Ədəbiyyatımızla
çiyin-çiyinə
Bu yaxınlarda Azərbaycanda teatr təhsilinin
90 illiyi tamam olacaq. Vaxtilə teatr məktəbi, sonra Azərbaycan
Dövlət Teatr İnstitutu, Azərbaycan Dövlət
İncəsənət İnstitutu, nəhayət, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti kimi fəaliyyət göstərən bu təhsil
sistemi ilə Azərbaycan ədəbiyyatının bir
çox görkəmli nümayəndələrini sıx əməkdaşlıq,
qarşılıqlı yaradıcılıq əlaqələri
birləşdirir. Məhz bu istək bizi universitetin rektoru,
professor Timuçin Əfəndiyevlə görüşdürdü.
Söhbətimiz də elə ədəbiyyatımızla, incəsənətimizlə
və onların inkişafına təkan verən,
çiçəklənməsinə kömək edən
teatr, daha sonra mədəniyyət və incəsənət təhsili
ilə bağlı oldu.
- Timuçin müəllim, artıq 90
ildir ki, Azərbaycan teatr təhsili mövcuddur, bu az tarix deyil.
Eyni zamanda bu təhsilin bazası əsasında ölkəmizdə
mədəniyyət və incəsənət təhsili
yaranıb. Şübhəsiz ki, teatr məktəbi
yarandığı gündən ta bu günədək həmişə
ədəbi aləmlə, ədəbi mühitlə
bağlı olub. Elə bilirik ki, bu
bağlılığı, qarşılıqlı təsiri
öyrənməyin, araşdırmağın vaxtı
çoxdan çatıb.
- Şübhəsiz,
hər tamaşanın bünövrəsində onun ədəbi
mətni durur. Ədəbi mətni isə aktyorlar, rejissorlar və
s. yaradıcı şəxsiyyətlər
canlandırırlar, ruh verirlər. Bu "ruh verənlər"
yüksək hazırlıqlı, təhsilli olmalıdılar
və 90 ildir ki, teatr təhsili bu fəaliyyətini həyata
keçirir. Yəni burada yetişən sənətkarlar Azərbaycan
və dünya ədəbiyyatının,
dramaturgiyasının təbliği, onların əsərlərinin
ürəklərə daha yaxından yol tapması ilə məşğuldular.
Bu məsələnin bir tərəfidir.
Məsələnin
ikinci tərəfi isə ədəbiyyat xadimlərinin
birbaşa bu təhsillə əlaqəli olmasıdır.
Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarların
yaradıcılığını araşdıranlar
onların bizim bu təhsil ocağımızla əlaqələrini
yaxşı bilirlər. Sonrakı dövrlərdə bir
çox yazıçılarımız orta ixtisas, yaxud ali təhsillərini
bizim təhsil sistemimizdə almışlar. Onların
sırasında Əzizə Cəfərzadənin, Adil
Babayevin, Hüseyn Abbaszadənin və digərlərinin
adlarını çəkə bilərəm. Kimi burada təhsil
almış, kimi isə dərs demişdir.
Mən bu
siyahıya Azərbaycan Yazıçılar Birliyinin üzvləri
olmuş tənqidçilərin də adlarını əlavə
edə bilərəm. Feyzulla Qasımzadə, Əli
Sultanlı, Cəfər Cəfərov, Məmməd Cəfər
Cəfərov, Əkbər Ağayev, İslam İbrahimov, Təhsin
Mütəllimov, Məmmədəli Əsgərov və digər
ədəbiyyat xadimləri bizim auditoriyalarda mühazirələr
oxumuş, seminarlar aparmışlar. Bu ənənə bu
gün də davam edir. Mehdi Məmmədovun isə həm
aktyorların, rejissorların, həm də
teatrşünasların yetişməsində mühüm əməyi
olub.
Bu gün
universitetimizin sənətşünaslıq fakültəsində
ədəbi yaradıcılıq və ekran dramaturgiyası
kafedrası da fəaliyyət göstərir. Bu ixtisas üzrə
təhsil almış ssenaristlər artıq bu sahədəki
yaradıcılıqlarını davam etdirirlər. Kafedraya
tanınmış yazıçı, dramaturq və ədəbiyyatşünas
Aqşin Babayev başçılıq edir. Bu ssenaristlərin
yetişməsində dramaturq Əli Əmirlinin, ədəbiyyatşünas
alim Nizaməddin Şəmsizadənin və digərlərinin
əməyi böyükdür.
