuzlu təsəvvüf şeyxi kimi tanınmışdır. Onun məktəbinin nümayəndələri müsəlman Şərqinin müxtəlif regionlarına gedərək əsərlərini və ideyalarını yaymışlar. XI-XIII əsrlərdə İbn Ərəbi, Misir və Yəmən sufiləri onun fikirlərini öyrənməyə səy etmişlər. İranda, Hindistanda, Anadoluda, Afrikada Əbu Mədyan təriqətinə maraq göstərilmiş, Şah Qasim Ənvar onun müridləri ilə görüşmüşdür. Konfransda əsas üç istiqamətdə məruzələr dinlənilmişdir: Əndəlus (İspaniya) və Məğrib təsəvvüfünün ilk qaynaqları, keçmişdə və günümüzdə Əbu Mədyanın təsəvvüf təriqəti, İbn Ərəbi məktəbi və Əbu Mədyan irsi. Məruzələr əsasən fransız və ərəb dillərində oxunurdu.

Konfransa dünyanın 30-a yaxın ölkəsindən 100-ə qədər məruzə təqdim edilmişdi. Fransa, İspaniya, ABŞ, İtaliya, Polşa, Türkiyə, Pakistan, Hindistan və müxtəlif ərəb ölkələrindən gəlmiş alimlər təsəvvüf və irfan mövzularında maraqlı məruzələrlə çıxış etdilər.

Beynəlxalq elmi tədbirə qatılmış alimlər sırasında Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Tacikistan nümayəndələri də var idi. Azərbaycanı mənimlə yanaşı AMEA Fəlsəfə və Sosial Hüquq İnstitutunun alimləri fəlsəfə elmləri doktorları Zöhrə Əliyeva, Rəna Mirzəzadə və fəlsəfə doktoru İlham Mirzəyev təmsil edirdik. Qərara gəlinmişdi ki, bütün iclaslara sədrlik qadın alimlər tərəfindən olsun. Birinci iclasa sədrlik Z.Əliyevaya etibar edildi. O, "Xəlvətiyyə təsəvvüf təriqəti", R.Mirzəzadə "Sufizm iman yolunda reallığın ifadəsi kimi" və İ.Mirzəyev "İman yollarından islam mədəniyyətinə" mövzusunda çıxış etdilər.

Mənim məruzəmin mövzusu "Seyid Yəhya Şirvani Bakuvinin "Sirlərin şəfası" əsəri idi. Ərəb dilində etdiyim məruzədə xəlvətiyyə təsəvvüf cərəyanının nümayəndəsi Bakuvinin əsərləri, həyatı, təsiri və əlaqələrindən, türk tədqiqatçısı M.Rixtinin İstanbuldakı yeganə əlyazma nüsxəsi əsasında nəşr etdiyi "Şəfaul-əsrar"ın məzmunu və qaynaqlarından bəhs edilir. Əlcəzairdə bir araya gəlmiş alimlər Yəhya Bakuviyə maraq göstərir, onun əsərləri haqqında məlumat almaq istəyirdilər. Bu maraq birondan irəli gəlirdi ki, 2012-ci ildə YUNESKO-nun qərarı ilə Azərbaycan mütəsəvvüf alimi və ədibinin yubileyi qeyd edilməlidir.

Tlemsen konfransı alimlər arasında əlaqələrin möhkəmlənməsinə kömək etdi. Bu işdə konfransın əsas təşkilatçıları Əlcəzair Mədəniyyət Nazirliyinin Antik tarix, AntropologiyaTarix üzrə Milli Mərkəzi və Əbu Bəkr Bilqaid Universitetinin, mərkəzin rəhbərləri şəxsən doktor Süleyman Haşiprofessor Zəlim Xanşlavinin böyük zəhməti olmuşdur.

Digər fərqlənən məruzəçilərlə yanaşı bizim alimlərə "Təqdir şəhadətnaməsi" təqdim edildi. 2012-ci ildə də islam mədəniyyəti mərkəzi çərçivəsində İraqda keçiriləcək tədbirlərdə Azərbaycanı təmsil edəcək alimlər fəal iştirak edəcəklər.

 

 

İmamverdi HƏMİDOV

 

Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.5.