Amacımız kömək etməkdir

 

"Bu səs hərdən pəncərəmi döyüb qaçır… Qulağıma nəsə, nəsə deyib qaçır!" Təkcə hissi, duyğunu, ruhu deyil, ötüb keçmiş zamanı, o zaman daxilində yaşanan tarixi oyadır piano dilləri, skripka, orqon naləsi. Ekran boyu keçib gedən siluet, qala divarları, İçərişəhərin damdar, əyri-köndələn küçələri, lap elə yaddaşı oyadıb, ruhu göynədən qocaman tut ağacı divarlıqdan, küçəlikdən, tut ağaclığından çıxıb tarixin canlı şahidləri kimi gəlir göz önünə. Bütün bu məqamları seyrçilərin içinin içindən keçib gələn azan səsi izləyir. Bir də görkəmli bəstəkarımız, xalq artisti Xəyyam Mirzəzadənin uşaqlıq xatirələri: "İçərişəhərin öz təbiəti var. Bu unikal şəbəkə daha çox insanların ünsiyyətinə hesablanıb. Küçələrin bir-birinə "salam"la açıldığı vaxtları unutmaqmı olar? Kimsə rastlaşdığı insanın yanından etinasız, salamsız keçərdisə, belə fikir yaranardı ki, filankəs daha bu yerlə danışmır, özünə-sözünə yad olub. Burada hər qapının belə öz tarixi var. Bax, bu Şamaxı qapısıdı, bu Quba qapısı, bu Salyan qapısı. Bu adlar həm də burada yaşayan sakinlərin hansı bölgədən gəldiklərini nişan verir. Biz köhnə Bakı nəslindənik. Babam, atam bakılı, anam şəkili olub…"

Xalq artisti, tanınmış rejissor Tofiq İsmayılovun ekranlaşdırdığı və bəstəkar Xəyyam Mirzəzadənin musiqiylə bağlı zəngin ömür yolundan bəhs edən "Maestro" sənədli filminə baxıram. "Özüm və zaman haqqında" silsiləsindən olan bu maraqlı ekran əsərinə baxdıqca yaddaşımda qələm dostum Gülayənin "Zamanın zamana ehtiyacı var" misraları dolanır. Bu zaman daxilində görkəmli bəstəkar dünyaya gəlişinin, ilk gənclik, yetkinlik illərinin gününü, ayını, ilini birər-birər yada salır, 1941-1942-ci illərin uşaqlıq xatirələri dil açır: "Bax, bu qocaman tut ağacının altı, meydan yeri tay-tuşlarımızın vədə yeri idi. Burada futbol oynadığımız günləri yadıma salıram. Topu da parçadan düzəltdiyimiz kos əvəz edərdi. İçərişəhər elə də böyük ərazi deyil. Hərdən təəccüb edirəm ki, belə balaca bir yerdə nə qədər məscid tikilmişdi. Elə götürək evimizlə üzbəüz Sınıqqala məscidini. Rus topu bu məscidin minarəsinin yarısını qoparıb aparmışdı. O zaman İçərişəhərdə Səftər Quliyev, Əlizadələr kimi akademiklər yaşayardı. Səməd Mənsur kimi məşhur musiqi xadiminin qonşuluğunda yaşayırdıq. Atam dil tarixinin əsasını qoyanlardan biri idi".

Hələ küçə boyu nəyi-nələrisə arayan o balaca oğlan… Arada qulağını daş kitabələrə söykəyib dinşəyir, sanki tarixin, zamanın səsini dinləmək istəyir. Bu, çox unikal, maraqlı bir kadrdır. Bir yandan da piano dilləri üstündə gəzən barmaqlar. Elə bil şirmayı dilləri yox, ötən günlərin yaddaşını döyəcləyir. Arxasınca gəlir 1962-ci ilin xatirələri: "Həmin il ailəmiz köhnə Qəssab bazarının yanına köçdü. O zamankı baqqal dükanlarının yerindən indi Azərbaycan prospekti uzanıb gedir. Əvvəllər buradan konka-tramvay yolu keçirdi…"