Tələbə
rejissorlarımız və aktyorlarımız kurs, diplom işi
kimi görkəmli yazıçıların əsərlərini
tamaşaya hazırlayır, nəzəri fakültədə
oxuyanlar onların yaradıcılığından diplom
işləri yazırlar. Bir sözlə, ədəbi aləmlə
bizim tədris ocağımızı qırılmaz tellər
bağlayır. 90 il əvvəl ilk dəfə teatr təhsili
ocağı kimi fəaliyyətə başlayan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti bu illər ərzində ədəbi mühitlə,
bütün mədəniyyətimizlə
qaynayıb-qarışmış, öz profilini genişləndirərək
bu gün demək olar ki, incəsənətimizin bütün
sahələri üzrə mütəxəssislər
hazırlayır.
- Azərbaycan teatr sənətinin bir
çox görkəmli xadimlərinin taleyi, həyat və sənət
yolu bu səhnə ocağı ilə bağlı olmuşdur.
- Şübhəsiz,
Azərbaycan Teatr Məktəbinin yaradıcılarından biri
və onun ilk müdiri, görkəmli sənətkar, məşhur
opera müğənnisi Şövkət Məmmədova olub.
Sonralar SSRİ xalq artisti adına layiq görülmüş
bu xanım İtaliyada təhsil almışdı. Yəni
dünya teatr təhsilinin tələblərini, strukturunu
bilirdi. Məhz bunun nəticəsidir ki, yarandığı
gündən burada istər tələbələrin
seçimində, istərsə də hazırlanmasında
böyük tələbkarlıq olmuşdur. Onun ilk məzunlarının
içərisində Fatma Qədiri, Rza Əfqanlı,
Hacıməmməd Qafqazlı, Mollağa Bəbirli, Musa
Hacızadə (İkinci Dünya müharibəsi vaxtı həlak
olmuşdur), sonrakı illərdə Adil İsgəndərov,
Mehdi Məmmədov, Ələsgər Ələkbərov,
Gülxar Həsənova, Nəcibə Məlikova, Hökümə
Qurbanova, Əfrasiyab Bədəlbəyli kimi sənətkarlar
olmuşlar. Əlbəttə, teatr təhsili öz bəhrəsini
tez bir zamanda vermişdi. Belə ki, ötən əsrin 20-ci
illərinin sonunda Bakıdakı Türk İşçi
Teatrı tamaşaçılar arasında böyük
nüfuz qazanmışdı. 30-cu illərdən başlayaraq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı o zamankı
Sovet İttifaqında ən tanınmış teatrlardan biri
idi. Hər iki teatrın səhnəsində
çıxış edənlərin əksəriyyəti
teatr təhsillərini respublikamızda almışdılar. O
zaman teatr məktəbi SSRİ ərazisindəki müsəlman,
türk respublikaları arasında yeganə təhsil
ocağı idi. Türkmənistandan, Özbəkistandan və
digər respublikalardan da bizim teatr texnikumumuzda təhsil alanlar
az deyildi, bəzən onlar üçün xüsusi kurslar təşkil
olunurdu. İndi müstəqil dövlətlərə
çevrilmiş bu respublikaların səhnə xadimləri
teatrlarının formalaşmasında, peşəkarlıq səviyyəsinin
yüksəldilməsində Azərbaycan teatr təhsilinin
köməyini minnətdarlıqla xatırlayırlar. Axı
necə xatırlamaya bilərlər. Onlar teatr təhsillərini
Aleksandr Aleksandroviç Tuqanov, Mir Seyfəddin
Girmanşahlı, Kazım Ziya, Rza Təhmasib kimi sənətkarlardan
almışdılar.
Teatr məktəbinin
bazası əsasında isə 1945-ci ildə Bakıda ilk ali səhnə
tədrisi ocağı - Azərbaycan Dövlət Teatr
İnstitutu yaradıldı. Sonralar texnikum adlanan teatr məktəbi
isə 1948-ci ilə kimi fəaliyyət göstərdi.
- Yəqin ki, Teatr İnstitutu öz sələfi
teatr məktəbinin ənənələrini
yaşadırdı.
