Ad günün mübarək, ustad

  

Bu il yanvar ayının 20-də türk dünyasının böyük sənətkarı Nazim Hikmətin 110 yaşı tamam olur. 61 il yaşadı Nazim. Onun burulğanlı ömrünün bir parçası da Azərbaycanla bağlı oldu. "Bakıya gəldim, dünyalar mənim - oldu" deyirdi şair.

O, təkcə şeirlərində deyil, məqalə və çıxışlarında da Azərbaycandan həmişə sonsuz məhəbbətlə söz açırdı. Şairin "Neftə doğru", "Neftin cavabı", "Bayramoğlu", "Arpa çayının iki yanı" və başqa şeirlərində bu məhəbbət aydın şəkildə duyulurdu.

Məlumdur ki, Nazim Hikmət ömrü boyu müxtəlif təzyiq və təqiblərə məruz qalmışdı. Həbsxanalarda yatan, hər bir işgəncəyə dözən, zindanda olanda da yaradıcılığından ayrı düşməyən, "İnsan mənzərələri" dastanını qələmə alan, "Bir aşk masalı", "Yusif ilə Züleyxa" pyeslərini yaradan Nazim Hikmət sonuncu dəfə Moskvaya gələrkən onun ən böyük arzularından biri yenidən Bakıya qovuşmaq idi. Bu arzusuna 1957-ci ildə çatdı.

1957-ci il... Azərbaycan Dövlət Universitetinin iclas salonu. Nazim Hikmət kürsüdədir. Biz tələbələr uzaqdan-uzağa seyr edirik onu. Gur səsi dalğa-dalğa yayılır: "Bu müqəddəs, bu qüdsal evinizə - darülfünunuza çağırdığınız üçün təşəkkürlər edirəm. Məni dünyanın ən bəxtiyar insanlarından biri yapdınız. Və mən indi burada düşünürəm ki, bəlkə mən görmədim, amma oğlum görəcək, necə İstanbulda da, bizim universitetdə də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək, məsələn, indi burda şeir oxuyan bu qızcığaz gələcək. Siz məni necə qarşılayırsınızsa, onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi vaxt mənim istanbullu gənclərimə desin ki, bizə də sənin Nazimin gəldi. Biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şeyi öyrətdik. Nə öyrəndisə bu dünyada, çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın. Və məndən salam söyləsin. Çünki bəlkə mən məmləkətimə qovuşa bilmədim. Amma o, mənim məmləkətimi görəcək."

Nazim Hikmət Azərbaycan ədəbiyyatının vurğunu idi. Onun Füzuli, Vaqif, Sabir, Cəlil Məmmədquluzadə haqqında söylədiyi fikirlər öz bənzərsizliyi və orijinallığı ilə seçilir. Füzuli haqqında dediyi sözlər: "Füzuli hansı sultanın zamanında yaşamış, birdən ağlıma gəlməyir. Sultanın adını da xatırlamıram. Hələ o dövr vəzir-vüzərasının adlarını məktəbdə öyrətdikləri halda, çoxdan unutmuşam. Bəs Füzulinin salamını almayan bu övqaf məmurları? Kim bilir, özlərini nə böyük adam saymışlar?

...Amma xalq - azərbaycanlı, türk, fars, alban, bolqar olsun, Füzulinin salamını o sağkən də, ölümündən dörd yüz il sonra da hədsiz bir sevinclə alır, alacaq. Füzulinin min il sonra da bir insana salam verməsi o şəxs üçün böyük bir şərəf olacaq. Salamını aldıq, alacağıq, əleyküməssalam, böyük ustad!"

Sabir haqqında dediyi ürək sözləri: "Sabir haqqında cildlərlə əsər yazılmış, cildlərlə də yazılacaq. Sabirin mübarizəsinə vurğun olduğum qədər o mübarizəni apararkən göstərdiyi ustalığa, işlətdiyi dilə heyranam."

Nazim Hikmətin 1927-ci ildə Bakıya gəlişi, 1928-ci ildə onun ilk "Günəşi içənlərin türküsü" kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin yaradıcılığında xüsusilə bariz şəkildə öz təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim poeziyasının ətri duyulur. Bu şairlərin içərisində Rəsul Rzanın özünəməxsus yeri vardı.

