Otuz il əvvəl…
Şuşa qədimdən şairlər,
musiqiçilər, rəssamlar məskəni kimi
məşhur olmuşdur. Buranın
havasında poeziya və musiqi
duyulur, təbiət özü
yaradıcılığa ruhlandırır.
Heydər Əliyev,
Şuşada Vaqifin məqbərəsinin
açılışı günündə
çıxışından.
12 yanvar 1982-ci il
Molla Pənah Vaqifin şərəfinə
bizim belə təntənə ilə
ucaltdığımız əzəmətli məqbərə
onun unudulmaz xatirəsinə ehtiram ifadəsi olmaqla bərabər,
həm də əsl ümumxalq məhəbbətinin təcəssümüdür.
Mirzə İbrahimov
Mərasimdəki
çıxışından
"Ədəbiyyat
qəzeti" otuz il əvvəl - 22 yanvar 1982-ci il tarixli
sayında "Xalq sənətkarlarının xatirəsi əbədidir"
ümumi başlığı altında Şuşada Vaqifin məqbərəsinin
açılışı ilə əlaqədar geniş
material dərc etmişdir.
Bu
böyük ədəbi hadisəyə dair verilən rəsmi
material aşağıdakı sətirlərlə
başlayır:
Uçan
ulduzlar da çağırır "gəlin!"
Qalxacaq,
şairim, bir gün heykəlin
Bizim
Qarabağın Cıdır düzündə,
Vaqif
canlanacaq onun üzündə…
Azərbaycan
xalqının böyük oğlu və nəğməkarı
Molla Pənah Vaqifə həsr olunan bu misraları… onun sənət
varisi olan Səməd Vurğun qoşmuşdur. Budur,
uzaqgörənliklə deyilən həmin sözlər indi
özünün gözəl təcəssümünü
tapmışdır. Qədim Şuşada, Vaqifin
ömrünün çox hissəsinin keçdiyi bu şəhərdə
ona əzəmətli məqbərə
ucaldılmışdır.
Qarabağ
torpağı Vaqifin adı ilə əbədi
bağlıdır. Həqiqətin və gözəlliyin, ədalətin
və xalqlar dostluğunun nəğməkarı olan şair
ömrünün qırx ildən çoxunu burada
yaşayıb-yaratmışdır. O burada məktəb
açmış və müəllimlik etmiş,
qarabağlı uşaqlara bilik öyrətmişdir. Vaqif
görkəmli dövlət xadimi kimi də burada məşhurlaşmışdır.
Qarabağ xanlığının vəziri olarkən o, Rusiya
ilə ittifaqın möhkəmləndirilməsi, Azərbaycanın
bütün vilayətlərinin qardaşcasına birləşməsi
siyasətini yetirmişdir. Böyük şairin cənazəsi
də Şuşa torpağına
tapşırılmışdır.
Vaqif
sözünün mənası hər şeyə bələd
olan, hər şeyi bilən deməkdir. Böyük şair
ömrü boyu öz adının bu mənasını
doğrultmuşdur. O, doğrudan da çox şeyə vaqif
idi, lakin onun hər şeydən artıq bildiyi nəcib,
müqəddəs hiss olan məhəbbət idi, insana və
doğma torpağa məhəbbət idi, torpağın və
insanın gözəlliyi idi. Buna görədir ki, əsrlər
keçsə də, Vaqifin adı xalqın hafizəsindən
silinməmiş və silinməyəcəkdir, onun istedadı
isə poeziya kəhkəşanında daim işıq
saçan parlaq ulduz olmuş və parlaq ulduz olaraq qalacaqdır.
Şuşada məqbərənin ucaldılmasına həsr
olunan şənliklər şairin ölməzliyinin və
şöhrətinin parlaq ifadəsi olmuşdur.
Bir gün əvvəl
Şuşada gün çıxmışdı. Təntənə
günü isə səhərdən göyün
üzünü buludlar almışdı, yağan qar
yolları və cığırları örtmüş, ətrafda
hər yer ağappaq libasa bürünmüşdü.
Maşınlar qalın qara batıb dayanırdı, şaxta
adamı kəsir, məqbərəyə qalxan yollarda
adamların hərəkətini çətinləşdirirdi.
Lakin xalqın öz şairinə və yerlisinə olan məhəbbəti
hər şeyə güc gəlirdi. Ona görə də
çox keçmədən Cıdır düzü adamla
doldu. Vaxtilə Vaqif Murovdağı və qədim Kirs
dağının qarlı zirvələrini buradan seyr
etmiş, öz sehrkar şeirlərini burada qoşmuşdur.
İndi adamların ucaltdıqları əzəmətli məqbərə
Qarabağ dağlarının daha bir zirvəsinə - poeziya və
şöhrət zirvəsinə zinət verir. Məqbərənin
üstünə çox hadisələri xatırladan və
hamıya əziz olan bir ad həkk edilmişdir: "Vaqif".
Mitinq
bağlı elan edilib. Onun iştirakçılarının
gurultulu alqışları altında Sov.İKPMK Siyasi
Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP
MK-nın birinci katibi H.Ə.Əliyev, Azərbaycanın xalq
şairi Süleyman Rüstəm və Azərbaycan
Yazıçılar İttifaqı İdarə heyətinin sədri,
respublikanın xalq yazıçısı Mirzə
İbrahimov lenti kəsiblər. Vaqif öz şeirlərindən
birində Şuşanın sıldırım dağlarına
vurulduğunu söyləyir. Onun cənazəsi qayalı təpənin
üstündə dəfn edilmişdir. Abidənin müəllifləri
arxitektorlar - Azərbaycan SSR Elmlər Akademiyasının
müxbir üzvü Ə.Salamzadə və E.Kanukov, heykəltəraş
A.Mustafayevdir. Məqbərə dördtilli qüllə şəklindədir.
Divarlara bayır tərəfdən çəhrayı və
içəri tərəfdən ağ Qarabağ mərmərindən
üz çəkilmişdir. Məqbərənin içərisinə
işıq pəncərələrin şəbəkə
şəklində barmaqlıqları arasından
süzülür. Məqbərənin mərkəzində
qara mərmərdən yonulmuş sarkofaq vardır.
İçəri tərəfdə giriş qapısı ilə
üzbəüz səmtdə Vaqifin ağ mərmərdən
yonulan büstü qoyulmuşdur. Bundan sonra məqbərə qədim
və cavan Şuşanın simasının ayrılmaz hissəsinə
çevriləcəkdir.
Həmin
gün Vaqifin şeirləri və böyük şairin xatirəsinə
həsr olunmuş misralar yeni Poeziya evində də səslənib.
Poeziya evinin təntənəli açılışında
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd,
Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev,
Şuşaya şənliklərə gəlmiş başqa
qonaqlar iştirak ediblər.
P.S. Nəhayət,
30 il bundan əvvəlin həqiqətinə dair məlumatı
sabahın şəksiz həqiqəti - doğma
Qarabağımızın düşmən əsarətindən
hökmən (ilk növbədə, əlbəttə, sülh
yolu - beynəlxalq hüquq normaları - beynəlxalq ədalət
gücüylə) azad olunacağı inamı ilə bitirmək
istərdik. Heç şübhə etmirik ki:
Yenə
Qarabağın elçilərini
Özü
qarşılayar Şuşada, Vaqif!..
Ədəbiyyat qəzeti.- 2012.- 27
yanvar.- S.1-2.