- Şübhəsiz,
ümumiyyətlə, universitetimiz zəngin bədii ənənələr
formalaşdırılmış olan bir sənət
ocağıdır. Burada ənənə və varislik
münasibətlərinə həmişə sədaqət
olmuş, ona riayət edilmişdir. Yuxarıda adlarını
çəkdiyim sənətkarlarla yanaşı, universitetimizdə
Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm
Haşımov, Soltan Dadaşov, Tofiq Kazımov, Rza Sarabski,
İsmayıl Dağıstanlı kimi sənətkarlar rejissor
və aktyor sənəti fənnini tədris etmişlər.
Onların yaradıcılıq ənənələrini
Ağakişi Kazımov, Cənnət Səlimova, Azər
Paşa Nemət, Bəhram Osmanov kimi sənət ustaları
davam etdirirlər. Kino sahəsində isə bu ənənələri
davam etdirmək Eldar Quliyevin, Oqtay Mirqasımovun, Vaqif
Mustafayevin, Tofiq İsmayılovun, Yalçın Əfəndiyevin,
Tariyel Vəliyevin öhdəsinə düşür.
Vaxtilə
Müxlis Cənizadə, Əli Zeynalov, Məlik Dadaşov,
Hamlet Xanızadə, Həsən Turabov sənətlərini gələcək
aktyorlarımıza öyrətmişlər. Bu gün aktyor sənəti
kafedrasında çalışanlar onların yetirmələridir.
Bu sənətkarların bir çoxu eyni zamanda Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət
göstərir, oynadığı rollarla böyük
tamaşaçı rəğbəti, xalq arasında
böyük nüfuz qazanmışlar.
Ötən əsrin
60-cı illərindən başlayaraq universitetimizdə rəssamlıq
fakültəsi də fəaliyyət göstərmişdir.
Vaxtilə burada Mikayıl Abdullayev, Tahir Salahov,
Böyükağa Mirzəzadə, Nadir Qasımov, Nadir Əbdürrəhmanov,
Lətif Kərimov, Yusif Hüseynov kimi istedadlı sənətkarlar
fəaliyyət göstərmişlər. Onların bir
çoxu dünya şöhrətli rəssamlardır.
İndi də bir çox tanınmış rəssamlar
universitetimizdə pedaqoji fəaliyyət göstərirlər.
Musiqi sənəti
xadimlərindən maestro Niyazi, Aleksandr Milovanov, Hacı Xanməmmədov,
Lütfiyar İmanov, Rəhilə Cabbarova, Qulu Əsgərov,
Gülarə Əliyeva, Mirzə Babayev və b. bizim pedaqoqlar
olmuşlar. Ümumiyyətlə, sənətdə ənənə
və varislik bir-birindən ayrılmazdır.
- Son dövrlərdə, universitetdə
müəllimlər pedaqoji fəaliyyətlə yanaşı,
elmi işlər aparır, tələbələrimizin
çox yerdən xoş sədaları gəlir.
-
Uğurlarımızın hamısını sadalamağa imkan
yoxdur. Onların bəziləri haqqında qısa məlumat
verə bilərəm. Elmi işlərlə universitetimizdə
əsasən nəzəri kafedraların professor-müəllim
heyəti məşğul olur. Yalnız son beş ildə 49
monoqrafiya, 53 dərslik, 227 proqram və metodiki vəsait nəşr
olunmuşdur. Elə bilirəm, bu rəqəmlər çox
şey deyir. Bunun üzərinə müəllim və tələbələrimizin
respublika və xarici mətbuatda çap etdirdikləri məqalələri,
resenziyaları da gəlsək, böyük rəqəm
alınar. Axı son beş ildə onlar tərəfindən
800-ə yaxın məqalə və resenziya işıq
üzü görmüşdür. 100-dən artıq beynəlxalq
və respublika elmi-nəzəri konfransları
keçirilmişdir. Göründüyü kimi, elmi nailiyyətlərimiz
az deyil.
Bizim ən
başlıca vəzifəmiz şübhəsiz, yüksək
hazırlıqlı tələbələr yetişdirməkdir.
Ona görə tələbələrimizin hər uğuru bizi
daha çox sevindirir. Onlar son beş ildə bir çox beynəlxalq
müsabiqələrin, festivalların
iştirakçısı olmuş, Vətənə
mükafatlarla qayıtmışlar. Kino sənəti üzrə
Strasburq şəhərində keçirilən Beynəlxalq
Monumental foto müsabiqəsində iki tələbəmiz -
Camal Atakişiyev və İlkin Həsənli birinci yerləri,
daha bir tələbəmiz - Seymur Sadığov isə
üçüncü yeri tutmuşdur. 2011-ci ildə
"Amirani" Tiflis Beynəlxalq Tələbə film
festivalında tələbəmiz Rəşad Səmədovun
"Səkkiz" adlı sənədli, "Yuxu" adlı
bədii filmi isə diploma layiq görülmüşdür.
