İçəridən baxış

 

2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti

 

(Əvvəli 16 dekabr 2011-ci il tarixli sayımızda)

 

İndisə məruzə dövrünün bəzi diqqətçəkən kitab seriyaları haqqında danışmaq istərdim. Yəqin ki, çoxunuz adətən kitabxana və ya kitab rəfləri fonunda çəkilmiş yazıçı fotolarına çox rast gəlmisiniz. Bunu müxtəlif cür mənalandırmaq olar, ən xeyirxahı budur ki, həmin yazıçı arxasındakı kitablarla özünü sığortalayır, sanki bizə, oxuculara onun əsərində tapa bilmədiklərimizin başqa, elə onun arxasında olan kitablarda mövcud olduğuna işarə edir, əlbəttə, özünün həmin kitablardan xəbərdar olduğunu deməyi də unutmur. Şəxsən mən dəfələrlə bu sayaq fotolara lupa, zərrəbin altında baxmışam, dəqiqləşdirmək istəmişəm ki, o rəflərdə eyni bir silsiləyə, seriyaya aid kitablar varmı. Çünki sövqi-təbii hissimlə inanmışam, məhz kitab seriyası-ənənənin, oxu və mədəniyyət dissiplininin göstəricisidir. Həmişə hamınızın yaxşı tanıdığı "JZL", "Dünya ədəbiyyatı kitabxanası", "Brokqauz-Yefron ensiklopedik sözlüyü"nə qibtə və nisgillə baxmışam. Çünki bu və onlarla başqa silsilə kitabların arasında elələri olub ki, onların yaşı, tarixi yüzü, yüz əllini ötüb, hətta dünya siyasi xəritəsində XX əsrdə peyda olmuş xeyli dövlətlərdən daha yaşlıdırlar. Kitab seriyaları, silsilə kitablar bir xalqın, toplumun oxuya, oxu mədəniyyətinə, bəlkə də bütövlükdə mədəniyyətə sədaqətinin, vəfalı münasibətinin göstəricisidir. Və kitab seriyası təsis edən, yaradan, bu istiqamətdə olunan bütün cəhdlər əlbəttə ki təqdirə layiqdir.

Məruzə dövrünün ilk qeyd eləmək istədiyim kitab seriyası Beynəlxalq Rəsul Rza Fondunun dəstəyi ilə Mahmud Kaşğari Fondunun (sədri xalq yazıçısı Anar, icraçı direktoru şair Elxan Zal) nəşr etirdiyi silsilə kitablardır. Həmin seriyadan çağdaş türk poeziyasının tanınmış isimlərindən olan Ataol Bəhramoğlu ("Yaşamaq insan qalaraq"), Çingiz Bektaş ("Bu da səni gözləmədiyim küçə") və Yəhya Akənginin ("İyul dağlarına bir yağış göndər"), eləcə də görkəmli qazax şairi və mütəfəkkiri Oljas Süleymenovun ("Gil kitab") kitablarıdır. Həmin kitablardakı tərcümələr Anara, Arif Əhmədoğluya, Elxan Zala, Akif Əhmədgilə və Paşa Əlioğluna məxsusdur. Yüksək peşəkarlıqla icra olunmuş bu tərcümə kitablarına "giriş yazı"ları xalq yazıçısı Anara məxsusdur.

