“Həyat bizi sınadı”...

 

Müsahibimiz görkəmli yazıçı Vidadi Babanlıdır

 

- Vidadi müəllim, maşallah, görürəm əhvalınız lap yaxşıdı. Yazı masanızın üstünə göz gəzdirəndə hələ tamamlamadığınız şeir misraları çəkdi nəzərimi. Aşıq Ələsgərin məşhur qoşmasına şirin yumor qatıbsınız:

 

Haçandı yemirəm bir kənd xörəyi,

Gözüm sinidəki xəngələ düşdü.

İsmarıc eylədim qohum-qardaşa

Babat qurut tapmaq əngələ düşdü.

 

- Çox da səs salma, hələ üstündə əməlli-başlı işləməliyəm.

- Göz dəyməsin, xəttiniz də lap muncuq kimidi. Daha belə səliqəli yazmağının xətası çıxıb - eləmir ki?

- Bilirəm nəyə işarə edirsən… "Gizlinlər"də yazmışam hamısını. O da bir hekayət idi… Tələbəliyimin ilk illərində evdə xəttimi tərifləyə-tərifləyə bir yazı üzü köçürtdürmüşdülər. Sonra da polis idarəsindən gələn Nağdalıyev yenə də xəttimi tərifləyə-tərifləyə atı sürdü daşlığa. Xülasə, çox uzun söhbətdi, ancaq o zaman Bakıdan məxsusi olaraq bu iş üçün rayonumuza gələn polkovnik mənə yaxşıca bir nəsihət etdi: "Qoy bu, sənə həyat dərsi olsun!" Hələ də qulaqlarımda səslənir.

- Amma siz də özünüzə görə olmayıbsınız… Tələbəlik illərinin xətaları sovuşmamış bir illik müəllimliyiniz dövründə də yenə yuxarıların sorğu-sualına tuş gəlibsiniz. Gərək ki, Sabirabad rayonunun o zamankı mənzərəsini əks etdirən şeirinizin xətası çıxmışdı…

- Ta demə… Deməli təyinatla getdim Sabirabad rayonuna. Təhsil şöbəsində məni xoş ovqatla qarşıladılar. Sən demə xeyirxahım, xalq şairi Səməd Vurğun zəng edib şöbə müdirinə məni tapşırıbmış. O, məni ətrafındakılara təqdim edib öyüncəkliklə "bu cavan oğlanın təyinatını bizim rayona xalqımızın sevimli oğlu, böyük şairi, mənim ailəvi dostum Səməd Vurğun məsləhət görüb" - dedi. Sonra məlum oldu ki, müdirin özü də bizə simsar adammış, həyat yoldaşı ana tərəfdən bizimlə qohum imiş, iyirminci illərdə açılmış "Qadınların savad kursu"nda anamla bir yerdə təhsil alıb, rəfiqəlik ediblərmiş. Xülasə, işə başlayası oldum. Ancaq Aranın istisi, bürkü-boğanağı əhdimi kəsmişdi. Şərait olduqca bərbad idi. Götürüb Sabirabadın bu bərbad halına bir şeir yazdım:

 

Gəlin, söhbət açım Sabirabaddan,

Buraya xam gələn allanar, gedər.

Hürkər uşaq kimi öz kölgəsindən,

Döyükə-döyükə yollanar, gedər.

 

...Vidadi, şairsən, qıtdı yalanın,

Üzü haçan gülüb dərdi olanın?

Axır onu bildim: - burda qalanın

Saçına dən düşər, çallanar, gedər!