Bu ilin aprelində Qazaxıstanda keçirilən
"Bastan" I Beynəlxalq Tələbə Debüt filmləri
Kinofestivalında Murad Muradov "Kənar" filminə görə
mükafat almışdır. İranda keçirilmiş
"100 saniyəlik filmlər festivalı"nda tələbəmiz
Röyal Əliyevin "Başdaşı" adlı filmi
yüksək dəyərləndirilmişdir. ABŞ, Kuba,
İtaliya, Serbiya, Latviya və digər ölkələrdə
keçirilən festivallardan da tələbələrimiz əli
dolu geri dönmüşlər.
Teatr sənəti
sahəsində də tələbələrimiz həm ölkə,
həm də beynəlxalq miqyasda uğurlar qazanmışlar.
Ötən ilin noyabr ayında Qazaxıstanın Almatı
şəhərində keçirilən tələbələrin
I Teatr festivalında universitetimizin aktyor sənəti fakültəsinin
II və III kurs tələbələri iştirak etmiş,
festivalın ali mükafatı Qran-pri ilə geri
dönmüşlər. Tələbə-aktyorlarımız
Vaqif Əzizov, Səbinə Namazova və Aytən Hacıyeva
xüsusi sertifikatlarla mükafatlandırılmışlar.
Xarici ölkədə Qran-prinin alınması, onun ölkəmizə
gətirilməsi çox böyük hadisədir. Bu, Azərbaycan
təhsilinin, o cümlədən bədii təhsilin
nüfuzundan, onun beynəlxalq aləmdə tanınmasından
soraq verir. Tiflisdə keçirilən Beynəlxalq Tələbə
Etüdləri festivalında tələbələrimiz "Təmas"
adlı tamaşa ilə uğur qazanmış, daha doğrusu,
festivalın sertifikatını almışlar. 2010-cu ildə
Türkiyədə, İstanbul Kültür Universitetində
keçirilən Beynəlxalq Tələbə
Tamaşaları festivalında "Dram teatrı və kino
aktyoru" ixtisası üzrə IV kurs tələbələri
mükafat almışlar.
Tələbəmiz
Mehriban Məmmədhüseynzadə Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin keçirdiyi "Xalq
teatrı" festivalında "Ən yaxşı rejissor
işi" nominasiyasında birinci yerə layiq
görülmüşdür. Dekabr ayında Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi I Teatr festivalında
isə aktyor sənəti fakültəsinin I kurs tələbəsi
Vasif Həsənli birinciliyi əldə etmişdir.
Tələbələrimiz
musiqi müsabiqələrində də xeyli uğurlar əldə
ediblər. 2007-ci ildəki "Muğam" müsabiqəsində
Rəvanə Ərəbova laureat adını qazanmış,
"Yeni ulduz" müsabiqəsində Azad Şabanov qalib
olmuşdur. Norveçdə keçirilən Avrovision musiqi
müsabiqəsində beşinci yeri tutmuş Safurə Əlizadə
hazırda universitetimizdə təhsil alır. Ötən ilki
"Muğam" müsabiqəsində isə "Musiqi sənəti"
fakültəsinin tələbəsi Nigar Şabanova laureat
adını qazanmışdır.
Universitetimizdə
təhsil alan gənclərin rəssamlıq sahəsində də
uğurları az deyil. 2006-cı ildə İstanbul
Uluslararası öyrənçi Trenalı sərgisində,
2009-cu ildə İstanbul Tələbə sərgisində,
2010-cu ildə Marmara Universiteti gözəl sənətlər
fakültəsinin təşkilatçılığı ilə
keçirilən Beynəlxalq Rəsm sərgisində tələbələrimiz
iştirak etmiş, sertifikatlara layiq görülmüşlər.
Universitetimizdə təhsil alan gənclərimiz 2011-ci ildə
keçirilmiş "Narkomaniyaya yox" sərgisində də
müxtəlif mükafatlara layiq görülmüşlər.
