Poeziyanın yolları və illəri
Vaqif Yusiflini
tanıtmağa, onun bir tənqidçi-ədəbiyyatşünas
kimi fəaliyyətindən söz açmağa zənnimcə,
heç bir ehtiyac yoxdur. Otuz beş ildən artıqdır ki,
o, ədəbiyyatımızın müxtəlif problemlərinə,
ayrı-ayrı şəxsiyyətlərinə, ədəbi gəncliyə,
yeni yaranan, bəzən heç "mürəkkəbi
qurumamış" əsərlərə həsr etdiyi tənqidi
yazıları ilə mətbuatımızı "zəbt"
etməkdədir. Yazdığı məqalələrinin
sayını özü də itirən bu cəfakeş tənqidçi
hələ ki, ədəbi prosesdə - onun mürəkkəb
və tez-tez dəyişən ab-havasında özünü
itirmir. Yenə yazır, yazır...
İki
ay bundan öncə Vaqif Yusifli AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda doktorluq dissertasiyası müdafiə etdi.
Doğrusu, çoxlarına bu, təəccüblü gəlirdi.
Onun mənsub olduğu nəslin nümayəndələri artıq
çoxdan bu zirvəni fəth edibdər. İsa Həbibbəyli,
Vaqif Arzumanlı, Kamil Vəliyev, Rəhim Əliyev, Nizaməddin
Şəmsizadə, Kamran Əliyev, İlham Rəhimli, Zaman Əsgərli,
Məryəm Əlizadə… Hələ ondan sonra ədəbiyyata
gələn, yaş etibarilə Vaqifdən xeyli cavan olanlar
da...
Zaman,
vaxt çox amansızdır. İnsan layiq olduğu yeri
vaxtında tutsun gərək, sonra illər keçəcək,
bir də cavanlıqdakı o enerji, o işləmək həvəsi
səndə qərar tutmaz. Təbii ki, bu fikrin yazmaqdan
yorulmayan Vaqif Yusifliyə heç bir dəxli yoxdur, o, otuz
beş yaşında da, qırxda da doktorluq dissertasiyası
müdafiə edə bilərdi.
Bu
yazıda mən Vaqif Yusiflinin doktorluq dissertasiyası
haqqında deyil, onun son əlli ilin poeziyasının tədqiqinə
həsr olunmuş "Poeziyanın yolları və illəri"
monoqrafiyasından söz açmaq istəyirəm. Bu
monoqrafiya V.Yusiflinin doktorluq dissertasiyasının kitab
variantıdır və həcminə görə ondan iki dəfə
böyükdür.
Poeziya
haqqında yazmaq həmişə çətindir,
çünki poeziyadan yazan tənqidçi son dərəcə
hazırlıqlı olmalıdır. Birincisi, o, haqqında
söz açdığı şairin
yaradıcılığına, onun özünəməxsus
poetik aləminə dərindən bələd
olmalıdır. İkincisi, tənqidçi şairi "kəşf"
etməlidir. Oxucu tənqidçinin məqaləsində həmin
şairin nəyə qadir olduğunu və olsun ki, nəyə
qadir olmadığını görməlidir. Bu, şairin
axtarışları tənqidçini ilk növbədə
düşündürməlidir. Üçüncüsü,
poeziya tənqidçisi müasir ədəbi prosesin daxili
qanunauyğunluqlarını, ümumən çağdaş ədəbiyyatın
meyl və axarını düzgün müəyyənləşdirməlidir.
Dördüncüsü, poeziya tənqidçisi geniş nəzəri
hazırlığa malik olmalıdır ki, fikir və
mülahizələri havadan asılı qalmasın. Bizim Məmməd
Arif, Məmməd Cəfər, Mehdi Hüseyn, Kamal Talıbzadə,
Əkbər Ağayev, Bəkir Nəbiyev, Yaşar Qarayev, Qulu
Xəlilov, Şamil Salmanov, Elçin kimi tənqidçilərimiz
poeziyadan, ayrı-ayrı şairlərin
yaradıcılığından yazanda məhz bu yolu
tutmuşlar və Vaqif Yusifli də bu ənənəni
uğurla davam etdirir.