Məlum olduğu kimi, Türkiyədə Nazim Hikmət şeirləri top-tüfənglə qarşılandığı kimi, Azərbaycanda da Rəsul Rza poeziyası bir vaxt hücumlara məruz qalmışdı. Amma neçə illər sonra başa düşüldü ki, Rəsul Rza təkcə bu günün deyil, həm də sabahın şairidir ("Sabahın şairidir" kəlamı Nazim Hikmətə aiddir).

Nazimin şeirlərini Azərbaycan dilinə bir çox şairlərimiz çevirmişlər. Səs arxivimdə Nazim Hikmətlə bir müsahibəm var. Həmin müsahibədə Nazim Hikmət Rəsul Rzadan söz açır və belə deyir: "Şeirlərimi Azərbaycan dilinə mənim əziz dostum Rəsul Rza çevirmişdir. Bu şeirləri o, bir az daha gözəlləşdirmişdir."

Rəsul Rza Nazim Hikmətin "Ceviz ağacı", "Mən həbs olunandan bəri", "Həbsxanada yatmalı olanlara bəzi öyüdlər", "Laylay", "Yapon balıqçısı", "Nağıllar nağılı", "Pəncərələr" və s. şeirlərini dilimizə çevirmişdir. "Rənglər" silsiləsində Rəsul Rza "Üfüqdə göy gözlərin sarı həsrəti" deyərkən Nazim həsrətini nəzərdə tuturdu və bir sıra başqa şeirlərində də Nazimlə bağlı poetik duyğularını oxuculara çatdırırdı.

Nazim Hikmətin 1928-ci ildə Bakıda nəşr olunan ilk kitabının redaktoru Süleyman Rüstəm olmuşdu. 1927-ci ildə 25 yaşlı Nazim Hikmət Bakıya qədəm basanda onu qarşılayanlardan biri də 21 yaşlı Süleyman Rüstəmdi. Bu iki gənc o zaman tanınmış şairlər idi. Süleyman Rüstəm Azərbaycanda, Nazim Hikmət isə Türkiyədə.

1950-ci ildə Nazim Hikmət həbsxanadan azad olunduqdan sonra onun 48, Süleyman Rüstəmin isə 44 yaşı vardı. Bundan sonra onların dostluğunun ikinci mərhələsi başlandı. 3 iyun 1963-cü ildə "Bu dünyadan Nazim keçdi"(Vala Nürəddin), sonra S.Rüstəm də dünyasını dəyişdi. Bu iki böyük insanı bir-birinə bağlayan tellər əbədiyyətə döndü, ürəklərdə, xatirələrdə yaşadı və bu gün də yaşayır.

Nazim Hikmətlə dostluq edən qələm ustalarımızdan biri də Mikayıl Rəfili idi. O da Nazim Hikmətin təsiri ilə şeirlər yazmışdı. "Gülən adam" təxəllüsü ilə Azərbaycan poeziyasında tanınan Mikayıl Rəfili Nazim Hikməti çox sevərdi. "Sərbəst şeir haqqında ilk söz" adlı məqaləsində Mikayıl Rəfilinin Nazim haqqında fikirləri onun bu böyük şəxsiyyətə və onun sənətinə olan rəğbətini, məhəbbətini bütün aydınlığı ilə göstərir.

Nazim Hikmət də Mikayıl Rəfili haqqında həmişə xoş sözlər deyərdi. Onu çox bəyənərdi. Dəftərçəmdə Nazimin bu sözləri var: "Mən Mikayıl Rəfilini axıra qədər də professor kimi qəbul edə bilmədim. O, təpədən-dırnağa şair idi. Bu dünyadan şair olaraq da köçdü. Elə bilirdim ondan əvvəl gedəcəyəm. Tərsinə oldu. Taleyin işini bilmək olmur."