Məlum
olduğu kimi, universitetimizdə bədii
yaradıcılıqla yanaşı, nəzəri biliklər də
tədris olunur. Bu sahə üzrə kulturologiya və sənətşünaslıq
fakültələri məşğul olur. 2008-ci ildə tələbəmiz
Ülviyyə Qasımova kulturoloqların I forumunda məruzə
ilə çıxış edərək birinci dərəcəli
diploma layiq görülmüşdür. 2009-cu ildə isə
başqa bir tələbəmiz Çiçək Teymurova tələbələrin
22-ci Elmi konfransında ikinci yerə layiq
görülmüşdür.
- Rəhbərlik etdiyiniz universitet hansı
xarici əlaqələrə malikdir və bu əlaqələr
necə gerçəkləşdirilir?
- 1991-ci ildə
Azərbaycanın müstəqilliyinin bərpasından sonra
ölkəmizin qarşısında dünya ölkələri
ilə iş birliyi qurmaq sahəsində geniş imkanlar
açılmışdır. Bu imkanlar tədris sahəsinə,
o cümlədən bizim universitetimizə də aiddir.
Bu gün
ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə
malikdir. Bu əlaqələr universitetlərarası
qarşılıqlı müqavilələrin
imzalanmasında, tələbə mübadiləsində,
müəllimlərimizin digər ölkələrin ali məktəblərinə
ezam olunmasında özünü göstərir. Mədəniyyət,
elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr
sahəsindəki fəaliyyətində prioritet istiqamətlər
kimi dəyərləndirilir.
Universitetimiz
dünyanın bir çox ölkələrində yerləşən
ali təhsil, elm və mədəniyyət müəssisələri
ilə sıx əlaqələr saxlayır. Təkcə elə
bu faktı bildirmək kifayətdir ki, hal-hazırda
universitetimiz 20 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə
yaratmışdır. Bu ali məktəblərdən 21-i ilə
universitetimiz arasında əməkdaşlıq müqaviləsi
imzalanmışdır.
Universitetimizdə
Türkiyədən, bir çox digər xarici ölkələrdən
çoxlu sayda tələbə təhsil almış və
almaqda davam edir. Əcnəbi tələbələr həm
bakalavr, həm də magistratura pillələrində təhsil
alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata
malikdir. Bunu da vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti
Avropa İncəsənət Universitetləri Liqasının
tamhüquqlu üzvüdür. Bu, universitetimizin beynəlxalq
aləmdə nüfuzunun daha da artmasından xəbər verir.
Universitetimiz Yaponiya hökumətinin təklif etdiyi "Ot
kökləri" layihəsində, Yaponiyanın "Mitsubisi
Korporeyşn" şirkəti tərəfindən təklif
olunmuş mədəniyyət üzrə layihədə,
Almaniyanın təhsil üzrə nümayəndəliyinin
"DAAD" proqramında, YUNESKO - ASCHBERG proqramında,
Bakıdakı Yunanıstan səfirliyinin təklif etdiyi
Aleksandr Onasis fondunun proqramında, ABŞ səfirliyinin vasitəçiliyi
ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət
proqramında, "TEMPUS - TASİS" proqramında və bir
çox digər beynəlxalq layihələrdə iştirak
edir. Bizim Nyu-York Siti Universiteti, Çikaqo Universiteti, Viskonsin
Medison Universiteti (ABŞ), Paris Musiqi Akademiyası, Düsseldorf
İncəsənət Universiteti (Almaniya), Drezden İncəsənət
Akademiyası (Almaniya), Sankt-Peterburq Dövlət Teatr
Akademiyası, Kiyev Milli Mədəniyyət və İncəsənət
Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya),
Misir İncəsənət Akademiyası, Ş.Rustaveli
adına Teatr və Kino Universiteti (Gürcüstan) və bəzi
digər nüfuzlu bədii təmayüllü ali məktəblərlə
münasibətlərimiz, əlaqələrimiz vardır. Bu
sırada qardaş Türkiyə universitetləri ilə əlaqələrimizi
xüsusi vurğulamaq istərdim. Memar Sinan Universiteti, Marmara
Universiteti, Sakarya Universiteti, Trakiya Universiteti, Beykənd
Universiteti və başqa ali məktəblərlə
münasibətlərimiz inkişaf etdirilir.
- Yəqin ki, bu işləri görəndə
problemləriniz də az olmur.