Haqqında
söz açacağım "Poeziyanın yolları və
illəri (1960-2000-ci illər)" monoqrafiyası isə ciddi
bir tədqiqat əsəridir. O, bu illərin poeziyasını
nə icmal şəklində, nə də ayrı-ayrı ədəbi
mərhələlərin tədqiqi kimi təhlil edib. Tənqidçi
diqqətini ədəbiyyatımızın bütün
zamanlar üçün ən vacib və ən aktual problemlərindən
olan ənənə və novatorluq probleminin üzərinə
yönəldib, bu problemin müasir poeziyada necə əks
olunduğunu, daha doğrusu, necə həll olunduğunu həm
nəzəri, həm də praktiki şəkildə izah
etmişdir.
Vaqif Yusifli
yazır ki, poeziyanın inkişafı prosesinin
başlanğıcı novatorluqla bağlıdır, əvvəlcə
yeni meyl və tendensiyalar yaranır, sonra bu yenilik hissi ədəbi
prosesi öz hökmü altına alır, bu proses bir müddət
davam edir və getdikcə poeziyada müəyyən ənənənin
yaranmasına gətirib çıxarır. Ola bilsin ki, yenilik,
yeni meyl və tendensiyalar heç də novatorluğa, yeni ədəbi
hərəkata çevrilməsin, bu zaman o, sadəcə
eksperiment dövrü yaşamış olur.
Əlbəttə,
bu fikir ənənə ilə novatorluğun ədəbi
inkişafın bütün mərhələlərində
qarşılıqlı, dialektik şəkildə əlaqəli
olduğuna dəlalət edir və zənnimcə, Vaqif Yusifli
bu fikri söyləyərkən heç də yeni bir "Amerika"
kəşf etməmişdir. O, "Ənənə və
novatorluq problemi ədəbi tənqiddə" adlı bir fəsli
məhz bu problemin Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında
tədqiq olunmasına həsr etmişdir.Məsələn, o,
görkəmli tənqidçi Məmməd Arifdən belə
bir misal gətirir: "Azərbaycan şeiri Nizami, Nəsimi, Xətai,
Füzuli, Vaqif, Sabir kimi böyük sənətkarların
qoyub getdiyi zəngin ənənəyə malikdir. Bu ənənə
əsasında yetişən, bərəkətli poeziya
çeşməsindən su içən şairlərin
qarşısında duran vəzifələrdən biri də həmin
ənənəni davam və inkişaf etdirməkdən, onu
daha da zənginləşdirməkdən ibarətdir". Məmməd
Arifdən gətirdiyi başqa bir misal: "Klassik adını
daşıyan ədiblərimizin hamısı novator
olmuşdur. Əgər Füzuli özündən əvvəlki
poeziyanı sevə-sevə inkişaf etdirib yeni bir mərhələyə
qaldırmasaydı, şeir dilini mum kimi yumşaldıb ən
incə lirik hissləri və ən müdrik fəlsəfi
fikirləri ecazkar silahına çevirməsəydi, Füzuli
olmazdı. Əgər Sabir şerimizin demokratik nailiyyətlərinə
əsaslanaraq xalqa misilsiz dərəcədə yaxın satirik
bir poeziya yaratmasaydı, Sabir olmazdı. Füzuli də, Sabir də
novator şair idilər".
Monoqrafiyada
belə istinadlar, misallar az deyil, bu, onu göstərir ki, müəllif
qaldırdığı problemlərlə bağlı tənqidimizin
fikir və mülahizələrini etibarlı sayır, lakin
çox zaman onlara tənqidi münasibətini də bildirir.
V.Yusifli ənənə
və novatorluqla bağlı ədəbi tənqidin
araşdırmalarını sistemli şəkildə ümumiləşdirir
və bunu təkcə konkret zaman müstəvisində deyil,
poeziyamızın bütün əsrlər boyu keçdiyi
yolun mənzərəsində izləyir. Təbii ki, burada ən
önəmli olan onun öz orijinal fikir və mülahizələridir.