Sonra gəlir ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəylinin adını daşıyan Konservatoriyada təhsil aldığı illərin xatirəsi: "Üzeyir bəyə ümümxalq məhəbbəti vardı. Biz onda ilahi bir qüvvə görürdük. Mən dahi bəstəkar Qara Qarayevin sinfində təhsil aldım. Oranı bitirəndən sonra rəhmətlik Cövdət Hacıyevin təklifilə konservatoriyada müəllim kimi çalışmalı oldum. Bu, artıq 1957-ci il idi. Həmin vaxtdan mənim bir sənətim olub - musiqiçi və müəllim…"

Bu böyük musiqiçi və müəllim haqqında sonra sənət dostları və tələbələri - bəstəkarlardan Fərəc Qarayev, Kəmalə Ələsgərli, İlham Arzumanlı, Sərdar müəllim söz açır, xatirə fotoşəkillərdən boylanan Nazim Qəmərlinski, Əli Babayev yad edilir, "Üçüncü simfoniya", "Oçerklər-63"-dən parçalar səsləndirilir. Xəyyam Mirzəzadə dərs prosesində təqdim edilir. O, tələbəsi Könülə qarşı nə qədər səmimi, duyğulu görünsə də, bir o qədər də tələbkar və ciddidi: "Kağızın üzərində yox, içəridə, daxildə mizan-tərəziyə, nöqtə-vergülə diqqət yetirmək lazımdı…"

Xalq şairləri Bəxtiyar Vahabzadənin, Vaqif Səmədoğlunun dəyərləndirmələrini mərhum müğənni Oqtay Ağayevin yadigar səs saxlancı izləyir. Xəyyam müəllim bu ovqatın cazibəsində ötənləri xatırlayır: "Anarın, Vaqif Səmədoğlunun şeirlərinə mahnılar bəstələmişəm. Ancaq mahnı janrını özümə sənət bilməmişəm. Daha çox kino və teatr üçün yazmışam".

"Bizim küçə", "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə", "Bağ mövsümü" və s. filmlərə bəstələdiyi musiqidən danışır, xarici ölkələrdə əsərlərinə olan maraq önə çəkilir.

Və nəhayət, tanınmış şair Ramiz Rövşənin öz ifasında səsləndirdiyi "Tək əldən səs çıxmaz" şeiri…

Hər mizan bir-birinə ayaq verir, hər epizod bir-birini tamamlayır. Bütöv bir harmoniya. Tarix, ötüb-keçənlər, yaşanmış ömür bu günlə, sabahla, əbədiyyətlə yanbayan addımlayır…

İndi bu maraqlı sənədli film üzərindəki işi, elə kinomuzun bugünkü durumu ilə bağlı bir çox məsələlər barəsində də tanınmış kinorejissor Tofiq İsmayılov həvəslə söhbət açır, illər öncəsi qardaş Türkiyədə çalışdığı illəri göz önünə gətirir. Bütün söylədiklərini haqq-hesaba vurduqca baxıb görürəm ki, onun yaratdıqlarını, araya-ərsəyə gətirdiklərini bircə sözlə ifadə edəsi olsaq, böyük hərflərlə "zərurət" kəlməsini yazıb da nöqtə qoymalı olarıq. Hər halda, onun söylədikləri bu qənaətimizin yüzdə-yüz təsdiqi kimi səslənir:

- Düz on altı il Azərbaycandan kənarda, gözəlimiz Türkiyədə çalışası oldum. Qayıdandan sonra ilk işim görkəmli bəstəkarımız Tofiq Quliyev haqqında oldu. Bu film üzərində Eldar Quliyevlə bərabər işlədik. Sonra Əminə xanım Dilbazi və Cövdət Hacıyev haqqında sənədli film çəkdim.