 

Şeir ortalığa çıxar-çıxmaz ruzigarın soyuq küləyi kəsdi qapını. Müdir məni iş otağına dəvət edib: "Heç yaxşı iş tutmayıbsan, - dedi, - rayon haqqında yazdığın şeir əhali arasında pis qarşılanıb. Rayon ziyalıları səndən Mərkəzi Komitəyə şikayət yazıb, vəziyyət xoşagələn deyil". Ürəyim uçundu. Ancaq müdir təhlükəni də sovuşdura bildi. Məni də götürüb rayon rəhbərliyinin yanına apardı, dilxoşluq edib, "bu cavan oğlan Muğan düzünün özünəməxsus gözəlliklərini hələ sonra duyacaq" - dedi. İnsafən, raykom katibi də çox elə dərinə getmədi. Ancaq onu da dedi ki, məni ən çox təəccübləndirən işin başqa tərəfidi; necə olur, Səməd Vurğun kimi yaşlı bir şair gələcəyi görür, Muğan haqqında gözəl poema yazır, amma bizim bu gənc şair nöqsandan savayı heç nə görə bilmir. Axı bu, əksinə olmalıdı, cavan gözü irəlini daha iti seçməlidi.

O, rayon həyatının bir çox qüsurlarının olduğunu da sözarası etiraf etdi, yol probleminin olduğundan, mənzil şəraitsizliyindən qısaca danışdı. Tez də əlavə etdi ki, şeirin acısını çox eləyibsən - nöqsanı görməyi hamı bacarır, qocaqlıq adi gözün seçmədiyi, diqqətdən yayınan cəhətləri görməkdi.

Bir yana baxanda düz deyirdi. Görünür, mən də cavanlığıma salıb tənqidin istiotunu bir az çox eləmiş, yerli şəraiti, rayon sakinlərinin fikrini nəzərə almamışdım. O zaman həyat həqiqətlərini bu şəkildə çılpaqlığı ilə ifadə etməyin öz problemləri var idi. Əlyazması şəklində olsa da belə, bu cür yazıların üstündə adama hər cür siyasi rəng yapışdıra bilərdilər. Təbii ki, bu ötən əsrin qırx-əllinci illəri üçün adi hal idi. Hələ siyasi iqlimin yumşaldığı altmışıncı illərə xeyli var idi. Yeri gəlmişkən, altmışıncı illərin ədəbi-mədəni həyatımızın yeniləşməsində xüsusi rolu oldu. Tezliklə bir sıra əsl ədəbiyyat nümunələri yaradıldı, bədii əsərlərdə əsl həyatın nəbzi döyünməyə başladı. Anar, Əkrəm Əylisli, Elçin, Yusif Səmədoğlu, Sabir Əhmədov, Çingiz Hüseynov və başqaları nəsr sahəsində bu yeniliyin pionerləri oldular. Ancaq bir həqiqət də var ki, Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır", İsmayıl Şıxlının "Dəli Kür", İlyas Əfəndiyevin "Körpüsalanlar", İsa Hüseynovun "Yanar ürək", "Teleqram", Fərman Kərimzadənin "Qarlı aşırım" kimi roman və povestləri həmin o altmışıncılar adlanan ədəbi nəslin formalaşmasına real zəmin yaratmışdı. O illərdə mənim özümün "Müqəddəs ocaq", "Vicdan susanda" romanlarım işıq üzü görmüşdü. Həmin illərdə yaşlı nəslin nümayəndələri olan bir çox görkəmli yazıçılarımız kifayət qədər sanballı əsərlərini yazıb çap elətmişdilər. Hesab edirəm, bu təfsilat yaş həddinə görə yox, o dövrdə yazıb-yaradan ədiblərin ortaya qoyduqları ədəbi nümunələr timsalında tədqiq olunmalıdı, dövrün, zamanın tələbləri, təhdidi nəzərə alınmalıdı. Təbii ki, ədəbiyyat təsərrüfatına hər nəsil öz nəfəsini gətirib. Tutalım, Mir Cəlalın, Ənvər Məmmədxanlının, Bayram Bayramovun o illərdə qələmə aldıqları əsərləri nəzərə almamaqmı olar. Ədəbi tənqid o dövrü dərindən araşdırmalı, nəsillərarası münasibətlərdə ayrıseçkilik yaratmamalıdı. Mənim yaşıdım olan yazıçıların ədəbi tənqiddən bunu ummaq haqqı var. Başa düşürəm, indi mətbu orqanların sayı çoxalıb, ədəbiyyat adına ortaya qoyulan bütün çap məhsullarını oxuyub, obyektiv fikir söyləmək elə də asan deyil. Qonorar problemi var, iqtisadi çətinliklər yaşanır. Bütün bunlar öz yerində, ancaq tənqidçi vicdanı oyaq olmalıdı. Hər kəs öz çevrəsini tərifləməklə məşğul olmamalıdı, ədəbiyyat söhbəti ədəbi meyarlara söykənməlidi. Elə bir şərait yaranıb ki, az qala heç kəsi qınamaq olmur. Günümüzün reallığıdı ki, yazıçı həm əsər yazmalıdı, həm o əsərin çap xərcini yoluna qoymalıdı, sonra da nəşriyyat çap etdiyi kitabı verməlidi müəllifin qoltuğuna ki, apar, necə istəyirsən elə də satışını təşkil et… Belə hallara qarşı həyəcan təbili çalmaq lazımdı. Təəssüf edirəm ki, bizdə kitab mağazalarını barmaqla saymaq olur. Bəs onda əsl yazıçı yuxusuz gecələr hesabına xalqa, millətə xidmət amacıyla araya-ərsəyə gətirdiyi kitabını oxucu ünvanına necə çatdırmalıdı? Ədəbi həyata böyük ümidlə qədəm basan istedadlı gənc qələm adamı təbii ki, belə hallarla üzləşməyin dərin çaşqınlığını yaşamalı olur.

