Bilik xəzinəsi, sənət məktəbi

  

Şəxsən mən belə hesab edirəm ki, bədii tərcümədə əsas məsələ istedaddır, yazıçı istedadı. Tərcüməçinin özündə yaradıcılıq qabiliyyəti, yazıb-yaratmaq bacarığı yoxdursa, bədii tərcümə sahəsində heç bir müvəffəqiyyət qazana bilməz. Bu bir həqiqətdir!

İlk tərcümələrim xırım-xırda şeylərdən ibarət olub, onlardan heç bir əsər-əlamət qalmayıb. Bu təbii haldır, böyükmonumental əsərlərin tərcüməsinə girişmək üçün kiçikdən, xırdadan başlamaq lazımdır. Bu bir növ məktəbdir, təcrübədir, məncə, belə məktəbsiz irəli getmək, inkişaf etmək, nailiyyət qazanmaq çox çətin, bəlkə də, qeyri-mümkündür.

Ona görə də ilk tərcümələrlə sonrakı tərcümələr arasında yerlə göy qədər fərq olub. Əsl yaradıcılıq işi monumental əsərlərin tərcüməsindən başlanıb. Onu da xüsusilə qeyd etməliyəm ki, bədii tərcümə mənim üçün həmişə mənəvi zövq, mənəvi qida mənbəyi olmuşdur, belə olmasaydı, bu sənətə bütün varlığımla bağlanmasaydım, ömrümün əlli ildən çoxunu bu nəcib sənətkarlıq sahəsinə həsr edə bilməzdim (baxmayaraq ki, bədii tərcümə maddi cəhətdən qətiyyən sərfəli deyildir).

Mənim tərcüməçilik fəaliyyətimə redaktorluğun da köməyi az olmamışdır.

Yazıçı Mir Cəlalın görkəmli alim və yazıçı Əziz Şərif tərəfindən ruscaya tərcümə edilmiş hekayələr məcmuəsini (1940), Lermontovun azərbaycancaya tərcümə edilmiş "Seçilmiş əsərləri"ni redaktə etmiş (1941). "Almanax Azerbaydjanskoy sovetskoy literaturı". (1940) adlı kitab V.A.Luqovskoy, Əziz Şərif və Hüseyn Şərifin redaktəsi ilə nəşr edilmişdir 1940-cı ilin may ayında Moskvada keçirilən və şəxsən iştirakçısı olduğum "Azərbaycan ədəbiyyatı ongünlüyü" materialları məcmuəsini (həm rus, həm də Azərbaycan dillərində) Mehdi Hüseynlə birlikdə redaktə etmişik, "Ön söz" isə mənimdir (1940). Redaktə etdiyim əsərlərin sayı təkcə bunlarla qurtarmır… Çox əsərin adını çəkə bilərdim… Onlardan ancaq birini oxucuların nəzərinə çatdırmaq istərdim.

1938-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq aparılırdı. Bu münasibətlə Nizami əsərlərinin ruscaya tərcüməsinə bir sıra görkəmli rus şairləri cəlb edilmişdi (Nikolay Tixonov, Konstantin Simonov, Vladimir Derjavin, Pavel Antokolski və başqaları). Nizami yubileyinə hazırlıq işinə rəhbərlik edən respublika Yubiley komitəsinin qərarı ilə - fars dilini bildiyim üçün "Sirlər xəzinəsi"nin tərcüməsinə redaktor təyin olunmuşdum. (Nizami əsərlərinin tərcüməçi və redaktorlarını bir qayda olaraq Yubiley komitəsi təyin edirdi).

Həmin illər mən Yubiley komitəsinin ezamiyyəti ilə bir neçə dəfə Moskvaya yollanmalı olmuşdum.

