Qan borcu

 

Yavaş-yavaş şər qarışır,

Yenə də qaynayır şəhər.

Demə özündən xəbərsiz

Od ilə oynayır şəhər.

 

Bu şəhərin yollarını

Kəsibdir insan "hasarı".

Başbilənlər başa düşmür

Nədir millətin azarı.

 

Nədir canlı "barrikada",

istəyir körpə, uşaq.

Toplaşıblar topa-topa,

Ortalıqda yanır ocaq

 

Bu şaxtalı qış gecəsi

Bu adamlar üşümürmü?

Hara çəkir xalqı bu yol,

Görən kimsə düşünürmü?..

 

Bəli, bəli tədbir töküb,

Düşünən var, daşınan var.

O gecənin zülmətində

Yaraqlanıb yaşınan var.

 

biləsən başımıza

Yağmağa qurğuşun gəlir.

Qanımıza yerikləyən

Poladpaltar qoşun gəlir

 

Tırtılların səsi yaxın

İşıqlanır qara gecə.

Kimsə bilmir tank "karvanı"

Hardan gəlir, hara keçə.

 

Biz görmüşdük bu tankları,

Bu zirehli maşınları.

Görməmişdik qana həris

Bu əcayib qoşunları.

 

Çəhrayıya çalan sifət,

Birgünlükdən qan-qan deyir.

Yazıq insan beləsinə

ürəklə insan deyir?

 

Bu vəhşilər pəncəsindən,

Qurtulmağın çarəsi yox.

Yox-yox, onlar əsgər deyil -

Beləsinin anası yox

 

Tez bölünüb dəstələrə,

Yırtıcılar halay vurur.

İşıqsaçan odlu güllə

Qaranlığa qalay vurur

 

Fəryad qopur gecəyarı,

Qaranlıqda qan tökülür.

Ağacdan yarpaqsayağı

Torpağa insan tökülür.

 

Yolda ocaq qalayanın

Qəfildən ocağı sönür.

Bir gecədə neçə ömrün

Qaynar gənclik çağı sönür.

 

Qardaşını itirən kim,

Yoldaşını itirən kim.

Bu qırğına inanmayıb

Öz başını itirən kim.

 

Haray çəkən adamları

Ağır tanklar əzib keçir.

Silahsız "yolkəsənləri"

Tırtılıyla kəsib keçir.

 

Güllələyib söndürürlər,

İşıq saçan qəndilləri.

Sönmüş ocaq yerlərində

Ləpələnir qan gölləri.

 

Süngülərə keçirirlər

Qocaları, körpələri,

Xalqımın yol çəkən gözü

Görməliymiş gör nələri

 

Göz açandan gözümüz yaş -

Bu dünyada nələr gördük.

Haqsızların pəncəsində

Haqqımızı mələr gördük.

 

Mənim kölə taleyimdə

Dərdimin ən ağırı - bu.

Azadlığa gedən yolun

Aqibəti, axırı - bu.

 

Kimdir mənim mənliyimi

Bu gecə sınağa çəkən?

Üzüyumşaq millətimi

Sola çəkən, sağa çəkən?

 

Kimdir mənim kürəyimi

Hədəf seçən, nişan edən?

Şəhərimin göylərini

Belə atəşfəşan edən?

 

Bir ölkədə biz biriksə

Axmayaydı bu qan gərək.

Bir gün sonra çıxmayaydı

Fövqəladə fərman gərək

 

Ay-ulduzu görən cəllad

Bayrağımı al qan edir.

Qoşun "borcunu ödəyib"

Bizi qana qəltan edir.

 

Güllə yağır yağış kimi,

Evlər deşmə-deşmə olur.

Ahıl, uşaq, qadın, kişi -

Hamı dönüb "düşmən" olur.

 

Gülərüzlü bir millətin

Göz yaşları gilələnir.

Küçələrə çıxmayanlar

Öz evində güllələnir.

 

1990

 

 

Adil Cəmil

 

Ədəbiyyat qəzeti.- 2012.- 20 yanvar.- S.3.