Unudulmaz müəllim

 

Mən 1953-cü ildə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun "Özbək dili və ədəbiyyatı" fakültəsinə qəbul olmuşdum. Həmin institutda özbək ədəbiyyatı tarixindən azərbaycanlı özbək şairi, alim, dramaturq böyük insan Maqsud Şeyxzadə mühazirə oxuyurdu. Oxuduğum illər ərzində Maqsud müəllimin coşqun nitqini, özünəməxsus pafosla oxuduğu şeirlərini dinləmişəm. O nitq, o şeirlər hələ də qulağımdadır. Tələbələr Maqsud müəllimin dərslərini səbirsizliklə gözləyirdilər.

Professor M.Şeyxzadə öz mühazirələrində iki xalq arasındakı dostluqdan, qardaşlıqdan, ədəbi əlaqələrdən, xüsusilə, dahi Nizami Gəncəvi və böyük şair Əlişir Nəvainin əsərlərindən ürək dolusu danışardı. Bu iki şairin şeirlərini həm özbək, həm də Azərbaycan dilində özünəməxsus intonasiya ilə oxuyardı. O, deyirdi: "Bu dillərə tərcümə lazım deyil, kökü birdir". Bunu şair "İki dostbir tərcüməçi" şeirində bəyan etmişdir.

Maqsud müəllimi bütün özbək xalqı sevirdi, hörmət edirdi. Mən, böyük şair, alim, professor, dramaturq Maqsud Şeyxzadənin tələbəsi olduğumaböyük Nizami Gəncəvi adına Pedaqoji İnstitutu tamamladığıma görə özümü xoşbəxt hesab edirəm.

 

Mən gəldim dünyaya Azərbaycanda,

Keçdi çocuqluğum o gül məkanda.

Nizami vətəni, Gəncə şəhəri

Türkülər doldurdu ciyərlərimə.

 

Doğma Kür çayının xoş təranəsi

Susamış könlümdə oyatdı nəğmə.

Ancaq şairliyi incə taleyi

Güldü Sırdəryada, qismətmiş bu da.

 

Özbək günəşinin əksini gördüm

Kəsdiyim çörəkdə, içdiyim suda.

Yox, mən taleyimdən incik deyiləm,

Şerin dövlət quşu qondu çiynimə.

 

"Daşkəndnamə" poemasından misal gətirilmiş bu sətirlərin müəllifi Maqsud Şeyxzadə Azərbaycan özbək xalqlarının tarixi qardaşlığının, dostluğunun rəmzinə çevrilmiş görkəmli ədəbi şəxsiyyətdir.

1981-ci ildə Özbəkistan Təhsil Nazirliyində tərbiyə işləri üzrə baş metodist vəzifəsində işləyirdim. Təhsil Nazirliyinin qərarına əsasən tərbiyə estetikaya aid ibtidai sinif şagirdləri üçün özbək dilində uşaq mahnılarını vala yazdırmaq lazım idi. Mahnı yazan şairlər ilə əlaqə saxlamalı oldum. Özbəkistan xalq şairi Polad Mömünü nazirliyə dəvət etdim. Val üçün lazım olan şeiri, mahnıları seçdik müqavilə bağlandı.

Sonra söhbət Maqsud müəllim haqqında oldu. Uşaq şairi Polad Mömün müharibə illərində Şeyxzadənin tələbəsi olduğunu dedi: "Biz Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda oxuyurduq. M.Şeyxzadə bizə özbək ədəbiyyatı tarixindən dərs deyirdi. Çətin illər idi. O, dərs başlamazdan əvvəl bizim üzümüzə baxıb hal-əhval soruşardı: “Evdə vəziyyət necədir?” Necə dolanırsınız? Atalarınızdan, qardaşlarınızdan xəbər var? - deyə mehribanlıqla soruşardı. Bizi səbirli olmağa çağırır, əlbəttə, uğur qazanacağımıza inandırırdı. Müharibədəki qələbəyə aid şeirlərini yüksək pafosla oxuyardı. M.Şeyxzadə yüksək bilikli, iradəli, mehriban, qayğıkeş, böyük insan idi. O, həmişə, hər ayda aldığı maaşını gətirib tələbələrə paylayardı".

Yazıçı Şərəf Rəşidov yazır: "Şeyxzadə şeirlərinin ən yaxşı bədii, mənəvi fəziləti, dövrümüzün böyük idealları, xalqımızın vəzifələri yüksək amalı ilə yüksək ruhda təsvir olunmuşdur. Bu şeirlər sözün tam mənasında cəngavər şüarlar kimi səslənir".

Mən iki xalq arasındakı dostluğu, qardaşlığı, ədəbi-mədəni əlaqələri inkişaf etdirməyi, Maqsud müəllimin ənənələrinə sadiq qalmağı özümün ali məqsədim borcum hesab etmişəm. Bu gün xalq arasında radio televiziyada öz çıxışlarımla, qəzet jurnal səhifələrində verilən məqalələrimlə, tərcümələrimlə bu ənənəni davam etdirirəm.

 

 

Şərqiyyə ŞIXƏLİYEVA,

ədəbiyyatşünas

Daşkənd

 

Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.2.