- Vidadi müəllim, bilirik ki, ədəbi aləmə şeirlə gəlibsiniz. Günün birindəcə "Gəlin" sizin saqqızınızı oğurladı. Ancaq, özünüz demiş, "gəlinə gəlinlik paltarı geyindirənə qədər" sizinki də sizə dəydi…

- Hə, o arada şəxsi həyatımda çox sular axıb-duruldu. Kirayə qaldığım evlərin umacaqları, Moskvada aspiranturada təhsil aldığım illərin düşər-düşməzlikləri, maddi imkansızlıqlar ucbatından çəkdiklərim az olmadı. "Gəlin"i mən şeirlə yazmaq istəyirdim. Ancaq baxıb gördüm elə mətləblər, lövhələr var ki, onu şeirlə ifadə etmək mümkün deyil. Qərara aldım ki, nəsrlə yazım. Yazdım da. Bir bahar günündə tamamlayıb üzünü makinada çıxartdırdım və Yazıçılar İttifaqına təhvil verdim. Dedilər nəsr üzrə məsləhətçilər oxuyub rəy verməlidilər. Nəticədə bildirdilər ki, maraqlı əsərdi, ancaq qeydlər etmişik, müəyyən düzəlişlər olmalıdı. Düzgün qeydləri mümkün qədər islah etdim. Povestin yeni variantının mütləq bəyəniləcəyinə şübhə yerim qalmadı. Ancaq yazın başlanğıcında bərk azarladım, düşdüm xəstəxanaya. Nəticədə məlum oldu ki, aspirantura təhsilini Moskvada davam etdirə bilmərəm, buranın havası mənə düşmür. Qayıtdım Bakıya, di gəl Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təhsilimi tamamlamağa imkan yaratmadılar. Həm də rəhmətlik Səməd Vurğun məsləhət gördü ki, at bu aspirantlığın daşını, mən də vaxtilə elə etdim, bəyəm pismi oldu? Qələmin pis deyil, iki yana baxan çaş qalar, get şeirini yaz, çəkici bir zindana vur. Elmi yaradıcılıq bədii yaradıcılıqla uyuşmur, əksər halda ona maneçilik törədir.