Açığını deyim ki, bu səfərlər mənə çox şey verdi

O ki, qaldı bədii tərcüməyə, hər şeydən əvvəl onu etiraf etməliyəm ki, 50 il müddətində tərcümə etdiyim romanlar, povestlər, hekayələr və sairə içərisində A.M.Qorkinin, F.M.Dostoyevskinin, İ.A.Buninin, İ.A.Qonçarovun roman, povest və hekayələri mənim üçün tükənməz bir bilik xəzinəsi olmuşdur

Bir dəfə dostum Əziz Şəriflə söhbət vaxtı M.Qorkinin "Klim Samginin həyatı" epopeyasının tərcüməsi üzərində apardığım gərgin tədqiqat işi barədə Əzizə bəzi şeylər söylədim… Əziz Şərif məni diqqət və maraqla dinləyəndən sonra inamla dedi: "Hüseyn, sənə açıq deməliyəm ki, sənin bu işin əsl doktorluq dissertasiyası mövzusudur. Sən gəl bu mövzuda dissertasiya hazırla. Bunu hər cəhətdən müdafiə etmək, bunun üçün hər cür imkan yaratmaq mənim boynuma".

Bu söhbətdən sonra xeyli vaxt keçib. O zaman dostum Əziz Şərifə demişdim: "Belə bir məsləhət və mülahizə üçün sənə minnətdaram! Amma bilmirəm, baş tutarmı? Çox gərgin işləmək lazım gələcək! Hər halda çox cəlbedici fikirdir. Sağlıq olsun!" (Lakin bunun üçünimkan tapıldı, nə də şərait. Arvadım ağır xəstə idi, maddi cəhətdən çox çətinlik çəkirdim)...

Mən fəxr edirəm ki, Qorki ilə yanaşı, dahi rus yazıçısı F.M.Dostoyevskinin şah əsəri olan, dünya ədəbiyyatının zinəti sayılan "İdiot" romanını da ana dilimizə tərcümə etmək şərəfi mənə nəsib olmuşdur - bu əsər mənə çox böyük mənəvi zövq bəxş etmişdir.

Dahi Dostoyevskidən söhbət düşəndə, yaxud onun ölməz əsərlərini dönə-dönə gözdən keçirməli olanda mən, ixtiyarsız olaraq, bütün varlığımla pərəstişkarı olduğum, dünya ədəbiyyatı tarixində, bir humanist yazıçı kimi, misli-bərabəri olmayanrus ədəbiyyatının haqlı olaraq, iftixarı sayılan böyük Qorkinin Dostoyevski haqqında dediyi sözləri xatırlayıram: "Tolstoy böyük üsyankar, Dostoyevski bizim iztirabkeş vicdanımızdır".

Siz bir fikir verin. Yeddi kəlmə ilə iki dahi yazıçıya necə dəqiq, necə tutarlı, necə lakonik, mən deyərdim ki, dərin psixoloji xarakteristika verilmişdir. Bunu ancaq Qorki kimi nəhəng deyə bilərdi.

Doğrudan da, dahi Dostoyevskinin əsərlərini oxuyanda bu insanın son dərəcə ağır, çox mürəkkəb, mən deyərdim ki, çox iztirablı, məşəqqətli, bir yaradıcılıq yolu keçmiş olduğunu görməmək mümkün deyil. Mənsub olduğu xalqı, rus xalqını misilsiz bir məhəbbətlə sevirdi, rus xalqının istedadına, bacarığına, onun xariqələr yaradacağına bütün varlığı ilə inanırdı. fikrimizi sübut etmək üçün Dostoyevskinin ecazkar qələminin məhsulu olan "Ölü evindən qeydlər" əsərinə müraciət etmək kifayətdir. Bu bir həqiqətdir ki, böyük sarsıntılara məruz qalmış, öz dövrünün ictimai-siyasi quruluşunun bir çox cəhəti ilə barışa bilməyən bu böyük sənətkarı geniş xalq kütlələrinin tale və müqəddəratı çox maraqlandırırdı. Ədibin doğma dil haqqında çox gözəl və diqqətəlayiq bir kəlamı vardır. İki kəlmədən ibarət dərin mənalı kəlamı: "Yazık - narod". Yəni, dil xalq deməkdir, yəni dil yaşayırsa, xalq da yaşayacaqdır, xalqı yaşadan onun doğma dilidir.

