Klassik
irs və tənqidin meyarı
Çağdaş
ədəbi proses imzaların, ideyaların və bədii
axtarışların zənginliyi ilə diqqəti cəlb
edir. Bu isə tənqidin ədəbi prosesdə rolunu
artırır, onu fəallaşdırır.
Yazıçıların bunu etiraf edib-etməməsindən
asılı olmayaraq tənqid "hərəkətdə olan
estetika" (V.Belinski) kimi öz hərəkətverici rolunu
oynayır, ədəbi prosesin arxasınca deyil, ön
sırada getməyə, həm kəşfiyyatçı, həm
də münsif rolunu oynamağa çalışır. Ədəbi
tənqid özünün 80-90-cı illərdə itirdiyi
nüfuzunu bərpa etməyə, sosioloji ehkamların məngənəsindən
çıxmağa, metodlarını və estetik
meyarlarını möhkəmlətməyə nail olur. Konkret
desək, ədəbi tənqiddə estetik meyar və bədii
mahiyyət arasında tənasüb yaranır, tənqidi
mühakimədə estetik amilin rolu artır. Bu, təkcə tənqidçilərin
çoxcildliklərinin çapında özünü
göstərmir, həm də (və bəlkə də daha
çox) gənc tənqidçilərin yeni dəyərləndirmə
metodları və estetik meyar axtarışlarında
aydınlaşır. Ötən onilliklərdən fərqli
olaraq XXI əsrin ilk onilliyində ədəbi tənqidin
bütün nəsilləri ədəbi-tarixi prosesdə fəal
mövqe tutmağa çalışıb. Müasir tənqidçilər
nəslinin başında ədəbi-tənqidi fikrimizin
patriarxı akademik Bəkir Nəbiyev dayanır. Öz gənc
müasirləri, tələbələri və yetirmələri
olan görkəmli tənqidçilərlə həm
yazılı, həm də şifahi yarışda Bəkir
müəllim zərrə qədər də olsun mövqeləri
əldən vermir, tənqidçi "mən"ini və
üslubunun müasirliyini əzmlə qoruyub saxlayır.
"Çətin
yollarda", "Xəzan vurmasın" kimi sanballı
toplulardan və möhtəşəm beşcildlikdən sonra
çap olunmuş "Elmlə şeir qovuşanda"
(Bakı, "Çaşıoğlu" - 2011)
kitabını oxumaq kifayətdir əmin olasan ki, akademik B.Nəbiyev
bu gün də ənənəvi olaraq öz tənqidinin həm
müasirliyini qoruyub saxlayır, həm də onun
arsenalını nəzəriyyə və klassik irslə zənginləşdirməyə
nail olur.
Tələbələrindən
biri, Azərbaycan Respublikasının Dövlət
mükafatı laureatı, ölkəmizin Macarıstandakı
səfiri, professor V.Quliyevin yazdığı "Bizim Bəkir
müəllim" adlı səmimi ön sözlə
açılan kitabda müəllifin həm tənqidçi, həm
də nəzəriyyəçi ədəbiyyatşünas
kimi müasir maraq dairəsini, ədəbi-tarixi
imkanlarını yaxşı əks etdirən yazılar daxil
edilmişdir.
Müəllif
istər tənqidin, istərsə də ədəbiyyatşünaslığın
problemlərinə qlobal miqyasda yanaşır,
bütövlükdə nəzəri ədəbiyyatşünaslığı
çağdaş humanitar düşüncə kontekstində
təhlilə cəlb edir. Belə geniş yanaşma zamanı
alim metodoloji istinad amili olaraq akademik Ramiz Mehdiyevin
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" (2009) adlı konseptual əsərinin nəzəri
müddəalarına əsaslanır. Burada deyilir:
"Ümummilli əhəmiyyət kəsb edən bir sıra
məsələləri biz yeni şəraitdə təhlil etməliyik.
