Qanlı
Yanvarın ədəbi əks-sədası
Azadlıq
uğrunda mübarizəmizin böyük faciələr və
itkilərlə dolu tarixi var ki, 90-cı ilin 20 Yanvar faciəsi
bu tarixin mühüm bir hissəsidir. Bu faciə azadlıq,
müstəqillik yolu tutmuş xalqımızın yenilməz
iradəsinin nümayişi, rus imperiyasına qarşı
etirazın son həddi idi. Baş vermiş qanlı hadisə dərhal
ədəbiyyatımızda əks-səda tapdı,
insanlığa qarşı görünməmiş bir cinayət,
soyqırım müharibəsi kimi ittiham olundu. Hələ
şəhidlərimizin qan izi küçə və
meydanlardan təmizlənməmiş "biz qolumuzdakı zəncirləri
qırmaq istəyirdik, amma özümüzü
qırdılar... Məhkəməsiz, sübutsuz, dəlilsiz,
günahsız qırğın oldu, yanvar
qırğını" - deyə qan ağlayan istiqlal
şairi Xəlil Rzanı da zindana saldılar. Bu, təcavüzə
məruz qalmış bir xalqın həm də söz deyən
dilinin, yazan əlinin buxovlanması, susdurulması cəhdi idi.
Lakin həmişə olduğu kimi, bu faciəli tarixi məqamda
da ədəbiyyatımız xalqın böyük, qeyri-adi
müsibətlərini əks etdi, onun həyəcan və
ümidlərilə yaşadı. Bu mövzuda çoxlu sayda əsərlər
yazıldı.
Azərbaycanın
ayrılmaz parçası olan Naxçıvan ədəbi
mühitinin nümayəndələri də - Elman Həbib, Əbülfəz
Muxtaroğlu, Vaqif Məmmədov, Xanəli Kərimli, Asim
Yadigar, İbrahim Yusifoğlu, Qafar Qərib, Hüseyn
Bağıroğlu, Elbəyi Maqsudov, Rahilə Elçin, Əbülfəz
Ülvi və başqaları məşum şənbə gecəsinin
hadisə və dəhşətlərini vətəndaş
yanğısı ilə qələmə alıb, şeirin
çevik və operativ imkanlarını bir daha nümayiş
etdirdilər. Şəhid nəğmələri - ağı
qoşmalar, bayatılar, mərsiyələr o günlərin
hökmündən doğan yaradıcılıq nümunələri
kimi xalqa çatdırılır, dillər əzbərinə
çevrilirdi. Şübhəsiz ki, ilk anlardan onun geniş bədii
inikasını vermək qeyri-mümkündür. Lakin bu dəhşətli
hadisələri vaxtında qələmə almaq ona görə
çox vacib idi ki, gələcəkdə ədəbiyyatın
bu hadisə barədə nəsri, eposu bu ilk qələm təcrübəsindən
başlanırdı.
Şair Əbülfəz
Muxtaroğlu ilk günlərdə yazdığı
"Ağlama" şeirində şəhidlərin lirik
obrazı vasitəsi ilə bütöv bir xalqın, bir
torpağın fəryadını əks etdirmiş, erməni
vəhşiliyini, vətənimizin və xalqımızın
başına gətirilən müsibətləri, törədilən
faciələri, vətən uğrunda aparılan mübarizələri
real, inandırıcı, həm də konkret faktlar əsasında
təsvir etmişdir.
Yaxud bizə
o faciəli hadisənin dəhşətlərindən ürək
ağrısı ilə bəhs edən Vaqif Məmmədovun
"Unutsaq, unudularıq" əsəri, Elman Həbibin
"İnam" poeması, Asim Yadigarın "Naməlum əsgər",
Yaqub Şirinoğlunun iki hissəli "İntizar"
poeması, Budaq Təhməzin "Qalx ayağa", Elbəyi
Maqsudovun "Dərsdən əvvəlki imtahan", Əhliman
Sadiqin "Şəhidlər yaşar, ölməzlər",
Kəmalə Nəsrinin "Şəhidlər qanına
boyanan torpaq", Elxan Yurdoğlunun "Dinlə", Sədaqət
Nemətin "Əbədi ziyarətgah" və başqa
şeir və poemalarını xatırlada bilərik.