Deyim ki, bu maraqlı filmin süjeti məni xeyli düşündürdü, nədən başlayacağımı dəqiqləşdirə bilmirdim. Günlərin birində Əminə xanımla zəngləşib, evində görüşdük. Fikir verib gördüm ki, nəvələrilə rus, yeri gələndə nəticələrilə ingilis dilində danışır. Bu, yaşanan zamanın, vaxtın, milli kimliyin faciəsi idi. Baxmayaraq ki, Əminə xanım, onun ömür-gün yoldaşı, görkəmli bəstəkarımız Cövdət Hacıyev Azərbaycan mədəniyyətinə, musiqisinə nə qədər dəyərli xidmət göstərmişdilər… Müşahidə etdiyim bu ziddiyyət həmin sənədli filmin sujetindən aparıcı xətt kimi keçdi və bir növ filmin araya-ərsəyə gəlməsinə impuls verdi. Həmin filmin çəkilişindən sonra mən İstanbula getdim, orada da əsas işim Azərbaycan mədəniyyətini təbliğ etmək oldu. "Leyli və Məcnun"u səhnəyə qoydum. Deyim ki, 1990-cı ildə Azərbaycan mədəniyyəti Türkiyə üçün bir növ örnək idi. İndi az qala əksinə olub. Bunun əsas səbəbi daha çox televiziya verilişlərimizin aşağı səviyyədə, bərbad vəziyyətdə olmasından irəli gəlir. Bu sahədə "çörəyi ver çörəkçiyə" mizan-tərəzisi az qala itib, yetən-yetən özü üçün bir veriliş yaradır, aparıcı olur. Nəzərə alınmır ki, hər oxuyan Molla Pənah olmaz. Fərqinə varılmır ki, bu televiziya verilişlərindən, bayağı çal-çağırdan tamaşaçılar nə götürür, nə yadda qalır. SMS-lərə hesablanan qaliblik yarışı millətin zövqünü korlayır. Müslüm Maqomayev, Rəşid Behbudov, Xan əmi, Adil İsgəndərov, Möhsün Sənani kimi görkəmli sənətkarlarımız haqqında hazırlanası verilişlər arxa plana keçir. Səbəbi yersiz şou proqramları düzənləyənlərin zövqsüzlüyüdü. Götürək ki, mənim vaxtilə ekranlaşdırdığım "Oxuyur Müslüm Maqomayev" filmi düz qırx ildi öz təravətini qorumasının ləzzətini hələ də yaşayıram. Bu film dünyanın səksən beş ölkəsi tərəfindən alındı, o zaman "Pravda" qəzeti yazırdı ki, "Oxuyur Müslüm Maqomayev" filmi bir ay ərzində Kiyevdə fəaliyyət göstərən əlli kinoteatrda iyirmi yeddi dəfə nümayiş olunub. Bu ilk film idi ki, İranda keçirilən festivala qatıldı, böyük uğur qazandı. Ya elə xalq artisti Gülxar Həsənova haqqında ekranlaşdırdığım "Son tamaşa" sənədli filmini götürək, yaxud "Özüm və zaman" silsiləsindən görkəmli bəstəkar Tofiq Quliyev haqqında çəkdiyim filmə baxaq. Təəssüf ki, bu film Türkiyəyə dəvətimlə bağlı olaraq yarımçıq qaldı, mən geri dönəndə isə artıq Tofiq müəllim dünyada yox idi… Sonra Mədəniyyət və Turizm Nazirliyinin xahişilə "Nəğməli ömür"ü ekranlaşdırdım. Bakıya dönüşüm bir çox yarımçıq işlərimin tamamlanmasına yol açdı. Hər necə olsa, vətən, torpaq ürəyimi çəkdi.