Böyük şairin məsləhətilə aspiranturanın daşını atdım, bütün ümidimi bağladım povestimə. Hansı sövqi-təbii hissə məni bu əsərimin müvəffəqiyyətinə daxilən inandırırdı. Ancaq çapı yubanırdı. Heç unutmaram, bir gün İsa Muğanna, Salam Qədirzadə, Böyükağa Qasımzadə düşdülər üstümə ki, haçanacan gəlib redaksiyanın qapısında boynunu büküb duracaqsan? "Tərpən də, zalım balası, get kişinin (Əli Vəliyevi deyirdilər) yanına, vəziyyətini danış, xahiş elə".

Zorla məni razı saldılar. Dizlərim əsə-əsə girdim Əli Vəliyevin iş otağına, güc-bəla ağzımı açıb salam verdim. Əli müəllim ötkəmliklə:

- Tutalım ki, əleyküsalam, - dedi, - buyur sözünü de.

Dilim topuq çaldı, sözümün gerisini gətirə bilmədim. Əli Vəliyev qəfilcən, heç gözlənilmədən, başını arxaya atıb qəhqəhə çəkdi:

- Qəribə oğlansan, xahişi də düz-əməlli eləməyi bacarmırsan. Söz ağzından tökülüb itir.

Xülasə, Əli müəllim xahişimi nəzərə alıb, povesti plana saldı. Və "Gəlin"in ayağı sayalı oldu…

Povest jurnalda çap olunandan sonra ədəbi ictimaiyyət mənimlə ciddi maraqlanmağa başladı. Öncə görkəmli yazıçımız Mir Cəlala əsəri təqdim etdi, uğurlarından söz açdı. Eyni zamanda tanınmış tənqidçilər haqqımda ürəkaçan xoş sözlər söylədilər, mətbuat səhifələrində səxavətlə təriflədilər, sorağı çox yüksək dairələrdən gəldi. Rəhmətlik Mehdi Hüseyn əsəri oxuyandan sonra ismarıc göndərmişdi ki, evə - yanıma gəlsin, bəzi qeydləri, düzəlişləri var. Povest kitab halında çıxana qədər mütləq bu qeydlər nəzərə alınmalıdır. İndiki kimi yadımdadı, ismarıcı alar-almaz yollandım Mehdi müəllimgilə. Az keçməmiş Səməd Vurğun da təşrif buyurdu, özünəməxsus ərklə Mehdi qağanın həyat yoldaşıyla hal-əhvallaşdı: "Aaaz, ərin evdədimi? Öz aramızdı, kişin yaman dəymədüşərdi, dörd gündü mısmırığını sallayıb, telefona cavab vermir…"

Məni görən kimi bığaltı qımışıb yaxın gəldi, əlimi sıxıb əsərim haqqında münasibətini bildirdi: "Təbrik eləyirəm, sənin "Gəlin"in mənimkindən daha uğurlu alındı. Mərkəzi Komitəyə kimi rəsmi yerdə təqdir olunur. Yeni-yeni belə uğurlar arzulayıram". Mən sözsüz ki, böyük qürur duydum. Səməd Vurğun kimi sənət korifeyinin dilindən bu dərəcədə qanadlı kəlmələr eşitmək həqiqi iftixara layiq idi. Köksüm fərəhdən qabardı. Ancaq həmin anlarda da "Sənin "Gəlin"in mənimkindən…" ifadəsi məni çaş-baş saldı. Sonra bildim ki, böyük şairin "Aygün" poemasının da çapa qədərki adı "Gəlin" imiş.

Mehdi müəllim yarı ciddi, yarı zarafat müdaxilə etdi: "Ağ eləmə Səməd! Səxavət göstərib, cavan oğlanı ziyadə öymə. Korlaşa bilər. Qoy işinə ciddi yanaşsın".