Tanınmış
şair Xanəli Kərimlinin bu mövzuda ən yaxşı əsərlərindən
biri "Ağrı" və "Bütövlük"
poemalarıdır. Bu poemalarda şəhidlik mövzusu daha
geniş miqyasda həllini tapır. 20 Yanvar hadisəsi şairə
illər uzunu qəlbində və şüurunda
yığılıb qalmış hiss və fikirləri, dərin
kök salmış milli iztirabları, ağrılı həqiqətləri
ifadə etməyə əsas verir. Bununla belə, poemada
mübarizəmizin çox mühüm bir məqamı,
imperiya ordusu ilə xalqımızın üzləşməsi,
mərd oğul və qızlarımızın onun
qarşısında diz çökməməsi faktı qələmə
alınmışdır. Poemanın sonunda şair bu
zülmün yerdə qalmayacağını, gec-tez
intiqamın alınacağını inamla söyləyir:
Azərbaycan
- tarix boyu için qovğa,
çölün
düşmən.
Dünənin
qan, bu günün qan,
Azərbaycan
- hər yerində şəhidistan.
And veririk səndən
ötrü şəhidləşən
mərdlərinin
al qanına,
And veririk
öz adına, öz şanına
qisasını
alacağıq.
Poemanın əsas
motivi, əsas poetik pafosu da məhz xalqın tarixində
baş verən qanlı tarixi hadisənin lənətlənməsindən
və ibrət götürülməsindən ibarətdir.
Şeir və publisistikası ilə oxuculara yaxşı
tanış olan Vaqif Məmmədovun "Sədərək
harayı" kitabında isə 1990-cı ilin 19 yanvarında
erməni təcavüzü zamanı Sədərəkdə
törədilmiş vəhşiliklər, doğma
torpağın mərdliklə müdafiə olunması öz əksini
tapır. Bununla belə, şair haqqında bəhs etdiyimiz Sədərək
döyüşlərinin bilavasitə
iştirakçısı, baş verən hadisələrin təhkiyəçisidir.
Kitabdakı ilk şeirlərdən "Bu kənd niyə
yetimdir?", "Şəhid anasının düşüncələri",
"Nədir, bu körpənin günahı, Allah?" kimi
şeirlərində şair çox mühüm, vacib mətləblərdən
söz açır, törədilmiş faciənin dəhşətlərini,
milli faciə səviyyəsində poetik dillə oxucuya
çatdırır. Vaqif Məmmədovun şeirlərinin
çoxunda erməni təcavüzü zamanı Sədərəkdə
törədilmiş vəhşiliklər, doğma
torpağın mərdliklə müdafiə olunması, vətən
qeyrətli oğullarımızın rəşadəti təsvir
olunur. Şairin yazdığı kimi, "Əsərlərimin
bir çoxu misralara çevrilən dərdi, harayıdır
Sədərək kəndinin".
Naxçıvan
Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın
"Naməlum əsgər", "Şəhidlik",
"Ən uca zirvə" və sair şeirlərində qəsbkarlara
qarşı mübarizənin ifadəsini görmək
mümkündür:
Məzarlar
önündə susdum, kiridim,
Şəhid
məzarları durub yan-yana.
Şəhidlik
özü də bir ucalıqdır,
O da qismət
oldu Azərbaycana.
Məlum
olduğu kimi, o dəhşətli gecədə Sədərək
kəndi də ermənilər tərəfindən ən
müasir silahlarla atəşə tutulmuşdu.
"Şanlı sovet ordusunun" əsgər və zabitlərinin
gözləri önündə onların silahlarından istifadə
edib dinc əhalini qanına bələyən döyüşləri
görəndə şair İbrahim Yusifoğlunun da ürəyini
sızıldadan o ağrılar misralara çevrildi. Şair
yazdığı kimi, "İllər boyu üzərimizə
tuşlanan silahların tətikləri çəkildi, sinəsi
odlanan da oldu, şəhid olan da. Mənim isə inamım
güllələndi".