Nazim Hikmət Səməd Vurğun poeziyasını çox bəyənirdi. 1957-ci ildə Nazim ikinci dəfə Bakıya gələndə Səməd Vurğun həyatda yox idi, əbədiyyətə qovuşmuşdu. Nazim Azərbaycana həsr olunmuş bir çox şeirlər yazdı. Onlardan biri də "Otuz il sonra" adlanır. Həmin əsərdə Nazim Hikmət 1927-ci illə 1957-ci ili müqayisə edir, Azərbaycanı yenidən gördüyünə çox sevinirdi. Bir yerdə Səməd Vurğunun adını çəkirdi: "Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu".

Nazim Hikmət Bakıda olduğu vaxt Opera və Balet Teatrına, Musiqili Komediya Teatrına, Azərbaycan Dövlət Filarmoniyasına gedir, musiqi sənətimizin inciləri ilə tanış olur, sonra da mətbuat üçün ürək sözlərini qələmə alırdı. Həmin ürək sözlərindən nümunələr:

"Bu mahnılar, bu musiqi, yəni muğamat musiqisi təkcə Azərbaycanın, təkcə Şərq ölkələrinin deyil, məncə, bütün dünya musiqi xəzinəsinin ən dəyərli inciləridir. O gecə filarmoniyada xalqın musiqi sənətkarlarına göstərdiyi sevginin heyranı oldum. Aşıq Ələsgərin qoşmalarını eşitdiyim zaman mən də özümü unutdum, mən də "sağ ol!" deyə səsləndim.

...Tarixi yadımdan çıxıb, bundan bir neçə il əvvəl İstanbulda bir dostun evində yığışmışdıq. Radioda Bakını axtarırdıq. Bakı dalğasını tutduq. Gözəl bir musiqi verirdilər. O günə qədər bənzərini eşitmədiyim bir musiqi çalındı, gözəl bir səs azərbaycanca oxumağa başladı. Ürəklərimiz az qala yuvasından uçacaqdı. Bunun nə qədər sürdüyü yadımda deyil. Diktor "Koroğlu" operasından bir ariya dinlədiyimizi xəbər verdi. Oxuyan Bülbül idi. İlk böyük Azərbaycan operasını, Üzeyirin şah əsərini mən ilk dəfə belə dinlədim."

Nazim Hikmət Bülbülün səsini çox bəyənirdi. Bu gün Bülbülün ev muzeyində Nazim Hikmətin öz dəst-xətti ilə ona göndərdiyi fototeleqram hifz olunur. Teleqramda deyilir:

"Səhər vaxtı quş səsi, rüzgarda qayın ağacı yarpaqlarının səsi, sevgilinin ovucundan tökülən su səsi, makinaların səsi, kaman səsi, tar səsi... Amma məncə, səslərin ən gözəli, ən dərini, ən ulusu - insan səsidir. İnsan səsi insanları ölümə də çağıra bilər, həyata da, kinə də, sevgiyə də. Sənin səsin, sevgili qardaşım, bütün ömrün boyunca insanları gözəlliyə, doğruya, haqqa, ümidə çağırdı. Mən sənə ölümsüz gənclik diləyirəm. Gözlərindən öpürəm. Nazim Hikmət."

Öz xatirələrində Nazim Hikmət yazırdı:

"Azərbaycan Opera Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinə də baxdım. Onun da musiqisini əvvəllər eşitmişdim. Bu, məncə, yalnız Sovet İttifaqında deyil, bütün dünyada ən gözəl balet musiqisindən biridir. Fikrət Əmirovun "Sevil" operasına da böyük bir zövqlə qulaq asdım.

...Bakıda kəşf etdiyim ən gözəl şeylərdən biri də Musiqili Komediya Teatrı oldu. "Məşədi İbad"ı, o ölməz əsəri, sonra Səid Rustəmovla Süleyman Rüstəmin "Durna"sını gördüm. Ömrümün ən nəşəli iki gecəsini keçirdim. Rejissor Şəmsi Bədəlbəyliyə, artist Lütvəliyə və Qafarlıya, aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən də varam..."