Belə insanlar idilər. Hər şeyi mərd-mərdanə, şax deyərdilər. Rəhmətlik Rəsul Rza, Əli Vəliyev də sözünü deyən, həlledici məqamda düzgün mövqelərini gizlətməyən sənətkarlar idi. Süleyman Rüstəm, İlyas Əfəndiyevi, İsmayıl Şıxlını da həmişə istedadlı gənclərin yanında gördüm. Onlar ədəbiyyat naminə həmişə pərvanə kimi yanan insanlar idi. Mehdi Hüseynlə Bayram Bayramovun arasında inciklik olan bir vaxtda Moskvada - mənim yadımda nəşriyyat direktoru çap ediləcək kitabların siyahısında Bayram Bayramovun da əsərinin olduğunu Mehdi müəllimin nəzərinə çatdırdı. O, bir anlıq fikrə gedəndən sonra səmimiyyətlə dedi ki, düzdü, Bayramdan bir az incimişəm, ancaq əsəri xoşuma gəlib, mütləq çap etmək lazımdı…Əsl yazıçı əməyinə göstərilən bu münasibət rus naşirini riqqətə gətirdi, elə mən özüm də heyran qaldım… Bunları unutmaqmı olar? Osman Sarıvəlli qayğıkeşliyi, Ənvər Məmmədxanlı gözütoxluğu, ziyalılığı bir örnək idi. Heyif ki, Ənvər az yazdı. Osman Sarıvəlli sözünü lazımi qədər deyə bilmədi. Yaxşı şair idi, ancaq "Gətir oğlum, gətir"in arxası gəlmədi. Nə bilim, bəlkə bu, dövrün, zamanın basqısından irəli gəldi. Qardaşını həbs etmişdilər, çəkmədiyi məşəqqət qalmamışdı. Ancaq o böyük insanların ədəbi haqlarına kölgə salınmamalıdı. Onların adını anmasaq, yaradıcılığını tədqiq etməsək, ədəbiyyatımızın bir yanı boş qalar.

Həyat bizi sınadı. Nələr görmədik, nələrə şahid olmadıq? Heç yadımdan çıxmır, Yazıçılar İttifaqında görkəmli dramaturq Sabit Rəhmanı qınaq hədəfinə çevirənlərin oğrun-oğrun gözləşmələri. Tələb edirdilər ki, Sabit Rəhmanın yaratdığı tiplər taxıl ambarı qabağında oğurluq məqsədilə pusquya durmaqdansa niyə vicdan məhkəməsi qarşısında dayanmasınlar? Mehdi Hüseyn, Süleyman Rüstəm, Əbülhəsən, Məmməd Arif, Rəsul Rza böyük iradə hesabına müdafiə etdilər onu… Heç yadımdan çıxmır Moskvada "Vnukova" aeroportunda müəllimim Mir Cabbarla Səməd Vurğunu qarşıladığımız gün. Çox fikirli idi. Qara bulud kimi dolmuşdu. Mir Cabbar səbəbini soruşdu. Dalğın-dalğın "Qaçıb gəlmişəm - dedi, - məni tutmaq istəyirlər. Məsələni Saşaya (A.Fadeyevə) telefonda üstüörtülü şəkildə bildirdim, zor-bəla "Binə" aeroportundan bilet tapıb aradan çıxdım…"

Ertəsi gün öyrəndik ki, Fadeyev Stalinin qəbulunda olub, əhvalatı danışıb ona. Stalin də götürüb "Vç" telefonuyla Mir Cəfər Bağırova təpinib: "Qurtarın bu biabırçılığı. Şair Səməd Vurğunla işiniz olmasın"…

Olub bunlar. Səməd Vurğunla Yazıçılar İttifaqına rəhbərlik etmiş, repressiya qurbanı Seyfulla Şamilovun söhbətləşməsinin şahidi olmuşam. Yadıma salanda sümüyüm gizildəyir. Səməd Vurğun Mir Cəfərin qəzəbindən baş götürüb Moskvaya-Fadeyevin yanına getdiyini xatırlayır, Mir Cəfərin bir iclasda yenə də şair və yazıçıların "mitilinə döşədiyini", Mikayıl Müşfiqin xilas edilməsilə bağlı etdiyi xahişə görə Bağırovun onu necə asıb-kəsməsindən danışırdı. Ancaq, insafən, yaxşı ünsiyyətdə olduğu anları da yada salır, rəhbərin ona çox vaxt xüsusi diqqət göstərdiyini də vurğulayırdı.