Yeri gəlmişkən onu da deməliyəm ki, "İdiot" romanının tərcüməsini mənə heç kəs tapşırmamışdı, əsər nəşriyyatın heç planına da daxil edilməmişdi, mən onu ancaq öz təşəbbüsümlə, Dostoyevski dühasının təsiri altında tərcümə etməyə başladım. Tərcümə üzərində 48 ay işləməli oldum, hamısı da pulsuz-parasız, müqaviləsiz, zəmanətsiz!..

Bir il də onun plana daxil edilməsinə çalışdım…

Bu əsərdən qabaq isə Leonid Qrossmanın 40 çap vərəqi həcmində olan, azı üç doktorluq dissertasiyasına bərabər olan "Dostoyevski" əsərini azərbaycancaya tərcümə etmişdim.

O ki, qaldı çətinliklərə, çətinliklər heç də az olmamışdır. Xüsusilə zərb-məsəllərin, atalar sözlərinin, idiomların, frazeoloji ifadələrin tərcümələrində! Elə hallar olurdu ki, müəyyən bir ifadənin ana dilimizdə qarşılıqlı, adekvat mənasını tapmaq üçün günlərlə, bəzən daha çox fikirləşməli olurdum… Müəyyən həmkarlarımla məsləhətləşirdim…

Tərcümə etdiyim əsərlərin mənə göstərdiyi misilsiz müsbət təsiri şübhəsizdir. M.Qorkidən, F.M.Dostoyevskidən, İ.A.Qonçarovdan, İ.A.Bunindən, M.Şoloxovdan, Yuri Trifonovdan, Anatoli İvanovdan öyrəndiyim əsas cəhət - vətənə, xalqa sonsuz məhəbbət və dərin ehtiram duyğusu olmuşdur. Onları həmişə düşündürən, narahat edən xalqın taleyi, müqəddəratı olmuşdur. Bu ədiblər bütün əsərləri ilə oxucularda vətənpərvərlik duyğusu, doğma xalqa məhəbbət, sevgi hissləri tərbiyə etməyə çalışmışlar.

Mən onlardan sənətkarlığın sirləri ilə yanaşı, doğma dili yaşatmaq, inkişaf etdirmək, zənginləşdirmək bacarığı, üsulları öyrənmişəm. Aydın məsələdir ki, dil yazıçının oxucu ilə əsas ünsiyyət vasitəsidir.

Bu sahədəki fəaliyyətim müddətində zəngin təcrübə və tədqiqat nəticəsində qəti olaraq inanmışam ki, zəngin dil varsa, xarakter də var, obraz da, fabula da, süjet də! Dil yoxdursa, heç nə yoxdur! Təkrar edirəm: Zəngin, obrazlı dil! Obrazlı təfəkkür üçün obrazlı dil lazımdır!

Onu da deməliyəm ki, mən əsərlərini tərcümə etdiyim böyük yazıçılardan bədii əsərləri oxumaq qabiliyyəti öyrənmişəm (bədii əsərləri necə oxumaq, nə cür mənimsəmək lazımdır? Hadisələrin gedişini necə izləmək lazımdır? Əsər haqqında nə cür qeydlər etmək lazımdır?).

Onlar mənə əməyi sevməyi, zəhmətə qatlaşmağı öyrədiblər. İllər olub ki, mən gündə 12-14 saat (bir sıra hallarda isə gecəni sübhə qədər) işləmişəm, yaradıcı əmək mənim bütün varlığıma hakim kəsilib.

Tərcümə üçün əsər seçməkdə mən həmişə bir prinsipə riayət etmişəm: seçdiyim əsər "ağıllı kitab" olmalıdır… (Mən hansı yazıçınınsa əsərində belə bir ifadəyə təsadüf etmişəm: "ağıllı kitab"). Yəni qəlbə də, ağıla da bolluca qida verən zəngin məzmunlu kitab! Gözəl, şirin, oynaq dilli kitab! Dil məsələsi çox böyük şərtdir!