Bakıya etdiyi son səfərlərdən birində müxbirin "Bakıda sizə nə xoş gəldi?" sualına Nazim Hikmət belə cavab vermişdi:

"Təəssüratım sonsuzdur! Azərbaycan xalq mahnı və rəqslərinin mahir ifaçılarını, tarzən və kamançaçılarını dinləmək mənə müyəssər oldu. Professor Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova oxudular. Onları dinlədim və düşündüm; mən nə qədər dövlətliyəm! Çox dövlətli! Axı elə adamlar var ki, yalnız Çaykovskini, Şopeni və Bethoveni başa düşürlər. Onların musiqisi mənə çox yaxın və əzizdir. Ancaq mən müdrik və istedadlı xalqın yaratdığı muğamı, musiqini də anlayıram və sevirəm. Qara Qarayev Fikrət Əmirov kimi bəstəkarlarla fəxr edirəm.

...Azərbaycan musiqisi ulu çinar kimidir. Kökləri Azərbaycan torpağının, xalqının dərinliklərindədir, gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam yekparədir."

Nazim Hikmətin heyran olduğu əsərlərdən biri də dünya şöhrətli bəstəkarımız Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti idi. "Məhəbbət əfsanəsi" Nazim Hikmətin "Bir aşk masalı" pyesinin əsasında yaradılmışdır.

Arif Məlikov neçə illərdən bəridir ki, Nazim Hikmətin "Yusif və Züleyxa" pyesi üzərində işləyir. İnanıram ki, onun qəlbindən süzülən musiqi şairin eyni adlı əsəri əsasında bir baletə çevriləcək və bu əsər dünyanın hər yerini gəzəcək. İstanbulda da tamaşaya qoyulacaq. O zaman Türkiyənin əbədi sakini olan "Ceviz ağacı", yəni Nazim Hikmət də sevinəcək, ruhu şad olacaqdır.

Heykəltəraş Münəvvər Rzayeva da şairin çox istədiyi, bəyəndiyi sənət xadimi idi. M.Rzayeva onun büstünü və heykəlini yaratmışdı. Yeri gəlmişkən bir faktı deyim. Münəvvər xanım şairin vəfatından sonra hər il yanvar ayının 20-də Nazim Hikmətin ad gününü evində qeyd edirdi. Mən də bu ad günlərində iştirak edirdim. Jurnalist Rza Şahvələdin, o vaxtlar Bakıda yaşayan, Nazim Hikmətin müəllimi hesab edilən Zəkəriyyə Sərtəlin, onun həyat yoldaşı Səbihə Sərtəlin və başqa sənət xadimlərinin şairlə bağlı xatirələri yadımdadır.

Çoxşaxəli yaradıcılıq diapazonuna malik, təkcə Türkiyədə deyil, dünyanın əksər ölkələrində tanınan Nazim Hikmət gözəl şair, mahir dramaturq olmaqla yanaşı, həm də bir kinossenarist kimi məşhurlaşmışdı. Əlamətdar haldır ki, Nazim Hikmət, yaradıcılığının ilk dövründən başlayaraq kino sənəti ilə məşğul olmuşdu.

O, ömrünün sonuna qədər Azərbaycanın kino xadimləri ilə də bağlı idi. Onun əsərləri əsasında çəkilmiş "Bir məhəlləli iki oğlan", "Məhəbbətim mənim, kədərim mənim" və başqa filmlər geniş tamaşaçı kütləsinin böyük rəğbətini qazanmışdır.

Nazim Hikmətlə Azərbaycanın bağlılığının unudulmaz səhifələrindən biri də Nazim Hikmət poeziyasının, dram əsərlərinin nəşri və bu əsərlərin səhnə taleyidir. Nazim Hikmət yaradıcılığının poetik nümunələri Azərbaycanda 1928-ci ildən başlayaraq bu günə qədər vaxtaşırı nəşr edilməkdədir. Bu nəşrlərin ən mükəmməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Nazim Hikmətin 2006-cı ildə latın qrafikası ilə nəşr edilmiş "Seçilmiş əsərləri"dir. İyirmi beş min tirajla çap olunmuş bu kitaba sənətkarın şeir və poemaları, habelə "Kəllə", "Qəribə adam", "Domoklın qılıncı" pyesləri daxil edilmişdir.