"Şəhid
qanlı lalələr", "Öyünür vətən"
kitablarında isə mənfur erməni millətinin Azərbaycan
torpaqlarına təcavüzü zamanı rota komandiri kimi
döyüşlərdə düşmənə qarşı
vuruşmuş hərbiçi-şair Vaqif Əsrarın şəhidlərə
həsr olunmuş şeirlərinin bir qismi və "Mənim
şəhid olan kəndim" poemasında isə Şərur
rayonu ərazisindəki Danzik kəndinin ermənilər tərəfindən
ələ keçirilməsindən bəhs olunur. Şair lalənin
bağrının qan olmasını su əvəzinə şəhid
qanı içməsi ilə əlaqələndirir.
Şair Maarif
Təmkin yaşadığımız günlərin
ovqatını poetikləşdirəndə də, Qarabağ
nisgilini, qaçqın, şəhid, köçkün kədərini
sətirlərdə canlandıranda da, bir sözlə,
hansı mövzuya üz tutursa-tutsun - həmişə vətəndaşlıq
mövqeyindən çıxış edir.
Qanlı
Yanvar faciəsindən artıq 22 il keçir. Bu müddətdə
bədii nəsrimizdə - Akif Axundov, Bayram İsgəndərli,
Güllü Məmmədova, Rafiq Babayev, Cavanşir Ələkbərov
əsərlərində yanvar hadisələrinin müsibətlərini
əks etdirmişlər. Yazıçı-publisist Həmid
Arzulu "Qara xəncər" romanında 1988-90-cı illərdə
Azərbaycanda, o cümlədən Naxçıvanda baş
verən milli oyanış təlatümləri fonunda bir qrup
insanların qanunlardan necə sui-istifadə etdiklərindən,
xarici qüvvələrin maddi sərvətlərimizi talan etmək
cəhdlərindən və ölkəyə yeni ruh yüksəkliyi,
azadlıq, müstəqillik gətirməkdə olan gənclərimizin
mübarizəsindən bəhs edilir. Yazıçı
Güllü Məmmədova "Şəhid balası"
hekayəsində hər gün atasının yolunu gözləyən,
onun şəhid olduğunu bilməyən, hər qapı
döyüləndə "atam gəldi" deyib, qapıya
yüyürən, lakin arzusu gözündə qalan körpənin
dərin kədərinin, ürəyindəki ağır
nisgilin təsvirini həyəcansız oxumaq mümkün
deyil.
Belə bir cəhəti
də qeyd etmək lazımdır ki, ilk vaxtlar 20 Yanvar faciəsinə
müraciətin ən fəal janrı publisistika olmuşdur.
Hadisə baş verəndə ölkə informasiya
blokadasına alınmış, Bakıda fövqəladə vəziyyət
qadağaları qoyulmuşdur. Buna baxmayaraq şair və
yazıçılarımızın səsi radio, televiziyadan
eşidilirdi. 20 Yanvar mövzusunda bir sıra publisist yazılar
mətbuat səhifələrində dərc edildi. Muxtar
Respublikanın orqanı olan "Şərq qapısı"
qəzeti faciədən sonrakı saylarını
bütünlüklə bu mövzuya həsr etmişdir.
Sonrakı aylarda və illərdə 20 Yanvar mövzusuna
müraciət ziyalılarımız tərəfində daha
da inkişaf etdirildi. Bu mövzuya müraciət bir növ yaradıcılıqda
milli vətənpərvərlik ənənəsini
almışdır. Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəylinin "Tarix unudulmur",
"Tarixin gerçək yaddaşı", "Azərbaycan
qaynaqlarında ermənilərin yapdıqları qətliamlar",
AMEA Naxçıvan bölməsinin sədri İsmayıl
Hacıyevin "Tarixin ağ ləkələri", "Erməni
xəyanəti", AMEA-nın müxbir üzvü, tarix elmləri
doktoru Hacı Fəxrəddin Səfərlinin "20 Yanvar -
tarixin qanlı faciəsidir", fəlsəfə elmləri
doktoru Məmməd Rzayevin "Tariximizin qan
yaddaşı", tarix elmləri namizədi Elman Cəfərlinin
"Faciələr tariximiz: rəqəmlərin dili ilə",
"Erməni məslələsi"nin tarixi problem kimi
yaranması və inkişafı" kimi məqalələri
bu mövzuda yazılmış dəyərli nümunələrdəndir.