İndiysə bir mərkəz, "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyası tərəfindən hazırlanan, nəşr edilən bir neçə kitab seriyası haqqında danışmaq yerinə düşər. Məqsədi Azərbaycanda tərcümə işinin elmi-nəzəri əsaslarının formalaşdırılması, dünya fəlsəfi-filoloji fikrini ifadə edən əsərlərin Azərbaycan dilinə tərcüməsi, bu istiqamətdə məlumat bazası və kartotekaların yaradılması olan "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyası 2003-cü ildə Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın təşəbbüsü ilə təsis edilib, qurulub. Əməkdaşları arasında görkəmli dilçilər, ədəbiyyatçılar, tərcüməçilərlə yanaşı gənc tədqiqatçılar da fəaliyyət göstərən laboratoriya fəaliyyətini aşağıdakı elmi istiqamətlər üzərində qurmuşdur: "Filoloqun kitabxanası - 100", "Türkologiya", "Dünya nəsri", "Azərbaycan Tərcümə Ensiklopediyası". Həmin istiqamətlər eyniadlı kitab seriyalarını da formalaşdırıb. "Filoloqun kitabxanası - 100" seriyası üzərində iş 2004-cü ildən başlanıb. Qarşısında duran əsas məqsəd dünya filoloji-fəlsəfi fikrinin ən dəyərli nümunələrinin bilavasitə orijinaldan Azərbaycan dilinə tərcümə edilib nəşr etdirmək olub. İndiyədək həmin seriyadan M.Baxtinin "Dostoyevski poetikasının problemləri" (ruscadan tərc.: prof.M.Qocayev), E.Koseriunun "Ümumi dilçiliyə giriş" (almancadan tərc.: F.Veysəlli), N.Xomskinin "Dil və təfəkkür" (ingiliscədən tərc.: A.Məmmədov), Y.Qolosovkerin "Mifin məntiqi" (ruscadan tərc.: A.Talıbzadə), N.Kunun "Qədim Yunanıstanın əfsanə və mifləri" (rus dilindən tərcümə edənlər: Oqtay Səmədov, Əzizə İsmayılova, Turac Teyyubqızı, Rəşad Abbaszadə, Gözəl Bünyatova, Samirə İsmayılova və Fidan Allahverdiyevadır; ön söz professor Kamal Abdullaya və Rəhman Bədəlova məxsusdur; "Ədəbiyyatda Nobel mükafatı laureatları" (tərtib və müxtəlif dillərdən tərcümə V.Quliyev) və L.Anninskinin "Ceviz ləpəsi" (ruscadan tərc.: f.e.d., prof. Məmməd Qocayev (ön söz) və yazıçı Etimad Başkeçid) kitabları işıq üzü görüb. Mərkəzin nəşriyyat planında F.Nitsşe, A.Losev, N.Trubetskoy, C.Heyət, A.A.Reformatski, K.Levi-Stross, V.M.Jirmunski və H.A.Qlisonun da əsərləri vardır.

"Türkologiya" seriyasına türk dilləri, ədəbiyyatı və tarixi haqqında seçmə əsərlərin tərcüməsi və nəşri işi daxildir. Bu seriyadan da bəzi kitablar - Seyid Cəmaləddin ibn-Mühənnanın "Hilyətül-insan və həlbətül-lisan" və Əhməd Cəfəroğlunun "Seçilmiş əsərləri" işıq üzü görüb. Əsas məqsədi Azərbaycan oxucusunu dünya nəsrinin ən yaxşı və çağdaş nümunələri ilə tanış etmək olan "Dünya nəsri" seriyasından da tanınmış rus nasirləri Y.Polyakovun "Süddə çəpiş" və B.Yevseyevin "Hekayələr"i tərcümə edilərək çap edilib.

Mərkəzin vacib layihələrindən "Azərbaycan Tərcümə Ensiklopediyası" üzərində də iş gedir. Bu, Azərbaycan tərcüməçiləri, Azərbaycan dilinə və Azərbaycan dilindən tərcüməçilər haqqında ensiklopedik məlumatların toplanması və verilməsi üçün edilən ilk unikal cəhddir. Ensiklopediyaya tərcümə və tərcümə tarixini əks etdirən bilgilər, tərcüməçilik terminləri və lüğət məqalələri ilə yanaşı, həm də Azərbaycan dilindən tərcümə olunan, Azərbaycan dilinə tərcümə olunan materiallar, Azərbaycan dilindən və Azərbaycan dilinə tərcümə edən personalilər haqqında məlumatlar da daxil ediləcək. Ensiklopediya kartotekasının toplanmasına yalnız əməkdaşlar deyil, Bakı Slavyan Universitetinin magistrant və tələbələri də cəlb edilir.