Bütün Yer kürəsini əhatə etmiş
qloballaşma milli məkana bəzən birmənalı olmayan
şəkildə ciddi təsir göstərir. Belə dəyişkən
siyası, iqtisadi və sosial-mədəni paradiqmaların
mövcudluğu şəraitində
çalışmalıyıq ki, milli
varlığımızla bağlı dəyərlərə
xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi
və bizi birləşdirən mənəvi dəyərləri
qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir"
("Azərbaycan" qəz.- 8 dekabr). Burada böyük həqiqətdən
doğan ziyalı və vətəndaş
narahatlığı ifadə olunub. İndi nəinki Şərq
və postsovet məkanının, hətta Avropa alimlərinin
özləri də etiraf edirlər ki, qloballaşma prosesi milli
mədəniyyətlərin inteqrasiyası zamanı zərərsiz
ötüşmür, mədəni yaxınlaşma milli-mənəvi
dəyərlərin deformasiyasına səbəb olur. Belə
narahatçılıq B.Nəbiyevin məqalələrində
də hiss olunur. Bəlkə də ədəbiyyatşünaslıq
haqqında yüz dəfə yazmış ağsaqqal ustad bu dəfə
belə düşünür: "Ədəbiyyatşünaslıq
bədii sənətlə üzvi bağlılığı ilə
yanaşı elmdir və bu onun bəşəri, qlobal məzmununu
da müəyyən edir. Dəqiq elmlərdən fərqli
olaraq ədəbiyyatşünaslıq istilahının
qarşısındakı rus, Azərbaycan, alman və s.
anlamlar bu elm sahəsinin lokal mahiyyətini ortaya qoyur. Onun həm
də milli məzmununu, coğrafi sərhədlərini müəyyən
edir. Bu mənada dünya ədəbiyyatı tarixi
konsepsiyasının yeni inkişaf mərhələsi, təkamülü
milli ədəbiyyatşünaslıq elmlərinin təcrübəsindən,
nailiyyətlərindən keçir. Dünya ədəbiyyatşünaslıq
elminin qollarından olan Azərbaycan ədəbiyyatşünaslığı
milli ədəbi fikrin daxili inkişaf
qanunauyğunluqlarını üzə çıxarmaq, klassik
irsi yenidən bəşəri sərvətlər kontekstində
dəyərləndirmək üçün öz təhlil və
qiymətləndirmə meyarlarını müəyyən etmək
yolunda tarixi və nəzəri-metodoloji istiqamətdə
araşdırmalar aparır". Akademik B.Nəbiyevin bir elm
kimi ədəbiyyatşünaslıq və ümumən nəzəri-tarixi
fikrin durumu, vəzifələri haqqında müasir qənaəti
belədir. Burada ədəbiyyatşünaslığın
genetik mənşəyi, lokal mahiyyəti, milli müəyyənliyi,
dünya ədəbi prosesinə münasibəti, ədəbi
fikrin daxili qanunauyğunluqlarını idarə etməsi, nəzəri-metodoloji
meyarları müəyyənləşdirmək xüsusiyyəti
dəqiqlik və həssaslıqla nəzərə
alınır. Məsələ təkcə bunda deyil ki, müəllif
bu altı başlıca əlaməti görür və
müəyyən edir, məsələ bundadır ki, o, bu cəhətləri
bir tənqidçi və nəzəriyyəçi kimi öz
təhlillərinin cəbbəxanasına gətirir. Gəlin
etiraf edək ki, son illər, ələlxüsus müstəqillik
dövründə Bəkir müəllimin tənqidçi təfəkkürünün
əhatə miqyasları genişlənib. Alimin "Firidun bəy Köçərli",
"Müasirlik və sənətkarlıq uğrunda",
"Ədəbi düşüncələr", "Tənqid
və ədəbi proses", "Təzə izlər
sorağında", "Müasirimiz bədii ədəbiyyatda",
"Kamalın təntənəsi", "Söz ürəkdən
gələndə", "Roman və müasir qəhrəman",
"Özümüzdən başlayaq", "Çətin
yollarda", "Xəzan vurmasın",
"Seçilmiş əsərləri"nin zəngin
beşcildliyi kimi kitablarına arxayın olub onu təkcə XX
əsrin tədqiqatçısı və tənqidçisi
hesab etmək olmaz. İstiqlal dövründə yazılıb
çap edilmiş "Çətin yollarda", "Xəzan
vurmasın" və nəhayət, "Elmlə şeir
qovuşanda" topluları göstərir ki, o müasir tipli
bir ədəbiyyat tarixçisi, klassik irs tədqiqatçısı,
nəzəriyyəçisi kimi daha ədalı
görünür. Bu da təbiidir. Çünki möhtərəm
akademik tarixin və zamanın milli taleyin tənqid və ədəbiyyatşünaslıq
qarşısına qoyduğu tarixi tələbləri həssaslıqla
duyur, onlara ziyalı və vətəndaş amalı ilə
vaxtında və hamıdan yüksək səviyyədə
cavab verməyi bacarır. Elə buna görə də Bəkir
Nəbiyevin klassik irsə münasibətinin guşə
daşında estetik bir kateqoriya olaraq müasirlik dayanır. Bu
baxımdan haqqında sözügedən topluya daxil olan
üç yazını xüsusi qeyd etməyə ehtiyac
duyuram: "Klassik Azərbaycan poeziyası və muğam",
"Nəsimi qəzəllərindəki bir qafiyə
yuvasının izi ilə" və "İstedadla iradənin
sarsılmaz vəhdəti"!