Nazim Hikmətin 20-dən artıq pyesi bir çox dünya teatrları tərəfindən səhnəyə qoyulmuşdur. Azərbaycanda müəllifin "Kəllə" pyesi bütün başqa dram əsərlərindən daha əvvəl radio tamaşası kimi efirə verilmişdi. "Qəribə adam", "Şöhrət və ya unudulan adam", "Kəllə", "Türkiyədə", "Domoklın qılıncı", "Bayramın ilk günü" pyesləri Azərbaycanda uğurla səhnəyə qoyulmuş, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Bu gün hər hansı bir tədqiqatçı "Azərbaycan poeziyası və Nazim Hikmət surəti" adlı bir əsər yazmaq istəsə, onun əlinin altında kifayət qədər mənbə var. İlk növbədə mən Rəsul Rzanın və Nigar Rəfibəylinin Nazim Hikmətə həsr olunmuş və sənətkarlıqla qələmə alınmış silsilə şeirlərini qeyd etmək istəyirəm. Bu poetik nümunələrdə şairin həyatı, mübarizəsi, amalı, keşməkeşli bir ömür yolu keçməsi əks etdirilməklə yanaşı, hər iki şairin Nazim Hikmətə olan böyük sevgisi də bədii boyalarla verilmişdir.

Səməd Vurğunun "Hərəkət", Süleyman Rüstəmin "Nazim yenə dənizdədir", Məmməd Rahimin "Nazim Hikmət azaddırmı", Mirvarid Dilbazinin "Nazim Hikmətə", Balaş Azəroğlunun "İstanbula gəmi gedir", Mədinə Gülgünün "Nazim Hikmətə", Bəxtiyar Vahabzadənin "İlk kitabın", Zeynal Xəlilin "Nazim yadıma düşdü", Məmməd Arazın "Nazimə Türkiyə sovqatı", Fikrət Qocanın "Nazim Hikmət", Fikrət Sadığın "Oğul həsrəti", Sabir Rüstəmxanlının "Nazim Hikmətin bağında", Vaqif Bəhmənlinin "Dünyanı uşaqlara verdik", Davud Ordubadlının "Nazim Hikmət", Nəriman Həsənzadənin "Türk misrası", Musa Yaqubun "Nazim həsrəti", Məsum Əliyevin "Nazimin işığı", Arif Abdullazadənin "Nazimə məktub", İsa İsmayılzadənin "Nazim Hikmət gəmisi", Mustafa İsgəndərzadənin "Kərəm kimi", Məmməd Aslanın "Nazim yanğısı", Ağasəfanın "Nazimin ürəyi torpaqda deyil", Tofiq Abdinin "Nazim Hikmətə", Allahverdi Məmmədlinin "Nazim Hikmət cevizi", Qəşəm İsazadənin "Bir ürək var əlimdə", Adil Cəmilin "Divar çatdağından süzülən işıq" şeirlərinin də ruhu, mayası Nazim Hikmətə olan böyük sevgidən, rəğbətdən yoğrulmuşdur.

Bir neçə kəlmə də Nazim Hikmət yaradıcılığının Azərbaycanda tədqiqi haqqında söz demək istəyirəm. 1928-ci ildə "Maarif və mədəniyyət" məcmuəsində "Günəşi içirik... günəşlənirik" başlıqlı bir məqalə çap olunmuşdu. Bu məqalənin müəllifi ədəbiyyatşünas Əli Nazim idi. O, adı çəkilən məqalədə Nazim Hikmətin "Günəşi içənlərin türküsü" kitabından söz açır, Türkiyənin istedadlı gənc şairini Azərbaycan oxucularına tanıdırdı. Nazim Hikmət Türkiyəyə döndükdən sonra Türkiyə-Azərbaycan ədəbi əlaqələri sahəsində olduğu kimi, Nazim yaradıcılığının öyrənilməsində də bir boşluq nəzəri cəlb etdi. Lakin Nazim ruhu, Nazim nəfəsi Azərbaycan poeziyasında yaşamaqda idi. Nazim Hikmət həbsxanada olduğu vaxt isə söz, sənət ustalarımız, mütərəqqi dünya şairləri ilə birlikdə haqq səsini ucaldır, şairin azad olunmasını təkidlə tələb edirdilər. Həmin günlərdə Moskvada yaşayan həmyerlimiz Əkbər Babayev Nazim Hikmət haqqında dissertasiya işini tamamlamaq üzrə idi. O, Moskva radiosunun türkcə verilişlər redaksiyasının xətti ilə tez-tez çıxış edir, şairə olan hüsn-rəğbətini uca səslə bildirirdi. Dünya xalqlarının tələbi ilə Nazim Hikmət həbsxanadan azad olunduqdan bir müddət sonra Moskvaya gələndə onu qarşılayanlar içərisində Əkbər Babayev də vardı. Sonrakı illərdə Ə.Babayev N.Hikmətlə çox yaxın dost oldu, onun haqqında kitablar yazdı, bəzi əsərlərini rus dilinə çevirdi.