Azərbaycanın
əməkdar incəsənət xadimi, şair-publisist Elman Həbib
də bu mövzuya biganə qalmamış, onlarla şeir və
publisist məqalələr yazmışdır. O,
"Harayımıza hay verməyən dünya və qaysaq
bağlamayan yaralar" adlı məqaləsində tariximizi vərəqləyir,
zaman-zaman xalqın başına gətirilən müsibətləri
yada salır, gələcək nəsli ibrət götürməyə
çağırır.
Bu baxımdan
filologiya elmləri namizədi Lətif Hüseynzadənin
"Günahsız tökülən qanlar" adlı məqaləsində
sovet imperiyasının siyasəti, tarix boyu Azərbaycan
xalqının başına gətirilən müsibətlər,
həmin dövrlərdə xalqımız haqqında ermənilərin
və ermənipərəst qüvvələrin dünya
ictimaiyyətinə çatdırdıqları qərəzli
fikirləri əks olunmuşdur. Ümumiyyətlə, bu məqalə
müəlliflərinin hamısını bir problem, bir sual
düşündürür: baş verən hadisələrin
arxasında hansı siyasi məsələlər dayanır?
faciə öz başlanğıcını hardan
götürüb?
Qanlı
Yanvar faciəsi başqa bədii publisist yazılarda da təsirli,
ağrılı bir üslubda qələmə
alınmışdır. Filologiya elmləri doktoru, prezident təqaüdçüsü
Yavuz Axundlunun "Qarabağ harayı",
yazıçı-publisist Hüseyn Həsənoğlunun
"Heykəlləşmiş qəhrəman" kitabları
dəyərli nümunələrdəndir. Kamran
İmranoğlunun (Əliyev) "Sədərək
döyüşləri", Zəhmət Şahverdiyev və
Rövşən Bağırovun "Dərələyəz
taleyi şəhidlər və döyüşlər",
Vaqif Məmmədovun "Sədərək şəhidləri",
Əbülfəz Muxtaroğlunun "Şahbuz şəhidləri",
Fərəc Fərəcovun "Culfa şəhidləri"
kitabları diqqətəlayiqdir. Bu kitablarda döyüşlər
zamanı erməni işğalçıları tərəfindən
vəhşicəsinə qətlə yetirilmiş insanların
taleyindən bəhs edilir. Bu sadəcə sənədlərdən
ibarət toplu da deyil, konkret insanların mübarizəsi və
fədakarlığı barədə hekayətidir.
Əlbəttə,
bir məqalədə bu mövzuda yazılanların
hamısını əhatə edə bilməsək də,
deyə bilərik ki, Naxçıvan ədəbi mühitinin
nümayəndələri bu dəhşətli faciənin səbəblərini
düzgün müəyyənləşdirmiş, istər bədii,
istərsə də publisist dillə, inandırıcı
faktlarla əks etdirmişlər. Şübhə yoxdur ki,
müxtəlif nəsillərə mənsub qələm
adamlarımız bundan sonra da öz tarixi tipologiyasını
qoruyub saxlayacaq, başımıza gətirilən bu faciələrdən
nəticə çıxarıb Azərbaycan ədəbiyyatını
orijinal və sanballı əsərləri ilə zənginləşdirəcək.
Aypara BEHBUDOVA,
filologiya elmləri üzrə fəlsəfə
doktoru
Naxçıvan Dövlət Universiteti
Ədəbiyyat qəzeti.- 2012.- 20
yanvar.- S.2-5.