İstedadlı, incə ruhlu, zəngin dilə malik İ.A.Bunin kimi yazıçının əsərləri məni valeh edir.

Şoloxovun əsərlərində mənim diqqətimi cəlb edən onun roman və hekayələrindəki çılğın ehtiraslar mübarizəsi, dərin ictimai motivlər, güclü xarakterlər, zəngin həyat lövhələri olmuşdur.

Müasir yazıçılardan Vasili Çiçkovun "Sözə baxmayan bu oğullar" povestini mən ilk dəfə "Yunost" jurnalında oxumuşdum. Əsər hər cəhətdən xoşuma gəldi. Gənclərin, inşaatçı fəhlələrin həyat və güzəranından bəhs edən əsəri oxuyub qurtarandan sonra "Gənclik" nəşriyyatına zəng çaldım. Əsər haqqında fikrimi onlara dedim. Tərcüməsinə dərhal razılıq verdilər (Bu əsəri də müqaviləsiz-filansız tərcümə etdim). Heç iki ay da satışda qalmadı. Çox tez satılıb qurtardı!..

Tərcümə problemlərinə həsr edilmiş bir sıra ümumittifaq və regional müşavirələrdə respublika Yazıçılar İttifaqının nümayəndəsi kimi iştirak etmişəm.

1960-cı ildə Moskvada, Mərkəzi ədiblər evində keçirilən, bədii tərcümə problemlərinə həsr olunmuş SSRİ Yazıçılar İttifaqı İdarə Heyəti katibliyinin geniş iclasında iştirak etmişəm.

1966-cı ildə Frunzedə, 1968-ci ildə isə Riqada keçirilən regional müşavirələrdə iştirak etmişəm (Bütün bu müşavirələrdə mənim çıxış edərək toxunduğum məsələlər bədii tərcümənin spesifik xüsusiyyətlərinə, tərcüməçidən tələb olunan keyfiyyət və şərtlərə aid olmuşdur).

1954-cü ildə mərhum xalq yazıçısı Mehdi Hüseynlə birlikdə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR yazıçılarının qurultaylarında respublikamız adından nümayəndə olmuşuq. Mehdi Hüseyn Özbəkistan yazıçılarının qurultayında, mən isə Tacikistan və Türkmənistan yazıçıları qurultaylarında çıxış etmişəm (Tacikistan yazıçılarının qurultayında farsca danışmışam). Qurultay iştirakçıları mənim çıxışımı gurultulu alqışlarla qarşıladılar. Fasilədə Tacikistan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Mirzo Tursunzadənin qolundan tutmuş Mehdi Hüseyn mənə yanaşaraq Mirzodan soruşdu:

- Mirzo, sən bir mənə de görüm bu Hüseyn Şərif öz çıxışında nə dedi ki, onun çıxışını gurultulu alqışlarla qarşıladılar?

Mirzo Tursunzadə gülə-gülə belə dedi:

- Əvvəla ona görə ki, rəfiq Hüseyn Azərbaycanda tacik ədəbiyyatına göstərilən hörmətli münasibətdən, tacik yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə və nəşr edilməsindən çox səmimi danışdı. İkincisi də bu idi ki, farsca çox gözəl, nəfis Tehran ləhcəsində danışdı. Auditoriyanın da diqqətini cəlb edən, rəğbətini qazandıran bu cəhətlər oldu!

Mirzo Tursunzadə mənim əlimi bərk-bərk sıxdı.

1968-ci ildə Türkmənistanın görkəmli yazıçısı, sovet ədəbiyyatının ağsaqqalı Berdi Kerbabayevə Sosialist Əməyi Qəhrəmanı adı verilməsi münasibətilə Aşqabadda keçirilən təntənəli bayramda respublikamızı təmsil etmiş, Azərbaycan Yazıçılar İttifaqı adından Kerbabayevi təbrik etmişəm.