"Fikir antologiyası" haqqında danışmaq istədiyim növbəti kitab seriyasıdır. İdeyası və gördüyü işlərlə məruzənin əhatə elədiyi dövrün olduqca qiymətli hadisəsi olan seriyanın baş redaktoru Qardaşxan Əzizxanlıdır. "Fikir antologiyası" seriyasından indiyə qədər Güstan fon Löbonun "Kütlə psixologiyası" (tərc.: Q.Əzizxanlı) və "Sosializm psixologiyası" (tərc.: Nəriman Əbdülrəhmanlı), Daniel Yerginin "Neft fəlsəfəsi" (tərc.: Əvəz Zeynallı), Uill Dürrantın "Fəlsəfi hekayələri", Nils Gilye və Qunnar Skilberkin "Fəlsəfə tarixi" (tərc.: Adil Əsədov), Anri Jolinin "Böyük adamların təbiəti", Engel Qardtın "Tərəqqi-qəddarlığın təkamülü" (tərc.: Əlisa Nicat), Fridrix Nitsşenin "Hakimiyyət əzmin (tərc.: Şakir Qurbanov), "Hərb sənəti Qədim Çin hərb sənəti" (tərc.: Əlisa Nicat və Qardaşxan Əzizxanlı) və İmmanuil Kantın "Prolegomenlər", "Yolçu və kölgəsi", Karl Yaspersin "Tarixin mənası və təyinatı", (tərc.: Yusif Rəhimoğlu) əsərləri və kitablar nəşr olunmuşdur. Tərcümə olunmuş əsərlərin adı görülən işin ciddiliyindən və vacibliyindən danışır deyə, yalnız bir məqamı söyləmək qalır: seriyanın yaradıcıları şəxsi təşəbbüs və minimal maliyyə imkanlarıyla işləyiblər ki, onlara bu fədakar fəaliyyətlərinə görə təşəkkür edib, seriyanın sonrasına uğurlar arzulamaq lazımdır.

İstənilən ədəbi mühitin (bu sözü yalnız pozitiv bir şey kimi istifadə edirəm) hərəkətverici qüvvəsi, lokomotivi məhz dövri olması ilə mütəmadi nəşrlərdir: qəzetlər, jurnallar, saytlar və portallar. Yazıçı və tərcüməçi ordusunu təmərküzləşdirən nəşrlər həm də oxucu auditoriyalarını daha çox cəlb etməklə həmişə diqqət mərkəzində olur. Sonradan kitablaşacaq tərcümələrin dequstasiyası da ilk olaraq məhz bu meydanlarda baş verir; yeni nəsil tərcüməçilər də məhz burda yetişir.

Məruzənin bu bölümünə də məhz milli ədəbiyyatımızın bütün dövrlər üçün həm kəmiyyət, həm də keyfiyyət baxımından yaranandan bu yana ən ağır yükünü götürmüş Azərbaycan Yazıçılar Birliyinin orqanlarından başlayacam. Əlbəttə, həm də ona görə ki, dövlətdən maliyyə yardımı alan Yazıçılar Birliyinin nəşrləri bu mənada daha stabil nəşr və iş qrafikinə malikdir.

"Azərbaycan" jurnalı həcmcə Azərbaycan Yazıçılar Birliyinin böyük, "ən qalın" nəşridir. Jurnalın 2005-ci saylarında Eyvaz Borçalının tərcüməsində M.Y.Lermontov "İblis - Şərq hekayəti" adlı iki hissəli poeması, Sevinc İsmayılın tərcüməsində Paulo Koelyonun "Kimyagər" əsəri, Əsəd Cahangirin tərcüməsi və interpretasiyasında İlya İlyinin "Postmodernizm XX əsrin sonunun ruhi konsepsiyası kimi" məqaləsi, Ramiz Abbaslının tərcüməsində Elfride Yelinekin "Mənim əzizlərim" hekayəsı, Yusif Həsənbəyin tərcüməsində Əlişir Nəvainin şeirləri, Qoca Xalidin tərcüməsində Vladimir Vısotskinin şeirləri ("Mişka Şifman", "Moskva-Odessa"), Mehman Musabəyovun tərcüməsində italyan Eduardo de Filipponun "Ruhlar" adlı 3 pərdəli komediyası, Əlihəsən Şirvanlının tərcüməsində Haynrix Haynenin şeirləri çap olunub. Jurnalda İlham Abbasovun və Aynura Sabitovanın təqdimatında Nobel mükafatçıları və dünyaca məhşur ədəbiyyat adamları ilə bağlı, konkret desəm "C.Karduççi: ortodoksal İtaliyanın panteist şairi", "H.Senkeviç: yolsuzlara yol göstərən yazıçı", "X.Eçeqaray: kralın dostu və düşməni" və "Uilyam Gilmor Simms: cənub ştatlarının ən böyük yazıçısı" kimi maraqlı yazılar da dərc edilib. Əsəd Cahangirin jurnalın 7-ci sayında yer alan "Azərbaycan ədəbiyyatında yunan mövzusu" kimi müfəssəl və maraqlı yazısı da yazının adından bəlli olduğu kimi, birbaşa tərcümə işi və bədii təsir haqqındadır (Jurnal onun tərcüməsində 2007-ci ildə Con Patrinin “Qəribə missis Sevinc” pyesini, 2010-cu ildə isə Robert Minnulinin şeirlərini çap edib).