- İş
özü problemlərin həlli deməkdir. Bilirsiniz ki, təhsilin
daha da səmərəli, keyfiyyətli olması bir çox
amillərlə yanaşı, həm də maddi-texniki
bazanın müasir tələbələrə cavab verməsi
ilə bağlıdır. Xüsusən bizim universitetimiz
üçün bu məsələ həlledici amillərdən
biridir. Çünki əgər biz kino rejissoru, kino operatoru və
ya televiziya rejissoru hazırlayırıqsa, bu işi keyfiyyətlə
yerinə yetirmək istəyiriksə, onda bizdə müasir tələblərə
cavab verən, ən yeni texnika ilə təchiz olunmuş tələbə
kinostudiyası, telestudiyası, montaj otaqları, səsyazma
studiyaları olmalıdır. Əgər biz teatr kadrları
hazırlayırıqsa və ildə 30-dan artıq tamaşa təhvil
veririksə, o zaman müasir tələblərə cavab verən
Tədris teatrı, xüsusi avadanlıqlar, rekvizit, geyim və
s. tələb olunur. Mən hələ başqa ixtisaslarla
bağlı (xoreoqrafiya, musiqi və s.) üzə
çıxan digər problemləri demirəm. Lakin biz, təbii
ki, ruhdan düşmürük. Öz gücümüzlə,
teatrlarda, kino və televiziya qurumlarında işləyən
dostlarımızın köməyi ilə dərslərin
normal keçirilməsi üçün köhnə də
olsa, müəyyən avadanlıqlar əldə etmişik. Öz
xüsusi vəsaitimiz hesabına Tədris teatrı
tikmişik. Hal-hazırda bu teatr səmərəli fəaliyyət
göstərir və tədrisin peşəkarlığının
artmasına yardım edir. Bu yaxınlarda universitetdə öz
imkanlarımız hesabına Tələbə televiziya və
kino studiyası yaratmışıq. Studiyada kino və
televiziya sahəsində təhsil alan tələbələrimiz
yaradıcılıqla məşğul olurlar. Lakin mən arzu
edərdim ki, bizim imkanlarımız mənim Nyu-Yorkda,
Çikaqoda, Viskonsində, Londonda, Parisdə
gördüyüm tələbə studiyaları kimi (hələ
teatrları demirəm) olmasa da, heç olmasa Moskva,
Sankt-Peterburq, Kiyev və ya Almatıda gördüyüm
studiyalar səviyyəsində olsun. Elə bilirəm əlaqədar
təşkilatlar, naziriklər səsimizi eşidəcək,
bu sahədə bizə köməklərini əsirgəməyəcəklər.
Bütün
bu çətinliklərə, problemlərə baxmayaraq, bizim
milli-mədəni ənənələrimizin zənginliyi,
xalqımızın çox istedadlı xalq olması, nəhayət,
universitetdə çalışan böyük sənətkarların
və pedaqoji heyətin fədakarlıqları nəticəsində
yetişdirdiyimiz kadrlar heç də yuxarıda qeyd etdiyim
şəhərlərdə bədii təmayül üzrə
təhsil alan mütəxəssislərdən geri qalmır.
Bizi narahat edən
başqa bir problem də var. Əvvəla, çox
yaxşı haldır ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 iyun 2010-cu il 120 saylı "Ali təhsil müəssisələrində
yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi
haqqında" qərarında "Ayrı-ayrı ixtisaslar
üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavr və magistr səviyyəsində hər bir təhsil
alana düşən təhsil xərclərinin miqdarı"
göstərilmişdir. Bizi sevindirir ki, musiqi
ixtisaslarının bir çoxunun illik maliyyələşdirilməsi
yeddi min manat miqdarında nəzərdə tutulmuşdur. Lakin
nədənsə yuxarıda qeyd etdiyim, daha çox məsrəf
tələb olunan rejissorluq, aktyorluq, kino operatoru, xoreoqrafiya sənəti
ixtisaslarına kitabşünaslıq və digər bu tipli
ixtisaslarda olduğu kimi, illik cəmi min beş yüz manat nəzərdə
tutulmuşdur. Əlbəttə, bu paradoksal bir haldır.
Çünki təkcə kino və televiziya şöbələrində
oxuyan tələbələrin hər biri ildə 1000 metrdən
artıq lent istifadə edir. Mən hələ başqa texniki
avadanlıqlardan istifadə olunmasını demirəm. Və
yaxud aktyorluq ixtisası üzrə təhsil alan tələbələrin
tamaşa hazırlaması üçün (təhsil müddətində
ən azı 30 tamaşa hazırlanır) görün nə qədər
paltar tikdirmək, rekvizitlər, qrim ləvazimatları almaq
lazım gəlir. Mən inanıram ki, yaxın gələcəkdə
bu məsələyə bir də baxılacaq və bu
anlaşılmazlıq aradan qaldırılacaqdır.