Aydın
məsələdir ki, B.Nəbiyev musiqiçi və
musiqişünas deyil. Lakin sənət aləmində
topladığı 60 illik təcrübə ona imkan verir ki, bu
dəfə o, klassik Azərbaycan poeziyasının tarixi və
poetikasına muğamın prizmasından nəzər
salsın. Həmişə olduğu kimi, o, ədəbiyyatdan
sözdən mədəniyyət və incəsənət aləminə
gəlmir. Zamanın tələb etdiyi baxış
bucağı olaraq çoxəsrlik muğam sənətimiz
ön plana keçir. Müəllif müasirlik duyğusu ilə
yazır: "Qoruyub saxlanmasına, daha da inkişaf etdirib zənginləşdirilməsinə
böyük zəruriyyət olan əvəzsiz milli sərvətlərdən
biri və bir sıra bəşəri keyfiyyətlər etibari
ilə bəlkə də birincisi Azərbaycan
muğamıdır...
Azərbaycan
klassik poeziyası, folklorumuz musiqi ilə yoğrulmuşdur.
Dastanlarımızda sıx-sıx rast gəlinən və
"aldı, görək nə dedi" kodu ilə canlanan nəsr-şeir
əvəzlənmələri əslində bu el deyimlərinin
dinləyicilərə çatdırılması zamanı zəruri
olan məhz musiqili təqdimat ehtiyacından
doğmuşdur".
Bu
minvalla da ustad tənqidçi muğamın ecazkar aləmindən
epos təfəkküründən XXI əsrin önlərinə
qədərki ədəbiyyat və təqdimat tarixinə
vüsətli nəzər salır. Bu tizfəhm nəzərin
işığında biz müxtəlif və məzmunlu, məntiqli
və mənalı qənaətlərlə
uğraşırıq: Muğamın "Quran"ın
"İsra" surəsinin 79-cu ayəsində qeyd
olunduğu söyləyən, "Klassik poeziya da hər
şeydən öncə ahəngdarlıq, ritmika, daxili nizam
üzərində qurulmuşdur" - deyən müəllif
belə nəticəyə gəlir: "Azərbaycan
poeziyasında musiqiyə münasibətini və muğam
haqqında qiymətli bilgilərini ilk dəfə əsərlərində
ifadə edən böyük şair və mütəfəkkir
isə dövrünün ensiklopedik zəkalarından biri kimi
tanınan, buna görə də Avropa renessansının
dühaları ilə müqayisə edilən Nizami Gəncəvidir.
Məhz Nizami "Xəmsə"sindən görmək olur
ki, "Muğam" kəlməsi Azərbaycan dilində bir
isim, ad, nəhayət, termin kimi "Quran"ın nazil
olmasından çox-çox əsrlər öncə
varmış və onun meydana gəlməsi birbaşa bizim Azərbaycanla...
vətənimizin ayrılmaz tərkib hissəsi olan qədim və
ulu torpağımız Muğan torpağı ilə
bağlıdır". Maraqlı və bir qədər də
mübahisəli olan bu mülahizələr kontekstində alim
Nizaminin "Xosrov və Şirin" poemasında Sultan
Qızıl Arslanın məclisinin təsvir edildiyi
parçanı misal gətirib muğamın tarixi taleyimizdə
ta əski zamanlardan müstəsna rol oynadığını əyaniləşdirir:
Çalğıcı
müzrabı telə vururdu
İpək
köynəklilər, köynək cırırdı.