- Vidadi müəllim, tanınmış şair Çingiz Əlioğlu bir şeirində əslən kənddən olan insanlar haqda "Köhnə daxmaların tirləri kimi bir az da köntöydü? xasiyyətimiz" deyir. Səmimi müşahidədi. Ədəbi şöhrətiniz, sevilən yaradıcılığınız öz yerində, ancaq xasiyyətinizin bu tərəfi də məlumdu - lap o doğma daxmaların məlum tirləri kimi… İlk anda tündməzac təsiri bağışlayırsınız…

- Axır ki, mətləb üstə gəldik… Neyləyim, mən də beləyəm də! Səmimi sözümdü, özüm də bilrəm ki, mən bəzi hallarda mehriban ünsiyyəti bacarmamışam. Bilirsinizmi, mənim üçün dünyada ən pis şey yaltaqlıq, ikiüzlülükdür. Bəzən elə bilmişəm ki, mehriban ünsiyyətimi yaltaqlıq kimi başa düşərlər. Buna görə də sərt üzümü qabağa vermişəm. Əslində sərtlik yaxşı şeydi. Mən həmişə obyektiv adam olmuşam. Təəssüf ki, indi adamların çoxu həqiqəti eşitməyə hazır deyillər. Sənətkar obyektiv və qərəzsiz olmalıdı. Niyə Mehdi Hüseynin şəxsiyyəti böyük maraq doğururdu? - Ona görə ki, bir üzü vardı, bir sözü vardı. Rəsul Rza da eləcə. Rəsulun xoşbəxtliyi onda oldu ki, şəxsiyyət kimi də, sənətkar kimi də sözünü deyə bildi. İndi dəb düşüb, adamları üzəvari tərifləyirlər. Bu, şəxsiyyəti korlamaqdı. Tərif həm də tərbiyəedici vasitə olmalıdı. İndi bu yaşda mən durub necə qeyri-səmimi ola bilərəm? Yazıçı olan kəs gərək ədəbi vicdanına xəyanət etməsin, dəb dalınca qaçmasın, üzəvari tərif deməsin. Bu hal, onun sabahkı tərcümeyi-halında sınıq yeri kimi qalır.

- Bayaq "Gəlin"in ayağı sayalı olmasından söz açdınız. O da məlumdu ki, "Gəlin"dən daha mükəmməl, həyatın dərin qatlarına nüfuz edən "Vicdan susanda" romanınıza yuxarı ədəbi dairələrin münasibəti soyuq olub. Hətta partiyadan çıxarılmaq söhbəti gündəmdə olub. İş yerinizi itiribsiniz. Baxmayaraq ki, əsər geniş oxucu auditoriyası qazanmışdı, oxucular əsərin növbəti fəsillərinin yazılmasını istəyirdilər.

- O da bir tarix idi. Dərin minnətdarlıq hissilə xatırlayıram, Əli Vəliyev Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli, İsmayıl Şıxlı sinələrini qabağa verib haqqımı müdafiə etdilər. Az sonra rəhmətlik Məmməd Cəfər Cəfərov "Vicdan susanda"nın rus dilinə çevrilməsi təklifini etdi və bu işdə köməkliyini əsirgəmədi. Əsərin şərti tərcüməsini poçtla "Sovetski pisatel" nəşriyyatına yola saldım. Beş ay sonra cavab gəldi ki, əsər bəyənilib, bədii tərcüməyə vermək istəyirlər. Nəhayət, kitab rus dilində işıq üzü gördü, ümumittifaq ədəbi ictimaiyyətin diqqətini çəkdi, "Literaturnaya qazeta"da, "Komsomolskaya pravda"da haqqında müsbət, irihəcmli məqalələr verildi. Bu uğurlar bizimkilərin də insaf dilini açdı, yerli qəzetlər roman haqqında maraqlı yazılar dərc etdi. Romanın ikinci kitabını yazmağa həvəsləndim. Əsər əvvəl "Azərbaycan" jurnalında, sonra ayrıca kitab halında işıq üzü gördü, Sonra iki kitab birlikdə həm Azərbaycanda, həm də Moskvada çap edildi. Sorağı Amerikadan, Kanadadan, bir çox başqa respublikalardan gəldi, az vaxt ərzində on dörd dəfə kütləvi tirajla yayımlandı, Türkiyədə nəşr olundu… Beləliklə, əsərə hücum çəkib "Sovet adamının vicdanı susa bilməz" deyənlərin, mənə olmazın ağrılar yaşadanların vicdanı ləkəli qaldı.