1971-ci ildə Gürcüstan yazıçılarının VII qurultayında respublikamız tərəfindən nümayəndə olmuşam.

Qurultayda çıxış etdim, Azərbaycan və Gürcüstan ədəbi əlaqələrindən, xalqlarımızın qədim və hazırkı dostluğundan danışdım… Eyni zamanda, bəzi incə və əmmalı nöqtələrə toxunmuşdum... güman edirdim ki, bunlar auditoriyanı düşündürməlidir!.. Digər tərəfdən də düşünürdüm ki, bu nöqtələr mübahisə də törədə bilər!.. Lakin mən düşündüyüm kimi olmadı: çıxışım alqışlandı, özü bir neçə dəfə!

Mənim tərcümeyi-halımı zənginləşdirən, zinətləndirən amillərdən biri də bir sıra böyük, görkəmli yazıçılarımızla uzun zaman davam edən ünsiyyətim, möhkəm dostluğum olmuşdur.

Sovet ədəbiyyatının görkəmli simalarından olan dahi şair, dramaturq, filosof, şərqşünas Hüseyn Cavidlə, şəxsiyyətə pərəstiş dövrünün günahsız qurbanı olmuş gözəl, istedadlı şair, lirik şeirləri həmişə dillər əzbəri olmuş Mikayıl Müşfiqlə çox yaxın dost olmuşuq. Cavid və Müşfiq haqqında yazdığım xatirələr "Azərbaycan" jurnalının 1984-cü il tarixli birinci nömrəsində, "Azərbaycan gəncləri" qəzetinin 1984-cü il 5 və 7 iyun tarixli nömrələrində çap olunmuşdur.

Daha sonralar xalq yazıçıları Süleyman Rəhimovla, Mehdi Hüseynlə, Mir Cəlalla yaxın dost olmuşuq. Həm bunların, həm də İlyas Əfəndiyevin, Cəlal Məmmədovun, Beydulla Musayevin, Cahangir Gözəlovun və başqalarının yaradıcılıqları haqqında "Kommunist", "Yeni yol", "Ədəbiyyat qəzeti", "Gənc işçi", "Vışka" və sair qəzetlərdə bir xeyli ədəbi tənqidi məqalələrim çap olunmuşdur.

Rus klassiklərindən Radişşevin, A.M.Qorkinin, F.M.Dostoyevskinin, İ.A.Buninin, V.Q.Korolenkonun bir sıra başqa rus yazıçılarının haqqında da məqalələrim çap edilmişdir.

Mehdi Hüseynin şəxsi xahişi ilə onun "Abşeron" və "Səhər" romanlarını redaktə etmişəm. Mehdinin mənə göndərdiyi məktublar var. Onları saxlamışam. Mehdi məktublarından birində yazmışdır:

"Səhər" nə haldadır, açılır, açılmır? Əgər açılmırsa, köməyə gəlim. Yoxsa heç kəsin köməyinə ehtiyacın yoxdur?

İnanıram ki, sən hər şəraitdə eyni vicdanla çalışmağa vərdiş eləmiş qəhrəmanlardansan".

Başqa bir məktubunda isə belə yazmışdır:

"O ki, qaldı sənin etirazlarına bu barədə mən yalnız onu deyə bilərəm ki, nə qədər etirazın çox olsa, bir o qədər başının ucalığıdır. Mən də o qədər təkəbbürlü müəlliflərdən deyiləm. Beynimə batan hər qeydi nəzərə almağa hazıram… Çox şadam ki, "Abşeron"dan sonra "Səhər"in də səsini eşidirsən…

Fatmadan, Əli bəydən sənə salam. Əlini bərk-bərk sıxıram.

Qardaşın Mehdi."

 

Nəhayət, "Bahadır və Sona" əhvalatı haqqında.

Bu əlamətdar əhvalat 1925-ci ildə Tiflis Pedaqoji Texnikumunda baş verdi.