-
bu beyt musiqiylə dinləyici münasibətinin hansı ekstaz
həddində olduğunu məharətlə əks etdirir.
Bəkir
müəllimin klassik poeziya və muğam probleminə həsr
olunmuş yazısını müstəqil bir tədqiqat əsəri
kimi dəyərləndirmək olar. "Xosrov və
Şirin"in "Çalğıcı Barbədin tərifi"
bölməsində Barbədin ifa etdiyi 30 havadan bəhs edib
çoxsunun adlarını belə qeyd edir.
Bəkir
müəllimin tədqiqatından belə məlum olur ki,
"Xosrov və Şirin" bir musiqi, muğam
ensiklopediyasıdır.
Mən
elə bilirəm ki, şairin
Həsrət
yaşı hər ləhzə qılur bəzmimizi saz.
Bu
pərdədə bir yer bizə olmadı dəmsaz.
-
musiqisinin, özəlliklə muğamların tarixini tədqiq
edən alimlər üçün çox qiymətli məxəzdir"
- deyə İ.Nəsiminin poeziyasına yüksək dəyər
verir. Həqiqətən də bu qəzəldə əksər
muğamların adı çəkilir və bədii-fəlsəfi
baxımdan mənalandırılır.
Heç
şübhəsiz ki, B.Nəbiyevin tədqiqatında əsas
yeri qəzəlləri musiqi bulağından su içmiş,
qəzəlləri ilə muğama yiyə durmuş, ilk
operamız olan "Leyli və Məcnun"a həyat
vermiş dahi qəlb şairi M.Füzuli tutur. "Füzuli qəzəlləri və
Azərbaycan muğamı" mövzusu xüsusi
araşdırma tələb edən bir işdir" - deyə
mövzunun konseptual həllini gələcək tədqiqatçıların,
mütəxəssislərin ixtiyarına buraxır və
yalnız şairin iki əsərində "Rindü
Zahid" və "Yeddi cam" əsərlərindəki məqamlara
toxunmaqla kifayətlənir.
M.P.Vaqifin,
xüsusilə "Guş qıl" müxəmməsi ilə
bu məsələyə konkret münasibət bəsləmiş
S.Ə.Şirvaninin, XX əsrin böyük sənətkarları
M.Şəhriyarın və Ə.Vahidin
yaradıcılığı üzərində müxtəsər
dayanan, sevimli şairi B.Vahabzadənin "Muğam"
poemasının geniş nəzəri fəlsəfi təhlilini
verən akademik muğam sənətimizlə bağlı
mühüm tədqiqat işlərinə də müxtəlif
nəzər salır. Burada Səfiəddin Urməvi (XIII), Əbdülqadir
Marağayi (XIV-XV), Mir Möhsün Nəvvab (XIX-XX),
Ü.Hacıbəyli, Q.Qarayev, Ə.Cəfər kimi klassiklərlə
bərabər, "Azərbaycan musiqi elmi"
monoqrafiyasının müəllifi Z.Səfərova,
"Klassik Azərbaycan poeziyasında qəzəl" (1990)
A.Rüstəmova, "Azərbaycan muğamlarında söz və
musiqinin əlaqəsi" (2004) əsərinin müəllifi
Ramiz Fasehin əməyi
də yüksək qiymətləndirilir.
Qeyd
etməliyik ki, klassik poeziya və muğam mövzusu B.Nəbiyevin
yaradıcılığında yeni istiqamətdir.
Klassik
irsin poetikasına müraciət əslində müasir tənqidin
nəzəri-metodoloji imkanlarını əks etdirir. Ciddi tədqiqatın
bəhrəsi olan "Nəsimi qəzəllərindəki bir
qafiyə yuvasının izi ilə" məqaləsi də
lirik şeir üçün çox səciyyəvi olan bir
qafiyənin işlənmə dairəsini və məna
çalarlarını açmaq baxımından diqqətə
layiqdir. Və maraqlı burasıdır ki, müəllif
Yanaram
eşqindən, axər gözlərimdən yaşlər,
firqətin
dərdi çıxardı ürəyimdən başlər.