O, Azərbaycan poeziyasında ənənələri
yaşadan, onların uzunömürlülüyünü
şərtləndirən başlıca amilləri
aşağıdakı şəkildə
qruplaşdırır: Azərbaycan poeziyası ilk növbədə,
Azərbaycan mənəviyyatının təcəssümü
olan milli bir poeziyadır; Azərbaycan poeziyası
özünün poetik qayda-qanunları əsasında
inkişaf etmişdir; Azərbaycan poeziyası Azərbaycan
dilinin və mədəniyyətinin, Azərbaycan milli təfəkkürünün
və milli mövcudluğunun ən fəal qoruyucusudur; poeziyamızın
dünya miqyasına çıxmasını, onun mütərəqqi,
humanist bir poeziya olduğunu şərtləndirən səbəblərdən
biri də şəxsiyyət amilidir; Azərbaycan poeziyası
yalnız "Azərbaycan poeziyası" kimi dərk olunan
poeziya deyildir, Azərbaycan poeziyası Şərq poeziyası
kontekstində özünəməxsus yer tutur; Azərbaycan
poeziyası ənənə yaratmaq və bu ənənəni
uzun müddət yaşatmaq qüdrətinə malikdir.
Təbii
ki, bunların sayını artırmaq da olardı, ancaq
V.Yusifli ən zəruri olanlarının üzərində
dayanır.
Monoqrafiyanın
"Novatorluğun mahiyyəti. Ənənə ilə
novatorluğun qarşılıqlı əlaqəsi"
yarımfəsli də problemin nəzəri mahiyyətini dərk
etməkdə mühüm rol oynayır. Bəlkə də
mübahisə doğura biləcək belə bir müddəa
ilə qarşılaşırıq ki, "ənənə və
novatorluğun qarşılıqlı əlaqəsi daha
çox milli ədəbiyyatın inkişaf meylləri ilə
bağlıdır. Biz klassik Azərbaycan poeziyasında bunu izləmiş
olsaq, müəyyən mənada ərəb-fars
poeziyasının təsirini inkar edə bilmərik. Uzun əsrlər
boyu ərəb-fars sözləri poeziyamızın leksikonundan
əksilməmişdir, şairlərimiz əruz vəznində
yazıb-yaratmışlar. Lakin Azərbaycan poeziyasının
inkişafında novator meyllər heç də ərəb və
fars poeziyasının təsirilə yaranmamışdır,
poetik ənənələr öz milli səciyyəsi ilə
diqqəti cəlb etmişdir… Keçən əsrin
iyirminci-otuzuncu illərində rus poeziyasının milli
respublikaların poeziyasına güclü təsirindən və
hətta bu təsir nəticəsində ənənə
yaratdığından söz açılırdı... Lakin nə
Mayakovski, nə də digər rus şairi Azərbaycan
poeziyasında ənənə yaratmamışlar".
Novatorluğun
mahiyyətini müəllif heç də "yenilik"
adıyla təqdim olunan hər cür poetik mətnlərdə
axtarmır. Novatorluğu poeziyanın ilk növbədə, məzmunca
yeniləşməsində axtarır və buna nümunə
olaraq M.Ə.Sabirin poeziyasını misal gətirir. Poetik
formanın köhnə, ya təzə olması novatorluq hadisəsində
elə bir önəm kəsb eləmir. Lakin müəllif onu
da açıqlayır ki, poetik formaya da biganə qalmaq olmaz. Əgər
Füzuli qəzəli və bir çox klassik şeir
formalarını milyonlarla insanların elitar zövqü səviyyəsinə
qaldırdısa və onlara uzunəsrlik yaşamaq haqqı
verdisə, Sabir bu klassik formaları bir kənara atmadı, sadəcə,
dərin məzmun və xəlqi keyfiyyətlər hesabına
onları ehya elədi. Lakin XX əsr poeziyasında - sovet
dönəmində köhnə formalarla məhdudlaşmaq
mümkün deyildi. Bu səbəbdən də yeni formalara kəskin
ehtiyac duyulurdu və Azərbaycan sovet poeziyasının baniləri
bu sahədə axtarışdan çəkinmədilər.