Nazimşünaslardan söz düşəndə xalq yazıçısı Anarın şairə həsr etdiyi dəyərli əsərlərini, xüsusən Türkiyədə nəşr olunmuş "Kərəm kimi" kitabını qeyd etmək lazımdır. Bu kitab qardaş ölkədə böyük rəğbətlə qarşılanmışdır.

Azərbaycan tədqiqatçılarından Tofiq Məlikli, Azər Abdulla, Nəcəf Quliyev, Qadir İsmayıl, Tofiq Abdin, Arif Abdullazadə, Ələkbər Salahzadə, Rəşid Quliyev, Abuzər İsmayılzadə, Aytən Babayeva və başqaları Nazim haqqında qiymətli kitablar, elmi məqalələr qələmə almışlar. Moskvada yaşayan həmyerlimiz, filologiya elmləri doktoru, professor Tofiq Məlikli türk poeziyasının tədqiqinə dair maraqlı əsərini "Elm" nəşriyyatında (Moskva) nəfis şəkildə çap etdirmişdir. Burada Nazim Hikmət sənətinin türk ədəbiyyatındakı yeri tutarlı fakt və dəlillərlə göstərilmişdir. Tofiq Məlikli Nazim haqqında yazdığı yeni əsərini - "N.Hikmət. Poeziya və poetika" kitabını da oxucuların ixtiyarına vermişdir.

"Nazim Hikmət və Azərbaycan poeziyası" mövzusunu ilk olaraq dissertasiya işi kimi qələmə alan Azər Abdulla olmuşdur. Bu əsərin "Nazim Hikmət yaradıcılığı və Azərbaycan poeziyası", "Nazim Hikmət yaradıcılığı və Azərbaycan ədəbi tənqidi", "Nazim Hikmətin dramaturgiyası Azərbaycan tənqidində" və başqa bölümlərində müəllif böyük sənətkarın Azərbaycan ədəbiyyatındakı yerini, mövqeyini tutarlı elmi dəlillərlə əks etdirmişdir.

1978-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı Nəcəf Quliyevin "Yana-yana" adlı sənədli povestini çap etdi. Bu əsərdə Nazim Hikmətin həyat və fəaliyyətinin ən parlaq səhifələri öz əksini tapmışdır. Nazim Hikmət yaradıcılığını tədqiq edən alimlərimizdən biri də Qadir İsmayıldır. Türk ədəbiyyatına dair bir çox maraqlı elmi məqalələrin müəllifi olan Qadir İsmayıl Nazim Hikmətin Azərbaycanla bağlılığına dair dəyərli elmi məqalələr qələmə almışdır.

Azərbaycan şairlərindən Nəriman Həsənzadə, Ələkbər Salahzadə, Tofiq Abdin, Vilayət Rüstəmzadə Nazim Hikmət haqqında təqdirəlayiq şeir, məqalə və xatirələr yazıb çap etdirmişlər. Bütün bunlar Nazim Hikmət irsinin öyrənilməsində mühüm rol oynamışdır.