-
mətləni qəzəlin sonrakı beytlərindəki ikinci
misranın qafiyə yuvalarını (daşlər, qaşlər,
yaşlər, yoldaşlər, nəqqaşlər) orta
çağlar anadilli poeziyamızda izləyir. Məlum edir ki,
belə qafiyə yuvasının poeziyaya Qazi Bürhanəddin
gətirib, sonra Nəsimi və Xətai, nəhayət, Füzuli ondan istifadə
etmişlər.
Xətainin:
Ta
ki, düşdüm hicrinə könlüm fəğanə
başlər,
Gəldi
ahimdən mənim fəryadə dağü-daşlər.
-
beyti ilə başlanan qəzəlini təhlil edən alim
yazır: "Xətai məlum qafiyə yuvasına "faş" və "cəllaş"
kimi iki söz artırmışdır. Alim M.Ə.Sabir
yaradıcılığında müxtəlif qafiyə
yuvaları üzərində dayanır, şairin poetikası
ilə bağlı orijinal nəticələrə gəlir.
Ümumiyyətlə, poetik-nəzəri termin kimi "qafiyə
yuvası"nı uğurlu saymaq olar.
Yeri
düşdükcə klassik irsə müraciət ədəbi
tənqidin nəzəri-metodoloji imkanlarını
artırır, onu yeni meyar axtarışlarına sövq edir.
Kitabın "Portret cizgiləri" bölməsində Əfzələddin
Xaqaniyə həsr olunmuş "İstedadla iradənin
sarsılmaz vəhdəti" məqaləsi bu qəbildəndir.
Özündən əvvəlki xaqanişünaslara,
xüsusilə akademik H.Araslıya və professor Q.Kəndliyə
qədirşünaslıq bildirən akademik müasiri,
AMEA-nın müxbir üzvü T.Kərimlinin 20 il öncə
yazdığı "Azərbaycan klassik ədəbiyyatı"
kitabının II cildindəki belə bir fikri dəstəkləyir
ki, "Xaqani yaradıcılığı Azərbaycan ədəbi
məktəblər silsiləsinin iki möhtəşəm
zirvəsindəki birəbir onun əsərləri zəmanəsinin
lirik-fəlsəfi poeziyasının nailiyyətlərinin
çox uğurlu bir yekunu olmaqla, həm də Nizami
dühasının epik-romantik üfüqlərinə
keçid mərhələsidir". Doğrudan da, Şirvan
dahisinin ədəbi irsi öz fikri vüsətinə, ictimai
motivlərinin təravətinə, həm də təkrarsız
bədii keyfiyyətinə görə Gəncə dahisinə
qədərki poeziyasının ən yüksək mərhələsidir".
Şairin
"Töhfətül İraqeyn", və "Mədain xərabələri"nin
geniş intellektual təhlili ilə B.Nəbiyev bu həqiqəti
bir daha təsdiqləyir.
Klassik
irsə müraciət ədəbi tənqidin məziyyətidir.
İnsanın öz millətinin tarixinə, soykökünə,
tarixi ənənələrinə bağlılığı
kimi, tənqidin də ədəbi keçmişə
bağlılığı təqdir olunan məqamlardandır.
Bununla bərabər məhz Bəkir Nəbiyev tənqidinə
xas bir cəhət də bu kitabda görünməkdədir.
Bu da ədəbi icmal yazmaq xüsusiyyətidir. Bu kitaba daxil
olan "Avropa mədəniyyətinə açılan pəncərə
(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər),
"Müstəqillik dövrünün Azərbaycan ədəbiyyatşünaslığı
(1991-2011)" adlı nəzəri icmalları B.Nəbiyevin
bir ədəbiyyat tarixçisi kimi ədəbi məlumat dairəsini,
bir nəzəriyyəçisi kimi ümumiləşdirmə
imkanlarını yaxşı əks etdirir. Məsələn,
V.Q.Belinskinin icmalları sübut edir ki, tənqidin ədəbi
prosesdə rolu daha çox icmallarda ortaya çıxır.
Nizami adına Ədəbiyyat İnstitutunda 1977-ci ildən
üzü bəri "Ədəbi proses" məcmuələrində
çap olunan ədəbi icmallar (əlbəttə,
hamısı yüksək səviyyədə deyil) ədəbi-tənqid
janrı olaraq icmalın əhəmiyyətini əks etdirməkdədir.