Texnikumun direktoru Ələkbər Qədimov geniş məlumatlı, təcrübəli, bilikli pedaqoq idi. (Bizə psixologiyadan dərs deyirdi). Ümumiyyətlə deməliyəm ki, texnikumun müəllimləri çox hazırlıqlı adamlar idi. Dərsləri çox maraqlı keçir, fənləri tələbələrə sevdirməyi bacarırdılar. Bu cəhətdən ədəbiyyat müəllimi Bədirxanlını xüsusi olaraq qeyd etməliyəm. Onun olduqca cəlbedici dərsləri tək məni deyil, tələbələrin çoxunu ovsunlamışdı… Müəllimin ev tapşırıqlarını böyük həvəslə yerinə yetirdiyim üçün onun rəğbətini qazanmışdım. Qiymətlər isə həmişə 5+ olurdu…

İş belə oldu ki, texnikumun direktoru Ələkbər Qədimovla Bədirxanlı mənə çox ciddi bir tapşırıq verdilər, dedilər ki, hazırlaş ədəbiyyat dərnəyinin (texnikumun bütün tələbələrinin iştirak edəcəkləri) növbəti məşğələ-iclasında Nəriman Nərimanovun "Bahadır və Sona" romanı haqqında məruzə edəcəksən.

 

Bir haşiyə.

 

Xalqlar dostluğunun carçısı, böyük humanist, müəllimlər müəllimi olan maarifpərvər Nəriman Nərimanovu mən ilk dəfə 1924-cü ildə Tiflisdə görmüşəm. Bu, çox qəribə, olduqca maraqlı bir görüş idi… Elə bir görüş ki, yaddaşımda ömrümün axırınadək xoş bir xatirə kimi yaşayacaqdır!..

Tiflisin əsasən azərbaycanlılar yaşayan rayonunda Nərimanov adına klub var idi. Klub ziyalıların toplaşdığı, daimi surətdə çox faydalı və maraqlı tədbirlər keçirilən, məşhur teatr xadimi İbrahim İsfahanlının rəhbərliyi altında həm klassik, həm də müasir sovet yazıçılarının dram əsərləri tamaşaya qoyulan mədəniyyət mərkəzlərindən biri idi… Azərbaycanın xalq artistləri Mustafa Mərdanov, Əli Qurbanov, Möhsün Sənani, Ələkbər Seyfi və başqaları bu teatrın yetirmələri idi… Bu klubda keçirilən tədbirlərdə kiçikdən böyüyə qədər hamı məmnuniyyətlə iştirak edirdi…

Günlərin bir günü bütün rayona, məhəllələrə səs yayıldı ki, Nərimanov onun adına olan kluba gələcək, ziyalılarla görüşəcəkdir… Klubda bu görüşə qızğın hazırlıq işləri başlandı…

Bizim isə Nərimanov klubu ilə üzbəüzdə öz klubumuz - Pionerlər klubu var idi.

Nərimanovu təntənəli surətdə qarşılamaq üçün bizi xüsusi bir səylə hazırlayırdılar. Pioner təşkilatımızın gözəl bir nəfəsli orkestri də var idi… Orkestrin bütün üzvləri pionerlərdən ibarət idi… (Pioner təşkilatının iki yüzə qədər üzvü var idi).

Bir gün sonra xəbər verdilər ki, Nərimanov səhər saat 11-də gələcək. Səhər saat 10-da isə qırmızı qalstuklu pionerlərin səf-səf düzülmüş dəstələri bütün klubu dövrələdi… Qonağı orkestrin gur sədaları ilə qarşıladıq… Nərimanovun qara rəngli maşınını dövrəyə alıb ona gül-çiçək dəstələri təqdim etdik. Bu gözəl, nurani çöhrəli insan maşından enib səflərin qarşısından keçdikcə uşaqların başını sığallayırdı…

Hələ yuxarı, kluba qalxmamış elə oradaca, klubun qarşısında sözə belə başladı:

- Balalarım, sizi belə xoşbəxt, gülərüzlü görməyə çox şadam. Yəqin ki, çoxunuz məktəbə gedir, oxuyursunuz. Oxuyun, balalarım, oxuyun! Savadlı, elmli adamlar bizə çox lazımdır. Maarifin qapıları indi hamının üzünə açıqdır… Oxuyun, balalarım, siz bizim ümidimizsiz!..