Bu ümumi
mülahizələrdən sonra V.Yusifli 1960-2000-ci illərin Azərbaycan
poeziyasında ənənə və novatorluğun necə təzahür
etməsi, bir-birilə dialektik əlaqəsi, hansı ənənələrin
bir daha yaşam hüququ qazanması, hansılarınsa tədricən
sıradan çıxması, yaxud yeni, novator meyllərin
poeziyanın həm məzmununda, həm də formasında
üzə çıxması ilə bağlı fikir və
mülahizələrini ortaya qoyur. O, keçən əsrin
altmışıncı illərindən (əslində, əllinci
illərin sonlarından) başlayaraq poeziyada yeni bir mərhələnin
başlandığından söz açır. Bu mərhələnin
əsası isə onun doğru qeyd etdiyi kimi, müharibədən
sonrakı illərin poeziyasında qoyulur. O, Yaşar Qarayevin və
Şamil Salmanovun belə bir fikrini misal gətirir: "Hər
şeydən əvvəl, poeziyada şəxsi-mənəvi
başlanğıc qüvvətləndi. Əslinə baxsan, bu proses bir o qədər
də yeni hadisə deyildi. O özünü hələ bundan əvvəlki
dövrdə, yəni əllinci illərin ortalarında hiss
etdirmişdi və buna görə belə bir fikir doğrudur
ki, 60-cı illər birdən-birə
hazırlanmamışdır, məhz bu dövrün
başlanğıcında ötən onilliyin dərinliklərində
tədricən yetişən və təşəkkül tapan
keyfiyyətlər toplanmış və necə deyərlər,
dialektik cəhətdən ziddiyyətli inkişaf
keçmişdir".
V.Yusifli
60-80-ci illərin poeziyasından söz açarkən fərdi
poetik üslubların müxtəlifliyini, rəngarəngliyini,
insan amilinin, şəxsiyyət başlanğıcının
qüvvətlənməsini, insanın müəyyən mənada
məhdud, birtərəfli təsvirindən imtina edib mürəkkəb
psixoloji aləmini əks etdirməyə meyl göstərməsini,
fəlsəfi düşüncənin vüsət
tapmasını geniş şərh edir. Fikir və mülahizələrini
o dövrün avanqard şairlərinin -R.Rzanın, S.Rüstəmin,
B.Vahabzadənin, H.Arifin, Qabilin, Əli Kərimin, Ə.Kürçaylının,
B.Azəroğlunun, X.R.Ulutürkün, S.Tahirin, M.Arazın, N.Həsənzadənin,
F.Qocanın, F.Sadığın, Məstan Günərin,
İ.İsmayılzadənin, M.İsmayılın, M.Yaqubun,
S.Rüstəmxanlının, V.Səmədoğlunun, Ə.Salahzadənin,
Z.Yaqubun şeirləri ilə sübuta yetirir. Bənzərsiz
şair Əli Kərimə xüsusi bir yarımfəsil həsr
edilməsi ("Poeziyada Əli Kərim mərhələsi")
ilk baxışda təəccüblü görünə bilər.
Təkcə Əli Kərimə (V.Yusifli Ə.Kərim
yaradıcılığı ilə bağlı bir neçə
maraqlı məqalənin müəllifidir - Y.A.), onun
poeziyasına xüsusi rəğbətinin təzahürü
kimi deyil, sadəcə, bu şairin
yaradıcılığının 60-70-ci illər
poeziyasında xüsusi bir səhifə təşkil etdiyini
elmi dəlillərlə sübuta yetirir.
"Poeziyada ənənəvi
mövzulara yeni baxış" və "Klassik bədii
formaların yeni həyatı" fəsillərində
poeziyanın həm məzmunca, həm də formaca yeni keyfiyyətlər
qazandığını dəqiqliklə izah edir. Bu prosesdə
siyasi lirikanın əvvəlki ənənəvi sxemdən
("Yest takaya partiya", "Günəşli
ömrümüzün ilk baharı Lenindir" və s.) tədricən
uzaqlaşdığı, azərbaycançılıq motivləri
ilə əvəz olunduğu nəzərə
çarpdırılır, Azərbaycanın tarixi həqiqətlərinin
və faciələrinin poeziyada ifadəsini milli şüurun
qüvvətlənməsinin təzahürü kimi dəyərləndirir.