"Azərbaycan" jurnalının 2006-cı ildəki saylarında Alpay Azəroğlunun tərcüməsində Uilyam folknerin "Marino həkim", Həmzəli İlyasın tərcüməsində Mixail Bulqakovun "Kabbala mömini-Molyer", Bəsti Əlibəylinin tərcüməsində Fakir Baykurtun "Cənazə və Barmaqəmən", Sevil Gültənin tərcüməsində Somerset Moemin "Kilsə xidmətçisi", "Vəziyyətin gücü" hekayələri çap olunub.

"Azərbaycan" jurnalının 2007-ci ildəki saylarında Səyavuş Məmmədzadənin tərcüməsində M.Y.Lermontovun "Çar İvan Vasilyeviç, cavan fərraş və igid tacir Kalaşnikovun dastanı", Güllü Yoloğlunun tərcüməsində Şevket Ramazanovun "Qanlı çörək" əsərləri nəşr edilib.

"Azərbaycan" jurnalının 2008-ci ildəki saylarında İntiqam Mehdizadənin tərcüməsində Andrey Platonovun "Torpaqda çiçək", Dilsuzun tərcüməsində Qriqori Qorinin "IV Kin" ikihissəli komik faciəsi nəşr edilib.

Jurnalın 2009-cu ildəki saylarında Əsəd Cahangirin tərcüməsində və "XX əsrin səssiz hönkürtüləri" təqdimat yazısı ilə Tomas Laks, Yuzef Komunyaka, Linn Emanuel, Mark Douti və Toni Hoqlandın şeirləri, habelə İrina Nikitinanın "Postmodernist sənət" məqaləsi, Vilayət Hacıyevin tərcüməsində Frans Kafkanın "Atama məktub"u və Haynrix Böllün "Çörəyin dadı", "Ədalətli Daniel", "Elza Baslokaytin ölümü", "Ölməz Teodora", "Pis romanlarda olduğu kimi", "Solğun bənizli Anna" və "Müharibə qurtaranda" adlı 7 hekayəsi, Yaşarın tərcüməsində Somerset Moemin "Sadiq arvad" 3 pərdəli pyesi, Ağasəfanın tərcüməsində və giriş yazısı ilə Şandor Petefinin şeirləri çap olunub.

"Azərbaycan" jurnalının 2010-cu ildəki saylarında Vilayət Hacıyevin tərcüməsində Stefan Sveyqin "Bəşəriyyətin bəxt ulduzu" silsiləvi miniatür novellaları, jurnalın dalbadal 5 sayında Vilayət Quliyevin tərcüməsində Corc Oruelin məşhur "1984" romanı, Ramiz Əskərin tərcüməsində Todur Zanetin "Ana dilim", Heydər Orucovun tərcüməsində Frederik Braunun "Arena" hekayəsi, Həmzəli İlyasın tərcüməsində Andrey Vorontsovun "Xoşbəxtlik düsturu və ya intiqam" kimi tərcümə əsərləri çap edilmişdir.

"Azərbaycan" jurnalının bu ilki saylarında Kamran Nəzirlinin tərcüməsində Con Qolsuorsini "Alma ağacı" povesti, Məmməd Alimin tərcüməsində Anna Axmatovanın şeirləri, Sevil Gültənin tərcüməsində Somerset Moemin "Edvard Bernardın məğlubiyyəti" hekayəsi, Yaşarın tərcüməsində Artur Millerin "Dünyanın yaranışı və başqa-başqa işlər" 3 hissəli pyesi, Təranə Musayevanın tərcüməsində Sərdar Özkanın "Kayıp gül" romanı, Həmzəli İlyasın tərcüməsində çağdaş rus nəsrindən Viktoriya Tokarevanın "Xoşbəxt sonluq", jurnalın baş redaktoru İntiqam Qasımzadənin tərcüməsində kubalı Laydi Fernandesin "Darionun qızı" əsəri, Mübariz Cəfərlinin tərcüməsində Pedro de Xesusun "Ustadın evində bayram" və bəndənizin tərcüməsində polyak şairi Zbiqnev Herbertin şeirləri işıq üzü görüb.

