Gözlə məni...

 

***

 

Gözlə məni qayıdacam.

Gözlə, ey nigar.

Gözlə, kədər gətirəndə

Soyuq yağışlar.

 

Gözlə məni, qar yağanda,

İsti düşəndə.

Gözlə, bezib özgələri

Gözləməyəndə.

 

Gözlə, məktub kəsiləndə

Səhra poçtundan.

Gözlə, təngə gətirəndə

Hamını hicran.

 

Gözlə məni, qayıdacam.

Baxma onlara -

Səbr etməyib, tab etməyib

Unudanlara.

Mən ölümün acığına

Dönəcəm, gülüm.

 

Dözməyənlər qoy dözməsin,

Döz, ömrüm-günüm.

Onlar bilməz: neçin odda

Dönmədim külə.

Məni xilas eylədin sən.

Gözləməyinlə.

cür döndüm. Tək ikimiz

Bilərik bunu.

İnamla yol gözləməyin

olduğunu.

 

Heç kəs, heç kəs sənin kimi,

Qolum-qanadım,

Gözləməyi bacarmadı;

Sənsə bacardın.

 

 

Xəlil Rza ULUTÜRKün tərcüməsində

-----------------------

***

 

Gözlə məni, gələcəyəm,

Ancaq gözlə sən.

Gözlə, kədər yağan zaman

Qəmli üzündən.

Qar yağanda gözlə məni,

Gözlə istidə.

Bəziləri unudaraq

Gözləməsə ...

Gözlə, uzaq yerdən məktub

Gəlməsə sənə,

Bəziləri yorulsa da

Sən gözlə yenə...

 

Gözlə məni, gələcəyəm,

Gözlə ürəkdən.

Desələr ki, yetər, unut...

Baxma, gözlə sən.

Amma, oğlum qoy inansın -

Artıq ölmüşəm,

Dostlar məni gözləməsin,

Gözlərində nəm -

Qoy içsinlər acı şərab,

Yad edib məni...

Tək sən gözlə. Onlarla bir

İçmə badəni...

Gözlə məni, gələcəyəm

Bir aydın səhər.

Baxtı varmış! - Söyləsin qoy

Gözləməyənlər.

Gözləməyən bilir ki,

Odlarda belə

Xilas etdin həyatımı

Gözləməyinlə.

Mən sağ qaldım, səbəbisə,

Bax, budur, gerçək:

Sən bacardın gözləməyi,

Yalnız özün tək.

 

 

Əliağa KÜRÇAYLInın tərcüməsində

--------------------------

***

 

Gözlə məni, dönəcəm, amma lap çox gözlə sən,

Mən mütləq qayıdacam, əgər belə gözləsən!

Gözlə - sarı yağışlar ürəyini sıxanda,

Gözlə - külək əsəndə, çovğunda, qar yağanda!

Başqası unudulub yaddan çıxanda çoxdan

Məni gözlə qış, bahar, istilər düşən zaman.

Yoxluğuma qoy mənim anam, oğlum inansın,

Mənə rəhmət diləsin;

Qoy dostlarım yığışıb ehsan yeməyi yesin.

Sən onlara qoşulub, onlarla tikə kəsmə,

Ölümümə inanıb yas tutmağa tələsmə.

Ölümün acığına, dönnəm, gələndə vaxtı,

Gözləməyənlər desin: baxtı var imiş, baxtı

Gözləməyən bilsin od-alovun içindən

Belə gözləməyinlə məni xilas etdin sən.

 

 

Anarın tərcüməsində

-------------------------------

***

 

Gözlə, qayıdacağam,

Gözlə sən məni.

Solğun, qəmli yağışlar

Döyəndə pəncərəni -

Gözlə sən məni.

Qışda qarı kürüyüb

Yığanda gözlə,

Yayda göydən od-alov

Yağanda gözlə.

Heç kəs gözləməyəndə -

Gözlə sən məni.

Məktublar gecikəndə

Gözlə sən məni.

Yollara boylanmaqdan

Adamlar bezikəndə -

Gözlə sən məni.

 

Gözlə qayıdacağam,

Gözlə sən məni.

Gözlə, vecinə alma

Unutmağın məqamı

Çatdı deyəni.

Qoy oğlum da, anam da

Yoxluğuma inanıb,

Mənsizliyə alışsın -

Gözlə sən məni.

Qoy dostlarım yorulub

 

Yoxluğumla barışsın -

Gözlə sən məni.

Ocağın qırağında

Sağlığıma içsinlər -

Xatırlasınlar.

Yoxluğuma içsinlər -

Xatırlasınlar.

Sən onlara qoşulma.

 

Atamın ocağına

Gözlə, gələrəm.

Ölümün acığına

Gözlə, gələrəm.

Kim məni gözləmirdi -

Desin - Bəxti gətirdi...

 

Təkcə gözləməyinlə

Neçə dəfə ölümdən

Qurtardın məni,

Yenidən bu dünyaya

Qaytardın məni.

Gözlə, gözlə yenə ,

Gözlə sən bir az

Sənin tək

gözləməyi

Heç kəs

bacarmaz.

 

 

İsa İSMAYILZADƏnin tərcüməsində

------------------------

***

 

Gözlə məni, gələcəyəm,

Gözlə məni, yar;

Gözlə məni səpəndə qəm

Narın yağışlar.

Gözlə məni qışın qarı

Evlər yıxanda;

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan əlini sən

Üzəndə gözlə;

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

 

Gözlə məni, nahaq yerə

Gülüm, qəm yemə;

Unudular...” deyənlərə

Xeyir diləmə.

Qoy inansın anam, oğlum,

Dostlarım... amma

Ölümümə,

qurban olum,

Tək sən inanma.

Görsən hamı şərab içir

Ruhum xoş olsun -

Gözlə, demə onlarla bir:

İçək, nuş olsun!”

 

Gələcəyəm, gözlə təki;

Həyat yar imiş!

Gözləməyən qoy desin ki,

Bəxti var imiş!”

Gözləməyən bilməz ki, sən

Odlardan belə

Məni necə hifz etmisən

Gözləməyinlə!..

Necə olub sağ qalmışam -

Bilməz ki, onlar:

Sənin kimi,

səhər-axşam

Gözləyənim

var!..

 

 

Ayaz VƏFALInın tərcüməsində

--------------------------

***

 

Gözlə məni, gələcəyəm,

Gözlə qış, bahar.

Gətirsə qəm üstə qəm

Həzin yağışlar,

Gözlə isti havalarda,

Boranda, qarda;

Kimsə kimdən əl üzəndə,

Gözlə yenə ;

Uzaqlardan xəbər-ətər

Gəlməsə belə,

Cana gəlsə gözləyənlər,

Hər nəsə, gözlə.

 

Gözlə məni, gələcəyəm,

Uyma bir para

İnamı kəm, yaddaşı kəm

Unutqanlara.

Oğul, ana bəd gümana

Düçar olsa da,

Dost-tanışım yana-yana

Qahmar olsa da;

Badələri qaldıraraq

Rəhmət deyəndə,

Gözlə məni lal duraraq,

Tələsmə sən .

Gözlə məni, qoy əcəlin

Əli qurusun,

Od-alovda gözləməyin

Məni qorusun.

Gözləməyən deyər: yəqin

Bəxti gətirdi.

Gözləməyən hardan bilsin,

Bu necə sirdi.

Özümüz bilərik nədən

Sağ qalmışam mən:

Gözləməkdə

sənə heç kəs

Tay ola bilməz.

 

 

Səyavuş MƏMMƏDZADƏnin tərcüməsində

 

Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.3.