Vidadi Babanlı - 85

  

Hörmətli Vidadi müəllim!

Sizi - görkəmli yazıçımızı 85 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz Azərbaycanın gözəl guşələrindən biri olan sənətkarları ilə şöhrət qazanmış Qazax bölgəsinin Şıxlı kəndində dünyaya göz açmısınız. Doğma kəndinizdə orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, ADU-nun filologiya fakültəsinə daxil olmuş, təhsilinizi müvəffəqiyyətlə başa vurmusunuz.. Əmək fəaliyyətinə başladığınız Sabirabad şəhər orta məktəbində pedaqoji fəaliyyətinizlə yanaşı, ədəbi yaradıcılığınızı da davam etdirmiş, mətbuatda çıxan lirik şeirlərinizlə tanınmağa başlamısınız. Sonralar Bakıya köçüb burada "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində əmək fəaliyyətinizə davam etmisiniz.

Gənc yaşlarından ədəbiyyatda, sənətdə qazandığınız uğurlar sizi ədəbi mühitdə tanıtmışdır. Siz Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu da bitirmisiniz. Moskvada aspiranturaya daxil olmuş, lakin səhhətinizlə bağlı təhsilinizi yarımçıq qoyub Azərbaycana qayıtmısınız .

Bakıya qayıtdıqdan sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonralar şöbə müdiri vəzifələrində çalışmısınız. 1961-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmisiniz. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) vəzifələrində çalışmısınız.

İlk mətbu əsəriniz 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeirinizdir. İlk şeirləriniz, "Dönüş", "Təbrizdə bir gecə" poemalarınız dövri mətbuatda Vidadi Şıxlı təxəllüsü ilə dərc olunmuşdur. 1954-cü ildə yazdığınız "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamısınız. Bədii xüsusiyyətləri, rəvan dili, aktual problemləri ilə seçilən povest tez bir zamanda sizə geniş oxucu auditoriyası qazandırmışdır. Əsərlərinizin böyük bir qismində saf sevgi, insanın mənəvi dünyası, Vətən torpağının müqəddəsliyi, düşmən tapdağı altında qalan torpaqlarımızın ağrısı, vətəndaş təəssübkeşliyi, düşmənə qarşı döyüşkən ruh əsas leytmotivdir. "Vicdan susanda", "Müqəddəs ocaq", "İnsaf nənə", "Seçilmiş əsərləri", "Hoydu, dəlilərim, hoydu", "Ana intiqamı", "Ömürlük cəza", "Ömürlük əzab", "Dərd məni dilləndirir" və s. kitablarınız işıq üzü görmüşdür. "Vicdan susanda" romanınız dəfələrlə nəşr olunmuş, gənclərin stolüstü kitabına çevrilmişdir.

Sizin bədii tərcümə, mətbuat və kino sahəsində də xidmətləriniz var. V.Rasputin,O.Qonçar, V.Bıkov, N.Dumbadze kimi tanınmış yazıçıların əsərlərindən nümunələri dilimizə çevirmisiniz. "Həyat bizi sınayır" adlı romanınız əsasında bədii film çəkilmişdir.

Əsərləriniz bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Ədəbiyyatımız qarşısındakı xidmətlərinizə görə əməkdar incəsənət xadimi fəxri adına, Prezidentin xüsusi təqaüdünə layiq görülmüsünüz.

Hörmətli Vidadi müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 27 yanvar.- S.3.