20 YANVAR

 

 …Şəhidlik - böyük məktəbdir. Yüz illər keçsə də, şəhidlər hörmətlə anılacaq. Çünki şəhidlik imanın ən yüksək zirvəsi, insan əxlaqının ən gözəl nümunəsidir. Şəhidlər bütün bəşəriyyət üçün fədakarlıq örnəyidirlər.

…1990-cı ilin qanlı hadisələrindən nə qədər zaman keçsə də, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsi əsla unudulmayacaqdır. Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddan çıxarmaq mümkün deyildir. Şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı hələ də qəlblərdədir. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını çoxlarınız xatırlayırsınız, lakin baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl ssenarilərini əksəriyyət lazımınca bilmir. Əslində, bu, "böyük Ermənistan" xülyası ilə yaşayan aqambekyanların, şahnazarovların, balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı öncədən hazırlanmış planı idi. Onlar hələ 1987-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevi Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik rəhbərdən məhrum etmək niyyətindəydilər.

…Azərbaycanda mövcud olan mənəvi mühit həqiqətən unikal və dəyərlidir. Bu gün dünyanın ən inkişaf etmiş, adətən hamıya humanizmsivil münasibətlərə dair tövsiyələr verən ölkələrində belə müxtəlif mədəniyyətlərin birgəyaşayışına dair fikir ixtilafı yaşandığı məlumdur. Azərbaycan isə müstəqilliyini bərpa etdiyi 22 il ərzində çoxəsrlik tarixi olan mənəvi ənənələrinə, İslami dini dəyərlərinə və müdrik, tolerant dövlət siyasətinə söykənərək bütün dünyaya multikulturizmin əsl nümunəsini nümayiş etdirir.

 

Şeyxülislam Allahşükür Paşazadə

-----------------------------------

Mənim nəslim həmişə qorxu içində yaşayıb. Ona şükr eləyirəm ki, yaşıdlarımla müqayisədə mən müəyyən qədər bu qorxu hissindən azad olmuş, ürəyimdəkiləri müxtəlif üsullarla qapalı da olsa, deyə bilmişəm.

20 Yanvar hadisəsində mənə təsir edən əsas amil o oldu ki, mən öz gözlərimlə gördüm ki, millətim, xüsusilə gənclər qəlbimizdəki qorxu hasarını atıb hissin cəsarət meydanına keçə bildi. Bu isə azadlığa çatmağın ilkin şərti idi. Azadlıq naminə qurban gedən şəhidlərimiz bizə azadlığın zərurət olduğunu və lazım gələrsə, millətin bu yolda ölümə belə gedə biləcəyini sübut etdilər.

Bu düşüncələr içində çırpınarkən fikrimə gələn ilk bənd bu oldu:

 

O şənbə gecəsi, o qətl günü -

Mümkünə çevirdik

çox namümkünü;

Xalqın qəlbindəki

qorxu mülkünü

O gecə dağıdıb

sökdü şəhidlər.

 

Bu bənd isə əvvəlcə "Şəhidlər" mərsiyəsinin, sonra da eyni adlı poemanın bünövrə daşı oldu. Onu da deyim ki, həmin şeri dərhal bəstəkar dostum Emin Sabitoğluna göndərdim. O da qəlbimə yatan gözəl bir mərsiyə (rekviyem) yaratdı.

 

 

Bəxtiyar Vahabzadə

 

Ədəbiyyat qəzeti.- 2012.- 20 yanvar.- S.1.