AMEA-nın
müxbir üzvü T.Kərimli ilə müştərək
yazılmış "Avropa ədəbiyyatına
açılan pəncərə" məqaləsi öz
konseptual xarakteri ilə seçilir. Doğrudur, "XIX əsr
Azərbaycan ədəbiyyatı daşıdığı məzmunu,
ideya-estetik istiqaməti və xüsusiyyətləri,
inkişaf yolu, ədəbi növ və janr tipologiyası,
üslub və ədəbi dil baxımından əsasən
iki mərhələyə bölünür: əsrin birinci
yarısının ədəbiyyatı və ikinci
yarısının ədəbiyyatı" qənaəti bir
qədər dəqiq deyil, bununla belə icmalın analitik təhlilləri
rəğbət doğurur. Hər halda bu yazıda Azərbaycanın
İran və Rusiya tərəfindən işğalı tarixi
xoşbəxtlik kimi vəsf olunmur. "Bu dövrdə Azərbaycan
ədəbiyyatında tamamilə yeni ideya- bədii və
ictimai dəyər kəsb edən mühüm bir ədəbi
hadisə də müstəqil satirik şeir cərəyanının
formalaşması və bu sahədə olduqca böyük
uğurlarının əldə edilməsi olmuşdur".
Əlbəttə,
nəzəri praktikada "satirik şeir cərəyanı"
ifadəsi işlədilmir, bununla belə şeirdə
satiranın bir nəzəri-estetik keyfiyyət kimi güclənməsi,
hətta ədəbi təmayül əmələ gətirməsi
həqiqətən XIX əsrin bədii hadisəsi idi.
Bəkir
müəllim bu fikirdədir ki, "XIX əsrin ikinci
yarısında Azərbaycan ədəbiyyatının
inkişafı tamamilə yeni bir ideya-estetik istiqamət
almış, poetik forma axtarışları sahəsində
böyük nailiyyətlər qazanılmış, ədəbiyyatımız
yeni dövr dünya ədəbiyyatı sisteminə daxil
olmaqla qlobal ədəbi prosesə qoşulmuşdur". Bu
baxımdan alim M.F.Axundzadənin
xidmətlərini xüsusi qiymətləndirir. Onun ədəbi
tarixi prosesdəki rolunu, modern ədəbiyyat yaratmaq sahəsindəki
xidmətlərini qeyd edir, Mirzə Fətəlini reformator kimi təqdim
etməyə nail olur.
Müəllif
XX əsr Azərbaycan ədəbi-tarixi prosesinin M.F.Axundzadədən sonra - XX əsrə
qədərki dönəminə məhz Mirzə Fətəli ideyaları işığında
nəzər salıb dəyər verir. M.F.Axundzadədən
C.Cabbarlıya qədərki dövr öz böyük
simaları - S.Əzim, N.Vəzirov, N.Nərimanov, H.Zərdabi, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə B.Nəbiyevin ədəbiyyat tarixi
konsepsiyasına xüsusi mərhələ kimi daxil olur.
"Azərbaycan ədəbiyyatında, ədəbi-tənqidin
və realist estetikanın əsasları da XIX əsrin ikinci
yarısında qoyulmuşdur" - akademik Bəkir Nəbiyevin
gəldiyi əsas elmi - tarixi nəticələrdən biri də
budur!
2011-ci
il Azərbaycan tarixinə müstəqilliyimizin 20-ci
ildönümü kimi daxil oldu. Yüksək dövlət
miqyasında iqtisadi, siyasi, sosial diplomatik sahədə tarixi
nailiyyətlərimizin hesabatını verdik. Bəs nəzəri-filoloji
fikir sahəsində vəziyyət necədi? Bunu da biz B.Nəbiyevin
bu kitaba daxil edilmiş "Müstəqillik
dövrünün Azərbaycan ədəbiyyatşünaslığı
(1991-2011)" məqaləsindən öyrənirik. Öncə
müstəqillik dövrünün ədəbi-tarixi mənzərəsini
yaradan müəllif mövcud faktları sistemli tərzdə təqdim
edir. Burada ortaq türk abidələri və epos mədəniyyətimizə,
orta çağların poeziyası və nəzəri abidələrinə,
Cənubi Azərbaycan ədəbiyyatına, XX əsrin
"füyuzat" ədəbi məktəbinə, Ə.Hüseynzadə
irsinə azərbaycançılıq məfkurəsi əsasında
müraciət ön plana çəkilir.
