"Cənub şeirləri"ndən

 

 Təbrizim

 

Savalandan, Səhəndimdən yadigar, -

Gülər sözlü, ağlar gözlü Şəhriyar.

Çox salamlar söyləmişdir Bəxtiyar, -

Xoş xəbərlər şəhərisən, Təbrizim!

 

Sən şairlər, şühədalar Vətəni;

Xiyabani və Şəhriyar Vətəni.

Xoş diləklər, xoş arzular Vətəni, -

Könüllərin sərvərisən, Təbrizim!

 

Qaragözlü, ay camallı şəhərim,

Adlı-sanlı qəhrəmanlı şəhərim,

Bağır xanlı, Səttar xanlı şəhərim!

Adı dillər əzbərisən, Təbrizim!

 

Qəlbin təmiz, küçələrin gül kimi,

Alagözlü səhərlərin tül kimi;

Gülşənində ötərəm bülbül kimi,

Zərəngizin dilbərisən, Təbrizim!

 

 

Məşhədi gördüm

 

Səkkiz qapılıdır - Məşhədi gördüm,

Tamam cənnətdəki - qapılar kimi!

Nur dolu ümmanmış, nə gözəl imiş,

Tapdım tapdığımı tapılar kimi!

 

Ziyalar saçıldı üzümə sanki,

Tanrı dür çilədi gözümə sanki,

Bir qətrə nur aldım sözümə sanki,

Dayandım qapında xidmətkar kimi!

 

Başımın üstündə nişan Sən oldun,

Behiştin nurunu saçan Sən oldun!

Bəsirət gözümü açan Sən oldun,

Tanrım, var oldum mən, yoxdan var kimi!

 

Gördüm gördüyümü, xəyaldır cənnət,

Bir əlimdə iman, birində sənət!

Zərəngiz Dəmirçi sənə əmanət!

Tanrım, qəlbimdəsən əziz yar kimi,

 

 

Şəhriyar

 

Elinə heyran oldum mən,

Gülünə heyran oldum mən.

Şairlərin bülbül kimi,

Dilinə heyran oldum mən.

Çalması qarlı Şəhriyar!

Qüdrətdən barlı Şəhriyar!

 

Sənin şair xəyalın tək,

Savalan da xəyallandı.

Dumanlar qalxdı başından,

Təbriz elinə yollandı.

Çalması qarlı Şəhriyar,

Qüdrətdən barlı Şəhriyar!

 

İnsanlarına qurbanam,

Ormanlarına heyranam.

Şerin, sözün ürəklərdə,

Sonsuz varına heyranam.

Çalması qarlı Şəhriyar!

Qüdrətdən barlı Şəhriyar!

  

 

Zərəngiz Dəmirçi Qayalı

 

Ədəbiyyat qəzeti.- 2012.- 27 yanvar.- S.6.