Azərbaycanın qələm sahiblərindən Əjdər Ol Nazim Hikmət haqqında düşüncələrini 1992-ci ildə "Qobustan" məcmuəsində çap etdirmişdir. Şair-tədqiqatçı həmin məqaləsində belə yazır: "Mənə elə gəlir ki, onda da, indi də biz azərbaycanlı ziyalılar Nazim Hikməti rusdan da, ingilisdən də, bolqardan da, Türkiyə türklərindən də (elə bütün millətlərdən) artıq dünyanın böyük şairi hesab eləmişik." Bu sözlərdə təkzibedilməz bir həqiqət var.

Nazim Hikmət yaradıcılığı Azərbaycanda təkcə ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən deyil, fəlsəfi baxımdan da işlənmişdir. Bu sahədə ilk addım atan, namizədlik dissertasiyasını müdafiə edən və elmi əsərini nəşr etdirən Aytən Babayeva olmuşdur. Müəllif bu əsərində Nazim Hikmətin fəlsəfi görüşlərində humanizm problemini üç aspektdə şərh etmişdir: İnsan problemi və bunun Nazim Hikmətin dünyagörüşündəki yeri; humanizm probleminin Nazim Hikmət dünyagörüşündə transformasiyası və Nazim Hikmətin ideya dünyası. Kitabda Nazimin son şeirləri də fəlsəfi baxımdan geniş təhlil edilmişdir.

Nazim Hikmət ömrünün son illəri məşəqqətli olmuşdur. Şairin Vera Tulyakovaya (sonuncu həyat yoldaşına) yazdığı bir şeiri var. Şeir belədir:

 

Gelsene dedi bana,

Kalsana dedi bana,

Gülsene dedi bana,

Ölsene dedi bana.

Geldim,

Kaldım,

Güldüm,

Öldüm.

 

Nazim Hikmətin ölümündən sonra bu şeiri Vera Tulyakova şairin cibindən tapmışdı. Və sonralar Nazimə həsr etdiyi "Bəxtiyar ol, Nazim" adlı kitabını da həmin şeirlə bitirmişdi. Kitabına son nöqtəni qoymadan əvvəl Vera Nazimə müraciətlə deyirdi:

"Sənə bir sualım var, Nazim... O sabah pasportunu istədilər məndən... Həyatımda ilk dəfə pencəyinin cibinə girdim. Pasportunu çıxardım. Bir də mənim fotoşəklim çıxdı. 1957-ci ildə bir-birimizə şəkillərimizi vermişdik, yadındamı? Sən öz şəklinin arxasına "Vera qızıma" deyə yazmış və ox saplanmış yaralı bir ürək rəsmi çizmişdin. Mən sənə bir şey yazmadan vermişdim fotoşəklimi. O sabah şəklimi çevirəndə arxasına yazılmış şeiri gördüm. Kiçicik hərflərlə yazılmışdı. "Gelsene dedi bana..." Nazim, sən bu şeiri vaxt yazmışdın?"

Nazim Hikmətin bu şeiri sanki təkcə Veraya yox, bütün Rusiyaya deyilmiş söz idi. Çünki Rusiyanın, yəni o vaxtkı Sovet İttifaqının rəhbərliyi də Nazimə əvvəlcə "gəlsənə" dedi, sonra "ölsənə" dedi. Nazim bu quruluşun ayıblarını cəmi bircə dəfə oynanılan "İvan İvanıç varmıydı, yokmuydu" pyesi ilə açıb göstərdi, Zoşşenko kimi qələm sahiblərini müdafiə etdi. Çeçenlər onun evinə gəldilər, ondan imdad istədilər, Nazim onları müdafiə etdi. Buna görə təqib edildi. Moskvada partiya qurultayına bir kommunist kimi dəvət olunmadı. Bu işdə türk kommunist partiyasının başqanı "Marat" təxəllüsi ilə tanınan İ.Belenin də "böyük xidməti" oldu.

Nazim Hikmətin son illərində onun vətən həsrəti ilə çırpınan yaralı ürəyinin yeganə təsəllisi Azərbaycan idi. Azərbaycan da onu həmişə öz doğma övladı kimi qəbul edirdi və bu gün də Nazim Hikmət adı, Nazim Hikmət sənəti xalqımıza çox doğmadır, çox əzizdir.

Ad günün mübarək, ustad!

 

 

Aqşin Babayev,

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin

kafedra müdiri, professor

 

Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.3.