Bu roman bütövlükdə üç dəfə yüz min tirajla Moskvada nəşr olundu. İndinin özündə də ona oxucu marağı azalmadığını hiss edirəm. Bu, yazıçı üçün böyük xoşbəxtlikdi. İndinin özündə də belə məhsuldarlıqla yazıb-yaratmağımda "Vicdan susanda"ya, "Həyat bizi sınayır"a, "Ana intiqamı", "Ömürlük cəza" və başqa əsərlərimə olan oxucu marağı az rol oynamayıb.

- Təbii ki, "Vicdan susanda"nın uğuru əsərin daha çox həyatdan gəlməsi, sovet həyat tərzinin gözəgörünməz məqamlarını, insan xarakterlərindəki ikiliyi, dəyişmələri qabarıq şəkildə əks etdirməsində idi. Xüsusilə gənclər, tələbələr əsərdə baş verən hadisələrin gündəlik şahidləri idi. Bu aktuallıq əsərə olan marağı təmin edirdi. Eyni aktuallıq, bütün əsərləriniz kimi, 2011-ci ildə nəşr etdirdiyiniz "Bulanlıq dünya" romanınıza da xasdı. Əsərdə insan taleləri, ailə yaşantıları fərqli bucaqlardan təqdim olunur, mələklə iblisin bir canda ömr etməsi Əfsunun obrazında yetərincə incələnir, mənsəb hərisliyinin aqibəti ustalıqla açılır. Meydan hərəkatları, 20 Yanvar faciəsi, günahsız şəhidlərimizin dəfn mərasimləri, Qarabağ olayları bu insan üçün öz məqsədlərinə yetmək vasitəsinə dönür, o, qılığına girdiyi qadına sahib çıxdıqdan, istəyinə yetdikdən sonra ona xəyanət edir, namuslu, vicdanlı müəlliminin üzünə durub onu satır, müdirinin yanında etibar qazanmaq üçün min dona girir, ətək-ətək pul qazanır, bu yolda hər bir rəzaləti özünə rəva bilir. Ancaq qəlbən bağlandığı bir qızı düşdüyü girdabdan qurtarmaq üçün hər şeydən keçməyə razı olur, onu xilas edir. İnsan xarakterinin bu gözlənilməz cəhətləri çox ustalıqla verilib.

Bu romanın taleyi məni çox düşündürür. Çox istərdim ədəbi tənqidin obyektiv münasibətini bilim. Belədi də, yazırsan, çap etdirirsən, sonra da başlayır yazıçı intizarı… Böyük intizardı, ancaq maraqlıdı, əzizdi…

- Şeir yaradıcılığınıza hələ də xəyanət etməmisiniz… Sevgi şeirləriniz də ki, bir aləmdi. "Gizlinlər"də eşq məqalələrinizə də geniş yer ayırıbsınız… Yazıçı həyatında belə məsələlərin necə qarşılandığını bilməmiş deyilsiniz… Bu yazıların evdə oxunacağı zamanı göz altına almırsınızmı?

- Nə yazmışamsa əvvəlcə üzünü həyat yoldaşım makinada köçürüb. Ona görə də ürəyim arxayındı.

- Sizə əbədi arxayınlıq və uzun ömür arzulayıram.

 

 

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2012.- 27 yanvar.- S.3.