Haqlı olaraq yazır ki, XX əsr Azərbaycan
poeziyasının mənzərəsini "Cənub
poeziyası" olmadan təsəvvür etmək
mümkün deyil; Şəhriyar, Səhənd, Həbib Sahir,
Biriya, Haşım Tərlan kimi şairlər də Vətənin
bütövlüyü və birliyi uğrunda mübarizədə
öz qan qardaşları ilə həmrəy olmuşlar.
"Heydərbabaya salam" poemasından sonra isə Cənub
poeziyasında Şəhriyar dövrü başlandı". Ənənəvi
mövzularda yaranan bu yeniləşməni o, təbiət və
sevgi lirikasında da izləyir. Sübut edir ki, ənənələrin
bədii forma müstəvisində dəyişikliyə məruz
qalması yaxud zənginləşməsi təbii və
qanunauyğun prosesdir. O, qəzəlin də, qoşmanın
da, gəraylının da, heca şeirinin digər şəkillərinin
də yeni dönəmdə məzmunca keyfiyyət
çalarları qazanmasını xüsusilə
vurğulayır, iki şairin - Süleyman Rüstəmin qəzəldə,
Hüseyn Arifin qoşmada poetik hünərini qeyd edir.
Monoqrafiyada Azərbaycan
sərbəst şeirinin keçdiyi yol diqqətlə
araşdırılır. Qətiyyətlə demək olar ki,
bizim ədəbiyyatşünaslıqda sərbəst şeirin
mükəmməl mənzərəsini ilk dəfə
V.Yusiflinin tədqiqatında izləyə bilirik. O, keçən
əsrin iyirminci illərindən başlanan "sərbəst
şeir hərəkatı"nın eksperimentçilikdən
tədricən durula-durula Azərbaycan poeziyasının tərkib
hissəsinə çevrilməsinə, bu istiqamətdə
böyük şairimiz Rəsul Rzanın xüsusi roluna xeyli səhifələr
həsr etmişdir. Yazır ki, Azərbaycan poeziyasında sərbəst
şeirin milli ədəbi hadisəyə çevrilməsi,
şeir məkanında özünü təsdiq etməsi,
heç şübhəsiz, Rəsul Rzanın adı ilə
bağlıdır. O, Azərbaycan şeirində təkcə
sərbəst şeirin yaradıcılarından biri kimi deyil,
həm də bu cür şeirin bizim poeziyada ənənəsini
yaradan bir şairdir. Təxminən 55 səhifə həcmində
olan bu fəsildə V.Yusifli Azərbaycan poeziyasında sərbəst
şeirin keçən əsrdə inqilabi poeziyanın tərkib
hissəsi kimi doğulduğunu, Mikayıl Rəfilinin bu tipli şeirin
nəzəri aspektlərini müəyyənləşdirməyə
çalışmasını, təşəkkül mərhələsindən
(20-30-cu illər) sonra yaranan "qısa qapanma"
dövründə də (40-cı illər, qismən 50-ci illərin
əvvəlləri) sərbəst şeirə marağın
azaldığını, lakin R.Rzanın bu missiyanı təkbaşına
üzərinə götürdüyünü, 60-cı illərdə
isə artıq bu prosesin qarşısıalınmaz
olduğunu və nəticədə Azərbaycan poeziyasında
özəllik qazanmasını, eyni zamanda, sərbəst
şeir ətrafında yaranan mübahisələri, həmçinin
sərbəst şerin strukturu, poetik texnologiyası ilə
bağlı məsələləri vurğunluqla tədqiq
edir. Həm də qeyd etməyi lazım bilir ki, sərbəst
şeir adıyla çap olunan şeirlərin əsl sərbəst
şeirə heç bir dəxli yoxdur.
Monoqrafiyada
sonuncu iki fəsil xüsusilə əhəmiyyətlidir. Yenə
də qeyd etməyi vacib bilirik ki, istər "Müstəqillik
dövrünün poeziyası", istərsə də
"Şeirdə ənənə və novatorluğun yeni meyl
və tendensiyalarda təzahürü. Modernizm və postmodernizm"
fəsilləri 90-cı illərdən
başlanğıcını götürən yeni poetik mərhələni
sistemli şəkildə səciyyələndirən ilk tədqiqatlardır.
