Vaqifin şirin
dilində…
Böyük Şəhriyar
deyirdi: "Şair ola bilməzsən anan doğmasa şair". Tehrana farsca cildlər
müəllifi oğlunun evinə qonaq gələn anası "Lalın da anası balasını başa
düşür, mən səni başa düşmürəm" - deyə
müqəddəs səmimiyyətlə gileylənmişdi. Məşhur
"Heydərbabaya salam" həmin "ana tələbi"nin nəticəsi olaraq yarandı. Şəhriyar övlad
borcunu yerinə yetirdi.
Doğma dilin dərdinə
dərman olduğunu dillər əzbəri
olmuş yaradıcılığı ilə
təsdiq etdi:
Türki,
vallah, analar oxşarı laylay dilidir, -
Dərdimi
mən bu dəva ilə müdava elədim.
Belə
demək mümkünsə, bu ədəbi əqidə o
taylı-bu taylı ədəbiyyatımızın ən
görkəmli nümayəndələrinin hər biri
üçün səciyyəvidir.
Ancaq məlum
ictimai-tarixi şərait səbəbindən quzey ədəbiyyatımızın
əldə etdiyi müstəsna nailiyyətlər əlbəttə,
şübhəsizdir.
Dünya
ədəbiyyatının ən məşhur nümunələrinin
dilimizə tərcüməsi prosesinin özü böyük
sənət məktəbi səviyyəsində misilsiz rol
oynadı.
Bu qiymətli
faktlar oxuculara yaxşı tanışdır. Ancaq bir məqamı
xüsusilə xatırlatmaq lazım gəlir. O da tərcümə
dilinin təmizliyi - doğmalığı tələbidir. Maraqlıdır ki, hətta geniş işlənən
ərəb mənşəli "tərcümə"
sözünün özünün doğma dildəki
variantı - "çevirmə" üstün tutulur.
Məsələn, Səməd Vurğun A.Puşkinin
"Yevgeni Onegin"ini tərcüməsi ilə bağlı
deyir:
Axıtdım
alnımın inci tərini, -
Yanmadım
ömrümün iki ilinə;
Rusiya şeirinin şah əsərini, -
Çevirdim
Vaqifin şirin dilinə.
Burada
bir cəhəti də deməmiş keçmək istəməzdim. Şairin məlum şeirindən
yuxarıda verdiyimiz bir bəndin sonuncu sətri ilk variantda "Mən
çevirdim Azərbaycan dilinə" şəklindədir.
Lakin müəllif həmin misranı - şəksiz
prozaik misranı "Çevirdim Vaqifin şirin dilinə"
şəklində verməklə hətta bütünlükdə
şeirin özünə
bir şirinlik gətirib.
Bu, eyni
zamanda Səməd Vurğunun və ümumən onun qüdrətli
müasirlərinin tərcümə ədəbiyyatımızın
əslində ən yaxşı orijinal əsərlərimizin
dili qədər təmiz, yüksək bədii keyfiyyətli
olması tələbini, məsuliyyətini aşkar təsdiq
edir.
Bütün
bunlara ancaq əsl mənada böyük yaradıcılıq zəhməti
hesabına nail olmaq mümkündür. Bir klassik
şeirin bir neçə müəllifin
tərcüməsində verilməsi damcıda dəryanın
keyfiyyətini müəyyən etmək cəhdi mənasında heç şübhəsiz,
əhəmiyyətsiz olmaz.
A.Vəfalı
Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.3.