Qaldı "Maestro" filminə, deyim ki, bu təklif də Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdi. Çox maraqlı təklif idi. Dostum, görkəmli bəstəkarımız Xəyyam Mirzəzadə yetmiş beş illik mənalı ömrünü mədəniyyətimizin inkişafına ləyaqətlə həsr etmiş bir sənətkardı. Baxmayaraq ki, onun da öz kaprizləri var, iş prosesində istədiyini ondan almağın çətinlikləri var, ancaq hesab edirəm, nəticə uğurludu, film alınıb. Təbii ki, on altı ildən sonra yeni bir sənədli film üzərində işləmək məni də qorxudurdu. Bir növ, bu son akkordun necə alınacağından ehtiyatlanırdım. Bu səpkidə çəkdiyim filmlər bir-birinin davamı kimidi. Ehtiyat edirdim ki, ilk təəssürata xələl gələr. Məsələn, "Prima" haqda Rüstəm İbrahimbəyov demişdi: "Sənədli filmdə min forma var, sən min birincini tapıbsan". Hesab edirəm ki, "Maestro"da min ikinci formaya nail ola bilmişəm. Hər halda, mən özüm bu fikirdəyəm, hesab edirəm dostumun və sənətimin yanında üzüqara çıxmamışam.

Kino işi ardıcıllıq, sistemli iş, peşəkarlıq sevir. Biz yeni nəsli yetişdirməliyik. Əvvəllər bu iş çox sistemli qurulmuşdu. Tutaq ki, mən yetmişinci illərdə kinoya gəlmişdim, 1975-ə kimi dörd-beş film çəkmişdim. Ancaq indiki nəslin beş-altı ilə bu işlərdən birini görmək imkanı belə yoxdu. Belə baxırsan, otuz səkkiz dublyaj yeri var, ancaq nəyi və necə çevirirlər, ya film çəkilir, ancaq nə çəkirlər? Rejissorun filmi film olmalıdı. Sənətkar praktikada yetişməlidi. İndi hərə öz sözünə mahnı qoşub-oxuduğu kimi, az qala, hərə də öz filmini, teleserialını çəkir. Dövlət kifayət qədər pul ayırıb, maraqlıdı ki, Azərbaycanda seriallar çəkilsin. Ancaq bu serialları kimlər və necə çəkirlər? Təəssüf edirəm ki, "Küləklər şəhərində" kimi qeyri-peşəkar, bayağı çoxseriyalı filmlərimiz ekranı doldurur. Ancaq bizdə ənənə var. 1975-ci ildə çəkilmiş "Vulkana doğru" adlı üç seriyalı filmimiz çəkilib. İki seriyalı "Xüsusi vəziyyət" adlı film vaxtilə Mərkəzi televiziyada iyirmi bir dəfə nümayiş olunmuşdu. Ancaq son iyirmi ildə bir dəfə də olsun öz televiziya kanallarımızda görünmür. Eləcə də "Çarvadarın izi ilə", "Sürəyya", "Körpüsalanlar". Bir çox klassik filmlərimiz var. Hər gün 10 dəfə göstərsələr belə, üç yüzə qədər yaxşı filmimizi ortaya çıxarmaq olar. Bu gün çəkilən filmlərimizə kənardan, lap elə qardaş Türkiyədən aktyorlar dəvət edirlər. Daha elə onda götürək o dövlətlərdə çəkilən filmləri verək də! Sovet dönəmində bizdə çəkilən filmləri Moskva göstərirdi. Ancaq indi özümüz öz kinolarımıza, sənətkarlarımıza laqeyd yanaşırıq. Dövlətin vəsaiti hesabına çəkilən filmlər sahibsiz, baxımsız qalmamalıdı, bu iş məsuliyyət tələb edir. Nəyi çəkiriksə Azərbaycanın bu günü, sabahı, gələcəyidi. Biz dünya ekranlarına çıxası çoxseriyalı filmlər çəkməyə özümüzdə güc tapmalıyıq. Bunları deməkdə amacımız döymək, inkar etmək yox, yol göstərmək, kömək etməkdir.

 

 

Hazırladı: Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2012.- 20 yanvar.- S.6.