V.Yusifli ədəbiyyatda, xüsusilə, poeziyada yaranan yeni
meyl və tendensiyaların kökünə, mahiyyətinə,
mənbəyinə vara bilir. Müstəqillik dövrü
poeziyasını təkcə məzmun planında deyil,
üslub, forma, sənətkarlıq aspektində də
araşdıran müəllif, belə bir qənaətə gəlir
ki, poeziyamızda stereotiplər, şablonlar tədricən
aradan qalxmaqdadır. Müstəqillik təkcə dövlət
bayrağında, dövlətçiliyimizin gün-gündən
çiçəklənməsində, iqtisadiyyatın
inkişafında, insanların həyat tərzində deyil, ədəbiyyatda
da özünü göstərməkdə idi və V.Yusifli
Azərbaycan poeziyasının 90-cı illər mənzərəsini
açıqlayarkən bu fikri bir daha əyani şəkildə
isbata yetirir. O, Qarabağ mövzusunun poeziyamızda önəmli
yer tutduğunu, eyni zamanda, bu mövzunun işlənməsində
bəzi stereotiplərin olduğunu da xüsusi
vurğulayır.
"Azərbaycan
poeziyasında modernizm nə vaxtdan meydana çıxıb,
onun ilk banisi kimdir", yaxud poeziyamızda postmodernizm cərəyanı
hansı mövqedədir? - bu suallara da monoqrafiyada ətraflı,
hətta deyərdim, qədərindən artıq cavab tapa bilərik.
Bu məqamlarda o, Azərbaycan oxucusu üçün məlum
olmayan bəzi mənbələrə müraciət edir,
dünya ədəbi təcrübəsinə, Avropa poeziyasına
üz tutur, problemin mahiyyətini izah etməyə
çalışır və bütün bunlardan sonra misallara
keçir. O, Azərbaycan poeziyasında Rəsul Rzanın
"Rənglər" silsiləsini modern şeirin ilk
nümunələri sayır. Eyni zamanda, onu da qeyd edir ki,
"Rənglər" həm də milli poetik hadisə idi, rənglərə
məna vermək, "rəsmdən fəlsəfəyə
doğru hərəkət" (İ.Selvinski), Azərbaycan
mifi, folklor və yazılı ədəbiyyatında da öz əksini
tapmışdı. Müəllif yazır: "Modern şeir
Azərbaycan poetik təfəkkürü üçün
heç də yad deyil. Hər hansı yeni bir şeir tipi
mütləq mənada ənənəni inkar eləmir. "Rənglər"də
Azərbaycan, Şərq və Dünya poetik mədəniyyətinin
bir çox ünsürləri birləşir".
Təbii ki,
modern şeir Azərbaycan poeziyasında başlanğıc və
son olaraq bitmədi, Ə.Kərimin, F.Qocanın,
F.Sadığın, İ.İsmayılzadənin, Ə.Salahzadənin,
V.Səmədoğlunun, C.Yusifzadənin, sonrakı illərdə
A.Mirseyidin, Xanəmirin, Z.Sarıtorpağın,
D.Osmanlının, H.Herisçinin, S.Sarvanın və
başqalarının yaradıcılığında yeni
çalarlarla üzə çıxdı.
V.Yusifli
yazır ki, modernizmdən fərqli olaraq postmodernizm
poeziyamızda tam bərqərar ola bilməmişdir. Bunun səbəbi
odur ki, şairlər həmin ədəbi cərəyanın
mahiyyətini tam qavraya bilməmişlər. Onların əksəriyyəti
mətnin dekonstruksiyası adı altında ayrı-ayrı məlum
şeir nümunələri üzərində "əməliyyat"
aparır və fərqinə də varmırlar ki, şeirdə
"həndəsi xətlər" çəkmək, səs
və söz oyunbazlığına uymaq postmodernizm deyil.
Vaqif Yusiflinin
"Poeziyanın yolları və illəri (1961-2000-ci illər)"
monoqrafiyası zənnimcə, sanballı bir əsərdir, tənqidimizin
uğurudur.
Yavuz AXUNDLU,
NDU-nun professoru,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2012.- 27
yanvar.- S.5.