Qəribə bir vəziyyət əmələ gəlmişdi. Təsadüf elə olmuşdu ki, mən Nərimanovla yanaşı dayanmışdım. Onun qısa nitqi təqribən beş dəqiqə davam etmişdi. Bu müddət ərzində Nərimanovun sağ əli mənim başımda idi… O gah mənim başımı sığallayır, gah da özünə tərəf çəkirdi…

Nərimanov sözünü bitirib gurultulu alqışlar altında kluba qalxanda biz də onun arxasınca getdik.

Klubun böyük salonuna daxil olanda isə gördük ki, ağzına qədər dolu olan salon (qadınlar da çox idi), ayağa qalxıb Nərimanovu alqışlayır: "Yaşasın hörmətli rəhbərimiz, atamız Nərimanov yoldaş!" "Nərimanov yoldaş var olsun!" sədaları salonu titrədirdi…

(Nərimanovun bu görüşdəki nitqinin ərəb əlifbası ilə yazılmış mətnini mən təqribən üç il bundan əvvəl Nərimanov adına muzeyə bağışlamışam).

Görüş mərasimi qurtaranda isə bizim dəstə rəhbəri yanaşıb məni qucaqladı. Öpdü. Dostlarım isə "Hüseyn, sənin başın oldu muzey malı, - deyə mənə sataşırdılar! - Sən oldun muzeylik!"

Bütün bu əhvalatı dostlarım təfsilatı ilə texnikumun direktoru Ələkbər Qədimova söyləmişdilər.

Əlbəttə ki, o zaman mən Azərbaycanın ədəbi-siyasi, ictimai və fəlsəfi fikir tarixində xüsusi mövqeyi olan realist yazıçı Nərimanovun zəngin və çoxşaxəli ədəbi irsinin dərin təhlilini verə bilməzdim. Xüsusilə "Bahadır və Sona" romanında irəli sürülən sosial prinsip və müddəaları... təfsilatı ilə şərh etmək, mövhumat və xürafatın dərin kök salmış olduğu, sinfi və dini ziddiyyətlərin kəskin şəkil aldığı cəmiyyətin səciyyəvi xüsusiyyətlərini açıb göstərmək üçün kifayət qədər bilik və məlumat sahibi deyildim (16 yaşım var idi).

İclas texnikumun böyük salonunda keçirilirdi. Müəllimlərin bir qismi ilə birlikdə direktor da salonda, ön sırada əyləşmişdi…

Mən sıxıla-sıxıla, çəkinə-çəkinə sözə başladım (belə məclisdə ilk dəfə çıxış edirdim), direktor başını tərpədir, gülür, məni cəsarətləndirirdi… Yavaş-yavaş açılışdım, cürətləndim, sıxıntı yox oldu!..

Böyük müəllim Nərimanov haqqında, onun əsəri haqqındakı məruzəm, əlbəttə ki, müəyyən dərəcə sadə səciyyə daşıyırdı. Həyəcanlanmışdım, məruzəmin keyfiyyətindən, məzmunundan nigaran idim. Amma belə məlum oldu ki, istiqamət düzgün götürülüb.

Məruzə qurtaranda müəllimlər, tələbələrdən bir qismi direktorun başına toplaşdılar. Mən yaxınlaşanda Ələkbər müəllim mənim çiyinlərimi qucaqlayıb təriflədi, ətrafdakılara qısaca olaraq belə dedi:

- Bu Hüseyn oğlan ədəbiyyatçı olacaq!

Necə demişdisə, elə oldu: hörmətli psixoloqun uzaqgörənliyi düzgün çıxdı.

 

 

Hüseyn Şərif

 

Ədəbiyyat qəzeti.- 2012.- 27 yanvar.-S.4.