Yazıçılar Birliyinin ən qocaman və eyni zamanda ən mütəhərrik, dövri mətbu orqanı olan "Ədəbiyyat qəzeti"ndə 2005-2011-ci illər arasında Anarın Ovidi, Li Bo, Du fu, Rudəki, Hafiz Şirazi, Fransua Viyon, Petrarka, Con Donn, Bayron, Basö, Şarl Bodler, Uolt Uitmenn, Pol Verlen və Artur Rembodan olan poetik tərcümələri, eyni zamanda "Qədim Şumer-Akkad mətnləri", habelə yenə Anarın tərcüməsində Qabdulla Tukay və Andrey Voznesenskidən poetik seçmələri, Azər Turanın tərcüməsində Nihal Atsızın şeirləri, Əmin Əfəndiyevin "U.Berzinş-ədəbiyyatımızın latış dostu" və "Harold Pinter: Nobel mükafatı laureatı" məqalələri, Kəmalə Nəsrinin "Azərbaycan sevdalısı Yusif Gədikli" yazısı, bu sətirlərin müəllifinin tərcüməsində Brodski, Şota İataşvili, Dinara Gərəkməzli, Dalmira Tilepbergenova və Murat Bayerin şeirləri, habelə Yasemin Bayerin "Xoşbəxt illərə yetişin", Antonio Perpettonun "Şairlik - bu qəribə məşğuliyyət" və Paulo Koelyonun "50 il sonra" esseləri, Cəmşid Cəmşidovun " XIX əsr italyan verizmi və Covanni Verqa" adlı təqdimat yazısı və tərcüməsində müəllifin "Qraminyanın sevgilisi" əsəri, habelə yenə onun tərcüməsində İtalo Kalvinonun "Gənc qadının həyatından", Dino Bursattinin "Dostlar", "Paxıl musiqiçi", Dante Aliqyerinin, Erazm Rotterdamlının "Axmağlığın tərifi" əsərləri, Mahir Həmzəyevin tərcüməsində "Suilanları kraliçası Əgle" ( Litva xalq nağılı), Lalə Cəmşidovanın yunancadan tərcüməsində Angeliki Varellanın "Göyərçinlər və uşaqlar", Marqarita Limberakinin "Həsir şlyapa" hekayələri, Camal Qaraağaclının tərcüməsində "Avropa populizmin təhdidində" yazısı, Oqtay Kazımovun tərcüməsində Akaki Sereteli, Qalaktion Tabidze, Aleksandr Çavçavadze, Tisian Tabidze, Qriqol Orbeliani və İlya Çavçavadzedən olan poetik tərcümələri, Ayaz Vəfalının tərcüməsində Əlişir Nəvainin "Kəbə ziyarəti", Taras Şevçenkonun "Kor qadın" poeması və Erkin Vahidovun şeirləri "Heykəl önündə", "Sadəlik", "Pozan", "Dörd sətirdə", Ədalət Əsgəroğlunun tərcüməsində özbək şairi İxtiyar Rzanın şeirləri, Günel Mövludun tərcüməsində gürcü şairi Zaviad Ratianinin, Akif Azalpın tərcüməsində özbək şairləri Osman Əzim və Osman Qoşqarın şeirləri, Xeyrəddin Qocanın tərcüməsində Əziz Nesinin "Mən necə yazırammış?" hekayəsi, Rafiq Yusifoğlunun tərcüməsində koreyalı Con Çxolun şeirləri, Şahin Xəlillinin tərcüməsində Uilyam Deyvis, Con Uolles, Uilyam Bleyk, Patrik Rou, Robert Börnsün şeirləri, Eyvaz Borçalının tərcüməsində A.S.Puşkinin "Yevgeni Onegin"dən parçalar və Sergey Yeseninin "fars havaları", Teymurovanın tərcüməsində İmdat Avşarın "Kərəm" hekayəsi, Səyavuş Məmmədzadənin tərcüməsində Konstantin Simonovun ("Açıq məktub", "Vyazmada bir ocaq", Məmməd Alim tərcüməsində Anna Axmatovanın şeirləri və Mixail Emineskunun "Luçareful poeması", Suğra İbrahimqızının tərcüməsində Somerset Moemin "Seçim anı" hekayəsi, Yusif Savalannın tərcüməsində Haynrix Haynenin şeirləri, yenə də eyni müəllifin Əhəd Muradxanlının tərcüməsindəki şeirləri ("Sileziya toxucuları", "İnqilab əsgəri", Yusif Həsənbəyin tərcüməsində Andrey Dementyevin şeirləri, Abbas Abdullanın tərcüməsində Boris Oleynik və İvan Draçın şeirləri, Əjdər Olun tərcüməsində Maqvala Qonaşvilinin şeirləri, İsa Hümmətovun tərcüməsində Vladimir Yavorivskinin "Yazıq dovşanlar" hekayəsi, Əhəd Muradxanlının tərcüməsində Uolt Uitmenin şeirləri, S.Sadıqlının tərcüməsində Ömər Seyfəddinin "Rüşvət" hekayəsi çap olunub.

