Vaqif
Şuşada
Vaqif abidəsinin açılışı
münasibətilə
Heykəllər sadəcə əl
işi deyil,
Məhəbbət dediyin - başqa məramdır;
Dünyadan gedənin gəlişi deyil,
Dünyada qalana bir
ehtiramdır.
“Vaqif!
Ey sərvərim, ey tacidarım!” -
Harda xatırladı şairi ürək!..
Hörmət - süddən gələn
bir adətimdi.
Vurğundan Vaqifə salam yetirmək -
Bəlkə də yeganə səadətimdi.
Meylini ellərə salan şairin
Səsi Kür çayının
qırağındadır;
Beşiyi
Qazaxda qalan şairin -
Məzarı
Qarabağ torpağındadır.
Sözünü, hökmünü dəyişdi
zaman,
İndi Cıdır düzü bir
kainatdır.
Nə saray havası,
nə İbrahim xan,
nə Qacar ordusu -
necə rahatdır!..
Elə bil könlümdə yaz
havasıdır,
Qoynu nə genişdir
düzün-dünyanın;
Vaqif - şerimizin şah misrasıdır,
Vaqif - vəziriydi xan sarayının.
Yaşayır ürəkdə əsil sənətkar,
Sənətə əbədi bir hörmət
olsun!
Şairim, şerinə böhtan atanlar
Abidən önündə xəcalət
olsun!
Hanı başın üstə durna
qatarı,
Yoxsa... haça budaq pərvaza gəlsin.
Bu gün bir əhli-hal, könül
dildarı -
Əlində şərbəti pişvaza gəlsin.
Vaqif, bu torpağın yaraşığıydın,
Yaraşıq oldun sən daşa da, Vaqif!
Yenə Qarabağın elçilərini
Özün qarşıladın
Şuşada, Vaqif!
Nəriman Həsənzadə
12 yanvar 1982-ci il
Ədəbiyyat
qəzeti.- 2012.- 27 yanvar.- S.1.