Sədaqət - qalibiyyət

     

Neçə ildir ki, Azərbaycan xalqı namərd qonşu xəyanətinin-cinayətinin ağrılarını yaşayır. Torpağının iyirmi faizi erməni işğalçılarının tapdağı altında qalan, əhalisinin bir milyondan çoxu qaçqın salınan ölkəmizin öz haqq işi uğrunda mübarizəsi - qəsb olunmuş bütün torpaqlarımızı - doğma Qarabağı geri qaytarmaq, azad etmək qətiyyəti ədəbiyyatımızın da əsas mövzusu olaraq qalır.

Ədəbiyyatımızın, mətbuatımızın tarixin müxtəlif dövrlərini əks etdirən səhifələrini vərəqlədikcə bugünkü böyük məqsədimizə daha tez yetişməyimizə kömək edə biləcək qiymətli nümunələr görmək mümkündür.

Bu mənada faşizmə qarşı aparılan İkinci Dünya müharibəsinin ümumən bəşəriyyətə, o cümlədən Azərbaycan xalqına gətirdiyi bəlalar və belə qanlı qırğınların baiskarlarına böyük nifrət ifadə edən digər xalqlara məxsus yüksək bədii səviyyəli sənət əsərləri mümkün olduqca doğma dilimizə tərcümə edilib oxucularımıza çatdırılmalıdır.

Müharibə dövrü ədəbiyyatımızı diqqətlə nəzərdən keçirəndə iki əsas cəhət aydın görünür: qələbəyə inam, düşmənə nifrət. Döyüşlərdə elə hallar olub ki, düşmənlə əlbəyaxa - silahsız vuruşa biliblər, amma inamsız, nifrətsiz yox. İnsanın böyüklüyü onun inamının böyüklüyündədir. Həmin böyük inam məşhur rus şairi-ədibi, İkinci Dünya müharibəsi zamanı hərbi qəzetin xüsusi müxbiri işləyən Konstantin Simonovun "Gözlə məni" şeirinin də əsas qayəsini təşkil edir. Müharibə dövründə keçmiş SSRİ məkanında, məlum olduğu kimi, bir sıra çox dəyərli əsərlər yaranıb və onların hər biri ayrıca təhlilə-tədqiqə layiqdir. "Gözlə məni" həmin mövzuda əsl bədii kəşf idi. Bu şeir, demək olar, bütöv bir nəslə müharibənin, ayrılığın, sədaqətin, nəhayət, fədakarlığın nə demək olduğunu bütün ağrısı-acısı ilə hiss etdirib.

"Gözlə məni"nin mövzusu konkret şəraitin doğurduğu mövzu idi. Cəbhədəki sevgilisini sədaqətlə gözləmək - onu oddan-alovdan gözləmək demək idi: böyük qələbəni gözləmək demək idi. Yüksək məqsəd uğrunda vuruşanlar həm də yüksək məhəbbət uğrunda vuruşurlar. Bu məhəbbətə ləkə gəlməməlidir. Çünki ləkəli məhəbbət, tənə gətirən məhəbbət qəhrəman üçün ölümdən də ağırdır. Xalq özü bunu daha kəskin deyib: "İgidə güllə batmaz, - Tənəli söz öldürər..." Qaçaq Nəbini həvəsləndirən, qoluna qüvvət verən səbəblərdən biri də qeyrətli Həcərin təmiz adı-sanı, pak məhəbbəti idi. "Həcəri özündən ay qoçaq Nəbi" sözləri Qaçaq Nəbini yəqin ki, əfsanəvi Bozatdan daha yüksəklərə qanadlandırırdı. Ona görə də, heç şübhəsiz, əldə edilən böyük qələbə eyni zamanda döyüşçü ərini, nişanlısını sədaqətlə gözləyən anaların-gəlinlərin pak məhəbbətinin qələbəsidir.

"Gözlə məni" müəllifi, necə deyərlər, sarı simə toxunmuşdu. Şairin yaxın qələm dostu Səməd Vurğunun dediyi kimi: "Konstantin Simonovun "Gözlə məni" şeiri milyonlarla adamı dərindən həyəcanlandırdı. Çox saf və dərin bir səmimiyyətlə aşılanmış olan bu şeir Böyük Vətən müharibəsi iştirakçılarının bir çoxunu düşündürən fikirlərə sanki bir cavab idi". Təsadüfi deyil ki, şeir dərc ediləndən (14 yanvar 1942-ci il) dərhal sonra ayrı-ayrı xalqların ədəbiyyatlarında, o cümlədən Azərbaycan ədəbiyyatında və musiqisində "Gözlə məni" və "Gözləyirəm" deyən təsirli əks-sədalar eşidildi. Şairin sözlərinə neçə-neçə bəstəkar musiqi yazdı.

"Ağır günün dostları" ifadəsini, mənə elə gəlir ki, təkcə insanlara deyil, həm də əsərlərə aid etmək olar. Bir şeir, bir nəğmə ki, səngərdə də səninlə olur, ürəyinə təskinlik verir, qüvvət verirsə, bəzən də səninlə birgə "yaralanırsa", onu niyə də ən sədaqətli dost - cəbhə dostu saymayasan?!

Bir ürəkdən qopan bir şeirin milyon-milyon ürəkdə yer tapmasını, müntəxəbat şeiri olmasını təkcə mövzunun aktuallığı, psixoloji cəhətdən vaxtına görə cəsarətlə, həm də çox doğru əsaslandırılması ilə izah etmək kifayət olmazdı. Burada şairin dərin səmimiyyətibu səmimiyyətdən doğan ifadə forması ciddi əhəmiyyətə malikdir. Konstantin Simonov ritorik müraciətdən mümkün qədər imtina etmiş, təbii-səmimi müraciəti üstün tutmuşdur. Ürəklərə ürəklə hökm eləmişdir.

Ümumiyyətlə, K.Simonovun bu şeiri, müharibə dövrü poeziyada ümmandan bir damla olmaq etibarilə, ədəbiyyat və həyatla əlaqədar bir sıra nəticələr çıxarmağa imkan verir. Bu isə şeirin epoxal xarakterindən irəli gəlir. "Gözlə məni" yazıldığı günlərin həqiqətini ifadə edirdi. Həqiqət haqqında danışanda onun həm sadə, həm də acı olduğunu deyirlər. "Gözlə məni"də acı həsrət, bəşəri, müqəddəs kədər var, lakin ümidsizlik yoxdur. Bu müqəddəs kədərdə qələbənin nikbinliyi var, qələbəyə inamın siqləti var. Müharibədə təkcə komandirlər deyil, sənətkarlar da həqiqəti deməli idilər. Ancaq belə olduqda həqiqətdəki dərdlərə çarə etmək olardı. Məhz buna görə komandir də, sənətkar da həqiqəti olduğu kimi dərk etdiyi, həqiqəti dediyi üçün onlara qulaq asan döyüşçüqalib gəldi.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.1.