Qəzetdə həmin dövrdə Zeydulla Ağayevin "Xaos arasında harmoniya-Harold Pinter" (Xəyalə Məmmədovanın yazıçıdan dilimizə etdiyi tərcümələri haqqında), Cavanşir Yusiflinin "Ədəbi prosesdə tərcümənin yeri", Əsəd Cahangirin "Azərbaycan ədəbiyyatında yunan mövzusu", mənim "Qloballaşma və ədəbiyyat", Rahid Uluselin "Müasir dünya ədəbiyyatında yeni meyllər", Qəzənfər Paşayev "Çağdaş türk poetikasının tədqiqi" kimi məqalələri nəşr edilmişdir ki, bu yazıların hər birinin birbaşa tərcümə işinə, tərcümə sənətinin problemlərinə aidiyyatı vardır.

Qəzetdə həmin dövrdə son illərin ədəbiyyat üzrə Nobel mükafatçıları Orxan Pamuk, Elfride Yelinek, Leklezio, Herta Miller, Varqas Lyosa, Tranströmer haqqında informasiya xarakterli yazılar da dərc edilmişdir.

"Ədəbiyyat qəzeti" ilə bağlı statistikanı burda saxlayıb bir kitab haqqında məlumat vermək istəyirəm. Qəzetin baş redaktoru Ayaz Vəfalının məqalələri, şeir və poemaları, eləcə də tərcümələri toplanmış "Yarım əsrlik yol" kitabıdır. Kitab haqqında təsadüfən indi söz açmıram, belə ki, Ayaz müəllimin kitabındakı Əlişir Nəvaidən, Erkin Vahidov, Sergey Orlov, Lesya Ukrainka, Taras Şevçenko və başqalarından elədiyi tərcümələrin (bu isə 550 səhifəlik kitabın beşdə birindən də çoxdu) ayrı-ayrı vaxtda ilk dəfə məhz "Ədəbiyyat qəzeti"ndə işıq üzü görüblər. Tərcümələr yüksək peşəkarlıqla icra olunub. Tərcümə sənətinə, öz işinə indi dəb halını almış tələskən münasibətin əks qütbündə dayanan Ayaz Vəfalının tərcümələri xüsusən klassik müəlliflərin mətnini tərcümə nöqteyi-nəzərindən yanaşıldıqda qiymətli örnəkdir.

"Ədəbiyyat qəzeti" haqda bəzi qeydlərimi də məhz indi bildirmək yerinə düşərdi. Sirr deyil ki, "Ədəbiyyat qəzeti" bu illər ərzində haqlı, ya haqsız, amma Azərbaycan Yazıçılar Birliyinin ən çox tənqid olunan orqanı olub. O tənqidçilər sırasında bu məruzənin müəllifi də olub. Amma elə məruzəylə bağlı qəzetin saylarını vərəqləyə-vərəqləyə bir şeyə heyrətləndim. Tam səmimiyyətlə və məsuliyyətlə yazıram bu sözləri: məhz "Ədəbiyyat qəzeti" AYB orqanları arasında səssiz-küysüz, ədəbiyyata yalnız quru iddia ilə gəlməyən, öz işlərini gözə soxmaqçün eləməyən ədəbiyyatçıların yazdığı, hazırladığı, tərcümə etdiyi, ciddi və akademik, gündəmin hay-harayından uzaq, gərəkli mətnlərin daha çox çap olunduğu bir qəzetdir. Yox, mən tərcümə mətnlərini nəzərdə tutmuram, daha doğrusu, onlar qəzetin profilinə uyğun olaraq ümümi mətn kütləsi içində azlıqdadır. Şəxsən, öz adımdan deyirəm ki, qəzet kifayət qədər ciddi mövqe sərgiləyir bu mənada. O dəb aludəsi deyil; "şok açıqlamalar" sərgiləmir.

 

 

Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.3.