Abdulla
Şaiq, Üzeyir Hacıbəyli, Mir Cəlal, Rəsul Rza,
Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, Yaşar Qarayev kimi
klassiklər haqqında kitabda "Portret cizgiləri"
bölməsində yer alan oçerklər bir daha sübut
edir ki, B.Nəbiyev XX əsrin tənqidçisidir. O, bu əsri
onun ədəbi simalarını daha həssaslıqla duyur və
dəyərləndirir.
Resenziya
ədəbi tənqidin ən çətin və çevik
janrıdır. Əslində dəqiq ifadə, dəqiq təyinat
və dəqiq meyar tələb edən resenziya tənqidin ədəbi
prosesdə rolunu təmin edir. Kitabın "Rəylər"
bölməsinə daxil olan "Nur saçan ömrün bədii
salnaməsi", "Nərgiz xanım Paşayevanın
doktorluq əsəri", kitabın adını müəyyən
etmiş "Elmlə şeir qovuşanda", "Tarixi
romanın imkanları" müasir resenziyanın dəyərli
nümunələridir.
Şərəfli
bir alim və tənqidçi ömrünün səksənini
adlamış, həmişə cəmiyyətin diqqət mərkəzində
- başda olmuş müdrik ziyalının xatirə yazması
olduqca təbiidir. Bu kitabın sonuncu bölməsi də
"Məruzə və nitqlər, xatirə yarpaqları"
adlanır. Buraya alimin 2008-ci ildə Hələb Universitetində
etdiyi "Azərbaycan şeirinin Nəsimi zirvəsi" kimi
sanballı məruzə ilə bərabər, son üç
ilin ədəbi tədbirlərindəki yığcam
çıxışları və kövrək xatirələri
də daxil edilmişdir. Bəkir müəllimin son illər
yazdığı məqalələrdə də müəyyən
bir xatirə çaları var. Məsələn, o öz
ustadları akademik M.A.Dadaşzadənin 100 illiyindəki
çıxışı "Patriarxın xatirəsinə",
akademik M.Cəfərin 100 illiyi münasibətilə
yazısını "Mənim mənəvi
mükafatım" adlandırıb. Bütün bunlar onu
göstərir ki, ömrünün müdrik
çağında ustad tənqidçi yeni forma və
üslub axtarışlarındadır. O, 60 illik tənqidçi
fəaliyyətini başlıca keyfiyyətini - müasirlik
hissini qoruyub saxlamaq əzmindədir. Müasirlik əslində
tarixə və ənənəyə ehtiramdan başlanır.
Artıq gördük ki, akademik B.Nəbiyevin son illərdə
yazdıqları toplanmış "Elmlə şeir
qovuşanda" kitabını da fərqləndirən klassik
bədii irsi müasirlik müstəvisində təqdim etmək
həvəsi, tənqidin estetik meyarlarını nəzəri-fəlsəfi
baxımdan möhkəmlətmək ehtirasıdır. Müəllif
yeni nəzəri imkanlar axtarmaqla kifayətlənmir, ədəbiyyatın
özünü bir bədii-fəlsəfi sistem kimi təhlil
edərək onun daxili enerjisini üzə çıxarır,
tənqidi mühakimənin möhkəmlənməsi
üçün şərait yaradır. Məhz bunun sayəsində
də o, ədəbi prosesi zamanla bərabər irəli
aparmağa, tənqid vasitəsi ilə tarixi və zamanı
idarə etməyi bacarır.
Yüksək
intellekt, dərin savadla bərabər tənqidçi
üçün başlıca şərt tənqidçi
şəxsiyyətidir. Şəxsiyyəti olmayan tənqidçi
yazıçının qabağında duruş gətirə
bilməz. Tənqidçi şəxsiyyətinin birinci əlaməti
öz fikir və mülahizələrində obyektiv
olmaqdır. Bu isə çox çətindir, bəzən cəmiyyətin
bədii-estetik təsəvvürlərinə, zövqünə
qarşı getməli olursan.