Başqa bir məsələni
də vurğulamaq istərdim. Biz bu ilin may ayında Təhsil
Nazirliyi rəhbərliyi ilə
razılaşdırıldıqdan sonra beynəlxalq tələbə
teatr festivalı keçirməyi
planlaşdırmışdıq və 20-yə yaxın xarici
ölkənin mədəniyyət təmayüllü
universitetlərinin bu tədbirdə iştirak etmələri
haqqında razılığa gəlmişdik. Respublikamızın
bədii təhsilinin, ümumən Azərbaycan mədəniyyətinin
dünyada təbliği baxımından vacib olan bu tədbirin
reallaşdırılması üçün biz Təhsil
Nazirliyinə rəsmi müraciət etdik. Təhsil Nazirliyi
öz növbəsində bizimlə birlikdə tədbirin
smetasını tutaraq Nazirlər Kabinetinə müraciət
etdi. Nazirlər Kabineti də Maliyyə Nazirliyinə məktub
göndərdi. Maliyyə Nazirliyi isə öz növbəsində
Təhsil Nazirliyinə məktub göndərdi. Xeyli
yazışmadan sonra, son nəticədə bizə rəsmi
şəkildə bildirdilər ki, qoy bu beynəlxalq tələbə
festivalını universitet öz vəsaiti hesabına
keçirsin, çünki festivalın
reallaşdırılması nazirliyin imkanı xaricindədir. Təbii
ki, universitetin vəsaiti olmadığından biz bu
festivalı keçirə bilmədik. Bizdən sonra isə belə
bir tələbə teatrı festivalı Qazaxıstanın
Almatı şəhərində baş tutdu. Maraqlıdır
ki, bir çox ölkələrdən gəlmiş
çoxsaylı tələbə teatr kollektivləri içərisində
birinciliyi məhz bizim universitetimizin tələbələri əldə
etdilər və Azərbaycana Qran-pri ilə döndülər.
Məgər bundan öncə belə bir möhtəşəm
teatr festivalını biz keçirsəydik, bədii təhsilimizin
dünya miqyasında tanınması üçün daha
yaxşı olmazdımı? Əlbəttə, yaxşı
olardı. Lakin ümid edirik ki, gələcəkdə belə
tədbirlərin keçirilməsində müvafiq təşkilatlar
öz köməklərini əsirgəməyəcəklər.
Onu da deyim ki,
bütün uğurlarımız ölkəmizdə
aparılan düzgün siyasi, iqtisadi və mədəni
nailiyyətlərin nəticəsidir. Azərbaycanın
yaxın iki il ərzində BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi uğurlu
xarici siyasətimizin nəticəsidir. Ulu öndər Heydər
Əliyevin siyasətini davam etdirən Prezidentimiz İlham Əliyev
mədəniyyətimizə də böyük diqqət
ayırır. YUNESKO və İSESKO-nun xoş məramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın istər təhsil,
istərsə də mədəniyyət sahəsində
gördüyü işlər məni olduqca fərəhləndirir.
Bu gün Azərbaycan çiçəklənir, gündən-günə
inkişaf edir. Biz öz təhsil sistemimizi bugünkü Azərbaycanın,
onun rəhbərliyinin tələb etdiyi səviyyədə
qurmağa çalışırıq.
- Timuçin müəllim, yeni - 2012-ci ilə
hansı arzularla başlamısınız?
- Təbii ki,
ən böyük arzum Qarabağ torpaqlarının
düşmən işğalından azad olunması,
qaçqınlarımızın öz doğma torpaqlarına
qayıtmasıdır. Arzu edərdim ki, işğal edilmiş
tarixi şəhərlərimiz, milli tarixi-memarlıq abidələrimiz
bərpa edilsin. Və nəhayət, qədim mədəniyyət
mərkəzimiz olan gözəl Şuşanın
Cıdır düzündə möhtəşəm Muğam
festivalı keçirməyimizi arzu edirəm.
Hazırladı: Atababa
İsmayıloğlu
Ədəbiyyat qəzeti.- 2012.- 20
yanvar.- S.2-4.