İstiqlal
dövründə B.Nəbiyevin
yaradıcılığında yeni bir istiqamət də
formalaşdı. Biz bunu mühacirətşünaslıq
adlandırardıq. Onun böyük həvəs, şövq və
inamla yazdığı Almas İldırım, Əhməd
Cavad haqqında, mühacirət ədəbiyyatşünaslığı
haqqında yazdıqları müasir ədəbi tənqidi
fikrimizin diqqətəlayiq nümunələridir. M.Şəhriyara,
X.Rza Ulutürkə dair monoqrafiyaları bizə belə qənaətə
gəlməyə imkan verir ki, akademik B.Nəbiyev istiqlal
dövrü tənqidimizin şəriksiz patriarxıdır. Azərbaycançılıq
fəlsəfəsinə istinad edən tənqidçi həm
də yeni filoloji tədqiqat metodları işləyib
hazırlayır.
Akademik
B.Nəbiyevin tənqidi ədəbiyyat vasitəsilə həyata
müdaxilə edən, ədəbiyyatı həyatla
tutuşduran fəal, mücadiləçi tənqiddir. O,
öz prinsiplərini heç bir avtoritetdə təmsil etmir,
onun üçün ən böyük avtoritet həqiqətdir.
Tənqidi
fikrin nəzəri-tarixi əhəmiyyəti tənqidçinin
ədəbiyyata, sözə sevgisi üzərində bərqərar
olur. Tənqidçi zəif əsəri tənqid edəndə
də bu məhəbbət hiss olunmalıdır.
Çünki ədəbiyyatımız
mayeyi-iftixarımız, milli kimliyimizin bədii
aynasıdır. B.Nəbiyevin tənqidi də belədir,
ümumiyyətlə, onu ədəbiyyatdan ayrı təsəvvür
etmək mümkün deyil.
Bu
topluya daxil olan məqalələrdə adətən gəncliyə
xas olan bir cəhət də diqqəti cəlb edir: O, yeni
ideyalar irəli sürür, tənqidin yeni istiqamətlərini
təyin edir, problemlərlə bərabər prioritetləri və
perspektivləri də müəyyənləşdirir. Bir
sözlə, bu tənqidin yolu gələcəyə
ünvanlanır, yeni tənqidçilər nəsli
üçün nümunə rolu oynamaqda davam edir.
Bu
gün Azərbaycan ədəbi tənqidində "Bəkir
Nəbiyev" məktəbi formalaşıb. Ədəbiyyata
böyük sevgi, ədəbiyyatın əbədiliyinə
sarsılmaz inam, bədii sözün həm poetik həm də
əxlaqi gözəlliyi üçün məsuliyyət,
peşəkar təhlil mədəniyyəti, təhlildə
fikirlə hissin yüksək vəhdəti, estetik meyarın
obyektivliyi ustadın tənqid məktəbinin əsas
xüsusiyyətləridir. Onun üslubu heç kimə bənzəmir:
yüksək sosial fəallıq, sosial və estetik amilin
sintezi, analitik mühakimə bu kitaba daxil olan ən
yaxşı yazıların və Bəkir Nəbiyev
üslubunun başlıca əlamətləridir.
P.S. Ailəmizlə
yaxın olması səbəbindən Bəkir müəllim
demək olar ki, bu yazıda adını çəkdiyim
bütün kitablarını özünəməxsus dəst-xətlə
yazdığı avtoqrafla valideynlərimə
bağışlamışdı. Uşaq vaxtı anamla iş
yerinə - Bəkir müəllimin rəhbərlik etdiyi Nizami
adına Ədəbiyyat Muzeyinə gedəndə içərisində
"Balaca Gülşənə böyük uğurlar arzusu ilə"
sözləri yazılmış "Kamalın təntənəsi"
kitabını mənə bağışladı. O gündən
etibarən bir məktəbli olaraq bu böyük alimin
kitablarını oxuya-oxuya əvvəl tələbə, sonra
aspirant, sonra doktorant oldum. Bu gün isə mənə xoş
sözlər yazıb ərməğan etdiyi "Elmlə
şeir qovuşanda" toplusu haqqında ürək sözlərimi
yazmağa çalışdım, görəsən ustada
ehtiramımı ifadə edə bildimmi?!
Gülşən ƏLİYEVA – KƏNGƏRLİ
Ədəbiyyat qəzeti.- 2012.- 20
yanvar.- S.3-5.